“Gözümdən zəm-zəm tökülür…” – İdris Babayev

GÖY, QIRMIZI, SONU YAŞIL
Cəmi üç bənd şeir yazdım,
Vətən, sənə çox yaraşır.
Qələbəyə üçcə addım,
Hər şəhərdə, kənddə asıl,
Göy, qırmızı, sonu yaşıl.
Hər gün ömrə qəm tökülür,
Qara saça dən tökülür,
Gözümdən zəm-zəm tökülür,
Sinəndə olur həmayıl,
Göy, qırmızı, sonu yaşıl.
..
Dönsün bu şeirim bayrağa,
Qoy sancılsın, Qarabağa.
Bax rənglərdə təmtərağa,
Görəndə gözlər qamaşır,
Göy, qırmızı, sonu yaşıl.
SIXA SİNƏSİNƏ
Kaş Allah eşidə mənim səsimi,
Qaytara analı dünyamı mənə.
Dəcəllik eyləyəm verə ”dərsimi”,
Çəkə sabah- sabah nazımı yenə,
Sıxa sinəsinə deyə qəm yemə.
Başımı dizinin üstünə qoyam,
Yatam şirin-şirin yuxudan doyam,
Duram körpə kimi gözümü oyam,
Çayniki köz üstə tez qoya dəmə,
Sıxa sinəsinə deyə qəm yemə.
….
Anam söhbət edə bir az dinləyəm,
Gecədən çox qalır, ya az bilməyəm,
Açam qəm sandığın, ”palaz” eyləyəm,
Toxunam bilmədən, mən ”sarı simə”,
Sıxa sinəsinə, deyə qəm yemə.
GÖZLƏMƏ, EY YAR
Qocalıb qələmim özümdən betər,
Yazdığı misrada kədər, qəm bitər.
Məndən yazıq-yazıq indi bəm istər,
Ondan ”zil oxumaq” gözləmə, ey yar.
Yüz əyri hoppandı keçdi düzümdən,
Neçə qəlb ”zəm-zəm”i içdi gözümdən,
Neçəsi kəfənin biçdi sözümdən,
Məndən tül toxumaq gözləmə, ey yar.
Bilmədi nə qohum, nə yad qədrimi,
Kölə eylədilər azad səbrimi.
Ölsəm, göz yaşı tök, islat qəbrimi,
Gendən gül qoxumaq gözləmə, ey yar.
ANAM BİLMƏSİN
Bircə xahişim var sizdən, dostlarım,
Gecəykən qazılsın mənim məzarım.
Əziyyət çəksə də el adamlarım,
Tabutun önündə qardaşım gəlsin,
Mənim ölməyimi anam bilməsin.
Gen dünya onsuz da oldu mənə dar,
Anamın qəbrindən arxada yer var.
Düz orda qazın ki, mənə də məzar,
Tez duyum anamın isti nəfəsin,
Mənim ölməyimi anam bilməsin.
Bir gün açıq qoyun qəbrimin üstün,
Günahlar tərk etsin məni büsbütün.
Sonra da astaca üstümü örtün,
Qəbrimin dörd yanın güllər bəzəsin,
Mənim ölməyimi anam bilməsin.
Onsuz da tükənən deyil bu acı,
Dözməkdir bu dərdin ancaq əlacı.
Qırx gün yas saxlasın qoy qardaş, bacı,
Hər gün qəbrim üstə yarım tək gəlsin,
Mənim ölməyimi anam bilməsin.
Heç kəs qınamasın qohum-qardaşı,
Şe(i)rimdən qoyulsun mənə başdaşı,
Oxusun anam da, qarışsın başı,
İdrisəm, eşidim anamın səsin,
Mənim ölməyimi anam bilməsin.
İdris Babayev
Müstəqil.Az
Share: