65 illik ömür, dəyişməyən mövqe- ədalət

65 illik ömür, dəyişməyən mövqe- ədalət

Bəzən zaman insanları dəyişir, bəzən isə insanlar zamana müqavimət göstərir. Elə insanlar var ki, illər keçsə də, vəzifələr dəyişsə də, coğrafiyalar ayrı düşsə də, onların mövqeyi dəyişmir.

Onlar harada olmasından asılı olmayaraq, cəmiyyətin ağrısını öz ağrısı, ədalətsizliyi öz dərdi kimi yaşayırlar. Əlövsət Xudu oğlu Əliyev məhz bu qəbildən olan insanlardandır.
Onun həyat yolu sadəcə rəsmi bioqrafiya deyil. Bu yol hüquqa inanan, ədaləti şəxsi maraqlardan üstün tutan, vəzifəni güc vasitəsi yox, məsuliyyət kimi qəbul edən bir insanın yoludur. 25 yanvar 1961-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya göz açan Əlövsət Əliyev üçün hüquq anlayışı ailədən, kənd mühitindən, ədalətə olan ilkin hisslərdən başlayıb. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində aldığı təhsil bu hissləri elmi biliklə, prinsipial mövqe ilə möhkəmləndirib.
1987-ci ildə Bakının Əzizbəyov rayon Daxili İşlər Şöbəsində inspektor kimi xidmətə başlayan gənc hüquqşünas üçün polis forması imtiyaz yox, ağır məsuliyyət idi. O, polis orqanlarında çalışdığı illərdə “vətəndaşdan yuxarıda duran məmur” modelini yox, “vətəndaşın yanında dayanan dövlət” anlayışını müdafiə edib. Masallıda müstəntiq kimi çalışarkən də, Lerik, Lənkəran, Astara rayonlarında polis şöbələrinin rəisi olarkən də onun üçün əsas meyar qanunun aliliyi olub. Cinayətkarlığa, hüququ tapdalayanlara qarşı qətiyyətli və amansız, sadə vətəndaşa qarşı isə anlayışlı və ədalətli mövqe bu, Əlövsət Əliyevin peşəkar imzası idi.
Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat Baş İdarəsində şöbə rəisi kimi fəaliyyəti dövründə də o, kabinet məmuru olmadı. İnsan taleləri, sənədlərin arxasında gizlənən həyat hekayələri onun üçün formal prosedur deyildi. Məhz bu yanaşma onu illər sonra da insanların yaddaşında saxladı. Bu gün belə, onu tanıyanlar Əlövsət bəyi sevgi və hörmətlə xatırlayırsa, bunun səbəbi verdiyi əmrlər yox, verdiyi ədalətli qərarlardır.
2001–2007-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında hüquqşünas kimi fəaliyyəti onun dünyagörüşünü daha da genişləndirdi. Miqrasiya, insan hüquqları, beynəlxalq hüquq sahəsində apardığı araşdırmalar onu peşəkar hüquqşünas kimi fərqləndirdi. O, hüququ yalnız maddələr toplusu kimi yox, insan ləyaqətinin qoruyucusu kimi dərk etdi. Elə bu baxış da sonradan “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin və “Leqat” Hüquq Firmasının yaradılmasına gətirib çıxardı. Bu qurumlar bir ideyanın üzərində qurulmuşdu: hüquq güclünün yox, haqlının tərəfində dayanmalıdır.
Əlövsət Əliyevin ictimai-siyasi fəaliyyəti də bu prinsipin davamıdır. 2001-ci ildən VHP-nin üzvü, 2002–2014-cü illərdə Siyasi Şuranın üzvü, 2021-ci ildən isə partiya sədrinin müşaviri kimi o, siyasəti şəxsi karyera meydanı yox, cəmiyyət qarşısında məsuliyyət platforması kimi qəbul edib. 2005 və 2010-cu illərdə Milli Məclisə namizədliyi də bu mövqenin ifadəsi idi, qanunverici müstəvidə ədalətin səsini ucaltmaq cəhdi.
2014-cü ildən Almaniyada yaşamasına baxmayaraq, Əlövsət bəy ölkədə baş verən proseslərdən kənarda qalmayıb. Onun publisistik çıxışları, prinsipial mövqeyi və açıq tənqidləri göstərir ki, məsafə vicdanla bağları qoparmır. Xüsusilə jurnalistikanın deqradasiyası, etik dəyərlərin aşınması və televiziya efirlərində yol verilən məsuliyyətsiz davranışlar onu ciddi narahat edir. O, bu halları sadəcə əxlaqi problem kimi deyil, həm də hüquqi məsuliyyət yaradan davranışlar kimi qiymətləndirir. Çünki onun düşüncəsində şərəf və ləyaqət toxunulmazdır, insanın kimliyindən asılı olmayaraq alçaldılması isə cəmiyyətin mənəvi sağlamlığına vurulan zərbədir.
Əlövsət Əliyevin fərqi ondadır ki, o, susmağı seçməyib. Haqsızlıq görəndə danışıb, hüquq pozuntusu görəndə mövqe bildirib. Bu gün onun adı çəkiləndə insanlar yalnız bir hüquqşünası yox, ədalətə inanan bir insanı xatırlayırlar. Çünki cəmiyyət üçün ən qiymətli insanlar vəzifə kreslosunda oturanlar yox, prinsipial mövqedən geri çəkilməyənlərdir.
Bu gün həmin prinsipial mövqenin daşıyıcısı olan Əlövsət Xudu oğlu Əliyev ömrünün müdrik çağını yaşayır. Onu 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, dəyişməz mövqe və bitməyən ədalət enerjisi arzulayırıq. Qoy onun həyat yolu gənc hüquqşünaslar üçün vicdan və ləyaqət dərsi olaraq qalsın.
“Yardımlı rayonu”
feysbuk səhifəsi
Share: