RƏBİQƏ XANIMIN POETİK CƏSARƏTİ… – Vaqif Osmanov yazır…

RƏBİQƏ XANIMIN POETİK CƏSARƏTİ
Aslanın erkəyi, dişisi olmaz deyiblər. Eləcə də şairlərin. Söhbət əsl şairlərdən gedir. Dəfələrlə yazılarımda qeyd etmişəm ki, həqiqi poeziya yaradıcısını cinslərə bölməyək. O, şairdir, şairə yox. Deyə bilərsiniz ki, şair də, şairə də ərəb sözüdür. Amma şairə ikiqat dilimizə yaddır. Yəqin ki, şair sözünün uğurlu qarşılığını da tapacağıq.
Əqidəsi yolunda ölümün gözünün içinə dik baxan Söz Adamlarının nə erkəyi, nə dişisi? Yaxud sevgisi yolunda bütün əngəllərə sinə gərib qalib gələnlərin də. Əlbəttə, “sevməyir qoy sevməsin” laqeydliyi ilə barışanları demirəm.
Z.Freydin fikrincə, qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. Amma qadın onu anlayana rast gələndə onu başa düşmək heç də çətin deyil. Xalq yazıçısı Elçin bir ədəbi düşüncəsində yazır: “Bədii sözün gücü, sehri – bu axır həddi olmayan sonsuz bir şeydir”. Müqayisə yerinə düşməsə də deyim ki, zərif cinsin nümayəndəsi adlandırdığımız duyğulu xanımların gücü, sehri eşqdir, heç tükənməyən, azalmayan ilahi eşq. Hər bir qadın maksimalistdir. “Qadın heç getməyəcək kimi sevər, heç sevməmiş kimi gedər” (J.Crange). Onun üçün orta hədd yoxdur.
Şərq qadınlarının qarşısını həmişə tabular kəsib. Şərq tabuları qadının sevgisinin, sevincinin, geyiminin həddini, səhəddini cızıb. Həmin cizgidən kənara ayaq qoymaq (lap Molla Nəsrəddin sayağı), stereotipləri qırmaq qiyam, yumşaq desək, asilik sayılıb.
Bu qadağalar şair xanımlar üçün daha əzazil olub.Hiss və həyəcanını, sevgisini etiraf edən xanımlardan ikiqat cəsarət tələb edib yaşadığı dövr.
Məni belə uzun giriş etməyə vadar edən Rəbiqə Nazimqızının özü və “İbrahim peyğəmbərə” şeiridir. Bilmirəm kimsə ədəbi aləmdə, ədəbi tənqiddə “poetik cəsarət” sözbirləşməsini işlədib, ya yox. Mən Rəbiqə xanımın “İbrahim peyğəmbərə” xitabını poetik cəsarət kimi dəyərləndirirəm.
Şeirdəki mətləbləri ilahi poeziyaya çevirmək üçün həqiqətən də cəsarət lazımdır. Rəbiqə xanım da bəzi zərif xanım şairlər kimi “bunu yazsam mənə nə deyərlər, eldən, ayıbdır” tərəddüdü etsəydi, belə gözəl Söz incisi yaranmazdı. Bəlkə də Rəbiqə xanım da belə düşünüb, amma inanmıram, onu ilk baxışdan xanım şairlərin ən cəsarətlisi kimi tanıdım. O, həm də böyük ürək sahibidir, əslində həqiqi sevginin etirafı üçün cəsarətlə yanaşı böyük ürək vacibdir. Onu da Rəbiqə xanın poetik kimliyi ” İbrahim peyğəmbərə” də gördüm…
“İbrahim peyğəmbərə” şeiri yeni fikirləri, altqatda gizlənən, ancaq poetik anlaqlılara özünü göstərən məntiqi çalarlarıyla oxucusunu ovsunlayır. Rəbiqə Nazimqızı sosializm dövrünün ədəbi tənqidçilərinin dili ilə desək, novatordur. Novatorları orta əsrlərdən daş-qalaq ediblər. Rəbiqə xanıma Tanrı kömək olsun. Onu daş-qalaq etmək fikrindən uzağam, ancaq alqışlaya bilərəm. Yenə deyirəm, o, qorxmur. Məhsətinin, Heyran xanımın, Natəvanın nəticə-kötücələrini kim qorxuda bilər ki?
“Nə qolları övlad həsrətiylə göynəyən Sara, nə də oğlu qucağında səhralara düşmüş Həcər” anlayıb zərif və güclü poeziya xanımlarını. Şairlər Tanrının söz elçiləridir. Ona görə də İbrahim və digər peyğəmbərlər bizlərdən yaxşı tanıyır onları. Amma “qismən”:
Mən torpağa bənzəyirəm,
yetirə də bilərəm,
gəzdirə də,
içimdə basdıra bilərəm hər şeyi.
Tanrı xanım şairləri bəy şairlərdən mükəmməl yaradıb, onlara iki müqəddəslik bəxş edib – xanım-xatun qadınlıq və şairlik. Bu iki müqəddəslik birləşəndə həqiqi Söz sənəti – poeziya doğulur. Bəy şairlərdən fərqli olaraq xanım Söz Adamları daha duyğulu, kövrək və həssas olurlar. “İbrahim peyğəmbərə” şeirindəki hisslərin aliliyinə fikir verin. Rəbiqə xanım “Dənizdən çox, qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlir, göylərdən çox, göylərin özünü istəyir”. Niyə?
Uçmaq yox,
qucaqlamaq istəyirəm göy üzünü –
qollarım boş qalmasın deyə…
Aman Tanrı, bu üç misranın çəkisini anlayanlar nə qədər çox olarsa, saflığa bürünər dünya!
Heç bir yazımda bu qədər cəsarət sözünü işlətməmişəm.Axı necə işlətməyim?
Mən o kişini sevirəm –
həyatı arxasınca sürüyən adamı,
hərdən ürəyimi kükrədən,
hərdən qollarımda kiriyən adamı…
Günahımdan qalxan düzəldirəm,
dəbilqə kimi başımda gəzdirirəm onu,
silah kimi tuşlayıram yad insanlara,
mən hara, məsumluq hara…
Kişiliyə verilən dəyər: “Dəbilqə kimi başımda gəzdirirəm onu”…
Bu həm də sözü ucaltmaqdır…
Bəzən qeyri-adi fikirlər burulğanınında qəliz suallara cavab axtarıram. Xanım şairlərin cinsini yaradan niyə belə yaradıb? Onlar niyə iki cinsin vəhdətindən yaradılıb, həm kişi, həm də qadın? Belələri xırdalıqları, adiliyi, tapdanmış cığırla getməyi sevmirlər, onların arzuları, hədəfləri daha alidir, ucadır, bəşəridir. Onlar həmişə qadın olmurlar, lazım gələrsə güclü kişidən də cəsarətli tərpənib bir anda bütün yasaqları qılıncdan keçirərlər.
Rəbiqə xanım da “iki dəfə qadın olur”:
… Sevəndə –
dünyanı soyunub
əllərini geyinəndə sevgilimin gizli-gizli.
Qulağımdan silinəndə başqa səslər,
təmizlənəndə.
Bir də hər ay sonu,
intizarla gözləyəndə qadınlığın haray çəkib
məni dağa-daşa salan ağrısını…
Sevincinin qeyri-adiliyi də heyrətləndirir onun ovqatının dəryasına baş vuranları. Rəbiqə xanım “ayıbından üstü-başı qızaranda sevinir”.
Gidi dünyanın çağdaş dönəmi “qatil”lər də yetişdirir. Elə Rəbiqə Nazimqızı da “qatil”dir, “doğulmamış arzuları bətnindəcə öldürür”.
Tanrı çox sevdiyi Söz Adamlarını belə sınağa çəkir, hətta “qatil”ə çevirir. Onlar bu sınaqdan da üzüağ çıxıb əbədi Söz ömrü yaşayırlar…
VAQİF OSMANOV.
may 2020.
Müstəqil.Az
Share: