Nənənin həyat nağılı – Günəş QARABAĞLI yazdı

(Esse)

Yaşının çox olmasına baxmayaraq nənə xatirələrini çox aydın, detallı şəkildə bölüşməyi bacarır. Ötən günlərini şirin-şirin nağıl elədiyindən dinləməkdən yorulmuram. Onun bu həyatdan çəkdilərini gözlərim önündə canlandırdıqca həyatın nə qədər acımasız olduğundan zərrə qədər şübhəm qalmır.

Sıralanan itgilər nənəni hələ gənc yaşlarında sarsılmağa vadar etsə də tapındığı mənəvi gücü onu təslim etmədi talenin ağır zərbələrinə. Keşməkeşli ömür yollarında sarsılmadan, gələcəyinə ümid dolu baxışlarıyla inamlı addımlarına davam elədi.
Qarabağın dilbər guşələrindən birində gəlmişdi dünyaya. Ana doğmalığından kam almamışdı. Ögey ana himayəsində yaşayan nənə gəncliyinə qədəm qoyar-qoymaz bir müəllim (Tarix m.m) gənclə erkən ailə həyatı qurur. Lakin amansız ölüm həyat yoldaşını gözlənilmədən alır ondan. Nənənin əri avtomobil qəzasında həlak olur. O vaxt onların iki övladı vardı. Ailə üçüncü övladın yolunu gözləyirdi. Öz saydığını sayan fələk bu sevinci nənənin ömür payına çox görür. Talenin biri başlamamış digəri sona yetir. Üçüncü uşaq həyata atasız açır gözlərini. Üç balanın qayğı yükünü həyat nənənin hələ tam bərkiməmiş çiyinlərinə qoyur.
Zamanın çətin sınaqları onu gözləyirdi…
Qız övladının taleyi nənənin taleyinə çox bənzəyir. Ailə həyatı quran qızının dörd övladı dünyaya gəlir. Beşinci övladı bətnində olarkən o da nənə kimi həyat yoldaşını itirir. Nənə atasız qalan uşaqların qayğısız böyüməsində qızının yanında olur həmişə.
Son beşiyi vətənin harayına biganə qalmamışdı. Və bir gün nənənin igid oğlu qanlı döyüşlərin birində qəhrəmancasına həlak olur. Həyatını qəhrəman kimi yaşayan, çətinliklərdən qorxmayan nənənin ruhu növbəti dəfə yaralanır. O bir Şəhid anası kimi başını uca tutur həmişə.

Günəş Qarabağlı adlı şəxsin şəkli.
İnadına gedən fələk özüylə daha bir dərd gətirir. Çox keçmir ki, nənənin şəhid övladının oğul yadigarı mavi dalğaların qoynunda qərq olur. Bu itgidən sonra dünyasına qaranlıq çökür. Şəhid balasını qoxusunu alırdı nəvəsindən. Bu ağır itgidən sonra nənə sarılmağa ümid tapa bilmir. Tanrının yazdığı taleyə nə desin axı..?
İlk övladı olan oğul payı cavan yaşında çarəsiz xəstəliyə düçar olur. Və amansız bəla onu nənədən alır. Bu dəfə də həyat oğul dağı çəkir nənənin ürəyinə. Bu da yetmirdi sanki. Elə güman etmək olardı ki, talle onun ömrünün hər anını acılamaq üçün fürsət axtarır. Ardınca böyük oğlunun yoldaşı qəflətən köçür bu dünyadan. Gəlinini də son mənzilə yola salır nənə.
Nənənin təsəlli umduğu 4 nəvə yadigarından böyüyü mənəm. Həyatın olmazlarını dadan nənə mənim nənəmdir. Onun qayğısına qalmağı mənəvi borcum sanıram. Rəhmətlik atamın,anamın əmimin ruhu nigaran qalmasın deyə ömrümün hər anını nənəmə həsr etməyə hazıram. Qoy behiştdən boylanan doğma ruhları nənəmi tənha görməsin heç vaxt…
Share: