1985-ci il. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi. Hüseyn Cavidin yaşadığı evdəki auditoriya. Onda Hüseyn Cavidi indiki kimi qiymətli bilmirdik.
Mir Şahin əsgərlikdən qayıdıb təhsilinə davam edirdi, mən təhsilimi yarımçıq saxlayıb gedəcəkdim həmin tədris ili. Onda Mir Şahin də heç sonralardakı kimi sevimli, indiki kimi məşhur deyildi.
Onda hətta Azərbaycan belə və indiki kimi sevimli deyildi – bizim vətənimiz dörd hərfli SSRİ idi, biz o SSRİ-ni sevdiyimizi, sadiq olduğumuzu sübut etməliydik, hər ləhzədə nümayiş etdirməliydik!
Onda “Naxcıvan klanı” deyildi hakimiyyətdə, onda “Qərbi Azərbaycanlılar” da qaçqın deyildi, amma mənim tələbə yoldaşım şəstlə, əda ilə deyirdi: “Ermanstannının iti də mənim üçün Azərbaycanın generalından üstündür!”

Və… o günlərdən qalan hər şeyin üstündən keçsəm də, zarafata salsam da, mənə çox pis, sarsıdıcı bir ağrı qaldı: mənim tələbə yoldaşım var idi, az qalırdı getsin BDU rektoru Faiq Bağırzadənin qəbuluna girsin, desin yox e, tələb etsin, ittiham açsın ona ki, yaxşı, qəbul komissiyasının məsul katibi və jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov (Allah rəhmət eləsin bu nur üzlü pedaqoqa-insana) qəbul edib, edib, bəs sən niyə təsdiq eləmisən Aydın Canıyevin tələbə olmağını!?
40 il keçib! Bu 40 ildə Azərbaycan jurnalistikasında Azərbaycan Dövləti, Azərbaycan xalqı üçün faydalı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fədakar, cəfakeş, ləyaqətli üç-beş imza olubsa, onun biri də (qoy lap sıra sayında axırıncı olsun) Aydın Canıyev olub qrup yoldaşı Vahid Qazıyevlə birgə! İlk sırada olan… elə Mirşahin Ağayev – Mir Şahin, ardınca da sonrakı illər qəbul olunan Hikmət Sabiroğlu, Rövşənlər (Hacıbəyli və Əliyev), Şahvələd Çobanoğlu və qəbul etdiklərimiz. Qalanları jurnalistikada oxuyub, diplom alıb, vəzifə tutub, ev-eşik sahibi olub, oğul-qız böyüdüb, yerbəyer edib! Jurnalistika onlar üçün vətənə, xalqa, dövlətə xidmət üçün yox, özünə, toxum-tayfasına xidmət üçün olub! Amma və lakin… ötən 40 il müddətində JURNALİSTİKAya həqiqətən VƏTƏNPƏRVƏRLİK, XALQSEVƏRLİK, DÖVLƏTÇİLİK cilası yapan, AZADLIQ RUHU peyvənd edən üç-beş İMZA elə bu dörd-beş nəfərdir – hər yeri, hər şeyi işğal və qəsb olunan Azərbaycanın jurnalistikası da elə bu xalqın və dövlətin, vətənin öz günündədir: baytar, şərabçı, kitabxanaçı, çoğrafiyaçı, zootexnik, artist, okulist, ginekoloq… baş redaktordur!
40 ilin o üzündən bu üzünə elə bir-iki imza qalıb jurnalistikadan və jurnalistikada – qütbləşmiş, ikiyə bölünmüş Şimali Azərbaycanın bir daha və yenidən qütbləşən hissəsində ikiyə bölünmüş – iqtidar-müxalifət – hər tərəfində biri olmaqla: müxalifət cəbhəsində və iqtidar sarayında!
Jurnalistikadan iqtidarda jurnalist yoxdur! Mir Şahin jurnalistikası iqtidar üçün yararlıdır!
Müxalifət cəbhəsində də jurnalistikada kimsə yoxdur: Rövşən Hacıbəylinin müstəqil media tərəfdaşlığı onlayn rejimdə işləyir!
Bütövlükdə qalan media təmsilçiləri həm iqtidar, həm də müxalifət cəbhəsinin siyasi prezervativ və ya da təhdid sifətidir!
Jurnalistika sifətini dəyişib, təyinatının nizamnaməsi pozulub, konstitusiyası dəfələrlə təcavüzə uğrayıb!
Mən bir-birinə əks qütbdə olan iki və daha artıq imzanın üstündə reverans yapmayacam, çünki bu gün Vaxt da, Söz də, İmza da, Kürsü də Mir Şahinindir, O-na məxsusdur – Dövlətin əlində olan Onun üçün yox ha, Özünün olan Dövlət üçün!
Beləliklə:
Xalqın Nuh, Dövlətin Xızr İlyas peyğəmbəri, Sözün Budda, Efirin Konstitusiya Təriqət Mürşidi
haqqında ştrixlər:
… Bu yaxınlarda qohumların birinin vəfatının ildönümü mərasimində iştirak edəsi oldum. Məclisin də yarısı mənim tənqid etdiklərim. Molla da mənim təşrif gətirməyimi görüb, nə təhər “reski perexod” elədisə, az qaldı şaqqanaq çəkim: çünki mərasim zalına girəndə molla fb-də oxuduğu statuslar üstündə gap yapırdı, amma məni görəndən sonra hətta ən dahi redaktorlar olan Qənimət Zahidin, Qabil Abbasoğlunun, Yusif Rzayevin də bacarmayacağı bir peşəkarlıqla mövzunun məcrasının yönünü o qədər zərif şəkildə ayrı səmtə istiqamətləndirdi ki, bunu ancaq Mir Şahin bacara bilərdi: məqsədi sözü mənə yedirtmək idi, replikanı mənə atırdı! İnanın, qohum olsa da mərhum, ən yaxınım deyildi, ən yaxınım olsaydı, şaqqanaq çəkib deyərdim Kefli İsgəndərsayaq: “Mən ölüm, LOTUSAN!”
Bu məqam elə gözəl bir məqamdır ki, ondan ancaq və ancaq Mir Şahindən söz düşəndə yararlanmaq olar: Mir Şahin bütün məclislərdə LOTU imzadır!
Və… mollanın dediyi məhz O-na yaKışır: Elə adam var, sən ona nifrət edirsən, onun həbsini, ölümünü, heç olmasa, rüsvay olmasını arzulayırsan, buna çalışırsan, amma ki, məlum olur o adam, sənin düşmən bildiyin şəxs Allahın sevimlisidir! Allah ona bütün şəraiti yaradır və gözəl olanları yaşadır!
Bəli, Mir Şahini Allah da sevimli yaradıb, ona imkanı və gözəlliyi yaşadır, xalq da sevir, fəqət sevməyən, Ona ölüm, həbs, miskinlik, hətta rüsvayçılıq arzulayan kimdir?
Qaragüruh!
SÖZARASI deyim ki, Azərbaycanın ən bərkgedən filoloqu da, jurnalisti də demirəm bilmir, bilir, amma özünü qoyur axırıncı yola, Mir Şahinin leksikonunda dominantlıq edən “qaragüruh” sözünə aqressiv yanaşır, təhqiramiz qəbul edir!
Halbuki…
Mənim yazdığım bu yazı dilin leksik vahidlərinin izahlı məsələlərinə aid olmadığı üçün, bu problemi ayrı yazıda çözərəm, amma indi mənə həmsöhbət olmaq istəyən ardını oxusun, lütfən!
DEMƏLİ: qaragüruh – bəyənmədiyini, eşitmək istəyib eşitmədiyini söyləyən adama ölüm, həbs, ən azından rüsvayçılıq arzu edənlərdir! Bir suyu da mənim qrup yoldaşımın xislətinə oxşayanlardır: yəni ki, niyə Mir Şahin Söz Sahibi olsun ki, niyə Mir Şahin meydan sahibi olsun ki, niyə Mir Şahin Azərbaycan ucalıqlarını təqdim edən İmza olsun ki – bu mənsəbi ona niyə rəva görüblər ki?
Bilirsinizmi ilk dəfə Mir Şahini yüksəldiyi mənsəbə görə İLK ittihama qalxan və qalxanlar kim olub?
Bunu bilmək lazımdır!
O adamlar ki, bütün bildiyi kişi və namərd yollara baş vuraraq, Ramiz Mehdiyevə, Əli Həsənovacan çıxıb, otaqlarında deyiblər: o qədər pulu (əslində, ona pul-zad ayrılmayıb e!), o qədər meydanı (əslində, Mir Şahin jurnalistikada “Biq Bang” yapıb özünə dünya qurub) ona ayırıbsınız ki, ona ayrılanı bizə ayırın, ondan da yaxşı QULluq edək – baxıblar, baxıblar, görüblər ki, adamlar hələ Mir Şahinin QULLUQda olmağıyla QULluqda olmanın fərqini bilmirlər, amma onun yerində olmasını arzulayırlar!
O adamlar sonralar bunu Vüsalə Mahirqızına, Aynur Camala qarşı yapdılar! Axırda da Rauf Arifoğlu üçün belə ləkələmə kampaniyası apardılar. Əllərinə imkan düşəndə hətta Rəşad Məcidə də göz ağartmaqdan çəkinmədilər!
Şöhrət ehtirası, malhərislik, şəhvani nüfuz davası adamlara həyatı bahasına başa gəlməkdə – kiməsə sayt da verdilər, holdinq də açdılar, amma onlar heç nəyə nail ola bilmədilər – 7-8 il həbsdə ömrünü keçirənlər də oldu, kanserə tutulan da! Ölkədən didərgin düşənlər də həmçinin! Fəqət Mir Şahin yerindədir! Bəli, Y-E-R-İ-N-D-Ə-D-İ-R: ÖZÜNÜN QAZANDIĞI yerində, kimsə o yeri ona nə pul verməklə əldə edib, nə də təyinat yapıb.
Sadəcə, Mir Şahin ÖZ YERİnin üstünlüklərini bu DÖVLƏTİN İMİCİ üçün səxavətlə xərcləyir! Çünki və bəliiii, Mir Şahin artıq XALQI düşünmür!
Çünki Mir Şahin bu xalqın Nuh peyğəmbəridir!
… Bir gün Nuh peyğəmbər Allaha üz tutur ki, ya Rəbbim, qövmümdə işverən, üzəduran, fahişə, peysər, oğraş, baştutan, oğru, quldur gündən-günə artmaqdadır. Xahiş edirəm, tədbir gör, məhv et, rüsvay elə, batır!
Tanrı deyir, işini gör, mən tədbir görərəm!
Əlli il keçir! Nuh yenə də dilə gəlir!
Tanrı deyir, narahat olma!
Yenə əlli il keçir!
Üçüncü dəfə deyəndə, Tanrı deyir ki, bir xurma ağacı ək, bar verəndə tədbir görərəm!
Bəli, Nuh peyğəmbər bir xurma ağacı əkir, bar verəndə üzünü tutur Tanrıya: Ya Rəbbim, rəhm elə, dediyin sözü tut, bunlar yağışdan sonra göbələk kimi artır!
Tanrı “bu xurma ağacı tam olaraq sənin halal malın deyil, başqasından aldın, əkdin, indi öz əkdiyinin barından bir xurma ağacı da ək, bar versin, baxarıq”, – deyir.
Bəli, Nuh yenə xurma ağacı əkir, yenə bar gətirəndə üzünü Tanrıya tutur.
Tanrı təbəssümlə ümidləndirir: “Ya Nuh! Bu ağacın barından bir ağac ək, sənə deyərəm, necə et!”
Üçüncü dəfə də Nuh xurma ağacı əkir, bar verəndə Tanrı Nuha bir çertyoj verir və deyir: “Get, bu gəmini tik, istədiyin adamları səninlə bu gəmidə xilas edəcəyəm, qalanlarını batıracam”
Nuh gəmini hazırlayır, hərəsindən cüt olmaqla heyvanlardan və istədiyi adamlardan yığır gəmiyə, oğlunu götürməyə Tanrı icazə vermir: “O, səndəndir, səninlə deyil”!
Əlqərəz, Nuh gəmidəkilərlə birgə xilas olur, qalanları batır.
İndi Nuh oturur Ağrı dağında – Gəmiqayada, neyləsin? Başlayır saxsı qablar düzəltməyə ki, həm satsın, qazansın, həm də adamlar yemək bişirsin, zümharlarını yığa bilsin.
Bəli, saxsı qabların ilk partiyası hazır olanda Tanrı Cəbrayıl ələyhissalamı göndərir ki, get, ondan bütün qabları ikiqat bahasına al, hamısını sındır gözünün qabağında.
Cəbrayıl ələyhissalam deyiləni edir.
İkinci partiya da hazır olanda Tanrı göndərir ki, get, bu dəfə üçqat bahasına al, sındır gözünün qabağında.
Bəli, yenə də tapşırıq yerinə yetirilir.
Üçüncü dəfə dördqat bahasına almaq istəyəndə Nuh peyğəmbər Cəbrayıl ələyhissalama deyir ki, sənə satmıram. Cəbrayıl dirəşir ki, necə yəni satmıram, düzəldirsən satasan, qazanasan, mən dördqat bahasına alıram, nəyinə lazım?
Nuh deyir ki, sən alıb sındırırsan! Cəbrayıl ələyhissəlam: Saa nə?
– Mən zəhmət çəkmişəm, yaratmışam, istifadə olunsun, bir işə yarasın, sənsə alırsan, hələ bir mənə dağ çəkirsən, gözümün qabağında sındırırsan – mən ona ruhumdan, cismimdən enerji vermişəm e!
Hə-ə, gəldik çatdıq Bəndər Abbasa!
Nuha çatır ki, Tanrı niyə bu qədər uzadırmış!
Nuh bilir ki… qövmünün elədikləri Tanrı dərgahında məqbul deyil, amma bilmir ki, bu qəhbə-g…tverən elə Tanrıya işlərini aşırmaq üçün lazımdır!
Nuh istəyir ki qövmü pak, sevilən olsun, amma Nuhun Tanrısı qəhbə-g…tverənlə iş görürmüş.
Tanrı ona dolayısıyla başa salır ki, mənim yaratdıqlarımın təyinatı var! Sən bilməzsən!
Əlbəttə, Mir Şahin çox şeyi bilir – lap Xızr İlyas kimi!
Amma Mir Şahin istəmir ki, onun tamaşaçıları, oxucuları, xalqı özünü Xızr İlyasa şagirdlik edən Musa kimi aparsın, o istəyir ki, hamı elə onun kimi, Musa peyğəmbər olsun!
Mir Şahində bu qənaəti yaradan odur ki, o, Budda kimi əmindir: mükəmməl söz təriqəti yaradıb! Sözü necə və nə cür, harada və nə üçün demək sənətini praktiki olaraq sərgiləyib. Fəqət fərqində deyil ki, 70 ilə sovet kimi zor tətbiq etməklə iş görən SSRİ Azərbaycanda savadsızlığı ləğv edə bilmədi, elə kəndlər var, Azərbaycan 30 ildir müstəqildir, hələ də nə yol çəkilib, nə işıq xətti var!
Bu məqamda əzizim Mir Şahinin nəzərinə qardaşımın mənə dediyini çatdırım: Xanımgəlin Stalindən və Mircəfər Bağırovdan da qat-qat sərt və inad adamdır. Atam rəhmətə gedəndən sonra cəsarət edib Xanımgəlinə nəyisə etməməyi dedim. Növbəti dəfə gələndə gördüm daha pis edib, əsəbləşəndə, qardaşım qayıtdı ki, Aydın, Məmməd onu 50 il s…di, 50 il də döydü, o, yenə də bildiyini elədi! Özünü yorma, qoy istədiyi kimi eləsin!
Əzizim Mir Şahin nəzərə almır ki, bu xalqı nə Nuhun gəmisinə mindirməklə düzələr, nə cahan savaşında qırdırmaqla, nə repressiya ilə, nə aclıqla, nə işğala məruz qoymaqla.
Çünki bu xalqın atalar məsəlidir: gündəyməzində yad cisim tutursan, yoğun bağırsağımdır, – deyir!
Şeytandan qırx gün qabaq dünyaya gələnlərə düzlük öyrətmək, tələb etmək Sizifin də ağlına gəlməyib!
Həm də və çünki bu xalqın şairi:
Sənin o şir kimi öydüyün adam
Mənim nəzərimdə tazı da deyil!, – demək cəsarətindədir!
Məhəmməd peyğəmbər “həyasıza salam ver, keç” deyib!
Efir Konstitusiyasının Müəllifi olaraq, Mir Şahin hər zaman seçkin olacaq, amma və lakin… tamaşaçısı olmayacaq! Bu xalqın tamaşaçısı məməş ölüsüdür, “popo” aşiqidir!
Və… Təvəllüd ilinin sayına çatan yaşında Mir Şahin haqqında bunlardan əlavə də düşündüklərim var:
Adam var, haqqında ömründə bircə dəfə bir neçə min işarəlik yazı yazmaq olur.
Adam da var hər il yazmasan, olmur
Mir Şahin hər il ömrünə bir kitab artırır!
63 cildlik avtobioqrafik publisistik roman müəllifi olaraq!
(19)63-cü ildə Azərbaycanda aclıq illəri idi Mir Şahin doğulanda!
Mir Şahin 63 yaşa çatanda da aclıqdır – onda çörək qıt idi, indi kişilik!
Onda kişilər diri çıxdı aclıqdan! Mir Şahin kişi aclığı olan ölkəyə çörək yeri olmaqla xilas vermək istəyir!
Fəqət, özü demişkən, qaragüruh və “telebudka” sənayesi…
Mən ad günü yazısında gündəm düşüklüklərinə düşmək istəməzdim, amma baxıram ki, Mir Şahin bəzən çox mərhəmətli olur bu hürhahürdə.
O, sadəcə, deyə bilər:
İlqar Məmmədova ölü deyəni söyən xalq Mir Şahinə həqarət edəndə alqışlayır! Niyə?
Nə ilə və nəyiylə artıqdır Əli Kərimli Əli Əliyevdən?
Nə ilə və nəyiylə artıqdır İsa Qəmbər İlqar Məmmədovdan?
Nə ilə və nəyiylə artıqdır Etibar Məmmədov ondan 25 il əvvəl ölən Əbülfəz Elçibəydən və nə qədər ondan diridir?
Mir Şahin bunları demir və demək istəmir, istəsə, daha sərt formada deyər, amma və lakin… öz efirinə yaraşdırmır!
Çünki Mir Şahin bilir ki:
Onun üzünə və özünə atılan çamurları bu vətənin taleyi öz aqibətiylə siləcək! Mir Şahin bircə dəfə durub efirdən desə ki:
Mir Şahinin təbliğatını apardığı uğurların sayı, həcmi, miqyası ilə müxalifətin tənqid arqumenti düz mütənasibdirmi?
Uşaq pulu, pensiya yaşı, sərhədlər və rüşvət-korrupsiya, oliqarxiya, monopoliya öz yerində, bəs Davos, bəs Şuşa zirvəsi, bəs Zəngəzur dəhlizi, bəs rus əsgərinin gündəyməzini silib hər yerə tulladığı salfetkaların, özünün, iyinin və poxunun yoxluğu?
Bəs…
Mir Şahin ittiham üçün səslənən suallardan yüz dəfə artıq uğur sualları verə bilər və deyə bilər ki:
AXCP-Müsavat varmı? Mən yox olanı bağlayın deyirəm, varsa, deyin də nə işlə məşğuldur? Nəyi dəyişir bu ölkədə, bu dünyada, bu siyasi həyatda?
Mir Şahin deyə bilər, demir, çünki çox təhlükəlidir, amma mən deyirəm: Nəcməddin Ərbakan vardı, Rəcəb Ərdoğan da onun dəstəsində idi! Gəldi başbakan oldu, kayb etdi! Nə oldu? Partiya lazım və mümkün olan bütün dəyişiklikləri yapdı, dəyişdi… adınacan və gəldi hakimiyyətə!
Sən neyləyirsən? Nə AXCP-dən, nə də Müsavat adından keçmirsən! Niyə? Tarix yaşadırsan? Adama sual verərlər ki, ay adam, 70 il sovet höküməti qoymadı adını çəkməyə, Müsavat batdı, itdi, öldü? Yox!
Alver etməyə vəsilədir bu çabalar! Çevik ol! Dinamik ol! Dəyişil, dəyiş, hakimiyyəti əbədi olaraq demokratik məcraya yönlət Vaşinqton, Ruzvelt, Qover, Eyzenhauer kimi, Çörçill ol, Şarl dö Qoll ol, Konrad Adenauer ol!
Koramal kimi yapışıb qalmısan Mircəfər Bağırov olmaqda, Stalin yolu getmək istəyirsən, amma Brejnevsən ki, Brejnev, “zastoy” oğlu, “zastoy”!
Mir Şahin, sadəcə, deyir: AXCP-Müsavat bağlansın – hökümətin dediyini deyir. Bunlar da söyür.
Mir Şahin də demir, amma mən deyirəm: ayə, a kişilər, nə özünüzü Musa Musayev-Təranə Qumral kimi aparırsınız? Bir-birinizə OLMAZIN təhqirləri deyib, sonra da qucaqlaşırsınız!
30 ildir uşaq pulu davası edir, amma 30 ildir də arvadın üstündən durub işə də getmir: 30 ildə ölkə əhalisinin sayı 8 milyondan 10 milyona gəlib çatıb!
Bu 30 ildə müxalifətdə olanlar bir araya gəlib razılaşsaydılar ki, hərəmiz bir oğul-qız əkək, onlar Taliban kimi birləşsinlər, bu iqtidarı devirsinlər. Birləşmədilər, ağılları yoxdur belə ağıllı addım yatmağa. HƏM DƏ GÖZƏL BİLİRLƏR: elə məhz bu iqtidarın varlığı hesabına həm Azərbaycan yaşayır, həm də Azərbaycan müxalifəti!
Mir Şahin bunları demir. Mir Şahin Azərbaycanın Allahının mərhəmətini çatdırır.
Fələyin çərxi çönə, Ramiz Mehdiyev 1988-1993-cü illərdə Heydər Əliyevin getdiyi yolu gedə, gör nə qədər Elçibəy, Etibar Məmmədov, İsa Qəmbər, Əli Kərimli, Nemət Pənahlı meydana çıxar!
Qurban olduğum İlham Əliyev çağıra Ramiz Mehdiyevi, deyə ki, get ReAL tv.yə, çıx danış, kim kimdir! Kasetləri də qoy “Xəyanət” serialı kimi!
İlham Əliyev Allahdır Azərbaycanda və mərhəmət göstərir. Sadəcə, Cəbrayıl ələyhissalamı göndərir Nuh peyğəmbərin saxsı qablarını almağa, Ramiz Mehdiyev də yaxşı alverçidir, ayılır, daha satmır!
Amma satsa saxsı qablarını… Azərbaycanda bir dənə də Heydər Əliyev yolu gedən qalmaz!
Mir Şahin bu ağılda kontingenti olana qaragüruh deyir və düz deyir!
Halbuki Mir Şahin özünün bildiyi həqiqətləri desə… heç Ramiz Mehdiyevə də, Nemət Pənahlıya da ehtiyac qalmaz!
Bir ölkəni bir nəfərin belə susdura biləcəyi ölkədir Azərbaycan!
Və… Mir Şahin hələ də ümid edir ki, Azərbaycanda jurnalistlik eləməyə dəyər, “Söz Allahdır, Xəbər onun rəsulu” kimi aforizm də quraşdırır!
Müxalifət pensiya yaşının davasını etməkdənsə pensiya yaşında gəzməyə pul yığmalıydı, pensiya yaşının davasını edə-edə gəlib çatıb pensiya yaşını da keçib!
Uşaq pulu davası etməkdənsə, gücün, enerjin üstündə və canı sağ olanda qazanmağı düşünüb öyrənməliydi, şiddət yapan ərin əlində qalan arvadlar kimi, utanmaz-utanmaz “bax, bax, buramı göyərdib, oramı sındırıb” deyə-deyə ahuzar edir!
Azərbaycanda yaşamaq, özü də lüks həyat yaşamaq mümkün olduğu halda, yaşamaq olmur demək Dostoyevski xəstəliyidir!
Azərbaycanda Mir Şahin olmaq yüzlərlə, minlərlə vətəndaşa… çörək və iş yeri olmaqdır!
Bir anlıq təsəvvür edin: Mir Şahin yoxdur, vaxtını dayandırıb, siz nə edərsiniz?
Kimi günahkar sayarsınız, kimi söyərsiniz?
Söyün da bə…s!
Mir Şahin sizə dövlət məsuliyyətinə çiyin verməyin deyir, çünki o çiyin sizlərdə yoxdur, arada onurğanız qırılır, dalınız əldən gedir!
Mir Şahin sizə anladır ki, Azərbaycanda tanrı və tarix zamanı dayanıb, indi Mir Şahinin Vaxtıdır!
Mir Şahinin vaxtına keçin, demirəm, amma bilin ki Azərbaycanda vaxt və iqlim qurşağı millidir – nə qərb, nə şərq, nə cənub-şərq, nə də şimal üst-ə aid deyil, hamısından üst-dədir!
Biz indi nə Moskva, nə London, nə də Vaşinqton vaxtı ilə hesablaşmırıq, yaşamırıq və onlarla uzlaşmırıq.
“Qarabağ” “Çelsi”yə iki qol vurdu – qol vuranın ikisi də qarabağlı deyildi!
Amma Azərbaycan (dövləti) Ermənistana qol vurdu 44 gün dalbadal – hamısı azərbaycanlı idi qəhrəmanların.
Moskva, Paris, London, Vaşinqton vaxtı ilə 30 il uduzduq!
Amma Mir Şahinin Vaxtı başlayandan… Mir Şahin zəfər günündən sonra adını bayram etdirmək qədərincə yüksəkdə durdu!
Mir Şahin tanrı yanında və tarixdə öz vaxtı ilə qalacaq.
(19)63-dən 63-əcən olan müddətdə, (19)63-dən 63-ə çatan adamın ehtiyatında 37 var. 37-dən 37-yə çatmaq tələb edir ki… “37”-ini yaşamayasan. Biz Mir Şahinin vaxtına köklənməsək, “37” zülmünü yaşayarıq!
Əslində də bunu sifariş veririk!
Mir Şahin menyümüzə desertlər təklif etdikcə, biz nə bu həyatı yola verir, nə də bu həyatla yola gedirik, – Qulu Ağsəs demiş!
Bizi başqaları başqa süfrəyə dəvət etmir – üz tutub getdiyimiz süfrələrin hamısında tulapayıdır… rusun, ingilisin, ərəbin və b.
Bəli, bir də deyirəm, Mir Şahin hakimiyyətin sözünü, həqiqətlərini, uğurlarını deyir, öz bildiyi həqiqətləri, öz sözünü desə, dünyanın cəmi nüvə ehtiyatları topdan Azərbaycanın başına ələnmiş olar!
Təbrik edirəm 63-dən 63-ə çatan yaşını, Dövlətin Xızr İlyası, Xalqın Nuh peyğəmbəri, Sözün Buddası, Efir Əşirətinin Mürşidi!
p.s. son günlər tez-tez haqsız hücumlar olduğu üçün ad günü təbrikini ertələdim!
















