W O O D P E C K E R – li “A Ğ A C D Ə L Ə N L ƏR”

ÖN SÖZ ƏVƏZİ

 

Göy üzündə nə qədər mələk yaşadığını təsəvvür edə bilməsək də, Yer üzündəki mələklərin sayını hal-hazırda yaşayan insanların sayını ikiyə vurmaqla təxmin edə bilərik. Çünki, bütün insanlar bu dünyaya gəldikləri andan, onlara təhkim edilmiş bir cüt mələk tərəfindən müşaiyyət edilirlər.

Öləcəyimiz günə qədər yol yoldaşımız olmaq vəzifəsi ilə görəvləndirilmiş bu müqəddəs varlıqlar, təkcə günah və savablarımızın qeydiyyatını aparmaqla kifayətlənmir, eyni zamanda hər birimizə əmanət edilmiş həyatımızı axirət dünyasına kölgə salacaq hər türlü bəla və naqisliklərdən qorumağa çalışırlar.
Və: – kim deyir ki,- mələklər ancaq göylərdə olurlar?! Yer üzünün də öz mələkləri vardır, necə ki şeytanları… Bu gün onlardan biri haqqında danışmaq istəyirəm.
… Bu çox qəribədir! Görəsən, bir zamanlar daxili kredomda “persona non qrata” elan etdiyim WOODPECKER MMC-nin sahibinə münasibətimdəki fövqəladə dəyişikliyin fövqəladə səbəbi nədir? Omu dəyişib, yoxsa mənmi?! Bəlkə, özüm belə hiss etmədən, hansısa varlı birisinin orbitində fırlanmaq xəstəliyinə tutulmuşam? Sizcə səbəb, adına koronavirus deyilən gözəgörünməz “brat” və “brazə”lər, yaxud hələlik bizlərlə məsafəli dolanan yadplanetlilər ola bilərmi? Məncə, liberal teoriyaları, radikal versiyaları sonsuza qədər uzatmaq olar, amma inanın mənə, düşündüklərinizin heç biri deyil; – bu sırf vicdan məsələsidir.
… Onu tanıyanda, daha doğrusu ilk dəfə onunla rastlaşanda, təxminən 30 yaşındaydım. Aramızdakı üç-dörd illik ömür məsafəsindən yanaşsaq, demək, 26-27 yaşı vardı. Heç vaxt bir-birimizə salam verməzdik. Soruşa bilərsiniz: bəs, sən nədən salam vermirdin? Məsələ ondadır ki, onun böyük qardaşı Əlisurətlə -canlara dəyən insandı! – bir sinifdə oxumuşduq, fəqət o zaman aramızdakı münasibət itlə-pişiyinkindən o yana keçməmişdi. Çox sonralar biləcəkdim ki, Əlisurət hesab edib, salam verməkdən yayındığım adam Əlisurətin qardaşı imiş. Təbii ki, hərəkətimin lovğalıqla, təkəbbürlə, eqoist zehniyyatla zərrə qədər də əlaqəsi olmamışdı. Sadəcə, orta məktəb illərində Əlisurətə qarşı sərgilədiyim haqsız tavırlardan dolayı, salam verməyə xəcalət çəkirdim. Bəs, o, nədən salam vermirdi? Bir anlıq gözlərinizi yumun, eyni sözləri tez-tez təkrarlayan, bəzən lazımsız ifadələr işlədən, yonulmamış kobud adam təsiri bağışlayan (ola bilsin xeyli müddət Rusiyada yaşadığından belə görünürdü), lakin daxilən kəndli səmimiyyətini itirməmiş bir insan “şəkli” təsəvvür edin. Düz tapdığınızdan zərrə qədər də şübhəm yoxdur. Bəli, bu haqqında danışmaq istədiyim dikbaş-refarmator, təkcə öz “şəkli” ilə deyil, yaratdığı “şəkil”lərlə də öyünməyə haqq edən Hacı Əliyar Əliyevdir. “DALĞA – 94”, “RUSLAN” mebel fabriki, WOODPECKER MMC onun yaratdığı “şəkil”lərin ilk baxışda görünənləridir.
Allah ondan heç nəyi əsirgəməyib: xəyal, ağıl, zövq, istedad… Hansısa mütəfəkkirin dediyi kimi: “Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir.”
… WOODPECKER sözünün ana dilimizdəki mənası ağacdələndir. Ağacdələn həm də meşələrdə yaşayan quş növüdür. O həm də adını daşıyan şirkətin simvoludur. Adətən “quş ağacı seçir, ağac quşu yox”, amma WOODPECKER fəlsəfəsindəki hikmət tamam fərqlidir, hər cür yaraşıq və yalançı imitasiyadan uzaqdır. Sözün müstəqim mənasında, bura bir “UNİVERSİTET”dir. Məhz bu səbəbdən, WOODPECKER MMC Cəlilabad rayonunun ən böyük kadr bazasıdır və onun “məzun”ları ölkəmizin dörd-bir yanına yayılaraq öyrəndikləri peşələrinin halal çörəyini yeyirlər.
Bura bir məbəddir; elə bir məbəd ki, nəinki “quş ağacı”, eyni zamanda “ağac da quşu” seçə bilir. Azadfikirlilik, dürüstlük, yoldaşlıq, zəhmətsevərlik WOODPECKER “xəmirinin” mayasıdır.
Bura həm də təlim-tərbiyə ocağıdır. Əgər belə olmasaydı, Cənabi-Haqqa xatir qapısını üzlərinə bağlamadığı onlarla kriminala meyillinin, qumar və narkotika aludəçisinin, əlindən heç iş gəlməyən avara və bivecin aqibəti Allah bilir, necə olardı!
Bura eyni zamanda reklam və dizayın sənətinin, təsviri incəsənətin müxtəlif qollarının tədris edildiyi müqəddəs məkandır. Bu gün onlarla uşaq, yeniyetmə heç bir ödəniş etmədən (önəmli olan istedad və qabiliyyətdir) WOODPECKER-in həm təsviri, həm analitik layihələrindən faydalanır, digər tərəfdən kreativ bacarıqlarını inkişaf etdirirlər.
Hacı Əliyarın insan və təbiət faktorundan qaynaqlanan fəaliyyət sferası təkcə bunlarla bitmir. Onun təfəkkür və təxəyyülü o qədər rəngarəng və çoxşaxəlidir ki, bəzən böyük biznesin təbəddülat və fırtınaları belə arxa plandan boylanmaq zorunda qalır. Onun insan-təbiət münüsibətlərinə sosial-ekoloji yöndən yanaşması və ətraf mühitin zibilliklərdən xilas edilməsi istiqamətində həyata keçirdiyi işlər xüsusən qeyd edilməlidir.
Deyirlər, “sevmək felindən sonrakı ən gözəl feil yardım etməkdir”. Bəli, xəstəyə, yoxsula, kimsəsizə əl tutmaq, fərdi biznesini qurmaq istəyənə kömək etmək şərq didaktikasının ona bəxş etdiyi ən önəmli paylardandır. Hərçəndi, xeyriyyəçiliklə əlaqəli performanslarında reklam olunmağı, gözə girməyi sevməz. Mübaliğəsiz-filansız demək olar ki, Hacı Əliyar Əliyev yaratdığı ailə şəkliylə (bu şəklin əsas üzvləri qardaşlarıdır) təkcə Qarazəncir-Ocağlı kəndlərinin deyil, ətraf el-obalarımızın da şansı və ümid məqamıdır.
S O N S Ö Z D E Y İ L: (Ardı olacaq,inişallah!)
… Hacı Əliyarın ağılasığmaz macarə və cətinliklərlə dolu biznes həyatı, tənha savaşçının ilahi dəyərlər uğrunda apardığı mübarizə ilə identikdir desəm, yanlışlıq olmaz, – məncə. Bir zamanlar, güvəndiyi tək gücü yoxsul və dindar atası, işçi qüvvəsi zəhmətkeş qardaşları idi. Çin atalar sözündə deyildiyi kimi: “Qardaşlar ortaq işləsə, dağlar qızıldan olar.”
Biznesə çiy kərpic istehsalı ilə başlayan qardaşların fəaliyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra forma və məzmun etibarı ilə dövrün təklif və tələblərinə uyğun olaraq sürətlə dəyişməyə və inkişaf etməyə başladı. Bu gün Hacı Əliyar və qardaşlarına deyiləcək tək söz, – Maşallahdır!!!
Hə, bir də onu demək istəyirəm ki, gün gələcək Hacı Əliyarın və qardaşlarının ailə səkli daha da böyüyəcək, eyni zamanda WOODPECKER “ağacdələn”lərinin səsi təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ərazilərində eşidiləcək.
Uğurlar, qardaşlar!
HÜSAMƏ BİN SƏRXAN (Hüsaməddin Əhmədov)
03 may 2020-ci I, Qarazəncir kəndi
 
 
Share: