“Yaşayış məskənlərimizin adı tariximizin güzgüsüdür”…- Minəxanım Təkəli

               Çirkinli (indi Çeşməli) kirli, çirkli deyil, üzü boz, qorxmaz, cəsur deməkmiş…

Çirkinli adında Tovuz rayonunda (Azərbaycanda) kənd olmuşdur. Təəssüf ki, yerli əhali “Çirkinli” adının mənasını yanlış qəbul edərək onun “xoşagəlməz” (çirkli, çirkin, bulanıq, məcazi mənada gözəl olmayan, eyibli) mənasından çəkinərək bu qədim adı dəyişdirməyə nail olmuşlar. Bu zaman onun qədim adınını müqabilində elə də məzmunlu görünməyən yeni adla- Çeşməli adıyla əvəz etmişlər (1959). Halbuki, yanlış ad yoxdur.

Yurdumuzu Kəlbəcər rayonunda da bu adda Quzey Çirkin kəndi vardır. Xalqımızın soykökündə qədim oğuz eli olan Çirkinli tayfasınını öz yeri vardır. Tarixçi Rəşidəddinin “Qəhrəman tayfa” adlandırdığı çirkinlilərlə tarix səhifələrində monqol- tatar etnonimləri (xalq, tayfa,tirə, nəsil adları) sırasında qarşılaşırıq. (Qiyasəddin Qeybullayev) Belə ki, Çirkin tayfası Oriyat, Suqayıt, Tanqit, Corat, Küngüt, Zunun tayfaları kimi monqol yürüşündə iştirak edən xalqlardandır. Hazırkı dövrdə göstərilən tayfaların adları kənd adlarımızda hifz olunmaqdadır. Əski çağ türkcəsində çirkin heç də çirkli, kirli deyil, əslində  döyüşkən, savaşqan ruhlu “bulanıq, tutqun;  zəhimli, qorxunc” mənalarını bildirmişdi. Müqayisə et: Bulanıq sular daşqın suların gücündən xəbər verdiyi kimi, boz, tutqun sifət də adamın cəsarətli xarakterini göstərir.

Türkiyə ərazilərində də rast gəlinən Çirkinli adı yanlış anlaşıldığından dəyişdirilmiş,  bu zaman adın “xoşagəlməz” mənasının əksinə olaraq onu “xoşagələn” adlarla əvəz etmişlər: Çirkinli (Ərzurumda) yeni adı : Bahçalı (Bağçalı), Çirkinli (İzmir) yeni adı Şirincə  və ya Şirinyer Qazaxıstanda (Çimkənd vilayəti) da bu addan imtina etmişlər. Yeni adı Kızıl Kışlakdır.

Beləliklə, Çirkinlini kirli bilən başbilənlərimiz onu Çeşməli ilə əvəz etməklə bir növü çeşmə suyunda çimizdirib yuyundurmaqla təmizə çıxarmaq istəmişlər. Heyhat…

Çirkinli- Çeşməli əvəzlənməsi Azərbaycandakı ad dəyişmələrinin acı təəssüflər doğuracaq faktlarından biridir. Xalqın tarixinə və onun mənşəyinin öyrənilməsinə etina etməyən vəzifə sahiblərinin gözlərini yumaraq qol çəkdikləri belə qərarlar tariximizn kasadlaşmasına və saxtalaşdırılmasına da gözüyumulu razılıq demək idi.

Minəxanım Təkəli            

Müstəqil.Az                                        

 

 

 

Share: