Bütün pəncərələr gözü kölgəli, Bütün pəncərələr ikiüzlüdür

 

Qəhrəman Kamiloğlu

(yeni şeirlər)

Və sair…

 
Hara baxsan doludur
“alim”, “şair ” və sair.
Hamı olub “filosof”
“mütəfəkkir” və sair.
 
Ölüm üçün nə fərqi
Ya şimalın, ya şərqin
O tanımır müğənni ,
fəhlə, nazir və sair.
 
Hamı qul, hamı əsir
Ömür azalan kəsir
İkidə bir, üçdə bir
altıda bir və sair.
 
Ay ağıllı,
sən hara ?
Nə qaldı ki məzara!
Orda keçmir pul-para,
ləl- cəvahir və sair.
 
Haram ömür, əyri yol
Savab sıfır, günah bol
Onda buyur tanış ol!
İnkir,
Minkir
və sair…
 
05.04.2020

 

Pəncərə

 
Bir üzü soyuqdur, bir üzü isti
Pərdə arxasında nə var, gizlidir.
Bütün pəncərələr gözü kölgəli,
Bütün pəncərələr ikiüzlüdür.
 
Bir üzü işıqlı, bir üzü zülmət.
Əsirlik içində azad bəxtəvər!
Bir adi pəncərə sirr dolu hikmət
Nə yerdir, nə göydür,
nə çöl , nə içər!
 
Günəş sığal çəkir gülən üzünə
Ağlayan üzündə həsrət göyərir.
O üzdə qalanlar gəlmir özünə
Bu üzdə olanlar özündən gedir.
 
Ən çətin suallar ikibaşlıdır
Ən asan cavablar nədir, bilən yox!
Bütün pəncərələr gözü yaşlıdır
Tək bircə gözünü belə, silən yox!
 
Pəncərə insanın edam kürsüsü
Hər kəsi özündən asan canidir.
Bütün adamların fərqlidir üzü
Bütün pəncərələr üzdən eynidir!
 
Dünya dedikləri bu pəncərəymiş
Bir üzü həyatmış, bir üzü ölüm!
O üzün bu üzlə fərqi nə imiş ?
Tanrıdan savayı kimdi bilən? Kim?!
 
Bir üzü soyuqdur, bir üzü isti
Pərdə arxasında nə var, gizlidir!
Bütün pəncərələr gözü kölgəli
Bütün pəncərələr ikiüzlüdür!
03.04.2020

 

Yaxşısı darıxmaqdır

 
Darıxmaq -pəncərədən
Gözlərini asmaqdır.
Ürəyində hayqırıb
Dodağında susmaqdır.
 
Darıxmaq- gecə birdən
Səksənib oyanmaqdır.
Sonra gözü tavanda
Eləcə uzanmaqdır.
 
Darıxmaq- bir nöqtəyə
Gözünü zilləməkdir.
Kövrəlmək,
gülümsəmək,
Başını yelləməkdir.
 
Darıxmaq – görmək eşqi
Dinləmək istəyidir.
Axı kimdir o adam ?
Görən sənin nəyindir?
 
Darıxmaq -uzaqları
Yaxına gətirməkdir.
Kimisə axtaranda
Özünü itirməkdir.
 
Gah özünə gəlməkdir
Gah özündən çıxmaqdır
Yenə əvvəli sevmək
Axırı darıxmaqdır.
19.01.2020

 

Məndən sənə ev olmaz

 
Çox nazımla oynama
Yadından çıxart məni.
Öz xoşumla çıxmasam
Tut əlimdən dart məni.
 
Gedim gəldiyim izlə
Nə sev, nə də əzizlə.
Üst- başını təmizlə
Özündən qopart məni.
 
Hər arzu bütöv olmaz
Məhəbbətdə növ olmaz
Məndən sənə ev olmaz
Nə hör,nə ağart məni.
 

Sonra bax!

 
Əlindən tutduğun qolundan kəsər,
Boğulan birinə əl ver, sonra bax!
Yaxşılıq yaxşıdır bir yerə qədər
Gülün də suyunu bol ver, sonra bax !
 
Düşəndə zülmətə yetiş heyinə
Gözünü verərsən, yenə deyinər.
Hər dəfə ətirli gül verdiyinə
Bir dəfə ətirsiz gül ver,sonra bax!
 
Deyəcək Günəş ver şam verdiklərin.
Arzuya çatdırıb kam verdiklərin
Kim imiş çörəyi tam verdiklərin!
Bir dəfə parasın böl ver,sonra bax!
 
Hər sazı olana aşıqdır demə
Hər suya düşənə balıqdır demə
Arxada qalana yazıqdır demə
Kənara çəkilib yol ver, sonra bax!
 
Budaqdan istəmə yoxdursa kökdə
Şorandan çıxarıb bəsləmə ləkdə
Nə qədər qoruyar ad kişilikdə
Kişiyə kürsü ver, pul ver, sonra bax!

Dar ağacım

 
Dar ağacım,mənə bax,
Gözlərimdən as məni!
Gizlicə as,xəlvət as!
Görməsin heç kəs məni.
 
Qoy sakitcə boğulum
Nə qorxum,nə sıxılım.
Qollarına yıxılım
Tez bağrına bas məni!
 
Kimsə görər, saxlayar
Apar məni,tez apar!
Görən olsa ağlayar
Oyadar bu səs məni!
 
Səssiz ölüm,bax belə!
Məni hamı sağ bilə.
Ürəyində dəfn elə
Şəriətə xas məni!
 
Dar ağacım, ölmədim
Bax,
təzədən as məni!
Sənin kimi ürəkdən
Sevmədi heç kəs məni!
 
Qəhrəman Kamiloğlu
Share: