Azərbaycanlı yazıçı ilə tərcüməçi arasında “beynəlxalq” qalmaqal: Yazıçı söz verdi ki… (FOTO)

Tanınmış yazıçı Varis Yolçuyevlə tərcüməçi Sevil Gültən arasında qalmaqal yaranıb.

Bu barədə Qaynarinfo-ya tərcüməçi Sevil Gültən məlumat verib. O bildirib ki, yazıçı ilə arasında yaranan qalmaqala səbəb Varis Yolçuyevin “Metamorfoz” əsərində onun adının tərcüməçi kimi qeyd olunmamasıdır:
“Varisin 3 kitabını ingilis dilinə tərcümə etmişəm. Aradan müəyyən vaxt keçdiyindən aldığım qonorar dəqiq yadımda deyil. Bircə o yadımdadır ki, həmin vaxtrlarda işarə sayı ilə tərcümə etmirdim. Bir səhifəni 4 ya 5 manata tərcümə edirdim. Daha doğrusu, o qədər verirdilər, mən də məcbur olub razılaşırdım. Varisin kitablarını tərcümə edərkən ona məsləhət gördüm ki,  ingiliscə mətni mütləq dil daşıyıcısı redaktə etməlidir. Razılaşdı. O vaxtlar Xəzər Universitetində işləyən, Azərbaycan dilində normal yazıb-oxumağı bacaran Marta Lavriylə Varisi tanış etdim. Marta tərcümələrimi redaktə etdi. Təxminən iki il qabaq Varis  “Metamorfoz” əsəri barədə bir neçə səhifəlik xülasəni də mənə tərcümə etdirdi. Bu əsərin  tərcüməsinə görə uzaqbaşı 250-300 manat qonorar almışam. Kiçik həcmli əsərdir. Mənə vərəqdə vermişdilər. Təxminən 50-60 səhifə idi, daha doğrusu, kiçik şriftlə bu qədər səhifəyə yerləşdirilmişdi. Bir həftə bundan öncə “Artkaspi.az” saytında bir xəbər oxudum. Xəbər təxminən belə idi:
“Azərbaycan yazıçılarının əsərləri Beynəlxalq Yazıçılar İttifaqı ilə Böyük Britaniya Yazıçılar Birliyinin bütün dünyada rusdilli və ingilisdilli müəllifləri birləşdirmək məqsədilə təsis etdikləri 2015-2019-cu illərin Beynəlxalq London Ədəbiyyat Mükafatının qısa siyahısına daxil edilib”.
Baxdım ki, həmin qısa siyahıya daxil edilən əsərlər arasında Varisin “Metamorphosis” əsəri də var. Bu əsərin adını oxuyanda sevindim. Hər halda, deyilənə görə tərcüməçi ikinci müəllif hesab olunur. Amma Varisin sosial şəbəkədə səhifəsində bu müsabiqəylə bağlı müsahibəsini oxuyanda pərt oldum. Heç bir yerdə mənim adım çəkilmir, nə müxbir sual verir, nə də Varis  tərcüməçinin adını xatırladırdı”.
Sevil Gültən Varis Yolçuyevə zəng edib baş verənlərə aydınlıq gətirilməsini istəyir. Amma:
“Zəngimə cavab vermədi. AYB-nin mətbuat katibinə zəng etdim, xahiş elədim ki, Varislə danışsın, müsabiqəyə təqdim olunan kitab çap olunubsa, birini mənə versin. Ordan da bir xəbər çıxmadığını görəndə sosial şəbəkədə status yazdm. Bir az keçmiş Varisdən telefonuma mesaj gəldi. Belə bir cümlə işlətmişdi: “Adicə şort listə düşmüşəm. Sizi muştuluqlamalıydım?” Dünən internetdə axtarış apardım. İngiliscə çıxan o kitabın şəklini tapdım. Çox təəccübləndim. Sən demə, kitabda “Translated from Russian by Sevil Gulten” yazılıb. Yəni, guya mən əsəri ruscadan tərcümə etmişəm. Bu, korrektə səhvi deyil. Həmin müsabiqəyə rusdilli və ingilisdilli müəlliflərin əsərləri qəbul edilir. Çox ehtimal ki, məhz bu səbəbdən Varis belə bir addım atıb. Guya o, əsəri rusca yazıb, mən də rus dilindən ingilis dilinə tərcümə etmişəm. Yenə də Varisə zəng edib məsələni aydnlaşdırmaq istədim. Cavab vermədi. Bundan sonra sosial şəbəkədə status yazıb həmin kitabın şəklini paylaşdım. Bu statusdan sonra Varis mənə “Ümumiyyətlə, iş görmüsünüz, pulunuzu almısınız, indi bu mücadiləniz nədir axı? Nəyə nail olmaq istəyirsiz?” -deyə mənə mesay yazıb”.
Sevil Gültən Varis Yolçuyevin “Metamorfoz” əsəri ilə bağlı internetdə axtarış apararkən əsərin müxtəlif ölkələrdə çap olunduğunu görüb:
“Məlum oldu ki, bu kitab ingilis dilində nəşriyyatların öz hesabına müxtəlif ölkələrdə çap olunub. Amma mənim bundan xəbərim yoxdur. Aşağıdakı mətni də bir saytdan götürdüm:  “Xatırladaq ki, Varisə 2018-ci ildə Avrasiya materikinin ədəbiyyatı üzrə LiFFt festivallar festivalında qalibiyyət gətirən, 2019-cu ildə London Mükafatı qısa siyahısına namizəd olan “Metamorfoz” romanı indiyədək Azərbaycandan savayı Rusiya və Amerika da nəşriyyat hesabına çap olunub”.
İndi öz-özümə sual verirəm, doğrudanmı tərcümə etdiyim əsər çap olunanda bu barədə mənə xoş xəbər olaraq deyilməli deyil? Yaxud doğrudanmı müəllif tərcüməçinin adından istədiyi kimi istifadə edə bilər, lazım gələrsə, Azərbaycan dilindən tərcümə edilən əsəri “ruscadan tərcümə edilib” kimi yaza bilər”? Mənə o gün mesaj yazıb ki, o biri iki kitabın tərcüməsini istəmirəm, verdiyim pulu qaytar. Bu ağılda insan özünü yazıçı hesab edir. Bəs mənim tərcüməyə çəkdyim vaxtı, əziyyəti kim qaytaracaq?”
Varis Yolçuyev isə Qaynarinfo-ya “Metamorfoz” əsərinin hələ kitab halında çap olunmadığını, elektron versiyasının hazır olduğunu dedi:
“Neyləməliyəm? Dedim ki, yəni o biri kitablar da işıq üzü görəndən sonra belə edəcəksinizsə, kitabları qaytarım, pulumu verin. Daha nə deyim? Bəlkə ondan qorxub ki, mən bunu ciddi demişəm? Zarafatla demişəm. Hardasa 2012-2013-cü illər idi. Biz də ingilis dilindən tərcüməçi üçün müraciət etmişdik. Bizdə axı ingilis-dilində elə də çox tərcüməçi yoxdur. Sevil xanım razılaşdı. Dedi ki, qonorar ayrılsın, Marta xanım var, məndən sonra əsəri redaktə etsin. Dedik, problem yoxdur. Soruşduq ki, neçiyə edirsiniz? Qiymətini dedi. Dediyi qiymətə də razılaşdıq. 3 roman tərcümə elədi. Əsərin rus variantı “Dünya Ədəbiyyatı” festivalında “Qızıl” medal qazandı. Orada bizə dedilər ki, romanı ingilis dilndə çap etdirib “Beynəlxalq London Ədəbiyyat Mükafatı”na namizəd kimi təqdim edin. Biz də bunu edib əsəri müsabiqəyə göndərdik. Əsər “Beynəlxalq London Ədəbiyyat Mükafatı”nın nominantı oldu. Bu kitab ingilis dilində hələ çap olunmayıb. Biz müsabiqəyə kitabın elekton versiyasını gəndərmişik. Sevil xanım da oxuyub ki, kitab beynəlxalq müsabiqədə mükafat alıb, götürüb dərhal sosial şəbəkədə status yazıb. O, elə başa düşüb ki, kitab mükafat qazanıb. Yazıb ki, “Varis 20 qəpiyindən keçib mənə zəng etməyib. Başqası olsaydı, mənə hədiyyə də alardı”. Burda mənim günahım nədir? Söz veriəm, kitab çap olunsa, ona kitab verəcəyik, mükafat alsaq, ona hədiyyə də edəcəyik. Üçüncü bir iddiası da var, yazıblar ki, ruscadan ingilis dilinə çeirəni Sevil Gültən. Deyir ki, mən ingilis dilinə ruscadan çevirməmişəm, Azərbaycan dilindən çevirmişəm. Sevil xanım, bu, texniki qusurdur”.
Bahar Rüstəmli
Share: