Teymur Qüdrət oğlu Allahverdiyev -Azərbaycanın qəhrəman oğullarından biri, 1992-ci ildə Şuşa uğrunda gedən ağır döyüşlərdə itkin düşmüş və 33 ildən sonra nəşi tapılaraq doğma kəndində Vətən torpağına qovuşmuş şəhidlərimizdəndir..
Onun uzun illər boyu davam edən itkinlik taleyi hər kəsin qəlbində bir nisgili, bir yarımçıq qalan hekayəni yaşadırdı. Lakin illər sonra Teymurun nəşinin tapılması ailəsinə, doğmalarına və bütün xalqımıza həm təsəlli, həm də böyük bir qürur yaşatdı. Doğulduğu doğma kəndi öz övladını nəhayət ki, qoynuna aldı. Şəhidimizin məzarı Neftçala rayonun Qaçaqkənd kəndində, ruhu isə ərazi bütövlüyü təmin edilmiş Azərbaycanımızın səmasındadır.
Teymur Allahverdiyev gənclik illərini Qarabağ uğrunda mübarizəyə həsr etmiş, könüllü olaraq cəbhəyə yola düşmüş, Şuşanın müdafiəsində mərdliklə vuruşmuş, son nəfəsinə qədər döyüş yoldaşları ilə birlikdə torpaqlarımızı qorumuşdur. Onun igidliyi, fədakarlığı, canını Vətən yolunda əsirgəməməsi Azərbaycan əsgərinin sarsılmaz ruhunu bir daha təsdiqləyir.
Bu gün şəhidimizin doğulduğu kənddə, Neftçala rayonun Qaçaqkənd kəndində keçirilən 40 mərasimi özlüyündə Teymurun xatirəsinin uca tutulduğu, onun ruhuna ehtiramın ifadə olunduğunun göstəricisidir.
Mərasim şəhid Teymurun məzarının ziyarətilə başladı. Ziyarətdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, şəhid ailələrinin üzvləri, şəhidin bdoğmaları, kəndliləri, rayon ictimaiyyəti, respublikanın tanınmı. qələm adamları də iştirak etdilər.
Şəhidimizin ailəsi 33 il həsrətdən sonra nəhayət ki, ona məzar başında dualar oxuya, qəbrini ziyarət edə bildi. Bu, həm də bütün Azərbaycan xalqının bir oğlunun yolunu gözləyərək göstərdiyi səbrin və inamın təntənəsidir.
Teymur Allahverdiyevin şəhadəti bizə bir daha göstərir ki, bu torpaq hər qarışı uğrunda can verənlərin qanı ilə yoğrulub. Onun kimi qəhrəmanlar sayəsində bu gün Şuşa azaddır, Qarabağ azaddır, Vətən bütövdür.
Ruhu şad, məkanı cənnət olsun.
O, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Müstəqil.Az
















