SEYİD MIRHƏSƏN AĞA

(esse)
“O zaman siz (dua edərək) Rəbbinizdən kömək
diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin
ardınca gələn min mələklə çataram!”- deyə duanızı
qəbul buyurmuşdu”
“Quran”, əl-Ənfal surəsi (8), 9-cu ayə.
…Uşaqlıq çağlarımdan yaddaşımda əfsanəvi bir şəxsiyyət kimi yaşayır Mirhəsən ağa. Hər dəfə ağanın adıyla bahəm müqəddəs CƏDDi çağrılanda yadıma Seyid Əzim Şirvaninin ölməz misraları düşür:
“Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim”
El arasında seyidlər bir-birinə “əmoğlu”deyə xitab edirlər. Məncə, aləmdə səsi var olan şairin sidqi-ürəkdən dediyi bu fikir, həm də xalqın qərinələr boyu ehtiram etdiyi seyidlərin ruhundan qopan KƏLAMdır. Bu ilahi sözlərin işığında adını eşidib, üzünü görmədiyim böyük kəramət sahibi Mirhəsən ağa haqqında ağsaqqallardan və ağbirçəklərdən bir kitablıq söhbət dinləmişəm. Xeyir-şər məclislərində Allahın qüdrəti ilə doğulub, qədəm basdıqları ocaqları şərəfləndirən Seyid Camal, Mirsəmid ağa, Mirtağı, Seyid Rza, Hacı Mirheydər ağa, Hacı Mirsultan ağa, Seyid Sadıq ağa, Seyid Miriş ağavə bir çox mötəbər seyidlərimizin adları tez-tez zikr olunur… Bu yazımda adları çəkilən və çəkilməyən, dara düşəndə, əlimiz hər yerdən üzüləndə Cəddinin hikmətindən və qüdrətindən kömək umduğumuz bütün seyidlərə Allah-təaladan rəhmət və savab diləyirəm. Allah Böyük Ruh yiyəsi olan üzü nurlu seyidləri eldən-obadan əskik eləməsin!..
Ağa və Seyid deyə müraciət etdiyimiz, həm sağlığında, həm də dünyasını dəyişəndən sonra adlarını hörmət-ehtiramla çəkib, ümidlə Cəddinə pənah apardığımız bu mömin insanlar Kainat Sahibi Allahın rəsulu, dünyanın və axirətin seyidi Həzrəti Peyğəmbərimizin (s) nəslindən olanlar–İmam Hüseyn yadigarlarıdır.
1868-ciildə İsfahanda dünyaya gələn, yeniyetmə yaşlarında Masallının Qızılağac kəndinə – öz ata-baba ocağına qədəm basan Mirhəsən Miribrahim oğlu öz adını əməli-salehliyi və səxavəti ilə könüllərə nəqş etmişdir. Müqəddəs şəcərəsi yeddinci imamımız Museyi Kazımdan zinətlənən Mirhəsən ağa qəlbində daşıdığı İnam Nurunu sınıq könüllərdən əsirgəməyib; Cəddi və duası ilə binəsiblərin, mənəvi sıxıntılara düçar olanların imdadına çatıb, ocağına pənah gətirənlərin Şəfa tapmaları üçün Uca və Qadir Allahdan yardım diləyib…
Cəddin bizə kömək olsun, ağa!
…Ağanın ulu babası Seyid Camalın məzarı Astarada ziyarətgaha çevrilib. Babası Mirabdulla axund öz dövrünün müctəhidi kimi ad-san qazanıb. Mirabdulla axundun Xəzərin sahilində qədim zamanlardan məşhuri-cahan olan Qızılağacda məskən salmasının maraqlı tarixçəsi var. Deyilənlərə görə, düz yeddi il kənddə quraqlıq imiş. Bir dəfə axundun yolu bura düşür. Camaat deyir ki, ağa, sən həm alimsən, həm də seyid-peğəmbər övladı. Allah sənin kimi mömin bəndəsinin duasını eşidər. Dua elə, yağış yağsın!..
Həzrəti Əli Əleyhisəlam buyurur ki, hər kəs mömin adama dərdini desə, elı bil Allaha deyir. Mirabdulla axundun duasından sonra həqiqətən də yağış yağır. Bu hadisənin şahidi olan adamlar Mrabdulla axundu kənddən kənara buraxmırlar.
…Axund Mirabdulla qızılağaclı Qubad bəyin qızıilə ailə həyatı qurur. Bəy ona öz mülkündən ev verir. Mirabdullanın öğlu Miribrahim bu ocaqda dünyaya göz açır. Boya-başa çatır. O vaxtdan bu günə kimi – yəni 160 il ərzində həmin ocaqda çalğı səsi eşidən olmayıb. Miribrahim İsfahanda mədrəsədə dini təhsil alarkən fars qızı Ruqiyyə Soltanla siğə edilib. Mirhəsən ağa və bacısı Mirsəkinə xanım dünyaya bu izdivacdan gəliblər.
Sağlığında müdrikliyi, kimsəsizlərə həyan durmağı, ocağına gətirilən nəzir-niyazları fəqir-füqaraya paylamağı ilə sadə camaat arasında unudulmaz xatirələr qoymuş Ağa Mirhəsən Miribrahim oğlunun əməlləri əfsanəvi və mifik hekayələrin mövzusuna çevrilib. ( N.Ədiloğlu. “Səmənd at” hekayəsi, “Azərbaycan” jurnalı, 2008, № 9)
Qapısına gələni naümüd qaytarmayan ağa son tikəsini ehtiyacı olana verər, hətta əyninin paltarını belə soyunub biçarə fəqirlərə bağışlarmış…
Həzrət Əli (ə) müqəddəs kəlamlarında buyurur ki, hər kim fəqirlərə kömək etsə, Allaha kömək edir, hər kim fəqirləri incitsə, Allahı incidir.
SÖZƏ QÜVVƏT: Bir dəfə Mirhəsən ağanın yolu içməli su həsrəti ilə yaşayan Muğan kəndlərindən birinə düşür. Kənd əhli yalvarır ki, Cəddinə qurban olaq, ağa, içməli su korluğu çəkirik. Dərdimizə bir əlac elə… Deyir, ağa əvvəl namaz qılıb, dua oxuyub, sonra üzünü camaata tutub deyir ki, məni qovun, harada yorulub yıxılsam, oranı qazarsınız! Elə də olur. Ağanın yıxıldığı yeri qazırlar, oradan şirin su çıxır. El arasında həmin yerə “Xudaverdi quyusu” deyərdilər…
Otuzuncu illərdə mömin adamların başı çox müsibət çəkib. Ürəklərində Allah xofu olmayanlar ruhaniləri, el arasında xətir-hörmət qazanan, nüfuzlu seyidləri izləyib, çoxunu sürgün edərək vətəndən didərgin salıblar.
Deyilənlərə görə, NKVD işçiləri dini təbliğ etdiyinə görə Mirhəsən ağanı günahlandırıb, maşınla harasa aparmaq istəyirlər. Maşın yerindən tərpənmir. Məcbur olub ağanı düşürürlər. Maşın işə düşür. Qərəz bu möcüzə bir də təkrar olanda, ağanın arxasınca gələnlər: “Biz səni görməmişik”- deyə kor peşiman geri qayıdırlar. (Bu əhvalat Allahın hifz edib, bəlalardan qoruduğu başqa seyidlərlə bağlı xatirələrdə də nəql olunur…)
Bəli, “Dünyada seyidlər vardır – duası ilə yanan zəmiləri söndürür! …Qəlblərini incidənlərə Pərvərdigar tərəfindən ən dəhşətli cəzalar qismət olur… Güllənin icadı möcüzə deyil, möcüzə onu hədəfdən yayındıran Cəddin varlığındadır” (Hacı Azərin “Behişt zəvvarı” kitabından).
1941-45–ci illərdə Mirhəsən ağanın ocağına ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Bu ocağın şöləsi saysız-hesabsız insanların qəlbində qələbəyə ümid çırağı yandırırdı. Ağa öz evində, ata-baba ocağında həmişə məhərrimlikdə ehsan verər, orucluqda iftar süfrəsi açar, Qədr gecələrində sübhəcən quran oxutdurarmış. Bu mərasimlərdə iştirak edən möhtəbər adamlar, hakim zümrə ağanın köhnə evinin halını görəndə, ona divarlarında quşlar yuva salmış dədə-baba mülkünü söküb, yerində təzəsini tikməyi məsləhət edərmişlər. Ağa da cavab verərmiş ki, bəs sizin bu divarlarda özünə yuva quran zavallı quşlara rəhminiz gəlmir? Nə qədər nəfəsim gəlir, bu quşların yuvalarından didərgin düşməsinə razı ola bilmərəm.
“O ruzi ki, kifayət edər, bəsdir”
Həzrət Əli (ə)
… Bir dəfə mətləbinə çatan bir şəxs ağanın ocağına boyun çəkdiyi yanıbalalı inək gətirir. Mirhəsən ağa öz ailəsinə “ziyan vuran” ziyarətçinin qəlbini sındırmaq istəmir. Soruşur ki, ay Allahın bəndəsi, pulun var? “ Bəli, ağa var!”- deyə həmin şəxs dillənir. “Onda sözümü dinlə, sən mənə beş-on manat ver!”. “Buyur, ağa, bu da on manat”. “Cibin bərəkətli, süfrən ruzulu olsun! Ocağıma nəzr kimi gətirdiyin bu yanıbalalı inəyi mən də verdim sənə, götür apar. Allah yolunda az nəzir verənin savabı çox olar!”
Yol daşını yol quşuna
Atma, qardaş kərəm eylə…
Bu misralar əhli -beyt aşiqi, türkİ-tacidar Şah Xətainindir.
Belə nəql edirlər ki, Mirhəsən ağa kənddən rayon mərkəzinə yolu pay-piyada gedərmiş. Həmişə də rastına çıxan daşları götürüb, yolun kənarındakı xəndəyə atarmış. Soruşanda cavab verərmiş ki, bu daşları kimsə götürüb, yol-yolağda dən axtaran quşlara vurar! Ağa yol quşu kimi yol adamının da YOL daşlardan ziyan görməsini istəməzdi. O, adamları günah işlərdən çəkindirər, onlara öz davranışı, öyüd-nəsihəti ilə ibrət dərsi verər, qəlblərində ədəb-ərkan çırağı yandırardı. Bir dəfə ağanı arabayla aparan şəxs qoşqudakı atı bərk qamçılayır, ürəyi soyumur, hələ atı söyür də… Ağa deyir ki, bala, arabanı saxla! Və düşür. Deyir: “Sür get! Mən piyada gedərəm...” Arabaçı peşimançılıqla soruşur ki, ay ağa, olmaya xətrinə dəydim? Ağa deyir ki, pəhmətliyin oğlu, bu at sənə nə pislik edib? Həm döyürsən, həm də söyürsən…Evinə suyu, otu, odunu, ruzunu bu atla gətirmirsənmi?!
Deyilənlərə görə, həmin adam bu hadisədən sonra özü ilə qırmanc götürməyi tərgidib…
Masallının Qalabazarını gəzəndə və ya qonşu rayonlara gedəndə verilən nəzir-niyazları Mirhəsən ağa kimsəsizlərə və əlsiz-ayaqsızlara paylayarmış. Bir dəfə ağanın səxavətindən və əliaçıqlığından heyrətə gələn yardımçısı deyir ki, Cəddinə qurban olum, ay ağa elə et ki, günorta yeməyimiz üçün pul saxla!..
Ağır müharibə illərində və aclıq dövründə ağa başçıları cəbhəyə gedib qayıtmayan ailələrə, qaragünlülərə baş çəkər, onlara ərzaq paylayarmış…
Aşiqəm, öz ömrümü sevdaya qurban vermişəm,
Qəlbimi şan-şan kəsib, eşqimçin ehsan vermişəm…
– Bu qəzəl də əslən Masallıdan olan mərhum şair-təbib, alim ağamız Mirkazım Aslanlı-Sarəngindir… (Və el arasında seyidlər bir-birlərinə əbəs yerə “əmioğlu” demirlər)
Allah sevgisindən böyük sevgi tanımıyan, EŞQİNƏ sadiq Mirhəsən ağa öz ömrünü Cəddinin sevdasına qurban verməkdən usanmırdı. On iki Məsumi ümmətə bəxş edən, bu cahanı yoxdan var edən, Pərvərdigar vurğunuydu ağa; canında gəzdirdiyi İlahi sevgidən, İman nurundan ehsan verirdi. Ömrü tükənsə də, baldan şirin İLAHİ eşqi, İman sevgisi qəlbində, ruhunda tükənmirdi.
Əhli-beyt nişanəsi və pərvanəsi olan Mirhəsən ağa ömrünün müdrüklük çağında 1955-ci ildə 87 yaşında haqq dünyasına qovuşub. Qızılağacda dəfn olunub. Yeri behişt olsun!
P. S: Mirhəsən ağanın haqqında yazmaq xoşdur, həm də çətin və məsuliyyətlidir. Bu essedə yazdıqlarım ağanın əməli-salehliyindən, kəramətindən bir zərrədir. Allah bizə belə unudulmaz və müqəddəs müsəlman kişiləri barədə həmişə söhbət açmaq imkanı nəsib eləsin! Və bir də bu vədələrdə tez-tez dua edirəm ki, Allah-təala Mirhəsən ağa kimi qüdrətli seyid-peyğəmbər övladlarının Cəddi xatirinə bizlərə kömək olsun!..
Sanki qulaqlarıma ölməz Seyidin İlahi aləmdən- efirdən heybətli səsi gəlir:
“Ey insanlar! İçiniz də, çölünüz də günahlarla dopdoludur… Dualarınız müstəcəb olsun deyə, günahlardan təmizlənin. Qoy mərhəmətli Allah günahlarınızı əhv eləsin, qəlblərinizi İMAN duyğuları ilə barındırsin. Amin, ya Rəbb!..”
Nurəddin ƏDİLOĞLU
(“MASALLI – CƏNNƏT MİSALLI” kitabından, Bakı-2013, “Qanun” nəşriyyatı, səh 39-45 )
Share: