“Duyğu seli daşarkən… Anam üçün…” – Tamella Həmidqızı yazır…

DUYĞU SELİ DAŞARKƏN
ANAM ÜÇÜN
Çox övladlar kimi mən də anamın ruhunun cənnətdə olduğuna inanıram. “Cənnət anaların ayağı altındadır” deyəndə son peyğəmbər, məhz bizim cənnətə layiq yaşamağa çalışmağımıza işarə etmişdir ki, anamızla əbədi dünyada yalnız insan kimi yaşadığımız halda görüşə bilərik. İnsanlığın əlamətləri isə… hamıya bəlli…
Məsələn; ağlamaq- bu dünyaya sağlam gələn anda hər bəndənin ilk işi, ilk sədası. Gülmək ondan xeyli sonradır.
“Göz yaşları rəhmətdir”- deyiblər. Qovuşmaq üçün vasitədir, kədərin, fərəhin əlamətdir. Onda insanın yaşamaq və yaşatmaq gözəlliyi var.
Ağlayanlara “kövrəkdir” deyərlər, yəni daşürəkli deyil. Göz yaşı ürəyə məlhəmdir, göz nurunun damcısıdır. Ağlamaq soyuq adamlara yaddır. Göz yaşı həmişə atəşin yanındadır, çünki ona lazımdır.
Gülmək kimi ağlamaq da insanın təbii halıdır, məqamında ağlamaq, yerində gülmək qədər kamil işdir.
“Göz yaşına qurban olum” alqışı müdrik türk tayfalarından qeyri xalqların da dilində varmı, görəsən. Ancaq bilirəm ki, bəşər ziyalıları bu nemətin qədrini bilirdilər:
“Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz” (hind atalar sözü)
“Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz.” (V.Şekspir)
“Xoş, göz yaşları olanların halına” (İ.Höte)
“Göz yaşı ruhumun peyvəndidir.” (Ə.Suad, türk yazıçısı)
“İçindəki kiri su yox, göz yaşları yuyur” yazmışdı “xamdım, bişdim, yandım” deyən dahi Mövlana
Dünyaya hər zaman hökmdar olmuş söz nə qədər göz yaşından içib dirilik tapmışdır:
“Ey müsəlmanlar, mədət, ol yar-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan, dəryayi-ümman ayrılır.”
Asılıb kəsiləcəyini comərdliklə qarşılayan kişinin göz yaşlarından tarixin ucaldıb yaşatdığı Nəsimi bütünə heyran olmamaq mümkun deyil.
“Şəbi-hicran yanar canım, tökər qan ceşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?!.”
Fizuli qəzəllərində həm də Leyli-Məcnun dastanında insan məhəbbətinə ali empatiya ilə ağlamasaydı, bu eşq hələ də, yenə də sevilə-sevilə, yana-yana insan ruhuna toxunmazdı.
“Gözdən yaş çıxarmı, ürək yanmasa” yazmışdı əqidəli şeirsevərlərin həmişəcavan mənəvi atası (onun övladı yoxdur, deməyin!) Mikayıl Müşfiq. Onun yalnız böyük sənəti yox, həm də çalın-çarpaz dağlar görmüş taleyi, daha doğrusu, talesizliyi hələ çox ürəklər yandırıb, gözlər yaşardacaq.
Göz yaşı alın təri kimidir, əziyyətdən yaranır və halallığı var. Cavid Əfəndinin qəm yemiş, göz yaşı içmiş toxumlarının uzun ayrılıqdan sonra Vətən torpağına qayıdışı yuxu kimidir; hər şeyin özünə qayıdışı çəkilən zəhmətin, dərdin, yağan göz yaşının mükafatıdır.
Əgər göz yaşlarının hikmətinə o qədər vurulmasaydı, var olmuş şair Ramiz Rövşən “göz yaşların yuduqca başdaşımı…qəbrim damır…” kimi şedevr məcazı kəşf edə bilməzdi.
Çox ağır qara günlərimizdə qırmızı gül daşıyan şəhid köçü karvanını uğurlayan sənətkarlardan biri, söz nəqqaşı Məmməd Aslan qərənfilli ağılar oxuyurdu:
“Ağla ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla.”
Qara rəngin xəyanətkarcasına qırmızıya yaxınlaşması, onunla yarışması-dövranın ən qatı ədalətsizliyi bir zamanlar təbrik rəmzi olan qərənfili matəm gülünə döndərdi.
Sevməyini də, ağlamağını da heç kimdən gizlətməyən N.Kəsəmənli “Bir dəli ağlamaq keçir könlümdən” şeirini oxuyanda həm güclü, həm kövrək kişilərin göz yaşı acizliyi yox, qüruru anlatdığını düşünmüşdüm. Bu şeirə nəzirə yazan şəhid həmkarım Alı Mustafayev müdrikcəsinə
“Müqəddəs Şəhidlər Xiyabanında
Bir dəli ağlamaq keçir könlümdən”
yazmışdı. İndi bu ziyarətgahda, yüksəklikdə onun da ruhu üçün göz yaşları tökülür.
Göz yaşının dəyərləri yoxdur: Böyük qələbələr zamanı zəfərin, fərəhin, qürurun təntənəsi ilə bayrağımız göz yaşları ilə ucaldılır. Oxuduğumuz ən gözəl kitablar, sevdiyimiz sətirlər, baxtığımız tablolar, filmlər, tamaşalar, dinlədiyimiz musiqi əsərləri, mahnılar, muğamlar ürəyimizi titrədir, göz yaşımızı tərpədir.
Göz yaşı hisslərimizin ən yaxın sirdaşıdır, duyğuların lap yanında dayanıb gözləyir. Düşüncələrimizi sulayır ki, qurumasın, kök salsın.
Ana təbiət, səndən nələr öyrəndik. Göy üzü yer üzünə göz yaşları ilə qovuşur-yağış yağır. Buna görə “gir yağışın altına, arzu tut”-inancı var.
Gecələr günəşin həsrətindən güllərin,yarpaqların gözü yaşarır- şeh düşür.
Şəlalə dağların zaman-zaman qürurla saxladığı (həm də dərdini sərinlətmək üçün başında dondurduğu) göz yaşıdır, dağın özü kimi əzəmətli, ağır. Dilsizlərin səsidir, göz yaşları.
Kəpəzdəki zəlzələdən sonra dağın hər iki gözündən axan yaşlardan Göygöl və Maralgöl yaranıb.
Zorla parçalanmış Azərbaycan xalqının o taylısının da, bu taylısının da çəkilməz həsrətindən Arazın göz yaşları qurumaq bilmir.
Ağlamağı ayıb saymaq və ağlayanlara gülmək bəşəriyyətdə insanlığın sonudur.
Ölüm haqdır, qorxulu deyil. Axirət analıdır, huzurludur, mənimçün. Göz yaşlarım isə gərəkli. Ağlamaq, hıçqırmaq, sonra sakitcə, heç kəsə bildirmədən, göz yaşlarını incitmədən silmək. Arınmaq, durulmaq və bunları öyrətmək istəyirəm.
Analı dünyaya hörmət və analı əbədiyyətə rəhmətlə:
TAMELLA HƏMİDQIZI.
Göz yaşı günlərindən biri – 7 may, 2020
Share: