QADIN ÜRƏYİNİN POETİK ÇIRPINTILARI

Yeniyetmə çağlarımda ilk şeirlərimi bölgənin tanınmış şairlərindən birinə oxudum, dinləyib dedi ki, yaxşıdı, ancaq bu şeirlərdə sən özün görünmürsən. Sonralar ilk şeirlərimin elə də yaxşı olmadığını başa düşdüm və anladım ki, şair əslində məni ruhdan salmamaq üçün belə deyirmiş.

 

Bəziləri deyir ki, şeir ovqatdı, müəyyən bir anın hisslərini ifadə edir. Bu sözdə bir həqiqət var, şeir, doğrudan da ovqat yarada bilir, şair öz yaşantılarını bütün poetik çalarları ilə sözə çevirə bilirsə, oxucusunu və dinləyicisini bu ovqata kökləyə bilir. Sözümün bu yerində tərəddüd etmədən deyirəm ki, Fərqanə Mehdiyeva hər şeirində görünən və oxucusunu öz dünyasına çəkib aparmağı bacaran bir şairədir. Ha düşünürəm, Fərqanəni haradan tanıdığımı və ilk dəfə nə zaman gördüyümü xatırlaya bilmirəm. Onu bilirəm ki, ilk söhbətimizdən səmimi münasibət qurmuşuq və bütün əlaqələrimiz dostyana olub. İllah da, şeir deyəndə gözlərimi onun dodaqlarından çəkə bilmirəm. Adətən, şairlər öz şeirlərini elə də yaxşı söyləmirlər, Fərqanədə aktyorluq qabiliyyəti olmasa da, şeiri aktyorlardan yaxşı deyir. Dünya Gənc Türk Yazarlar Birliyinin Cəlilabadda bölgənin qələm adamları ilə keçirilən görüşündə səsləndirdiyi “Təndir” şeiri həmkarlarımın hamısını heyran etdi. Əyalətdə yaşayanlar üçün təndir həniri doğma hisslər oyadır, Fərqanənin nostalgiyası isə hamını kövrəltdi. Mənimlə birlikdə bu şeiri heyranlıqla dinləyən Meyxoş Abdullayev isə təndir şeiri haqqında ayrıca məqalə yazdı.
Yeri gəlmişkən, bölgələrə oxucuların görüşünə gələn şair və yazıçıların burada bir neçə kitabını hədiyyə etməsi yaxşı haldır. Mən həmişə demişəm, ədəbi əyalət romantik hisslərin ağuşanda yaşayır, ədəbi paytaxt isə reallıq burulğanında çabalayır. Əyalətdə bağışlanılan kitablar dərhal romantik litroadekvatiya yaradır. Məndə Fərqanənin bir neçə kitabı var, titul vərəqlərinə baxıram, hamısı müəllifin bağışladığı kitablardır. “Təndir” şeiri Fərqanənin kənd təəssüratının ilki və sonu deyil, onun bütün şeirlərində çıxdığı obaya, elə məhəbbət, Ata-Ana borcu qarşısında məsiliyyət, ailə münasibətlərinin ülviliyi, övlada qayğı və ən başlıcası, adət-ənənələrimizə hörmət hissi öz poetik əksini tapmışdır. “Təndir” şeiri yurd simvolu kimi təkcə təndirə deyil, həm də oda-ocağa, bu odu-ocağı sönməyə qoymayan valideynlərə və ənənəni yaşadan övladlara olan məhəbbəti ifadə edir. Təndir Anadır, təndir həm də bərəkət rəmzidir. Başını heç kəsə əyməyən Ana təndirə çatanda min yol əyilir:

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün
Ərkyana təndiri şillələyibdi.

Bu mənzərə əyalət oxucusuna yaxşı tanışdır. Buradakı sillə sözünün dialektik variantı olan “şillə” bölgə üçün daha doğmadır. Fərqanədən kənd həyatına həsr olunmuş xeyli belə misal gətirib yekə bir məqalə yazmaq olar. Ancaq mən Fərqanənin şeirlərində diqqət çəkən başqa məqamlara üstünlük vermək istəyirəm. Məsələn, “Təndir” şeirinin müəllifini söyləməyincə, bu şeirin qadın, yaxud kişi tərəfindən yazıldığını demək çətinləşir. Lakin Fərqanənin digər şeirlərini əminliklə QADIN ÜRƏYİNİN POETİK ÇIRPINTILARI adlandırmaq olar. Övladlarına yazdığı şeirdə Fərqanənin qadın və Ana narahatlığı yaşayır:

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu deyin,
Ay Ana, Atamız yazıqdı, deyin
Siz məni qoymayin şair olmağa.

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü şıxmayan tütün olurlar,
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.

İkinci bənddəki “bütün” sözü semantik uyarlıq yaratmasa da, rimik ahəngi qoruyub saxlayır. Sərvaz Hüseynoğlunun eyniadlı şeirinə cavab olaraq yazdığı “Qızları qoymayın şeir yazmağa” şeirində də oxucuları ilə oxşar hissləri bölüşən Fərqanə yenə qadın ürəyinin narahatlığını ifadə edir. Sevgi qismətləri azalan və ömrünü misradan asan qızlar üçün şeir yazmaq dərdlərini bölüşmək bəhanəsidir:

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar, dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır.
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Fərqanənin şeir dünyası tematik təzadlarla zəngindir. Şairə “istəmək” və “istəməmək” dilammasını yaşayır ki, bu da təbiidir. Şeirin sehr dünyasına düşən Fərqanə üzünü ömür-gün yoldaşına tutub, “bu bir tilsimdi çıxa bilmirəm” deyir. Tanrıya qonaq olmağa gedən şairə adam kimi yaşamaq ümidiylə “hünərin çatırsa, bağla yolumu” söyləyir:

Bu ayıq könlümü çətin yatırım,
Qələmim gecələr sınar, yorular.
Bəlkə söz-sovun var, denən çatdırım,
Şairlər Allaha yaxın olurlar.

Fərqanə öz evinə utana-utana gələn əli ətəyindən uzun kişilərin qismətini taleylə, zamanla bağlayır. Qazancına, dolanışığına görə uşaq yanında gözü kölgəli olan kişiləri qorumağa səsləyir, “danlamayın, incitməyin, mən də içinizdə özümqarışıq” deyir:

Qadınlar, sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzaq-yaxın,
Yox, yox, danlamayın, incitməyin siz,
Köhnəni təptəzə geyinib çıxın.

Qadınlar, sıxmayın kişiləri siz,
Bu da bir dövrandı, bəxtdi, qismətdi.
Siz Allah, dəyməyin xətirlərinə,
Özləri çəkdiyi özlərinə bəsdi.

Bu poetik yaşantının digər üzü də var. Yenə Fərqanənin təzadlı dünyasına baş vuraq: Evlərdə dəmlənən çaylar soyuyur, Kişilər ləngiyir çayxanalarda! “Qadınlar, sıxmayın kişiləri” şeirindəki qayğını burada qınaq əvəz edir. Bu qınağın arxasında yenə kişilərə bir qayğıkeşlik dayanır:

Qadınlar şübhəylə içini yeyir
Gecə keçənəcən Ay qabağında.
Bəlkə də dərdindən qalxa bilməyir,
Kişilər oturur – çay qabağında…

Ana haqqında çoxlu şeir oxumuşam, bunların içərisində ən çox xoşuma gələni Cəfər Cabbarlının “Ana” şeiridir. Anaya sözdən mötəşəm abidə qoyan şairlərdən sonra əlinə qələm alıb eyni mövzuya müraciət etmək təkcə istedad deyil, həm də cəsarət tələb edir. Fərqanə Anasına bir neçə şeir yazıb. Ana haqqında yazılmış digər şeirlərdən fərqli olaraq, Fərqanə Ananı tərənnüm etmir, onun müqəddəsliyini pafoslu şəkildə vermir, Fərqanə bu şeirlərində sadəcə Anası ilə dərdləşir. Ananın isə dərdləri çoxdur: Müharibədən sonra qırmızı geyinə bilmir və qızını da qırmızı geyməyə qoymur, çünki müharibə onun nişan üzükləri boxçada qalan qardaşlarını aparıb. Tayları dünyadan köçən Ananın günü-gündən yerişi səngiyir:

Bu dünyanın acığına söykənir,
Obasına, ocağına söykənir,
Atam yonan ağacına söykənir,
Duruşuna baxammıram Anamın.

Dilçilik qanunlarına görə ümumi isimlər kiçik hərflə yazılır, lakin Fərqanə “Ata”, “Ana” isimlərini “Allah” sözü kimi hər yerdə böyük hərflərlə yazır. Şeirdən şeirə keçdikcə Ana haqqında olan poetik fikirlər çalar zənginliyi qazanır. Fərqanənin Ana haqqında şeirləri yumor hissindən də məhrum deyil:

Ana, apar məni göz həkiminə, 
Deyəsən, dünyanı kor gəzirmişəm.

Amma, sən demə, kədər hissi daha güclü imiş. Məzarının üstünə qar ələnən Ana öz qızını yanvarın birində, bayram günlərində tərk edir. Bu da Ana haqqında şeirlərin sonuncusu:

Səni təzə ildə itirdim, Ana,
Heç nə gözlərimə təzə görünmür…

Sanki bir silsilənin sonuna gəlirsən. Sevgi şeirləri yaza bilmədiyini iddia edən Fərqanənin hər misrası sevgi üzərində qurulub. Onun bir mahnısı var, musiqisini Tahir Əkbər yazıb, “Mən sənə darıxmaq öyrədəcəyəm” adlanır. Orda belə bir misra var: “İkimiz darıxsaq, dünya düzələr”. Bu sevgi deyil, bəs nədir? Sevgi şeirləri onun ümid açarıdır, qızı da ona bu istəklə müraciət edir:

Zərif yanağında açılır çiçək,
Gözləri gündüzdən günəş dərəcək.
Görəsən, oxuyub kimə verəcək?
Məndən sevgi şeiri istəyir qızım.

Farqanə qadın şairlərimiz içərisində öz iç dünyasını – qadın ürəyinin narahatlığını şeirə gətirən üslubu ilə fərqlənir. Bu fərq onun hər şeirində qadın nəfəsinin duyulmasındadır. Fərqanənin hər misrasının arxasında övlad kimi bir qız, valideyn kimi bir Ana, ömür-gün yoldaşı kimi bir qadın dayanır:

Sevgili çağlarım bəlkə daldadı,
Bu sevgi elə əzəldən bal dadıb.
Atamı, Anamı sevgi aldadıb,
Balam da dünyaya gəlib sevgidən.

Bu isə Fərqanə şeirlərinin poetik yekunudur. Doğrudur ki, şairlər dünyanın dərdini çəkirlər. Bu da doğrudur ki, bütün dünya şahların qabağında, dünyanın bütün şahları isə qadınların qabağında diz çökürlər. Fərqanənin şeirləri qadın qəlbinin poetik çırpıntıları olmaqla bütün oxucularını öz qarşısında dizə çökdürə bilir…

Bilal Alarlı Hüseynov, 
filologiya üzrə fəlsəfə doktoru

Share: