BU GÜN ONUN GÜNÜDÜR:ELBARİZ MƏMMƏDLİ -60

Bu gün onun günüdür. Halal sözün fədailərindən olan Azərbaycanın ünlü şairi, Elbariz Məmmədlinin 60 yaşı tamam olur. Bu altmış ilin tam qırx ili halal sözün xidmətində keçib. Əziz qardaşımızı şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda həmişə sevinclü günlər arzulayırıq!

Elbariz MƏMMƏDLİnin yeni şeirləri

BİR ÖMÜR YAŞAYIRIQ
Bir ömür yaşayırıq, nəyimiz var, əmanət,
Ötüb keçən günlərin geriyə dönüşü yox.
Bu əzablı yol ki, var –beşikdən məzaracan,
Alnımızda yazıdır, vaxta dirənişi yox.

Bizdən əvvəl olanlar- dərdimizin heykəli,
Bizdən sonra gələnlər- çiynimizdə dağ yükü.
Nizamını kim pozub, nədən belə dikəlib,
Günü- gündən böyüyən bu, oğul-uşaq yükü?

Hamı tamah əlində yüyürür ,ov dalınca,
Çəkilibdi qəhətə, ov da tükənib ,daha
Zülmət çöküb hər yerdə başımızı alınca,
Sonuncu ümidimiz quyuya enib daha.

Ortalıqda Vətən var- yarasından qan sızan,
Baxırsan dünya boyu enib haqqın bayrağı.
Hara ki, yurd demişik, qismət olub qansıza,
Səpələnib getmişik ,köçərilər sayağı.

Sevgisinin tamı yox, hardan bu həyat şirin?
Əlimizdən alıblar son əl tutulan yeri.
Dağların o üzündə o qərib yurd bizimdi,
Kiməsə dəxli yoxmu, dərdə atılan yerin?

Əllərimiz uyuşmur əl tutub yürüməyə,
Canı belə sevməzlər, nədir ki, can deyilən?
Hamı adətkar olub canını sürüməyə,
Bəs, kiminlə yürüsün bu, can Vətən deyilən?

Dünya boyda ev qurub bizdən öncə gedənlər,
Dünya boyda yurdları yağıyamı vermişik?
Vətəni dar ayaqda buraxıb son ümidə,
Acı-acı dərdlərin qoltuğuna girmişik.

Babaların nəfəsi torpaqdan çəkiləli,
Elə bil ki, dərd hopub otun, suyun tamına.
Açılan səhərlərin işığı tükənəli,
Hamı şükr eləyir qovuşan axşamına.

Bir ömür yaşayırıq, hər anı bir imtahan,
Xəyalda asılmışıq arzuların ağından.
Neçə ki, bütövlüyə təşnədi Vətən, can-can,
Keçə bilməyəcəyik Tanrının sınağından.

OĞLUMA MƏKTUB
Salam gözəl oğlum, sabahın xeyir,
Sənə yurd-yuvadan çoxlu salam var.
Boyunu oxşayan, hər axşam-səhər,
Üzünü görməyə həsrət qalan var.

Havası necədir, qərib ellərin,
Könlün oralara uyuşa bilməz.
Batı adamları soyuqqanlıdı,
Sənin ürəyinə yığışa bilməz.

Orda xoş həyat var- özləri üçün,
Orda yaşamağın tamı başqadı.
Bu evin o evə kölgəsi düşməz,
Hamı buz ürəkdi, hamı başqadı.

Bircə tikələri qalmaz, ortada,
Səninlə, mənimlə bölməzlər, heç vaxt.
Onlar öləndirlər- özləri üçün,
Səninçün, mənimçün ölməzlər, heç vaxt.

İllərdi dünyaya hakim olublar,
Alıblar hamıdan canı, ruzunu,
Neftə, qaza qatıb çırpışdırıblar,
Mənim ümidimi, sənin arzunu.

Orda təbiətin min çaları var,
Amma çiçəyində bir qoxu yoxdu.
Orda anlamazlar, yovşan ətrini,
O ətri duyası türk ruhu yoxdu.

Burda oturmuşuq, sükut içində,
Vətən sınaqdadı, torpaq yağıda.
Adamlar nə vaxtdır yadırğayıblar,
Bir şirin nəğməni oxumağı da.

Sən qərib ellərdə kiçik Vətənsən,
Dönməyə gününü sayırsan, oğul.
Hərdən bir anana məktub göndər ki,
Gözünü yollardan ayırsın, oğul.

PAYIZ SƏNİ XATIRLADIR,ƏZİZİM
Ümidimin yenə günü qaralıb,
Günlərimin dar macalı daralıb,
Duyğularım yarpağı tək saralıb,
Payız səni xatırladır, əzizim.

Gecələrin hönkürtü var içində,
Ömrüm-günüm uralanır, “biçində”,
Durnaların həsrət dolu köçündən,
Payız səni xatırladır,əzizim.

Yay ötməmiş dağ başında duman var,
Çiçəyindən hələ neçə uman var,
Aramızda bir saralmış zaman var,
Payız səni xatırladır,əzizim.

Buludların tər içində atları,
Gör, nə vaxtsız “dingildədir” otları,
Ürəyimdə xatirədən qatları,
Payız səni xatırladır,əzizim.

Çiçəklərin olum-ölüm qorxusu,
Gözlərində daşa dönüb yuxusu,
Nəfəsində ayrılığın qoxusu,
Payız səni xatırladır,əzizim.

Çıxammıram həsrətinin əlindən,
Düşəmmirəm dərd dağının belindən,
Ləçəkləri səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.

Sevdan üçün keçdim ömrün başından,
Duz yaladım yanağımın yaşından,
Çaylaqların tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.

ÖMÜR-GÜN YOLDAŞIMA 
Bütün dərdlərimi bölüşən yerim,
Ürəkdə işığım, dildə əzbərim.
Hər cür əzabıma qatlaşan pərim,
Nə yaxşı ömrümə gəlibsən mənim.

Çətində qolumdan tutan olubsan,
Ömrünü ömrümə qatan olubsan.
Sinəmdə eşq adlı sultan olubsan,
Nə yaxşı ömrümə gəlibsən mənim.

İndiki sevgilər ucuzdur, ucuz,
Ürəklər daş kimi, düşüncələr buz.
Sənsiz neyləyərdim hissiz, duyğusuz,
Nə yaxşı ömrümə gəlibsən mənim.

Axtarıb illərlə ürəyim səni,
Ay, ev-eşiyimin dirəyi, səni.
Tanrımı göndərib gərəyim səni?
Nə yaxşı ömrümə gəlibsən mənim.

Çörəyimiz halal, duzumuz halal,
Böyüyür oğlumuz-qızımız, halal.
Halal adamlarıq özümüz, halal,
Nə yaxşı ömrümə gəlibsən mənim.

Yıxan məhəbbətdir bərəni-bəndi,
Ömür-gün nədir ki, keçib gedəndi.
Səni tanıyandan bəxtim gülşəndi,
Nə yaxşı ömrümə gəlibsən mənim.

Yaşımız baharla qış arasında,
Əriyir gör neçə daş arasında.
Sevgiyə köklənən yaş arasında,
Nə yaxşı ömrümə gəlibsən mənim.

QARDAŞIM QURBANA 
Öyrəşə bilmədi çiynimiz yükə,
Zəhmətin çəmini tuta bilmədik.
Halallıq içində alın tərini,
Biz öz ömrümüzə qata bilmədik.
Təkcə sən oxşadın atama, qardaş.

Hərəmiz bir yana pənah apardıq,
Yurddan uzaq düşən qərib çapardıq.
Şöhrət işığına yolların üstə,
Haraya qaçırdıq, haraya vardıq.
Təkcə sən oxşadın atama, qardaş.

Torpaq canın oldu, ocaq istəyin,
Qabarlı əllərin gücün-dirəyin.
Atam tək torpağa elə bağlısan,
Halal zəhmətindən çıxır çörəyin.
Təkcə sən oxşadın atama,qardaş.

Bağ saldın, yol çəkdin elin keçəsi,
Tapıb işığında uğur neçəsi.
Kənddə bizsiz qalan ocağımızın,
Sənə köklənibdir niyə, necəsi.
Təkcə sən oxşadın atama, qardaş.

Yollarda qalmışıq qərib quş kimi,
Müjdəyə dönmüşük qaranquş kimi.
Biz kəndə-kəsəyə yarayammadıq,
Ömür üstümüzdə qaldı güc kimi.
Təkcə sən oxşadın atama, qardaş.

Duymursan zamanı əkin-biçindən,
Sən çoxdan çıxıbsan vaxtın içindən.
Zəhmətə köklənmiş balalarının,
Özünə oxşayır üçü üçündən.
Təkcə sən oxşadın atama, qardaş.

İnsan yüz yaşaya ömürn ağında,
Xoş olmaz, gendəsə öz ocağından.
Atamın yoluna könül verəli,
Bizi də qurtardın el qınağından.
Nə yaxşı, atama oxşadın, qardaş.

SƏNDƏN UZAQDA
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış , səndən uzaqda.
Dünyanın nə qədər qar –yağışı var,
Canıma yağırmış, səndən uzaqda.

Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış, səndən uzaqda.

Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış, səndən uzaqda.

Bilmirəm, sonuna nə qalıb ömrün,
İşınə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm,
Yetimmiş, fağırmış, səndən uzaqda.

QATARLAR ŞÜTÜYÜR GECƏ YARISI
Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürgülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürgülü.

Pozulur gecənin tənha sükutu,
Qatarlar qılınc tək kəsir zülməti.
Ağaclar elə bil canlı adamdır,
Yollar kənarında – başında çətir.

Şütüyür qatarlar – üzü səhərə,
Bir azdan qızaran üfüq yanacaq.
Uzaq vağzallarda heykəl adamlar,
Bir şirin görüşə qanadlanacaq.

Sonuncu sərnişin enəcək harda?
Görəsən, səfəri nə ünvanlıdır?
Mənzilə çatmağa elə tələsir,
Elə bil qatar da həyəcanlıdır.

Kimin duyğusudur gözü yol çəkən?
Kimdi yuxusunda qatarlar görən?
Ümidlər küləklə uçsa mənzilə,
Qatarlardan tezmi çatarlar, görən?

Göz yuxuya həsrət, ürək dincliyə,
Yollar da uzanır, bitirmək olmur.
Duyuğuda mənzilə yetən istəyi,
Hələ ki, qatarla yetirmək olmur.

Öldürür özünü çöldə küləklər,
Bağlı pəncərələr sipər kimidi.
Gecənin içindən sıyrılan qatar.
Zülmətdə işıqdan çəpər kimidi.

Elə hökmlüdür bu saat, bu an,
Qatarlar həsrəti yenəsi kimi.
Geyib ayağına naxış yolları,
Elə bil mirvarı dənəsi kimi.

Qatarlar şütüyür gecə yarısı,
Ümidlər yol gedir, gözü mürğülü.
Uzaq vağzallarda yol gözləyən var,
Ürəyi qanadlı, üzü mürğülü…

AĞRI
Aman Tanrım, biz nəyinə uymuşuq,
Ömrümüzü uralayan şəhərin.
Dərdimizə əlac olmaq yerinə,
Dərdimizi sıralayan şəhərin.

Duyğuları hər addımda can yaxır,
Yaşantısı elə bil ki, hüzndü,
Hər səhəri əzab yüklü qatardı,
Hər axşamı fikirlərdən üzüntü.

Ruh ovudan havası da yoxdu, yox,
Adamların baxışları buz kimi.
Ümidləri küləklərlə tozlanan,
Arzuları, alqışları buz kimi.

Gündoğandan günbatana qaynayır,
Çiyni yüklü, könlü dolu, əli boş.
Vaxt əridir küçələrin tinində,
Çörək uman nökəri boş, qulu boş.

Gecə – gündüz işıqları bərq vuran,
Sarayları neçə kəndi boşaldıb.
Yağı gəlib sinirlərə dirənib,
Yağı gəlib bərə-bəndi boşaldıb.

Torpaq haqqı, Vətən haqqı xatirə,
Hamı rahat yaşamağa sevdalı.
Bu mədəni cəhənnəmin içində,
Hamı həyat yaşamağa sevdalı.

Bu şəhərin hər daşında yad nəfəs,
Bər-bəzəyi yad ürəklə döyünür.
Ağıl qalıb, hünər qalıb qıraqda,
Cavanları saqqalıyla öyünür.

Zaman gedir,vədə ötür, vaxt ötür,
Ümidi boş hər açılan səhərin.
Əbəs yerə asılmışıq canından,
Canımızı uralayan şəhərin.

ÖMRÜ
Bu da bir sevda ömrü,
Yaz ömrüydü, yaşadıq.
Bütün dərd-ələmiylə,
Düz ömürdü, yaşadıq.

Umduq, güvəndik sözə,
Döndü dilimiz közə.
Sətirlərlə üz-üzə,
Söz ömrünü yaşadıq.

Gördük qanadlı, ömrü,
Duyğusu atlı ömrü.
Məhəbbət adlı ömrün,
Öz ömrünü yaşadıq.

PAYIZ
Tez gəlibdi bu payız,
Niyə tələsib, görən?
Ağaclar yoluq-yoluq,
Yarpaqlar pərən-pərən.

Buludlar yarışmada,
Küləklər cıdırdadı.
Çiçək var doğulmayıb,
Çiçək var cığırdadı.

Çəkib göyü köksünə,
Meşələr qürub kimi.
Günəş elə sozalıb,
Göydə don vurub kimi.

Gizlədib qoxusunu,
Ruhumun gülü yoxsan.
Görəsən, uzaqlarda,
Uşurmu belə, yovşan?

Tez gəlibdi bu payız,
Tutub göyü dağ kimi.
İçim yaz havalıdır,
Bir yaşıl yarpaq kimi.

DURNA KÖÇÜNDƏ
Asılmışam havadan,
Üzüm durna köçündə.
Ürəyim səndə qalıb,
Gözüm durna köşündə.

Harayı can yandırır,
Canımı usandırır,
Həsrətini andırır,
Düzüm durna köçündə.

Havası qəm üstədi,
Nə ağrılı bəstədi,
Çıxıb getmək istədim,
Özüm durna köçündə.

Nə səs oldu, nə haray,
Ötənləri özün say,
Getdi xoş günlər, vay- vay,
Bizim durna köçündə.

Share: