Şəfiqə Şəfa

Tanrım!

Belə getsə
Məni sənə bağlayan son tel də qopar…
Sonra kim sevər səni mənim qədər,
Kim adını hər fürsətdə deyil,
hər nəfəsdə zikr edər?!
Tanrım!
Unutdunmu adəmlərə etibar yox?
Şeytan yenə qapıdadı
daha bir Həvvanın izində,
Sən qopduqca, o bağlanır,
Mən indi bir ovuc buğdaya,
Ya da bir şirin almaya satılacaq qədər acam…

Sənin qolların çoxdan hazır vida qucağına

Qucağımın yaddaşına yazıldı
Kürəyimi üşüdən qolların
Mənim qoynum binədən vərdişkar,
Sənin qolların çoxdan hazır vida qucağına.
Nə gedəni saxlamaq olur, 
Nə də gələnin qarşısını kəsmək.
Mənimsə taleyimdi –
bu yolların bitməyən uzununu ölçmək…
İndi qoy sərilsin dünənimiz bu günə
Yol üstündə buğlanan ilğım kimi.
Mən ki yol adamıyam,
Sən növbəti duracaq…
Nə yolçular keçib gedib,
Daldalanıb,
Nəfəsini dərib səndə,
Bir yolçu da çıxıb getsin, nolacaq?!
Qoynundan bir yer boşalar,
Bu yay günü qurtularsan
Ayağının biri səndə, biri yolda qalandan,
Guya nə gözləyirdik ki,
biz bu yolun sonundan?!

Qəlbi fərəh dolu, ömrü firavan,
Ruhu rahat insan nə bəxtəvərdi!
Başını yastığa təmiz vicdanla
qoyar-qoymaz yatan nə bəxtəvərdi!

Nə bəxtəvərdi

Nə bəxti yaralı, nə qəlbi qara,
Nə yoxdan gileyli, nə möhtac vara,
Sözü etibarlı, sadiq ilqara
Eşqdən kamın alan nə bəxtəvərdi!

Mehriban yuvası, ocağı isti,
Könlü hərarətli, qucağı isti,
Evdə vəfalısı, övlad nəfəsi,
Süfrəsi bol olan nə bəxtəvərdi!..

Mən bir cırcıramayam

O qoçaq qarışqaların gülüş hədəfindəki…
Bütün yay boyu durmadan nəğmə oxuyan, 
Qanadları ütülən qızmar istidən 
Günəşə bəstələdiyim nəğməm sevilmədi
Sözlərini qarışqalar daşıdılar, 
Bircə yayın xatirəsində qaldı peşman xəyalım. 
Doğru anlatmadı məni nə şair, nə kitablar… 
Amma bilin ki
məni qarışqa qapısına göndərən qış deyil, Günəş oldu.
Ömürlük şəfəqlərini vəd etmiş o xain günəş..
108 baxılıb