67 yaşında evlənən generalla bağlı gerçəklər ortaya çıxdı – Açıqlama+VİDEO

67 yaşında evlənən generalla bağlı gerçəklər ortaya çıxdı – Açıqlama+VİDEO

Hazırda təqaüddə olan polis general-mayoru Nazim Əliyevin özünə dəbdəbəli toy etməsi ictimaiyyətdə ciddi rezonans doğurub. Özündən 35 yaş kiçik xanımla ailə quran generalla bağlı fikirlər də birmənalı deyil. Kimisi yaşını vurğulayaraq onu qınayır, kimisi isə evliliyin şəxsi məsələ olduğunu, istənilən yaşda ailə qurmağın mümkünlüyünü qeyd edib.

Bu yaşda evlənmək mənəvi, əxlaqi baxımdan yolverilməzdir? Belə yanaşma insan azadlığına, seçim haqqına qarışmaqdır? 

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, bu cür reaksiyalar əslində, cəmiyyətin yaşa dair yazılmamış qaydalarını ortaya çıxarır:

“Azərbaycanda yaş artdıqca insanın şəxsi həyatının ictimai nəzarətə keçməsi normal sayılır. Cəmiyyətimizin yaşlılar üçün biçdiyi bir normativ rol var və buna uyğun da gözləntiləri mövcuddur. Yəni cəmiyyət hər yaş dövrü üçün “uyğun davranış paketi” müəyyən edir və ondan kənara çıxanı dərhal əxlaqi mühakiməyə məruz qoyur. Buna yaşlılar da aiddir. Mənəvi və əxlaqi baxımdan bu yaşda evliliyi “yolverilməz” saymaq, faktiki olaraq insanın şəxsi seçim haqqını ləğv etmək deməkdir. İntim münasibətin ən etik, sosial yöndən məqbul və ən əsası leqal forması evlilik olsa da, təəssüf ki, bir çox insan bu barədə rəy vermək, onu tənqid etmək haqqına sahib olduğunu düşünür. Sanki evlilik fərdi qərar yox, ictimai bir tamaşadır. Toy oldusa, hamı mütləq, hansısa formada fikir bildirməlidir. Bu artıq sağlam tənqid yox, icbari ictimai nəzarət formasıdır”.

Sosioloq bildirib ki, fiziki və tibbi baxımdan yaşlılıq mütləq risk demək deyil:

“Bu, fərdi sağlamlıq göstəricilərindən asılıdır. Amma paradoksal məqam budur ki, cəmiyyət tibbi riskləri düşünməkdən çox estetik narahatlıq yaşayır. Əksəriyyət “Bu yaşda toy olar?” deyərək sözügedən şəxsi sorğulayır. Əsas narahatlıq tibbi məqamlar olsaydı, cəmiyyətimizdə qohum evliliyi bu qədər geniş yayılmazdı. Yəni bizdə problem sağlamlıq yox, görüntüdür. Müzakirələr də evliliyin keyfiyyəti yox, yaşın ictimai baxımdan uyğun olub-olmaması üzərində qurulur. Bu da öz növbəsində azad seçim anlayışı ilə açıq şəkildə ziddiyyət təşkil edir”.

Zaira Akifqızı
Globalinfo.az

Share: