“Milyon cüt corab…” – Şəfa Abdulla

                                                      Milyon cüt corab.

(Hekayə)

Zəngli saatın çalmasından həmən sonra qalxmışdı ayağa, paltaryuyanı qoşdu. Çaydanı qazın üstünə qoydu. Eyvandakı balaca dibçəklərini suladı. Demək olar ki, hər gün gördüyü işləri əl alışqanlığı ilə təkrar etdi. Bəzən gözlənilməz əlavələr olurdu. Məsələn qızı qəbz olmuşdu neçə gün idi. Yazıq körpə zülüm-zülüm ağladı axşam. Axır gecə yarı paltar sabunu ilə “təcili yardım” etdi, uşaq elə bulaşıqlı bezin üstündə yuxuya getdi. Yuxusu pozulmasın deyə qaldırıb yumadı. Salfetlə birtəhər təmizlədi, sabah əməlli başlı vannaya salıb çimizdirərəm deyə fikirləşdi. Qızının rahat yatdığına əmin olduqdan sonra girmişdi yatağa. Vur tut heç dörd saat yatmamışdı. Buna baxmayaraq eyni “performansla” ayaqda idi bu səhər yenə.

Bir azdan süfrə hazir idi. Ağzına bir-iki tikə qoyub kitablarını alıb çıxan oğlunu gözüylə məktəbə qədər izləsin deyə eyvana çıxdı. Elə yerdə durdu ki, oğlu həyətdən öz mərtəbələrinə boylananda onu görməsin. Yeniyetmənin xoşu gəlmirdi anasının onu məktəbə qədər izləməsinə. Hətta son illərə qədər özü əlindən tutub aparırdı. Amma təbii ki, yaş sözün deyir, 14 yaş və oğlu bir gün qəti etiraz etdi körpə kimi əlindən tutulub məktəbə aparilmağına. Atası da ona haqq qazandırdı, hər şeyi şişirtmək adətindi, dedi arvadına. Nə əlaqəsi var şişirtməklə, bəlkə biri yolda sataşdı oğluna, bəlkə, iraq olsun yolu keçəndə maşın dəydi, (vurdu yox ha, dəydi, hətta xəyalında belə o sözü işlətmək istəmirdi) həm kim nə deyir desin, elə fikirləşirdi ki, məhz o gözlərini çəkmədiyi üçün hansısa mələklər hər gün oğlunu sağ-salamat gedib gəlməsinə kömək edir.

Oğlu məktəbin həyətinə girəndən sonra rahat nəfəs aldı. Gündə neçə dəfə edəcəyi hərəkətin siftəsin etdi; dibçəklərin diblərini bıçaqla eşələməyə başladı, “hava alsın torpaq”…  Əli işləyə- işləyə də danışırdı, nə olur olsun, fərqi yoxdu, axşamçağılar efirə gedən Zaurun verilişindəki qəhrəmanların taleyi, hansı ki, hər gün göz yaşlarına qərq olur, həftədə bir dəfə isə genişmiqyaslı göz yaşı tökürdü, Xoşqədəmin sayəsində. Bu dibçəklər o verlişin qonaqları idi, o özü isə “ekspert”…, geniş şəkildə danışırdı, ürəyini boşaldırdı. Və ona elə gəlirdi ki, ən ədalətli rəyi məhz özü verir. Məsələn o ata düz etmirdi uşaqları anasına göstərməməklə, nə olsun ki, arvadınla ayrılmısan, uşaqların nə günahı var, amma arvad da az aşın duzu deyildi ha, bir bax, dünən o nə söz idi dedi, bizim ailədə vələdüzina yoxdu, bax, bax, yəni hamı bilsin ki, bunun yoldaşı…

  • Ana?!!
  • Hay can!

Işıqlar söndü, veriliş yarıda kəsildi. Bu uşaq hələdə öyrənmədi yerindən duranda ağlamamağı.

“Ay mənim madonnam, ay mənim cakondam” Cakondanın nə demək olduğun bilmirdi, amma dilinə yaxşı yatırdı deyə, Rusiyada yaşayan qardaşının rus arvadı bir dəfə qızına belə xitab etmişdi deyə özü də əzbərləmişdi.

Uşağı əzizləyə-əzizləyə vannaya saldı. Çalışırdı ki, həm diqqətlə yusun, həm də Cakondasını əyləndirsin. Bir dəfə televizorda eşitmişdi ki, cavan bir qız , yəqin ki, uşaq həkimi idi, ya da nəsə uşaq psixoloqu.., hər nəsə belə bir şey, demişdi ki, analar çalışsın uşaqları üçün hər şeyi əyləncəyə çevirsin, çimizdirməyi, geyindirməyi, yedizdirməyi, yatizdirmağı, bütün bunlar əyləncəli şəkildə, macəralı formada, yorucu və darıxdırıcı olmadan həyata keçirilməli idi, bu uşağın əsəblərinin sakit inkişaf etməsinə şərait yaradırdı. O gündən etibarən bütün o prossesləri demək olar ki, təlxəklik edərək keçirirdi.

Indi də, həm çimizdirir, həm də, suyu şappıldadıb qızını güldürürdü. Geyindirdi, yemək yeməyinə kömək etdi, “təhlükəli oyuncaq” silsiləsindən olan planşeti əlinə verdi. Sarısaç, cüllüt kuklalar olan oyunu da açdı, qızı onları çox sevirdi. Yoldaşı qəti əleyhinə idi, planşet oynamasının qızının. Qaynanası da. Allahdan qadın onlarda yox idi, arada baş çəkir, imkanı çatdığı qədər deyinirdi. Amma onlar başa düşmür ki, bu uşaq müasir texnikanı bilməlidir. Məsələn, o gün Elgizin verilişində o kişi nəydi danışdı ha, dedi ki,uşaqları bütün bunlardan məhrum etmək lazım deyil. Əksinə bacardıqca tez öyrənməlidilər ki, sabah məktəbə gedəndə geri qalmasınlar. Məsələn,  3 il sonra bu qız məktəbə gedəcək, Aztvdə də dedi o kişi, dedi ki, yaxın illərdə kitab-dəftər ləğv olunacaq məktəblərdə. Ancaq elə bu planşetlərdən istifadə edəcək uşaqlar. Bəs onda necə olacaq, bütün uşaqlar sərbəst işlətdikləri halda mənim qızım mal-mal baxacaq planşetə? Müəllimləri fikirləşməz, bunun anası heç müasir olmayıb, heç zəmanəylə ayaqlaşmayıb deyə? Ona görə də vicdanı rahat idi, ərindən, qaynanasından gizlin planşeti qızının əlinə verəndə. Onlar hələlik başa düşmürdülər, amma, vaxt gələcək deyəcək, lap elə əri deyəcək, ay arvad, əhsən sənə, nə ağlın, uzaqgörənliyin sahibi imişsən deyə. Əlbəttə, bir az inandırıcı deyil, ərinin ona ağıllı deməsi, amma olacaq, vaxt gələcək, o da olacaq. Bəyəm indi hamının baş əydiyi qaynanası həmişə belə sultan olub? O da ərini yanında söz haqqına sahib deyildi, nə olsun, indi bax, hamı tük tökür ondan. Qadın neçə illərdən bəri içində saxladığı canavarı çölə çıxartmağa imkan tapıb, vaxt gələcək. o özü də belə “Validə sultan” olacaq.

Masanı silə-silə əminliklə başını yellədi, vaxt gələcək, əlbəttə, vaxt gələcək hamı onun ağlına, bacarığına əhsən deyəcək. Düzdü indi də, qonşular, bağçadakı tərbiyəçilər, valideynlər onun biş-düşünü, təmizliyini, əl qabiliyyətini tərifləyir, məsələn bayramda, zadda şirniyyat aparır, paylayır bağçada, imamın yeddisində ehsan payladı qonşulara, odur, elə Mahirə özü dedi, on barmağının onu da qızıldı deyə, bağçada valideynlərdən biri , nəydi o arıq gəlin vare, dedi, siz lap məni həvəsə salırsız, gedib paxlava bişirəcəm deyə, lap belə də dedi, “siz” hə əlbəttə onu təqdir edənlər var, amma, qəlbinin lap dərinliyində başqa bir şey vardı, bax, o Xoşqədəmin verlişində danışan qadın vare, onun kimi verlişlərdə danışsın, böyük şeylərdən danışsın, yemək-içmək yox, necə dedi o qadın, hə “sosial vəziyyət”…

  • Ana?
  • Hay can?
  • Bağçaya getmilik?
  • Getmək istəyirsən?
  • Haa
  • Bəs dünən dedin qarnın ağrıyır orda?
  • Ta ağlımlda.

Uşaq əyilib qarnına baxdı, sanki əmin olmaq istəyirdi. Onun qarnını ağrıdan şeylərin artıq orda olmadığına. Gülümsədi, “yaxşı gedərik”

Qızını baxçaya qoyub geri qayıdanda ürəyində fərəhlik, sevinc, rahatlıq var idi. Əslində həmişə var o hiss. Xoşbəxtlik hissi kimi bir hiss. Elə yəqin ki, xoşbəxtlik belə bir şeydi. Uşaq qəbz olanda yox idi o qığılcımlar. Amma, bax səhər onu vannaya salandan bəri yenə gəlib dolub içinə. Əri qabındakı yeməyi axıracan sivirib təmizləyəndə də olur o hiss. Çox vaxt əslində…

Evə girəndə təəccübləndi, oğlu evdəydi, öz paltar şkafını ələk-vələk etmişdi:

  • Ay ma, mənim dama-dama köynəyim hanı??!!
  • Hansı?
  • Əşi, üçdüymədə..
  • Haa, o ütülənməyib ki, səbətdədi.

Oğlan bir anlıq dayandı, çaşdı sanki, sonra əlindəki şalvarı yerə çırpıb başqa dəst düzəltməyə başladı, dodağının altında mızıldanırdı dayanmadan.

  • Sən niyə dərsdə deyilsən?
  • Dərsdəyəm, muzeyə gedirik!
  • Niyə məktəbli formasıyla yox?
  • Haydaaa! Ay ma, muzeyə gedirik də, hamı dəyişir əynin, icazə versən məndə dəyişim, uşaq kimi formada getməyim!

Yoxsakı uşaq deyilsən, fikirləşib gülümsədi. Eyvana çıxmaq istəyəndə nəsə fikirləşdi, tez ütülənməli paltarları qoyduğu səbəti eşələdi, üçdüymə, dama-dama köynək iztehzayla gülümsəyirdi sanki, “Bə nooldu, günortadan sonra ütüləyəcəkdin?”.

Tələsik ütünü saldı, köynəyi elə sürətlə ütlədi ki, əlləri görünmürdü. Otağın qapısını döydü, oğlu açdı, anasının əlindəki köynəyə təəccüblə baxıb, heç nə demədən köynəyi aldı. Yenə qapı örtüldü, yenə həmin qığılcımlar yarandı ürəyində. Xoşbəxt etmək, xoşbəxt olmaq bu qədər asandır fikirləşdi.

Çöl qapı örtüləndən sonra oğlunu otağına girdi, paltarları səliqəyə saldı. Öz yataq otaqlarına qayıtdı, balaca siyirtməni açıb oranıda səliqəyə salmağa başladı. Corablar olurdu burda adətən.  Dəstbədəst, cüt-cüt, rəngbərəng, ipək, pambıq, yun, sintetik, sadə, toxunma və s.

Bütün günü bu evdə, bu evin sakinlərinə həsr etdiyi hər bir əməyində özünü sevincli bilirdi, amma bu corablar var ki, bu corablar, onlar başqa aləm idi. Onlara toxunanda ürəyi uçunurdu sanki. Xüsusən də təzəsini açıb geyinəndə. Corabın başındakı nazik sapı qırıb ayağına geyinəndə, ipək kimi, pambıq kimi yumşaqlığı hiss edəndə gözlərini bir anlıq yumurdu, yadına düşürdü hər dəfə eyni şeylər, uşaq olanda valideynləri hər bayram onlara təzə geyimlər almağa çatdıra bilmirdilər, çox vaxt alırdılar, amma, hər vaxt mümkün olmurdu təbii ki, beş uşaq- onlar tək necə çatdırsınlar. Bax, onda valideynləri çıxış yolunu corab almağda görürdü. Evə təzə, rəngli, güllü, yumşaq corablar gəlibsə, deməli bayram yaxınlaşır, deməli şəkərbura, paxlava, qoğal olacaq, deməli, çoxlu qonaqlar gələcək. Və əsas da təzə corab təzə geyim deməkdi, təzə nəsə deməkdi, bax o “nəsə” hələ də qalıb, o vaxt da corabı geyinəndə keçirdiyi hissləri eyni ilə yaşayır, indinin özündə təzə corab geyinəndə. Bu barədə bir dəfə ərinə də dedi, oda güldü, “güllə, bülbüllə qurtardın, corablara keçdin?” deyə. Ona görə də heç kimə demir bu barədə. Heç kimi bilmir ki, o corablarla bağlı planları var, məsələn, heç kimin, heç bir yazıçının, heç bir nəşriyyatın ağlına gəlməyən bir şey, nə vaxtsa o da əhəmiyyətli söz adamı olacaq, olsun, lap elə ev işlərinin sirləri, ya yaxşı yemək bişirməyin sirləri adlı kitabı çıxar bəlkə,o da ön söz yazar, məsələn belə ola bilər: kiçik şeylərlə xoşbəxt oluram mən, məsələn bir corabla, kim kitabımı oxudu, bəyəndi mənə bir corab göndərsin, hər oxucum bir cüt corab göndərsin mənə deyə bir ön söz yazar, və təsəvvür edirdi, evi aşıb daşar corabdan, rəngarəng, cürbəcür, saysız hesabsız corablar, hər biri bir sevgidən xəbər verər, hər biri bir diqqətdən, bir inamdan. Kiminsə sənə olan, əməyinə olan inamından xəbər verər, necə gözəl olacaq hə?

Gözlərini silib ayağa durdu, gönortaya yemək bişirməli idi.

22.04.2015.

                                                                                                         Şəfa Abdulla

Share: