Tarix bəzən rəqəmlərlə danışır. Elə rəqəmlər var ki, xalqın taleyinə yazılır, eləsi də var ki, bir məmurun məsuliyyətsizliyini ifşa edir.
Qırx dörd gün və qırx yeddi gün… Bir-birinə yaxın görünən bu rəqəmlər əslində iki tam fərqli mənanı ifadə edir.
44 gün. Bu, Azərbaycan xalqının Zəfər tarixidir. 44 gün ərzində bir ordu torpaq azad etdi, bir Ali Baş Komandan tarix yazdı, bir xalq qalib oldu. 44 gün iradə, fədakarlıq, nizam-intizam və xalqa xidmət nümunəsi oldu.
47 gün. Bu isə 43 yaşlı Elxan İbrahimovun icra başçısı kürsüsündə otura bildiyi müddətdir. Cəmi 47 gün. Nə bir zəfər, nə bir nümunə, nə də cəmiyyətdə etimad yaradan fəaliyyət. Əksinə, suallar, narazılıqlar və sonda vəzifə ilə vidalaşma.
Müqayisə acıdır, amma yerindədir. Bir ölkə 44 günə müharibə qazanırsa, deməli 47 gün bir rayon idarə etmək üçün kifayət qədər uzun müddətdir. Əgər bu müddətdə də vəzifə ağır gəlirsə, problem zamanın qısalığında yox, məsuliyyətin dərk olunmamasındadır.
Dövlət etibar edir, vəzifəyə təyin edir. Prezident tərəfindən qəbul olunmaq, tövsiyələrini dinləmək hər kəs üçün böyük şərəfdir. Amma təəssüf ki, bəzi məmurlar kürsüyə oturan kimi bu etibarı unudur. Vəzifə xidmət yeri olmaqdan çıxır, “ağalıq” kürsüsünə çevrilir. Halbuki bu postlara hökmranlıq etmək üçün yox, xalqa xidmət etmək üçün təyin olunurlar.
Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bildirib, “Biz xalqın xidmətçisiyik.” Bu, dövlət idarəçiliyinin əsas fəlsəfəsidir. Amma görünən odur ki, bəzi icra başçıları bu fikri ya eşitmir, ya da eşitmək istəmir.
Elxan İbrahimovun 47 günə tab gətirə bilmədiyi kürsü əslində onun yaşı ilə də maraqlı bir təzad yaradır. 43 yaş – bu yaş adətən yetkinlik, təcrübə və məsuliyyət yaşı sayılır. Amma görünür, yaş həmişə idarəçilik mədəniyyəti demək deyil. Bəzən kürsü insanı böyütmür, əksinə, içindəkini tez üzə çıxarır.
Əslində bu, tək bir şəxsin problemi deyil. Digər rayonlarda da oxşar mənzərə var. Vətəndaşın aylarla qəbul gözlədiyi, şikayətlərin cavabsız qaldığı, məmurun isə özünü xalqdan üstün apardığı hallar hələ də qalır. Dövlətin təmsilçisi olmaqla dövlətin sahibi olmaq arasındakı fərqi dərk etməyənlər az deyil.
Elə bu yaxınlarda Xətai rayonunda baş verən hadisə də bunu bir daha göstərdi. Rayon icra hakimiyyəti başçısının xalq artisti Röya Ayxanı yüksək səviyyədə, xüsusi təmtəraqla qarşılaması cəmiyyətdə haqlı narazılıq doğurdu. Bu səhnələr çoxlarına tanış gəldi. Çünki bir müddət əvvəl Nəsimi rayonunda baş verən oxşar davranışlar da eyni reaksiyaya səbəb olmuş və nəticəsiz qalmamışdı.
Burada söhbət sənət adamına hörmətsizlikdən getmir. Məsələ ondadır ki, icra başçısının əsas işi estrada ulduzlarını qarşılayıb yola salmaq deyil. Onun əsas vəzifəsi həmin rayonda yaşayan minlərlə insanın problemlərini dinləmək və həll etməkdir. Yol, su, işıq, sosial rifah şoudan daha vacibdir.
Cəmiyyət haqlı olaraq soruşur, niyə adi vətəndaş qapılarda qalır, amma tanınmış simalar üçün bütün imkanlar səfərbər olunur? Bu yanaşma xalqla məmur arasındakı məsafəni daha da artırmırmı?
44 günə savaş qazanan bir xalq üçün 47 günə vəzifədən uzaqlaşdırılan icra başçısı sadəcə statistik göstərici deyil. Bu, açıq mesajdır. Dövlət etibarını doğrultmayan, xalqdan uzaq düşən, kürsünü xidmət yox, imtiyaz kimi görən məmurun bu sistemdə yeri yoxdur.
Bu gün cəmiyyət ayıqdır. Sosial şəbəkələr susmur, ictimai rəy formalaşır. Kürsü artıq toxunulmaz deyil. O kürsüdə ya xalqa xidmət edəcəksən, ya da 47 gün kimi qısa bir tarixdə xatırlanacaqsan.
44 gün tarix yazdı. 47 gün isə dərs olmalıdır.
Dövlət bunu artıq açıq şəkildə göstərir.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
















