31 Mart xalqın qəlbində daşıdığı ağrıdır

31 Mart xalqın qəlbində daşıdığı ağrıdır

“1918-ci ilin mart-aprel aylarında xalqımızın yaddaşına qanla yazılmış bir faciə baş verdi. Bu, sadəcə tarix deyil – bu, bir millətin qırılan taleyi, yarımçıq qalan arzuları, susdurulan səsləri idi”.

Mustaqil.az xəbər verir ki, bunları “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, Bakıdan Şamaxıya, Qubadan Lənkərana qədər minlərlə günahsız insan yalnız azərbaycanlı olduqları üçün amansızcasına qətlə yetirildi:

“Uşaqların gülüşü yarıda kəsildi, anaların laylası naləyə çevrildi, evlər ocaqsız, torpaq sahibsiz qaldı. Çoxlarının bilmədiyi bir həqiqət isə odur ki, bu qırğınlar təkcə insanlara qarşı deyil, həm də mədəniyyətimizə, tariximizə qarşı törədilmişdi. Məscidlər yandırıldı, qəbiristanlıqlar dağıdıldı, insanların izləri belə silinməyə çalışıldı. Quba şəhərində aşkar olunan kütləvi məzarlıq bu vəhşiliyin susmayan sübutudur – torpaq altından çıxan hər sümük bir haray, hər iz bir həqiqətdir”.

İctimai birlik sədri qeyd edib ki, bu, sadəcə bir tarix deyil, bu ad bir millətin yaddaşı, qəlbində daşıdığı ağrı və heç vaxt sönməyəcək həqiqətidir:

“Bu gün biz sadəcə anmırıq. Bu gün biz xatırlayırıq, unutmadığımızı göstəririk, tariximizin üzərindən səssiz keçmədiyimizi sübut edirik. Çünki unutsaq, təkrar olunar”.

Share: