Gözəl poeziya nümunəsi romantik düyğuların təcəssümüdür. Ruha sığal çəkir, insanı düşündürür, əhvalına təsir edir. Müəllifini tanıdıb sevənlərini artırır və xalq arasında ŞAİR kimi məşhurlaşdırır.
Şair Saday Şəkərlini də oxucularına sevdirən məhz yaratdığı gözəl poeziya nümunələri olub. Onunla yaxından tanış deyilik, amma şeirlərindən, bir də haqqında yazılanlardan xəbərim var. Deyir ki:
“Ay günümü göy əsgiyə,
bükən dünya, düyən dünya.
Qapımı dərd əlləriynən,
gecə-gündüz döyən dünya.
Kim heyrandı cürətimə,
bu quldurun qarəti nə?
Naxış vurub surətimə,
hey içimdən yeyən dünya.
Vədlər ağız sulandırıb,
pir başına dolandırıb.
Dirisini bulandırıb,
ölüsünü yuyan dünya.
Səbr et dedin, kərəm qıldım,
közdüm, kül olub qaraldım.
Hamı kam aldı, mən qaldım,
yiyən ölsün, yiyən, dünya.”
Dünya haqqında minlərlə şeir yazılıb. Və bu qədər şeirin içində dünyanı fərqli biçimdə, bir alayı şəkildə təqdim etmək özü də bir ustalıqdır. Bəli, Saday Şəkərli sözdən möcüzə yarada bilir. Onun qələmə aldığı şeirlərin hər biri gözəldir. Bunu da o deyib:
“Görün mən nə boyadayam,
nə dərdlər tutur qabım.
Cavabsızdı sualım,
sualsızdı cavabım.
Daşaram, görən olmaz,
coşaram, təbim dəniz.
Hər ləpə bir misramdı,
hər bir mətləbim dəniz.
Bircə şeirdi ruhum,-
canım bircə şeirdi.
Hər damara uyğundur,
qanım bircə şeirdi.
Bütövəm, vətən kimi,
sözüm parça-parçadı.
Dərbənd köhnə kilimdi,
Təbriz qədim xalçadı.
Gün batdı, səf pozuldu,
kəlmə-kəlmə dağıldım.
Qatar-qatar söküldüm,
ilmə-ilmə dağıldım.
Görün mən nə boydayam,
baxanda göz qamaşır.
Bir-bir düşür papaqlar,
fikirlər başdan daşır.
Dərdlərim tünd sirkədi,
çat verir hər gün qabım.
Keflənir hər gün məndə,
bir bəxtəvər əzabım”…
Yaradıcılıq əhvali-ruhiyyə ilə sıx bağlıdır. Hər bir şeir sevgidən, sevincdən və ya dərddən, kədərdən, həsrətdən doğulur. Saday Şəkərlinin sevgi şeirlərinə də söz ola bilməz. Deyir ki:
“Gün batdı…
Ömür keçdi…
Gəlib çıxmadı qatar…
Tor basdı gözlərimi, ya dumanlar qatıydı?
Gün batdı…
Ömür keçdi…
Bir batan bir də batar,
Tezdən günün çıxması tanrı mükafatıydı.
Gün çıxdı…
Ömür keçdi…
Axıb, seyrəldi duman,
Damdı həsrətli gözdən göz yaşı xəzəl kimi,
Gün çıxdı…
Ömür keçdi…
Gəlmir könlümə daman,
Gecikir sevdiyim qız, gecikir əcəl kimi.”
Saday Şəkərlinin yaradıcılığı barədə çox deyilib, çox yazılıb. Yəqin ki, bundan sonra da davam edəcək. Mən isə onu anladığım tərzdə təqdim etməyə çalışdım və söhbətimi şairin öz sözləri ilə bitirmək istəyirəm:
“Getdin…
Bir də gələrmiydin,
bir də deyib-gülərmiydin,
nədir sevda bilərmiydin,
bəs nədir məhəbbət, şair?
Yer oxşayıb, göy tutdumu,
bəs dəryalar boy tutdumu?
Sənə də bir toy tutdumu,
bu boyda səltənət, şair?
Sərsəm dünya, veyil dünya,
kürkünü tərs geyir dünya.
Duracaq yer deyil dünya,
bəli şair, əvət şair.
Yol uzaqdır…
Gözünü yum.
Həyat səhra, səhralar qum.
Nə yerdən bir sədaqət um,
nə göydən mərhəmət, şair!”
Onu da qeyd edim ki, Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Burada səkkizillik məktəbi bitirib. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil alıb. Sonra Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirib.
Bədii yaradıcılığa isə tələbəlik illərində başlayıb. “Məhəbbət ağacı” adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc olunub. Bir neçə kitabın müəllifidir.
2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. 2018-ci ildə həbsdən çıxdıqdan sonra xarici ölkələrdən birində məskunlaşıb…
Bəli, sentyabrın 7-si Saday Şəkərlinin növbəti ad günüdür, bu dəfə 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Elman Eldaroğlu
















