Vasifə deyə bilmədiklərim…

Vasif SÜLEYMAN-55

Vasif Süleyman uzun illərdir əlini Sözün kürəyindən çəkmir.
Kürəyində Sözün yükünü çəkir…

Onu görmək istəyəndə adətən şeirlərini oxuyuram…

Şeirlərini oxuyanda Onu görürəm…

Vasif Süleyman özünü Sözdə, Sözdə Özünü tapan adamdı.
Yazdığı hər bir şeirinin vergülünə, nöqtəsinə kimi Özüdü…
Bu böyük Vəhdətin təməlində kiminsə nəfəsini, əl izlərini heç vaxt axtarmamışam. Çünki onu tanıdığım ilk vaxtlardan, həm də Sözü tanımışam…

On yeddi-on səkkiz yaşlı Vasif Süleymanı ilk dəfə necə görmüşəmsə, eləcə olduğu kimi illərin yuvarlaq təhdidindən üzü bu yana qoruya-qoruya gətirib çıxaran da Sözdü!..

Poeziya Vasif Süleyman üçün həyatdı!

Vasif Süleymanın həyatı poeziyadı!

Hər sözündə, hər şeirində indiyədək yaşanmış ömrünün rəsmini çəkib. Bu tabloda sadə, təvazökar və səmimi bir insanın zaman-zaman payına düşə biləcək çox şeylər var: yanağı şehli yaz çiçəklərindən tutmuş xəzan vurmuş payız yarpaqlarınadək. Orada həyata meydan oxuyan sal qaya parşası kimi iradəli bir gənci də görə bilərsən, sal qaya parçası üzərində oturmuş müdrik qocanı da…

Bu tabloda həm də xəyanəti sədaqətilə, riyakarlığı dürüstlüyü ilə, nifrəti sevgisilə yenən və öz böyüklüyünü, öz bütövlüyünü sonadək fədakarcasına qoruyan bir İNSAN yaşayır. Ən xoş günlərində dostlarına, ən ağır günlərində qüruruna sığınan İNSAN!..

Vasif Süleyman həm də şeirlərilə qurub yaratdığı böyük bir məmləkətin sahibidi. O məmləkətə qədəm basanları Günəş salamlayar, Sevgi qarşılayar. Günəşi ilə, Sevgisi ilə böyükdü O…

Qulaq yaddaşımda ilk dəfə mənə oxuduğu o qədər şeirləri var ki. Hansından danışım, hansından söz açım, bilmirəm. Ancaq onu bilirəm ki, bu şeirləri sətir-sətir, bənd-bənd sonalamaq bəlkə də dünyanın ən böyük günahı olardı məndən ötrü. Çünki Vasif Süleyman Özü kimi, Sözü kimi bütöv insandı! Sözübütöv Şairdi!..

Vasif Süleyman mayası halallıqla yoğrulanlardandı. Onu öz dünyasının sərhədlərini hər zaman göz bəbəyi kimi qoruyan qəhrəman bir sərkərdə kimi gördüm. Poeziya səltənətində də belədi: haramı qapısının kəndarına yaxın buraxmayan, nəfsinə qalib gələn əsl söz xiridarıdı Vasif Süleyman! Sözə dəyər verən, amma Sözü satmayan, satışa çıxarmayan Söz xiridarı!..

İbrahim RÜSTƏMLİ

Respublikanın əməkdar jurnalisti

P.S. Əziz dost! Sənin haqqında danışmaq şərəfdi! 55 illik yubileyin ərəfəsində bu şərəfi mənə yaşatdığına görə xoşbəxtəm. Qələmini bir anlıq yerə qoy! Kirpiklərimdən sallanan göz yaşlarıma yiyə dur! Onlar mənim sənə deyə bilmədiklərimdi…

 

 

Vasif SÜLEYMAN

ANA, QƏBİR QONŞUN ÖZGƏSİ DEYİL

Ana, qəbir qonşun özgəsi deyil,

Tanrının verdiyi butandı, vallah!

İllərnən yolunu gözləyib duran,

İllərnən əlindən tutandı, vallah!

 

Fani dediyinlə əlbəyaxadı,

Varımız Tanrıdan gələn yoxadı…

Bu qəlbiqırıqlar qəlbiyuxadı,

Gəmisi dəryada batandı, vallah!

 

Şirin röyadadı, qəfil oyandır,

Canı sıxlmasın işığı yandır.

Sənə qəriblikdə qərib həyandır,

Bir döy qapısını, atamdı, vallah!

 

QIZIM SƏYALIYA

Gülər gözlərində tapdım xoş günü,

Çəkildi ağrım da, acım da, qızım!

Bu boyda şirinlik tapa bilmərəm,

Dünyanın o biri ucunda, qızım!

 

Nə möcüzə belə, nə sirr beləcə,

Ruhuma can verir səsin beləcə.

Nanə yarpağı tək əsir beləcə,

Ürəyim ovcumun içində, qızım!

 

Ayrı nə diləyim, ulu Tanrıdan,

Odur Yaradan da, odur yarıdan.

Yoxdu bir gileyim ağ gün sarıdan,

Sən də yanımdasan, bacın da, qızım!

 

SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ

Elə həsrətin də bəs eylər mənə,

Hələ ki, eşqinlə dinə bilirəm.

O dünya, bu dünya, fərqi nədir ki,

Ölsəm də çatmaram sənə, bilirəm.

 

Nə vüsal görmüşük, nə kam almışıq,

Yazdığım bir yarpaq şeirdi sənə.

Ölüb getməyimmi ovudar səni,

Qalıb yanmağımmı xeyirdi sənə…

 

Bu zülmət ömürə nə lazım axşam,

Toranı qovuşur hayandan bəri.

Dünyanın dilini yadırğamışam,

Sevginin dilini duyandan bəri.

 

BİR AZCA

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir də Allah bilir nəsən, bir azca.

 

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necədi, səndən də küsəm bir azca.

 

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi nə yaman qısa deyirsən…

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.

 

GÖNDƏRİR

Qızlarım Gültac və Səyalıya

Elə mən də sizin kimi kövrəyəm,

Gəl ağlayaq, görərsiniz, eh nəyəm.

Üstü-başı, dərdi-səri köhnəyəm,

Fələk vurur hərdən dişə, göndərir.

 

Ömür buymuş, yol qalmadı varmağa,

Bərə handa, özüm düşdüm qarmağa.

Ürək dağı… Meylim yoxdu yarmağa,

Nə olsun ki, gahdan tişə göndərir.

 

Kəsməyiblər, kəsilibdir amanım,

Nəyim var ki, nə gizləyim, nə danım…

Bu ömürə nabələddi sarvanım,

Öldürmür ki, taxıb şişə göndərir.

 

Boyu batsın buxunumun-boyumun,

Çaşıb qaldım yarısında oyunun.

Gözləmir ki, külə dönüm, soyuyum,

Elə məni bişə-bişə göndərir.

 

Bir ömürə həmdəm oldu bu ahlar,

Eh nə danım, şiriniydi günahlar.

Üzümüzə hər açılan sabahlar,

Sizi dərsə, məni işə göndərir.

 

SƏNƏ DEYİLƏSİ ÜRƏK SÖZLƏRİM

Ağlımmı çoxuydu onda, sən Allah,

Onda xoşa gələn boyummu vardı…

Boyum gödək oldu, indi ağlım az…

Dünya dəyişmədi məni sevəndə,

Məni sevməsən də dünya dağılmaz.

 

Nə yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.

 

Daha qənşərinə  bağlanır yolum,

Qırılır, sökülür adam içindən.

Demişəm sevirəm, deməmiş olum,

Minnətə əl atma adam içində.

 

Guya ulduz olub çəkildik göyə,

Bacarsan indi tap, orda hansıyıq…

Təsəlli axtarma yaşayaq deyə,

Dünyada o qədər ölüm-itim var –

Hərəmiz birinə qoşulasıyıq.

 

Vədəli qismətə sığınammadıq,

Qoşa gəlməyin də bəlası varmış.

Ürəyə axmağın, qəlbə yatmağın,

Xoşa gəlməyin də bəlası varmış.

 

Nə yazım indi mən, aramız sərin,

Gözlərim yollardan yığışmaz daha.

Sənə deyiləsi ürək sözlərim,

Əl boyda kağıza sığışmaz daha.

 

YERİYDİ

Qaçdım arxasında köçüm yetmədi,

Çölüm parçalandı, içim yetmədi.

Onsuz da pozmağa gücüm yetmədi,

Qismət  yollarıydı, tale yeriydi.

 

Gözlərə gəlməyən röyasan dedi,

Tapmazsan, təzədən arasan dedi.

Cəmisi ikicə misrasan-dedi.

Vallah, bir şirincə nalə yeriydi.

 

Yüz «şər»dən keçmişəm bu «şər»ə kimi,

Saldılar düşməzə-düşərə kimi…

Demədim… Yandırsın məhşərə kimi,

Dərdimi deməyin əla yeriydi.

 

O SEVGİ

Bir para ağrı var səndən ömrümə,

Vallah, ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.

 

Gözümüz açılıb dünyaya birgə,

O səhər tutmuşdum üzünü sənə.

Yaxşı ki, vaxtında küsüb getmisən,

Çaşıb deyəcəkdim düzünü sənə.

 

Keçdin ürəyimdən ayağı yalın,

Keçdin, bu aradan yad keçməmişdi.

Onsuz da kimisə sevməli idim,

Mən səni sevməyə and içməmişdim.

 

O sevgi min ilin toyundan gəlir,

O sevgi o yerin suyundan gəlir.

Babam da beləcə sevdi nənəmi,

O sevgi kökümdən-soyumdan gəlir.

 

Bir para ağrı var səndən ömrümə,

Vallah ağrını da çəkmək hədərdi.

Məhəbbət gəlsəydi sənnən ömrümə,

Elə səninlə də çıxıb gedərdi.

 

BİR GÖR NEYNİYİRSƏN…

Zülümmü əlini üstünə çəkmiş,

Bu nə dərd yüküdü…

… Gözlərin aydın.

Tanrı bu çiçəyə ömür verməmiş,

Əvvəl taleyini düzüb qoşaydın.

 

Qorxur ki, yerisə, yer çökə birdən,

Bu yandan göylər də uça üstünə.

Tərpədə bilməyir ömrü yerindən,

Açılan qollar yox, qaça üstünə.

 

Görən, tezmi düşər güzarın bəri,

Bir gör neyniyirsən…

Bir düşün, Allah!

Tez götür üstündən bəd nəzərləri,

Əlinə keçməsin qurd-quşun, Allah!

 

Yandırır dağları, daşları ahı,

Yarəb, bundan betər pərişanmı var…

Bizə sən yazırsan bəxti, İlahi,

Sənin də işinə qarışanmı var…

 

Bir gör, neyniyirsən, sıxılır hava,

Sənin ki, fərmanın, əmrin əlində.

Getməyə yeri yox, qalmağa yuva,

Bu çiçək karıxıb ömrün əlində.

 

DAHA MƏNDƏN SƏNİ UNUDAN OLMAZ

Axma göy üzünə, ay tifil bulud,

Səndən yağış yağmaz, özünü şax tut.

Nə xeyri, yüz denən unutma, unut,

Daha məndən səni unudan olmaz.

 

Hamı qərib olur dünyada, axır,

Qəriblər hərəsi bir qərib nağıl.

Ay zalım, başına özgə çarə qıl,

Daha məndən səni unudan olmaz.

 

Payıma nə düşər, umuddan özgə,
Nə gördük, küsüdən-umudan özgə?!
Sevənin mən olum, unudan özgə,
Daha məndən səni unudan olmaz.

 

Olmaz məndən başqa heç kim qurbanın,
Mənəm bu sevdanın düşkün qurbanı.
Ay yetim sevginin, eşqin qurbanı,
Daha məndən səni unudan olmaz.

 

Bəlkə tanımadın məni də gendən,

Alnımda qırışdan, saçımda dəndən.

Bu boyda igidlik gözləmə məndən,

Daha məndən səni unudan olmaz.

 

«UNUDA BİLMİRƏM» DESƏN

Ürək deyiləndən yarımasam da,

Çırpınır sinəmdə zalım quş kimi,

Sən məni bircə yol unutmasan da,

Özünü göstərdin unutmuş kimi.

 

Bir dəli sevgini qoyduq yarıda,

Ya mən geri dönüm, ya sən… Nə olar…

Əlindən qaçırdın yuxuları da,

«Unuda bilmirəm» desən… Nə olar…

 

Bu zalım dünyayla bağım qalmadı,

Od-alov bilmirəm, sazaq bilmirəm.

Günahsız sevginin günahlarını,

Kimin ayağına yazaq, bilmirəm.

 

Kimin günahı nə, dil açıb desin,

Bəlkə sahibini gəzir bu sevgi.

Əlində qalmışıq qürurun, hissin,

Hərəni bir yanda əzir bu sevgi.

 

Özün də bilmədən çəkilir səsin,

Nəyi unudursan… Niyə… Bilirsən?

Dolansan başına körpə sevginin,

«Unuda bilmirəm» deyə bilirsən.

 

Ürək deyiləndən yarımasam da,

Çırpınır sinəmdə zalım quş kimi,

Sən məni bircə yol unutmasan da,

Özünü göstərdin unutmuş kimi.

 

 

BU QIZIN GÖZÜNDƏ

Uzalı qalıbdı əli, yolunda,

Bəxtinin çoxundan, azından keçir.

Əlini vermədi ölüm yolunda,

Keçinir…Kiminsə nazından keçir.

 

Yolur saçlarını o, saçdan keçir,

Dostdan, rəfiqədən, yoldaşdan keçir.

Bu qızın gözündə nədi bu oğlan,..

Ömründən-günündən bu başdan keçir.

 

Bu qızın gözündə nədi bu oğlan…

Bu qızın qubarlı gözündən soruş.

Bu qızın dinməyə heyi qalmayıb

Ağrıdan, təpərdən, dözümdən soruş.

 

Dünyanın hər cürə üzündən keçir,

Xəyalı dağından, düzündən  keçir.

Qurban veriləsi gözləri qalıb,

Ağlayır, indi də gözündən keçir.

 

Görən, nə danışır dodağı altdan,

Onsuz diləməyə Aman qalmayıb.

Qoymayın, yer qaçdı ayağı altdan,

Göydən tutmağa da güman qalmayab –

Bu qızın gözündə nədi bu oğlan…

 

VARMI…

Ay  bu məzarın yiyəsi,

Orda torpaq, dəniz varmı…

Aranızda havalınız,

Dəli-divanəniz varmı…

 

Axşamınız, sabahınız,

Sevinciniz, günahınız.

Orda sizin Allahınız,

Allahsız bəndəniz varmı…

 

Nə yaman qucmusuz yeri,

Kimdi ölü, kimdi diri.

Qayıdanda mənnən geri,

Kəndə dönəniniz varmı…

 

DƏRD ŞƏKİLİ ÇƏKƏN RƏSSAM

Qənşərində çırpınıram,

Boylanıb uzağı çəkir.

Mən ürəyimə çəkirəm,

O vərəqə DAĞI çəkir.

 

Rəngləri elə calandı,

Baxdım ürəyim talandı.

Nə bilir ciyərim yandı,

Zəhər çəkir, ağı çəkir.

 

Biri yoxdu, biri vardı,

O rənglərə dünya dardı.

Dörd tərəfi çəmənzardı,

Saralmış yarpağı çəkir.

 

QIZIMA

Mən atasız, sən babasız,

dünya balasız, qızım!

Bir kimsə gələndə gəlməz,

dərdsiz, bəlasız, qızım!

 

İndi hayana baxırsan,

hər tərəfdən qan damır.
Bəlkə ona görə qalıb
çəmən lalasız, qızım!

 

Sən oyuncaqlarla oyna,

biz ömür-günümüzlə.

Udmağı qaldı məhşərə,

Allah-Taalasız, qızım!

 

 

ZƏHRA

2017-ci il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndində  ermənilərin törətdiyi  təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhranın xatirəsinə

Üzündəki donan saflıq,

Bu torpaqla təndi, qızım!

Ermənidən düşmən olmaz,

Küçədən ötəndi, qızım!

 

O sevgi körpə canında,

Qorxma, nənən də yanında.

Bir gün haqqın divanında,

Səsimiz yetəndi, qızım!

 

Təsəlli bizə qalxandı,

Yer titrədi, göy çalxandı.

Getdiyin yer də Alxanlı,

Ora da Vətəndi, qızım!

 

Share: