Azər Abdulladan Ç A Ğ I R I Ş …

Böyük, uca bir dağın ətəyindən axşam çağı gün işığı yavaş-yavaş çəkilib tükənən kimi Qarabağ da yaddaşımızdan o sayaq silinib yox olmaqda. Artıq dağın başında qalmış bir əlçim gün işığı qədərdi yaddaşımızdakı Qarabağ.

Birazdan o azman dağ qaranlığa bürünüb itən kimi Qarabağ da yaddaşımızdan biryolluq silinəcək. Qarabağdan söz salıb kimi dindirsən, hamı af-ufla danışacaq. Nə boyda sevirik Qarabağı? Onun azad olmasını nə qədər istəyirik? İki tanış, iki dost rastlaşanda danışmağa söz tapmayanda, sükutu doldurmaq üçün Qarabağ yada düşür. Yaxud toylarda, yığıncaqlarda hər birimiz, lap elə yasda mollamız da vətənpərvər görünmək üçün dualarında Qarabağın da adını çəkir. Böyük güclər işğal olunmuş halal torpağımızı savaşla almağa qoymurlarsa, biryolluq unutmalıyıqmı Qarabağımızı? Çox demirəm, bircə ay hər kəs yenə də öz işini görsün. Süpürgəçi süpürsün küçəni, bağban bağına baxsın, taksiçi qazancını eləsin, tələbə tələbəliyini, alim alimliyini eləsin, şair şeirini yazsın, rəssam rəsmini çəksin, sözün qısası, rüşvətxor rüşvətini alsın, talançılar yenə talasınlar bu Vətəni, ancaq müxalifətçilər bircə aylığına sussunlar, nə siyasi dustaqların azad olunmasını, (bağışlasın mıni dustaqlar) nə uşaq pulunun verilməsini, nə təqaüdçü, müəllim, həkimlərin… aylıqlarının artırılmasını, nə də ovşor pullar barəsində söz açsınlar. Ancaq və ancaq…
Azərbaycan əhalisinin sayı artıq on milyonu ötüb. Deyək, bunun bir milyonu dil açmamış körpələr və lallardı. Əgər doqquz milyonumuz ulu sərkərdəmiz Mete Xan, Öndər AtaTürk, Ənvər Paşa, Məmməd Əmin, Əbülfəz Elçibəy, igid şəhidimiz Mübariz İbrahimov (sayını artırmaq olar) kimi təmənnasız torpaq, Vətən sevdalısıtək Qarabağı sevsəydik, İSTƏSƏYDİK!…

Ey on milyon Azərbaycanlı, sizə səslənirəm, yaraqsız, qan tökmədən, ölkədə qarışıqlıq salmadan, hakimiyyət davası etmədən, bir erməniyə kiş demədən, bir ay ərzində günün eyni anında(!), gecə-gündüz fərq etməz, küçələrə çıxıb, xəstələr evinin balkonundan-pəncərəsindən, hamımız birdən beşcə dəqiqə ara vermədən QA-RA-BAĞ! deyib hayqırsaq… qırx milyon demirəm, otuz beş də yox, otuz milyon dünya azərbaycanlısı, ruhunda gerçəkdən Tanrı sevgisi olan din qardaşlarımız, haqq, ədalət təsibçisi dünya insanları hayqırtımıza şəksiz hay verər…

Bu hayqırtının gücü, enerjisi, dalğası Yer kürəsini titrədər, yatmışları demirəm, lap oyaqları, ayıqları diksindirib vahiməyə salmazmı, salar. Qarabağımızı beləcə İSTƏSƏK, Allah da bizə inanıb hər şeyi yoluna qoyar. Gəlin, Qarabağı hamılıqca birgə İ S T Ə Y ƏK!!! İSTƏYƏK! İSTƏYƏK!!!

Share: