“QUŞLARIN ÜMİDİNƏ QALAN YAŞAM…” – Vaqif Osmanov yazır…

 

QUŞLARIN ÜMİDİNƏ QALAN YAŞAM

“Dədəm rəhmətlik deyərdi ki, qaranquşlar kənddən bezib qaçan cavanlar kimidi – biri dönər, beşi yox”. (Yaşar Bünyad).

“Artıq quşlara deyil, yaşanmamış bir günün tarlasına səpiləsi bir ovuc dənin hesabı qaldı məndə” (Zahid Sarıtorpaq).

Zahid müəllimin bu poetik düşüncəsi Yaşar Bünyadın “Quşlar qayıtdısa…” hekayəsinin epiqrafındandır.

“Quşlar həyatın, yaşamın barometriymiş…” (bu fikir də bəndənizin hekayə haqqındakı ilkin qənaətidir).

“Təklikdən beyninə gic – gic fikirlər dolan, bəlkə dünya yerli – dibli olmayıb” şübhəli, “əvvəllər kənd avtobuslar kimi basaraq kənddə, “bu dünyada bir özü, bir də Əbdül” qalan, “özünün də, ağzının da zayı çıxan” Yaşar Bünyadın lirik qəhrəmanı “Mən”in təsəllisi də kövrəkdi:

“Əbdülə baxanda mənim canım bir az suludu”

“Mən” Əbdülə “yarımcan” deyir. Yəni, mənə şükür.

“Mən” bu günümüzün Sısqabulaqlı kəndində tənhalıqdan “boğulur, ürəyi sıxılır”. Əbdül də “dəqiqəsini, bəlkə də saniyəsini sayır”, Əzrayılın yolunda qalıb işığa həsrət gözləri. Çünki daxmasının qapısını açıb Günəşin işığını içəri buraxan yox, “Mən”dən başqa. “Mən” də Əbdülgilə “tez – tez getmir ki, qapının cırıltısından diksinər, elə bilər ölümüdü gələn. Bəlkə də sevinər, nə bilim…”

“Səhralaşan, küllüyə, xarabalığa dönən” kənddə adamlar özləri ölməsin deyə ağacları “öldürdülər, yandırıb külünü yelə verdilər.Qızları ata evində qarıyan, qocaları həsrətdən, nisgildən ölən” kənddə iki başıpapaqlı qalıb. Doğrudan da bəlkə bu dünyanın sonudu? “Mən” tam əmindir ki, “Allahın işığına, qazına həsrət qalan” əvvəllər katibin “quyruqbulayanı” kənd soveti Şəmil olan kənddə heç qotur keçimiz də gün görməyəcək.

Allahın işinə bax, “kənddə dinməzcə ölməyi Cabbar kişi “dəb” salandan Şəmil də kəndə dönmədi”.

Kənd boşalandan “ölülərlə asan dil tapan, qəbir daşlarıyla salamlaşan, ölüləri qaratikan kollarından xilas edən” “Mən” qəbristanlıqda dinclik tapır, həmsöhbət arayır. Hər dəfə qəbristanlığa gələndə ömründə “ürəyim, canım” deməyən, deyə bilməyən, züriyyətsiz qaldığına görə Şəfiqəni qınayan, özü isə ömründə “doxdur”a getməyən “Mən” dərdin içində bircə dəfə də gileylənməyən arvadına ürək – dirək verir:

“Özündən muğayat ol… Görüşərik… Yanında olmaq istəyirəm Şəfi…”

Ömründə öpmədiyi Şəfiqənin başdaşındakı şəklini şapkası ilə silib nəsə demək istəyən (yəqin ki, “gəlmə!” demək istəyirdi) dodaqlarını öpən “Mən” toxdayıb yarımçıq qəbrinə baxdı.

Yaşar müəllim insanın kövrək hisslərini elə canlı təsvir edir ki, istər – istəməz cərəyan edən hadisələrin iştirakçısına çevrilirsən. Dilimizin incəliklərindən, zənginliyindən sadə xalq dilnndən bacarıqla yararlanır. Məsələn, “qışın zəlozəlosu”, “payızın lıqqası” və s.

Son yarım əsrin ən ağrılı şilləsini kəndlərimizə “urbanizasiya” adlı əjdaha vurdu. Yox, o, kəndlərimizi uddu. Şəhərli olub kənd xiffətiylə ölənlərin sayı bəlkə də baharda qayıtmayan qaranquşların sayından dəfələrlə çoxdur. Şəhər mədəni soyqırım məkanına çevrilib. “Mən” isə şəhərin boğanağında ona görə yaşamaq istəmir ki, kənddə ona həmdəm olan, intizarla yolunu gözlədiyi sərçələr, qaranquşlar var, “yarımcan” Əbdüllər var, ömründə könlünü alıb şad etmədiyİ Şəfiqənin qəbri var. Bunlar idi onun yaşamaq eşqini diri saxlayan…

Əbdülün yarımçıq qalmış qəbrini qazıb qurtarandan sonra xeyli rahatlandı. Özünə isə Şəfiqənin sağında çoxdan yer eləmişdi.

O, hər gecə yuxusu ərşə çəkiləndə tavanda iynənin ulduzu boyda işıq axtarırdı. İşıq nə gəzirdi! Fikirləşirdi: “Qarğa ömrü yaşayasan, yada düşəsi işıqlı xatirən də olmaya…”

“Əbdülü də dəfn edəndən sonra bayquş kimi tək qalsam məni yerdən kim götürəcək?” nigarançılığı ilə özü üçün qazdığı yarımçıq qəbrini tamamladığını Əbdülə “muştuluqlamağa” gedən “Mən” ona yaxınlaşanda gördü ki, Əbdül “yola “Mən”siz çıxmışdı – çoxdan ölmüşdü”. “Mən” bayquş ulayan xarabalıqda bayquş kimi tənha qalmışdı. Ürəyində Əbdülün yeddi arxa dönənini “hörmətlə yad etdi”:

“Bu da axırın, Əbdül, day rahat ol. Amma əclaflıq elədin, məni qabaqladın, haramzada!..”

Əbdülün altı oğlundan birinin də yuxusu qarışmadı:

“Dağıl, necə dağılmısan, a dünya! Altı oğlun ola, səni züriyyətsizin biri kəfənləyə, yerdən götürə, torpağa tapşıra…”

“Mən” onu əl arabasında qəbristana aparıb dəfn elədi. Qəbrinin üstündə təpələnmiş torpağa şapkasının içində, ciblərində buğda gətirib səpdi, bir “Fanta” butılkası su çilədi. “Hava qaralana kimi çömbəlib Əbdüllə dərdləşdi”.

İki gündən sonra qəbristana gələndə “Əbdülün sinəsindəki təpəciyin torpağı görünmürdü”, yerindəcə qurudu. “Yüzlərlə boz sərçə cikkildəşərək, qanadlarını yumşaq torpaq dənələrinə çırpa – çırpa srağagün səpdiyi buğdaları dənləyirdilər”.

Uşaq kimi sevindi “Mən”. Sərçələr qayıtmışdı. Ürəyində Əbdülü qınadı:

“İnanırdım ki, o quşların biri Əbdülün ruhudu, qarışıb sərçələrə. Yəqin sevindiyimi də görür. O da sevinərdi Ürəyimdə qarasına deyindim: “Niyə tələsdin, ay üzü pis?!”

İlahi, insanın vəfasına, mərhəmətinə, sevinmək səbəbinə fikir verin! Yazıçı təxəyyülündə canlandırdığı hadisələri bizi əhatə edən mühitdən götürürsə, duyğularına süni bəzək – düzək vermirsə, necə var eləcə əks etdirə bilirsə, belə yaradıcılıq məhsulunun ömrü əbədidir., Məna, məzmun səni ovsunlayaraq düşünməyə vadar edirsə, deməli yazıçı məqsədinə çatıb. Buna əmin ola bilərsən, Yaşar Bünyad! Quşların qayıtması məni “Mən”dən çox sevindirdi.

“Quşlar qayıtdısa…” hekayəsində bu günümüzün çoxlarına adi görünən mövzusu çox həssas ürəklə qələmə alınmışdır. Yetim qalmış (Nəbi Xəzri deyirdi: “Təbiət insansız yetim kimidir”. Elə insan da təbiətsiz) kənd, boş, insan nəfəsinə həsrət qalmış evlər (“Ay qonşu, bu evin yiyəsi hanı?” – Camal Yusifzadə), kimsəsiz həyətlərdə evlərin “çürümüş, ovxalanmış qapılarını döyən ağacdələnlər” (Məmməd İsmayıl) gözümün qarşısından keçərək məni naməlum əlçatmazlığa apardı. “Biz niyə bu günə düşdük, ay dədə” (Məmməd Araz).

“Təbiət bizim nadanlığımıza gülür” (A.Frans). Ona görə də sərçələri, qaranquşları vaxtında göndərməməklə biz nadanlara həyat dərsi keçdi, “test” elədi, yaşamaq eşqimizi ölçdü. Ona görə də özümüz özümüzə məzar qazdıq. Onda bizə mərhəmət göstərdi, yazığı gəldi, quşları, yağışı göndərdi, dedi ki, ay nankor, yaşa hələ, soy – kökünü, yurdunu, yuvanı, doğmalarını unutma! İnsan ol!…

Qəfil göy gurlayanda, yağış damlaları “bir – bir atmağa başlayanda, “Mən” zülümlə qazdığı qəbrini doldurdu. Eşitmişdi ki,ağzı açıq qəbrə yağışın yağması pis əlamətdi”.

“Mən” ölmək istəmirdi. Əbdülün ölməsindən göy kişnəyib, bulud ağlasa da Əbdülün altı oğlunun heç eyninə də deyildi.

Yaşar müəllim bir incə məqama da toxunur. Qəfil yağan yağış, göylərin hönkürtüsü də yaşam üçün stimul imiş… Yağış yağdı, ümidin yollarını göyərtdi.

Təkcə “Mən” yox, elə mən də bu qəfil yağışı, onun yaratdığı ovqatı gözləmirdim. Doğrudan da “hava proqnozu mənlik deyilmiş”, Yaşar müəllim…

VAQİF OSMANOV. oktyabr 2019

Share: