Ad günün mübarək, Şahbaz qardaşım…

Aşıq Şahbaz Göycə oğlu

… Atalar bir də onu deyib ki ustadını mənə göstər , sənin necə sənətkar olduğunu deyim . Bu doğrudanda belədi . Hər ustad öz adına görə sənətkar yetirər . İstedadı olmayan əslində heç ustad da ola bilməz .Şəyird olmağa da səsi və avazıyla bərabər istedadı olması da vacib şərtlərdəndi .Əsl ustad heç zaman istedadsızı şəyird götürməz . Belə zamanlarda xətir üçün xəstə düşənlər el yanında alnıaçıq və üzüağ ola bilməz . Əslində bu bütün sənət ustalarına aiddir . Hələ yüzillər öncə böyük Nizami necə gözəl söyləmişdi
Kamil bir palançı olsa da insan ,
Yaxşıdı yarımçıq papaqçılıqdan .
Bu cür deyimlər heç zaman öz gücünü itirməz və hər zaman insanların yüz ölçüb , bir biçməsinə kömək olar . Əslində , bu yol aşıqlığın daha güclü inkişafına xeyir vermiş olar hər zaman .El arasında “ Ustadına bərəkkallah “ fikri nə qədər sərrast və öz yerində deyilmiş və hədəfə dəymişdir .
Ta qədimlərdən bu günə qədər insanlarımızın tərbiyəsində hər zaman öz yerini qoruyub saxlayan aşıqlıq ənənəsi də bu cəhətdən çox diqqətçəkəcəkdi .
Atam Eldarın da hər zaman aşıqlarla ünsiyyətdə olması uşaqlıqdan mənim həyatımda öz sözünü hər zamn demişdir . İstər böyüyüb boya başa çatdığım Borçalı ellərində , istərsədə dədə – baba yurdum olan Qazağın İncə dərəsi boyunda saz və aşıqlıq hər zaman diqqət mərkəzində olub .Necə deyərlər bu da bizlərin iliyinə – qanına qədər işləyib .
Çox – çox addı aşıqların bəzən izini , bəzən özünü – sözünü , bəzəndə onların özlərindən sonra xalqa əmanət qoyub getdiyi sənət mirasını geninə – boluna içimizə , ruhumuza , duyğularımıza hopdura – hopdura böyümüşük . Aşıq Avdı Qaymaqlının , Kərəm İncəlinin , Sadıq Avdıoğlunun , Cəlal Qəhrəmonovun , Əmrah Gülməmmədovun , Hüseyn Saraclının , Kamandar Əfəndiyevin , Göycənin möhür vurduğu aşıqlıq bir örnək olmayıbmı sonrakı nəsillərə ? Kiim onlardan nə qədər götürə bilib , bu da onların öz bacarığı .
Adını çəkdiyim çox dəyərli aşıqlardan hər birinin öz yeri , öz sənətkarlığı və qoyub getdiyi özünəməxsusluğu var və bir də kimdən hansı əmanət qalıb ?
Bu cəhətdən İncəli əsilli , Borçalı məskənli aşıq Göycənin ayrı yeri var . Şair Ağacan sevdalısı aşıq Göycə haqqında çox yazılıb , yazılacaq da . Bir ustad kimi yaddaşlardan silinməyəcək . Bu ustadın ən böyük özəlliyindən biri də öz sənətini özündən sonra da öləziməyə qoymaması, başqa yetirmələrindən əlavə öz övladlarına da bu sənətin sirləri çox mükəmməl öyrətməsidir . Buna canlı misal olaraq öz oğlu – bu günkü aşıqlarımızın sayılıb – seçilənlərindən olan Şahbaz Göycəoğludu .
Ustad Göycə öz sənətinin bütün incəliklərini oğlu Şahbaza öyrətmiş və onun bir gözəl sənətkar olması üçün nə qədər gücü var , o qədər çalışmışdı .
Bu gün bütün Borçalıda ünü olmaqdan əlavə Azərbaycanda , Türkiyədə , İranda da adı hörmətlə çəkilən aşıq Şahbaz Göycəoğlu çox yetişmiş bir sənəkar ünvanına sahibdi . Onun gözəl barmaqları , məlahətli səsi və mükəmməl yaddaşı saz sevən hər kəsi qürurlandırır .
. . . Saznan yol gedirəm , deyir aşıq Şahbaz .Sazdan ayrı nə ömrüm – günüm deyir .Saz mənim həm ata yadigarım , həmdə kökdən – soydan gələn milliliyimin bir üzüdü deyir . Saz mənim havam ,suyum,çörəyimdi və yenə bir ömür axtarışdayam . Bu sənət o qədər ulu , o qədər dərin , o qədər şirindi ki . . .Mən Göycə ocağını , özümü sazsız təsəvvür etmirəm . Mən sazla xoşbəxtəm və xoşbəxtliyimi sazda görürəm .
Ustadların qabağında çox acizəm deyir . Öyrəndikcə görürəm hələ çox şey öyrənməliyəm . Hər gün başımı yastığa qoyanda dualarla uyuyuram . Sabahlara dualarla oyanıram .Ruzimuz , duz – çörəyimiz sazdan çıxır bizim .Ona nankorluq etsəm Allah məni bağışlamaz . Atamın vəsiyyəti mənə halal olmaz . Tək bumu ? Kamil ustadların qoruyub saxladığı kimi saxlamaqda mənim borcumdu . Bu bir əmanətdi . Əmanətə xəyanəti Allah bağışlamaz !
Ankarada , Tehranın mərkəzində Borçalı sazını dinlətdirmişəm . Bu bizlər üçün qürur deyilmi ? Sazımızın gələcəyə daha gözəl olmalı , hələ Göycələr gələcək , Təbrizlər gələcək .
Borçalı aşıq məktəbi ayrıca bir dünyadı . Borçalı sazı minillərin ənənəsini şərəflə yaşadır və indidə , gələcəkdə də yaşadacaq . Bu məktəbin öz yolu , öz dəsti – xətti var .
Hələ dördüncü sinifdə oxuyurdum . Onda “ Baş sarıtel “ çalmışam .Bavakər dağlarının hər addımında səsim – sədam qalıb .Onuncu sinifdə oxuduğum zaman “Damcılı “ da “ Sarı bülbülü “ həvəslə oxumuşam .
1968 – ci ilin 5 – sentyabrında Borçalının böyük Qaçağan elində dünyaya gəlib aşıq Şahbaz Göycəğlu . Onun Almaz adlı qardaşı , Solmaz , Atlaz , Gülnaz adlı bacıları dünyaya göz açıb aşıq Göycə ocağında . Hər biri saza bağlı , sazın hikmətinnən qidalı .Anaları Zöhrə anamız bütöv bir külfətin qayğılarını çiyinlərində çəkib . Beş övladın böyüməsi yolunda ömrünü bala ömürlərinə calayıb .Balalarının laylasını həm də aşıq Göycə sazla çalıb !
Anamı aşıq Göycəyə onun sazı bağlayıb öncə . Bəlkə burda daha böyük hikmət var . Onu Allah bilər . Sonra söz çəkib anamı . Göycəmin sözləri çağırıb o İncəli qızını . Və birdə yəqin el məsləhəti, ağsaqqal sözü keçərli olub o zamanlar . Yəqin aşıq Göycənin görən gözü olmağa boyun olub anam . Beləcə qoşalaşdırıb tale onları . Sonrada dünyaya gələn beş övlad . Ömür – ömürə beləcə calanıb aşıq Göycə ocağında …Daha nə deyə bilərəm ? Kövrəlir aşıq Şahbaz .Kim bilir yadına nələr düşür , xatirələr çözələnir . Məndə kövrəlirəm .
Xalq şairimiz böyük ustadımız Zəlimxan Yaqub aşıq Göycə haqda yazır .
– Allah bizim gözümüzü qaşımızın altında yaradıb .Aşıq Göycənin gözünü ürəyinin başında yaradıb . Zəlimxan Yaqub aşıq Göycəyə həsr elədiyi şeirlərinin birində deyir
Sevərdi baharı , sevərdi yazı ,
Bülbül avazıydı onun avazı .
Yadigar qoyduğu o telli sazı
İndi Şahbazın qucağındadı .
Aşıq Göycə sazla qoşa özünün həm görən gözü , həm də xoş avazı olan aşıq Şahbazı əmanət qoyub öz yurdunda – yuvasında . Onun yurdu həm də saz yurdudu . Dədə Qorquddan üzübəri gələ – gələ bütün zamanlarda sazımızın səsinin hər zaman öz kökünə kökləndiyi yerdi .
Bu gün Borçalıda aşıq Göycə ocağında adı dillərdə dastan olan bir aşıq da var . Onun səsi gur , çaldığı havalar bizlərə bir qürurdu . Biz onun bu gününü görür , sabahını bu gününnən oxuyuruq .Çünki , biz ona inanırıq . İnanırıq ki , sazımızın sabahına gedən yolun daha gözəl bir işıqtutanı var . O da aşıq Şahbaz Göycəoğludu .
Sazın , səsin və özün heç vaxt kökdən düşməyəsən və bizləri də kökdən düşməyə qoymayasan , aşıq Şahbaz .Sabahlar üzünə , özünə və sazına xeyirliyə açılsın !

Güllü Eldar Tomarlı
Bakı – Borçalı – Bakı .

Şahbazın

Gecə – gündüz dinləməkdən doymaram ,
Nə gözəldi zili – bəmi Şahbazın .
Bülbüldümü , cəh – cəhinə heyranam ,
Bir özgədi bu aləmi Şahbazın .

Dədəm Qorqud yaratdı bir səltənət ,
Çox zamanlar yola saldı bu sənət .
Atadan övlada oldu əmanət ,
Aşıq Göycə kökü – himi Şahbazın .

Hər sığalı xal üstündə qızıl xal ,
Məclislərdə ağır – taxta , əhli – hal ,
Tərifləri “ Bərəkallah “ , “ Ay halal “,
Möcüzədi halal dəmi Şahbazın .

Bu dünyaya gələn gündən xoş avaz ,
Toy – düyünnən ayrı ömür yaşamaz ,
Sinəsində cövlan edən qara saz ,
Həm sevinci , həm də qəmi Şahbazın .

Meydan alıb , İran –Turan dolaşar ,
Ellər gəzər , dərə keçər , dağ aşar ,
Həm saz ona , həm o saza yaraşar ,
Vurğunu çox Güllü kimi Şahbazın .

Gullu Eldar Tomarli

Share: