Şuşa həsrəti… – Sevil Gül nur yazır…

Şuşa həsrəti
 
Gözünü açanda özünü yad adamların əhatəsində gördü. Bu insanları ilk dəfə görürdü. Olanları anlamaq üçün ətrafına boylandı. Bütün vücudunu küt ağrı bürüdü – yarpaqları əzilmiş, gövdəsi əyilmişdi. Hər yeri ağrıyırdı. Sanki iri bir əl onu ovcuna alıb suyu çıxanacan sıxmışdı. Ya da nəhəng bir ayaq üstünə çıxaraq onu əzmişdi. Birtəhər gövdəsini dikəldib ətrafına baxdı. Ətraf tüstü-duman içində idi. Torpağın üstündə kökündən qopan, yaşıl saplaqları yerlə bir olan qohumlarını gördü. İçi sızladı. Qarşıdakı qoca palıd ağacına tərəf dartınıb səsləndi:
-Palıd baba, axı burada nə baş verib? Bu otlar, çiçəklər niyə məhv olub?
Palıd səs gələn tərəfə baxıb bu balaca yarımcan gülü gördü. Dərindən nəfəs alıb ağır-ağır dilləndi:
– Xatırlamırsanmı? Bura dəmirəlli, dəmirayaqlı yırtıcılar soxuldu. Onlar ətrafda olan hər şeyi məhv etdilər. Sənin ailən də həmin vaxt həlak oldu. Qalan yalnız bu qoca ağaclardır ki, onların da qol- budağı qırılıb, yanıb külə dönüb.
Qoca palıd sözlərini göz yaşları içində bitirdi. Onun sözlərindən gülün bağrı yarıldı, sinəsi od tutub yandı. Sonra yavaş-yavaş olanları xatırlamağa başladı…
Yazın gözəl günlərindən biri idi. Qayğısız, şən günlərini yaşayırdı. Ailəsi də yanında idi. Yetişdiyi torpağın göz oxşayan yaşıl düzlərində həyat necə də gözəl idi! Hələ onları sevən, qayğıyla yanaşan mehriban kənd camaatı… Hə, həə, kənd camaatı. Şuşalılar onu çox sevirdi. Qarabağın ürəyi sayılan Şuşanın rəmzi idi o. Şuşayla bir çəkilirdi adı. Özüylə qürur duyurdu.
Həmin o dəhşətli gün 10-12 yaşlarında bir qız balaca qardaşının əlindən tutaraq onun yanına gəlmişdi. Hər ikisi ona heyranlıqla baxırdı. Qardaş əlini uzadıb onu torpaqdan ayırmaq istəyəndə bacı həyəcanla onun əlini saxlamışdı:
– Yox, yox, dərmə. O, torpaqsız yaşaya bilməz, məhv olar.
-Axı mən onu çox sevdim. İstəyirəm otağımda olsun, hər səhər gözümü açanda onu görüm.
-Olmaz,qardaşım. O, bu torpaqda gözəldir,- deyə bacı cavab vermiş, sonra qardaşının başını sığallayaraq əlavə etmişdi: -Hər gün gələrik, sən də burada onunla söhbət edərsən.
Sonra bacı qardaşına bir rəvayət danışmışdı…
Deyilənə görə, bülbüllə gülün böyük sevgisi dillərə düşmüşdü. Buna qarşı çıxan külək kükrəyərək hər yeri vurub dağıdır. Bülbülün yolunu kəsmək üçün var gücünü sərf edir. Amma bülbülü yolundan döndərə bilmir. Bunu görən külək daha möhkəm əsərək zərif gülə təsir etmək istəyir. Onun gücündən nəhəng çinarlar, uca sərvlər əyildiyi halda, bu balaca gül əzmlə dayanaraq küləyə sinə gərir. Külək hiddətlənib daha bərk əsməyə başlayır. Gül bu gücə tab etməyib yavaş-yavaş əyilməkdə ikən bülbül tez özünü yetirib sinəsini onun gövdəsinə dayaq edir, gülün qamətinin əyilməsinə imkan vermir. Lakin gülün tikanları bülbülə batır, o, həlak olur. O vaxtdan bu gülün adına “xarıbülbül” deyilir…
Bacı sözünü bitirər-bitirməz birdən hay qopdu, hamı çaxnaşmaya düşdü, təlaş içində ora-bura qaçmağa başladı. Dəhşətli səslər eşidildi, hər tərəf od tutub yanmağa başladı. Sonra yaxınlıqda bir partlayış eşidildi. Ardınca yenə dalbadal bir neçə partlayış baş verdi. Səslərin dəhşətindən artıq özünü itirmişdi. Qorxu və həyacanla sağa-sola boylandı, ailəsini görmək üçün irəli dartındı, amma faydasız idi – ətrafda kimsə yox idi. Bir qədər aralıda əlləri bir-birinə sıxılmış bacı-qardaş hərəkətsiz halda uzanmışdı. Birdən başında dəhşətli bir ağrı hiss etdi, özünü bayılmaqdan güclə saxladı. Var gücünü toplayıb vücudunu əyməməyə çalışırdı. Bu vaxt üzərində ağırlıq hiss etdi – dəmir dırnaqlı bir ayaq üstündən keçmişdi. Artıq dayanmağa tabı qalmadı, huşunu itirdi…
Elə o dəhşətli gündən sonra acı həyatı başladı Şuşanın. O top səsi, o mərmi vıyıltısı aldı Şuşanın şənliyini əlindən, daddırdı ona vahimənin ən acısını. İndi bu doğma torpaq inləyir qaba ayaqlar altında, boğulur özgə nəfəsdən, diksinir yad səsdən. Gen sinəsindən boylanan xoş ətirli çiçəklərini, güllərini özləyir Şuşa. İndi bu güllər daha əvvəlki kimi ətir saçmır, əvvəlki kimi Günəşə məhəbbətlə baxmır. O çöllər, çəmənlər hər bahar yaşıl dona bürünsə də, əvvəlki şuxluğu qalmayıb daha. Ayın şöləsi azalıb,Günəşin istisi, çayın səsi yox olub, bulaqların nəğməsi. Dağlar da əzəmətini itirib sanki – beli bükülüb, qəddi əyilib. Hələ quşlar… Onlar niyə elə qəmli oxuyur? Sanki nalə çəkir, üsyan qoparır…
Qoca palıdın səsi xarıbülbülü düşüncələrdən ayırdı:
– Amma belə getməz, geci-tezi var, haqq öz yerini tapacaq. O zaman cinayətkar cəzasına çatacaq, biz isə doğma Şuşamızın qoynunda yenə də şad-xürrəm ömür sürəcəyik. O gün mütləq gələcək!
Xarıbülbül gözlərini yumdu – bu dəhşətli mənzərəni görməmək üçün göz qapaqlarını bərk-bərk bir-birinə sıxdı. O yatmaq istəyirdi. Ayıldığında isə gül-çiçəkli, çal-çağırlı Şuşanı görəcəkdi. O buna çox inanırdı…
Sevil Gül Nur
Müstəqil.Az
144 baxılıb
mersin escort