Millətçilik – Dirçəlişimiz, Dirənişimiz

Soylu ATALI 

Əsil Millətçilik odur ki, başqa millətlərin əksikliyini istəmiyəsən. Doğruçu millətçilik humanizm anlayışının mənası ilə təndir. Başqa millətlərə qarşı yağı düşüncələr sərgiləmək, insanlığa uyğun olmayan çağırışlar eləmək, bunu da güya öz millətinin xeyiri üçün eləyirmiş kimi görüntü yaratmaq – şovinizmdir, faşizmdir, Millətçilik deyil.

Yazımıza nədən belə bir qısa giriş verməklə başlayıram?! – Mən Millətçiyəm, Vətənimi, onun dəyərlərini düşünən, yayılmasına, yaşadılmasına çalışan biriyəm. Ancaq belə bir düşüncəm var ki, Rusiya içindən dağılmasa, onun güdümündə olan Türk toplumları bağımsızlıq əldə eləməsə, Azərbaycana uğurlu bir gələcək qurmaq soruna çevriləcək. Bu yanaşma şovinizmdirmi?! – Deyil! Nədən belə düşünürəm?! – Rusiya hər zaman zor yetirir, zorakılığı yaşadır. Azərbaycana, ərəblərdən sonra, ən böyük zərbəni Rusiya vurub. İstər çar Rusiyası olsun, istər Bolşevik Rusiyası, Azərbaycana qarşı hər zaman zor işlədib, bölüb, parçalayıb, indi də bu işin arxasında durur. Tarixi faktları burada sadalamadan, baxışları indiki durumumuza yönəltmək istəyirəm. Mətbuatımız yazır ki, Paşinyan Şuşanın işğalı günüylə bağlı Dağlıq Qarabağa gəlib. (Baxın, biz itkimizə yas tuturuq, onlar işğalı bayram edirlər). Sonra da yazırlar, gərəkərsə, Qarabağı 40 günə işğaldan qurtara bilərik. Bəs niyə gərəkmir, bəs niyə qurtarmırıq?! Rusiyanın adını açıq hallandırmasalar da, bunun niyəsi hamıya bəllidir. Deməli, Rusiya qoymur biz gələcəyimizi quraq. Ona görə mən Rusiyaya nifrət bəsləyirəm. Bax, bu nifrət məni şovinistləşdirmir. Tərsinə, elə millətçilik də, humanizm də bu deməkdir. Şərə nifrət bəsləməsən xeyirə qulluq göstərə bilməzsən. Bəs Rusiyaya qarşı yönələn nifrət rus millətinədəmi özgün olur?! – Bu suala da açıq cavab vermək gərəkdir: əgər rus milləti Rusiya imperiyası ilə birdirsə, birlikdədirsə nifrətim də bu bütövlüyə qarşıdır. Ancaq bu məsələni aydınlaşdırmaq üçün öz durumumuza baxmalı olsaq, fərqli bir düşüncə ilə də üzləşə bilirik. Məsələn, bizim düşüncələrimiz, baxışlarımız, çoxluq olaraq, Azərbaycan hakimiyyətinin baxışları ilə üst-üstə düşmür. Söz yox, Rusiya toplumunun da, çoxluq olaraq, baxışları siyasi hakimiyyətin ağalıq istəyi ilə üst-üstə düşmür. Ona görə nifrətimiz millətə qarşı deyil, imperiyaçılıq siyasətinə qarşıdır.

Düşünürəm ki, sayğılı oxcu mənim bu həssaslığımi doğru dəyərləndirəcəkdir. Mən ideya daşıyıcısıyam, millətlərə qarşı yağı düşüncələr sərgiləyən birisi kimi anlaşılmamalıyam. Bəşəri dəyərləri anlayan, sevən, yayan düşüncə adamıyam. Ancaq düşünürəm ki, bizə görə ən böyük bəşəri dəyər Millilikdir, Millətçilikdir. Mücərrəd bəşərilik yoxdur, Bəşərilik – Millətlərin içində yaşayan, yaşadılan insani dəyərlərdir.

İndi Paşinyanın Qarabağa gəlməsi qonusuna qayıdaq. Vurğuladıq ki, Şuşanın işğal gününü ermənilərin bayram keçirməsinin arxasında Rusiya durur. Söz yox, Qarabağ məsələsinə münasibət Ermənistanın siyasi hakimiyyətinin başlıca göstəricisidr. Başqa sözlə, Ermənistanda siyasi hakimiyyətə gəlməyi də, qalmağı da, getməyi də Qarabağ faktına yanaşma bəlirləyir. Hətta bu fakt Ermənistandakı sosial etirazlardan daha çox önəm daşıyır. Çünkü siyasi hakimiyyətə qarşı sosial etirazları yalnız erməni toplumu sərgiləyirsə, Qarabağ məsələsinə görə həm erməni toplumu münasibət sərgiləyir, həm də bu bölgədə siyasi çıxarları olan dış güclər. Özəllikcə Rusiya. Ona görə Paşinyanlar Qarabağa yiyəlik iddiyası ilə yanaşırlar. Eyni halda, Ermənistan rəhbərliyi Qarabağa rahatca gəlib-gedə bilirlər. Çünkü bilirlər, Azərbaycan hakimiyyətinin nələrisə tələb eləməyə, nələrəsə etiraz eləməyə heç bir gücü yoxdur, sözü də heç yerdə keçmir, sözünü heç kim eşitmir…

Batı ilə Rusiya arasında “dovşan siyasəti” yürütdüyünə görə Paşinyanı Rusiya sevmir (heç Batı da sevmir). Onsuz da Rusiya erməni toplumunun xislətinə bələddir, onun ipinin üstünə odun yığmaqda arxayın deyil. Ancaq bununla belə, sovetlər qurulub dağılandan üzü bu yana erməni Rusiyadan qırağa dartınmamışdır. Ancaq həşiri ağlından üstün olan Paşinyanın Batı yarıminqilabının başında görünməsi Rusiyaya yeni dərs oldu. Paşinyanların simasında Rusiyanın kadrları əvəzlənə bilər. Onsuz da erməninin özünün heç nəyi yoxdur. Bu marionet dövlətin başına keçmək istəyənlər ya Batının buyruğunda olar, ya da Rusiyanın. Yalnız toplumun gücü ilə, istəyilə Ermənistanda hakimiyyətə gəlib uzun müddət qalmaq olumsuzdur. Çünkü Ermənistan iqtisadi blokadada olduğundan öz imkanları ilə sosial tələbləri ödəmək gücündə deyil. Yardım qıraqdan olmasa nə hakimiyyətin, nə də bütövlükdə dövlətlərinin ayaqda qalması olumsuzdur. Deməli, ya Batıya, ya da Rusiyaya boyun əymək qaçılmazdır. Paşinyanın Batıya üz tutması isə, heç də, onun qabaqcıl düşüncəli, islahatçı, siyasətçilərin anlayışı ilə desək, demokratik quruculuq axtarışında olması anlamına gəlməz. Sadəcə Ermənistan hakimiyyətində oturdulmaq üçün seçim eləməli olub. Çünkü Rusiyanın öz kadrları var. Bu kadrlardan qıraqda kimin könlünə hakimiyyətə gəlmək düşürsə, qaçınılmaz olaraq, Batının ətəyindən tutmalı olacaq. Uzun illərdən bəri bu istəklərdə bulunanlardan birincisi Paşinyan oldu. Bundan sonra Paşinyanın siyasi taleyi özündən sonra Batıyönlülər üçün bir ölçü rolu oynayacaq – yəni Batının öz kadrlarının arxasında durub durmaması Batıya meyilli olub olmamağı bəlirləyəcəkdir. Ancaq Rusiyanın da öz kadrlarının arxasında durması çətinləşir. Çünkü erməni toplumunun sosial sorunları çözümünü tapmır, xaos ortadan qalxmır. Bu səbəbdən erməni toplumu Rusiyanın Ermənistan hakimiyyətində olmuş kadrlarını sevmir. Görünür, Rusiya köhnə kadrlarını, hələlik, qırağa qoymadan bu baza üzərində yeni kadrlarını yetirmək haqqında düşünməli olacaq. Bölgədə Batıya uduzmamaq üçün bu məsələni gözdən keçirtmək zorundadır…

Dedik ki, Rusiyanın siyasi başbilənləri içərisində Paşinyan qəbul olunmur. Ancaq belələri həm də Rusiyanın işinə yarıyır. Belə ki, Paşinyanın gəlişi ilə Ermənistanın iqtisadi-sosial durumu  heç də qabağa getmədi, tərsinə, gerilədi. Söz yox, bunun nədəni də Rusiyaya bağlıdır. Yəni Rusiya Paşinyanı sıxışdırmaq üçün Ermənistanın iqtisadi geriləməsində maraqlıdır. Ancaq ən azından geriləmə ermənilərə sübut eləyər ki, Rusiya olmasa onlar acından ölərlər, həm də türklərin ayaqları altında qalarlar. Beləcə, Rusiya erməninin üzərində etkisini qorumağa çalışır. Rusiyanın erməni üzərində qəyyumluğunun ən böyük faktı isə, yuxarıda vurğuladımız kimi, Qarabağ məsələsinə münasibətdir. Rusiya Paşinyanı sevsə də, sevməsə də, onun Qarabağa rahat gəlib getməsi də, Şuşanın işğal gününü bayram eləməsi də Rusiyanın Ermənistanı Azərbaycandan qorumasına görədir.

Bütün bu məsələlər, Azərbaycan olaraq, bizim iradəmizdən qıraqda gedir, həm də bizə qarşı baş verir. Bunları gözə alıb, yenə də baxışları Güney Azərbaycan məsələsinə yönəltmək istəyirik. Nə düşünürük düşünək, hara çəkirik çəkək, bizim qurtuluşumuz Güney Azərbaycana bağlıdır. Bu şüur – O Taylı, Bu Taylı insanlarımızın varlığına hakim olmalıdır. Bunun üçün düşüncələrdəki bir sıra yanlışlıqlara aydınlıq gətirmək gərəkir. Biz deyəndə ki, Qarabağın taleyi bizdən nə qədər asılıdırsa, bizim də (Azərbaycan Respublikasının) taleyimiz Güney Azərbaycandan asılıdır, bir sıra insanlarımız yanlış düşüncə sərgiləyirlər (söhbət Azərbaycan Respublikasındakı insanlarımızdan gedir). Onların düşüncəsinə görə, Güney Azərrbaycanlılar özləri özlərini qurtara bilmirlərsə, bizi necə qurtara bilərlər?! Bu, olduqca qorxulu görsənişdir. Hər kəsin öz kəndi-köyü haqqında düşünməli olması – Bütövlük şüurunun parçalanması deməkdir. Bizim taleyimiz Güney Azərbaycandan asılıdır deyəndə, biz Quzey Azərbaycanı sorumluluqdan qıraqda saxlamırıq. Bizim taleyimiz Güney Azərbaycandan asılı olduğu dərəcədə, Güneyin qurtuluşu da bizdən asılıdır. Yəni bizim qurtuluşumuz Bütövləşməyimizdən asılıdır… “ Biz Qarabağı qurtara bilmirik, Güney Azərbaycanı necə qurtaraq” düşüncəsində olanlar da az deyil. Bilmək gərəkdir, Qarabağ, insanlarımız oradan qovularaq, işğal olunub. Qarabağda bircə cücəmiz belə qalmayıb, ancaq Güney Azərbaycanda 35-40 milyon insanımız var. Bu, böyük qüvvədir, böyük ümiddir. Bizə, düzgün ideya ortaya qoyaraq, düzgün təşkilatlanmaq, düzgün hərəkət eləmək qalır.

Sonra, “Azərbaycanın birləşməsini heç kim istəmir” deyənlər bilməlidirlər: Qarabağı qaytarmağımızı da heç kim istəmir. Bəs nədən Qarabağı qaytarmaq gərəkdir deyirsiniz, Güneylə birləşməliyik çağırışları eləməkdən çəkinirsiniz?! Yoxsa şüurunuzda Güney Azərbaycanı tarixin arxivinəmi gömürsünüz?! Əgər belədirsə, onda Azərbaycanın sorunlarının çözümünü istəməyən qüvvələr, Qarabağı da sizin şüurunuzda arxivə göməcəklər. Söz yox, bu çağırışımız Güney Azərbaycanı düşünən az sayda insanlarımıza deyil. Ancaq onların da içində məsələyə yanlış yanaşanlar var. Məsələn, Güney Azərbaycanın öncə bağımsız dövlət kimi qurulub ayrılmasını düzgün sayanlar var. Yəni, ikinci Azərbaycan dövlətinin yaranması ideyasını dəstəkləyirlər. Bizə görə, bu düşüncə ermənilərin dünyada ikinci erməni dövləti yaratmaq istəklərinə bənzəyir. Ermənilər elə düşünürlər ki, ikinci erməni dövləti yaradıb dünyaya tanıtsalar, sonradan onu Ermənistanın tərkibinə qata bilərlər. O tay, bu Tay Azərbaycanlıların bəzrilərində də buna oxşar düşüncənin yaranması həm yanlışdır, həm də zərərlidir. Bilmək gərəkdir, erməni başqasının (yəni bizim) torpağını işğal edib. Bu gün bunu dünyanın gözü qabağında Ermənistana qatması alınmır. Nə olsa da, beynəlxalq qurum sayılan BMT-nin prinsiplərinə uyğun gəlmir. Çünkü erməniliyi qoruyan beynəlxalq qurumlardır, erməni bu qurumların istəklərindən ayrı addım ata bilməz. Ancaq Azərbaycan başqalarının torpağını işğal eləyib özünə dövlət yaratmır. Öz torpağında birləşməsinə, bütövləşməsinə çalışmalıdır, tarixi haqqını bərpa eləməlidir. Deyə bilərlər, bu da BMT-nin prinsiplərinə uyğun deyil. Bu məsələdə biz özümüzü, haqqımızı ermənilərlə tutuşdurmalı deyilik. Biz beynəlxalq qurumların oyunlarında yıpranmalı deyilik. Bu məsələdə biz özümüzü Almaniya ilə tutuşdura bilərik. 1945-də Almaniya zorən bölündü. 1949-da BMT yarandı, öz prinsiplərini bəlirlədi. Ancaq Sovetlər dağılan kimi, Almaniya BMT-nin prinsiplərini qırağa qoyub birləşmək qərarı verdi. Bəlli, Almaniyanın birləşməsini istədilər, bizim Bütövləşməyimizi istəmirlər. Onlara qalsa, bizim yaşamağımızı da istəmirlər. Bəs biz özümüz necə, Var olmaq, yaşamaq istəyirikmi?! – İstəyiriksə, özümüz-özümüzə “Beynəlxalq güclər”, “beynəlxalq prinsiplər” adında əngəllər yaratmayaq. Bu əngəlləri öncə şüurumuzda ortadan qaldıraq, sonra haqlı istəklərimizə doğru addımlarımızı ataq. Bunu heç kim bizim yerimizə eləməyəcək. Biz tarix səhnəsindən çıxarılmağımızı durub seyr etməli deyilik. Tariximizi yenidən yaradan, yazan nəsil yetirməliyik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun

11 İşıq Ayı, 42-ci il. Saray-Soylu.

(May, 2020).

Share: