Laçınlı qaçqın Bahar Əsgərova: “Niyə qoymursunuz yaşayaq?”

Laçınlı qaçqın Bahar Əsgərova: “Niyə qoymursunuz yaşayaq?”

Və yaxud da
200.000 manatın 90.000 manata bərabər olduğunu iddia edən Verdiyevlər Müzəffər ABK və cənab Prezident İlham Əliyevi tərənnüm etməmək üçün hansı gücü məhkəmələrdə nümayiş etdirirlər?

Azərbaycan Dövlətinin başında olan İQTİDAR həyata keçirilən uğurlu daxili və xarici siyasət, sosialyönümlü layihələrin tətbiqinin nailiyyətləri barədə kifayət qədər vəsait ayırır TƏBLİĞAT üçün!
İnsafən də ölkədə həyat normal axarda gedir, hər şey o qədər də tündləşdirildiyi kimi deyil əleyhdarlarımızın dedikləri qədər, fəqət bir və bir neçə məqam var ki, onlardan yalnız birinə diqqəti cəlb etmək istəyirəm! Yalnız birinə!
Gözünüzün qabağına boşanmış, kimsəsiz bir qadın gətirin! Özü də ömrün 30 ilini qaçqın kimi yaşamış laçınlını – ərinin boşayıb taleyin ümidinə buraxdığı və boşanandan sonra ölən ərinin yaxınlarından qanuni haqqını ala bilməyən bir qadını-laçınlını!
Qadın özünə vəkil tutaraq lazımi orqanlara müraciət edir, məhkəmə ekspertiza təyin etmək tələbi ilə mütəxəssis üçün müvafiq orqana müraciət edir, mütəxəssis-ekspert rəy verir və… məsələ bitməliykən, əksinə və qanunazidd hər şey bundan sonra başlayır!
Sizə iddiaçı Əsgərova Bahar Məcid qızının Laçın rayon Məhkəməsinə müraciətini təqdim edirəm:
“Deməli, “birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndirilməklə dəyərinin ikidə bir hissəsinin ödənilməsi” tələbinə dair mərhum həyat yoldaşım Əsgərov Nazim Eldar oğluna qarşı iddia qaldırmışam. Məhkəmə icraatı zamanı həyat yoldaşım Nazim Əsgərov vəfat etdiyindən məhkəmə mülki işə prosessual varislər – cavabdehlər Əsgərov Eldar Nazim oğlu və Alıyeva Türkan Nazim qızını cəlb etmişdir.
İddia məhkəməyə verilərkən HÜQUQ TORPAQ MƏSƏLƏLƏRİ VƏ EKSPERTİZA MƏRKƏZİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən mənim – Bahar Əsgərovanın keçmiş həyat yoldaşım ilə birgə inşa etdiyimiz Bakı şəhəri, Xətai rayonu Ramiz Quliyev küçəsi keçid 1, mənzil 2 ünvanında iki ayrı-arılıqda yaşayış evinə 170.000 manat dəyər qoyulmuşdur – baxmayaraq ki real bazar qiyməti 200.000 manat civarındadır!
Bundan sonra Laçın rayon Məhkəməsi Azərbaycan Qiymətləndiricilər Palatasına müvafiq rəy alınması üçün ekspertiza təyin etmişdir. Həmin Qiymətləndiricilər Palatası da qiymətləndirici təşkilata mütəxəssis rəyi alınmasını həvalə etmişdir. “ABAK-Az Crowe Ltd” tərəfindən tərtib olunmuş 11.08.2025-ci il tarixli, 46/08-25 №-li mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Ramiz Quliyev küçəsi keçid 1, mənzil 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin tikinti və təmirinə çəkilmiş xərclər 212 551 manat təşkil edir. Mənzilin birinə 85899 manat, digərinə isə 126652 manat çəkilmiş xərclər hesablamışdır.
Məhkəmənin sonuncu iclasında qarşı tərəf çox güman ki, “Məhkəmə Ekspertizası Xidmətləri MMC”-yə maddi maraq əsasında mənzilin tikinti və təmirinə çəkilmiş xərclərin qiymətlərini süni şəkildə azaltmaqla alınmış iki mütəxəssis rəyini təqdim etmişdir. Birində 90 kv.m təşkil edən mənzilə 32.507.4 manat, digərinə – 120 kv.m sahəyə malik olan mənzilə isə 44597 manat dəyər qoyurlar, bundan sonra təkrar qiymətləndirici ekspertizası barədə vəsatət verir. Məhkəmə həmin vəsatəti təmin etməklə, təkrar qiymətləndirmə ekspertizasını Azərbaycan Qiymətləndiricilər Palatasının Ekspertiza Şurasına həvalə edir.
Qiymətləndiricilər Palatası da yenidən qiymətləndirməni “EVALEX” qiymətləndirmə şirkətinə həvalə edir və şifahi məlumatımıza görə, mənzilin ikisinə birlikdə 90.000 manat qiymət qoyulmuşdur. Sonuncu hadisələr göstərir ki, bu düzülüb-qoşulmuş, sifarişlə alınmış rəylərdir. Cavabdeh tərəfin alaraq məhkəməyə təqdim etdiyi rəylərə uyğun Qiymətləndirici Şirkət olan “EVALEX” sünimi deyək, saxtamı deyək, belə bir həqiqətə uyğun olmayan rəy vermişdir. Hətta, mən vəkilim vasitəsiylə 09.12.2025-ci il tarixdə Qiymətləndiricilər Palatasının sədri Nusrət İbrahimova ərizə ilə müraciət etdirmişəm, “EVALEX” şirkətinin maraqlı olması və qeyri-obyektiv rəy verməsi səbəbinə görə intizam komissiyası tələb etmişəm”. Bahar xanımın dediyinə görə, baldızının oğlu Verdiyev Amid Asif oğlu Laçın rayon Məhkəməsində araşdırılan mərhum həyat yoldaşım Əsgərov Nazim ilə birgə nikah dövründə qazandığımız əmlak mübahisəsinə qanunsuz müdaxilələr edir. 19 iyul 2025-ci il tarixdə qiymətləndirmə şirkəti tərəfindən evə gəlib baxış keçirən ekspertlərə də evə baxmağa qardaşı Atəş Verdiyevlə birlikdə maneələr yaratmışdır. Özü də şəxsən mübahisəli evə gəlmişdir. Ona qarşı həmin vaxt təzyiq göstərilməsi və təhqir olunması ilə bağlı Din-nin 102 xidmətinə də zəng etmişdir. Qanuni haqqı olan evdən pay istəməyimin hər bir üsulla qarşısını almağa çalışırlar və dəfələrlə ona xəbər göndərirlər ki, Bahara bir çöp belə verməyəcəyik. O, öz qulluq mövqeyindən və vəzifəsindən istifadə edərək, Xətai rayonu 2 saylı MKİS-də evimizin bir hissəsinə guya qardaşına məxsus olması ilə bağlı saxta cizgi sxemi hazırlatdırmışdır. Bu azmış belə, indi də məhkəməyə aparacağımız şahidlərə, keçmiş qonşularının məhkəməyə gedərək ona şahidlik etməmək üçün onları qorxudur. Hal-hazırda isə hesab edirik ki, mənə Məhkəmə tərəfindən kəsiləcək pul vəsaitinin məbləğini qiymətləndirici şirkətlər vasitəsi ilə saxtalaşdıraraq süni azaltmışlar.
… Hə-ə, əziz oxucu, aidiyyatı rəsmilər, bu müraciət yazını ona görə yazdım və paylaşdım ki, ölkədə kim cavab verə biləcəksə, ondan soruşum: dədəle, bu Amid-Atəş Verdiyev qardaşları kimdir ki, İlham Əliyevin toxunulmazlığına və təhlükəsizliyinə təminat verdiyi vətəndaşının üstünə ley kimi cumur, ekspertiza orqanları onların istəyi ilə FAKTİKİ BAZAR DƏYƏRİ 200.000 manat olan mülkü 90000 manat qiymətləndirir?
Yox, əgər Verdiyevlər bunu boyunlarına almırlarsa, onda əmlakın maya və bazar dəyərinin süni şəkildə azaldılmasına rəy vermiş əmlak mütəxəssisis-ekspertləri – Zamin Hüseynov (ABAK-AZ), ya da Taryel Məmmədov (EVALEX) cinayət məsuliyyətinə cəlb olunsun! Ki… 200.000 manatdan artıq dəyəri olan əmlakı necə 90 min manata dəyərləndiriblər!?
Sadəcə bir “formulirovka” ilə: hüquq-mühafizə orqanlarına qarşı etimadsızlıq yaratdıqlarına, əhali arasında çaxnaşma saldıqlarına və dövlət başçısının imicinə kölgə saldıqlarına görə!
Vəssalam!
p.s. İş üzrə bütün materialları təqdim etməyə hazırdır Bahar Əsgərova!

Aydın CAN

Share: