ŞİMALİ-QƏRB ZONASINA İLK SƏFƏRİM…Vüsal Oğuzun “Sovqatı”, Akif Məmmədli ilə görüş… – GÜLƏR ELDARQIZI yazır

Çoxdandır yazı masasının arxasına keçmirdim. Bu gün isə içimdə yazmağa maraq yarandı. Daha doğrusu buna bir kitab səbəb oldu. Belə ki, yaxın günlərdə  şair dostlarla Qax rayonuna üç günlük gəzintiyə getmişdik. Yarı yolda daha bir şair də bizə qoşuldu. Gəlməzdən öncə hərə bir sifariş etdi. Biri  bal istədi, biri kənd yumurtası, o biri də çaxır . Məndən soruşanda ki, “sən nə istəyirsən? Yaxşı oğlandı, nə desən gətirəcək”, açığı bir az tərəddüd etdim. Çünki sosial şəbəkədə dostum olsa da. Həyatda qarşılaşmamışdıq. “Nəsrdə də yazır?” soruşanda “əlbəttə” dedilər. Elə isə mənə bir kitab gətirsin dedim. Gülüşdülər. Kənd nemətləri hara, kitab hara… Doğrudan da istəyim bir az gülməli alındı. Sağ olsun, bütün “sifarişləri” yerinə yetirdi. Kitabı mənə təqdim edəndə  bir cümlə fikrinizi yazarsınız – dedi. Niyə bir cümlə, anlamadım. Yəqin vaxtı nəzərdə tutub. Məni yormaq istəməyib.

Şəhərə qayıdan kimi ilk işim kitabı oxumaq oldu. Onu da etiraf edim ki, bir kitabı oxuyub bitirməmiş ikincisini əlimə götürmürəm. Yaradıcılığını çox sevdiyim bir xalq şairi Sabir Rüstəmxanlı yaxınlarda mənə iki kitab hədiyyə etmişdi. Biri bədii, o biri ədəbi düşüncələrlə bağlı 656 səhifəlik qalın cildli kitab. Bədii kitabı demək olar ki, bir nəfəsə oxudum. İkinci kitabın 402-ci səhifəsindəyəm… Mütaliəni əksər hallarda avtobusda edirəm. Evdən çıxanda kitabı çantama qoyuram ki, fürsət düşən kimi oxuyum. Qalın kitabları isə çantada gəzdirmək olmur. O üzdən axşam yatmazdan əvvəl mütaliəyə bir saat vaxt ayırıram. Yeni kitab da həcmcə kiçik olduğu üçün qalın kitabdan irəli düşdü. Müəllifin yəyqin ki, məni bağışlayar.

Axırıncı dəfə may ayında yazı yazmışdım. İki il öncə dünyasını dəyişmiş Ustadım Akif Şahverdiyevinhəyat və yaradıcılığından bəhs edən tədqiqat işi idi. Bitirdim və içimdə bir rahatlıq var. O kitabı yazmağa başlayanda demək olar ki, ətraf mühütdən təcrid oldum. Zəngin arxiv materiallar, publisist yazılar, haqqında xatirələr toplamaq üçün görüşlər… Bütün qüvvəmi səfərbər etmişdim. Axşam yatağa uzananda yumşaq yorğan-döşəyə qarşı içimdə qısqanclıq yaranırdı. Yazmağa mövzu olduğu halda, yuxuya dalmaq istəmirdim. Saat isə öz işini görürdü. Gecə bir-iki arası yatmalı idim ki, tezdən- altıda qalxım, yeddidə evdən çıxım, səkkiz-doqquz arası işdə olum. İşdə bütün fikrim evdəki iş masasının arxasında- yarımçıq işlərdə qalırdı. Beynimdə neçənci fəsildə nələri yazacağımı cızırdım. Şənbə-bazar günləri isə masamın üstündə dəftər-qələmin toy-bayramı olurdu.

Bu kitabı yazıb bitirənə qədər nə gəzintiyə çıxdım, nə doyunca yuxu aldım, nə də düzgün qidalandım. Dost, qohum-qonşu da üzümə həsrət qalmışdı. “Necəsən?” soruşandan “Yaxşıyam, sağol. Bağışla,yazılarım var”, deyib uzaq qaçırdım. Daha “sən nesəsən?” deməyə qorxurdum ki, söhbət uzanar.

Mənə yazı yazmağın yollarını Ustadım öyrətmişdi. Qəribədir, anamı, atamı, nənə-dayımı, bir sözlə bütün yaxınlarımı- hətta uşaqların atasını itirəndə həyatımla barışmışdım. Ustadın yoxluğu ilə barışa bilmirəm. Çox çalışıram ki, özümü toxtadım, sakitləşim, alınmır. Bəlkə də bu şəhərdən çıxıb gedərdim, ürəyim dolu olanda sakitlik tapmaq üçün ziyarətinə getdiyim o rahat məkan olmasaydı. Deyirlər insan neçə yaşda olursa olsun, fərq etməz, anası yaşayırsa demək hələ böyüməyib. Ustadımı itirən gün böyüdüm mən…

Qəribədir, bir kitab haqqında bir cümlə yazmaq istəyirdim. Uzaqlara getdim deyəsən… Vüsal Oğuzun “Sonuncu sovqat” adlanan kitabında 9 hekayə var. Mövzular rəngarəngdir. Hekayələrin əksəriyyəti hüznlüdür. Kədərlənməmək, hətta göz yaşı tökməmək mümkün deyil oxuyub dərinliyinə varanda. “İyirmi birinci gün”də universitet tələbəsi olan gənc bir şairin kirayə qaldığı evdə çəkdiyi əziyyətlərlə tanış olan oxucu həyatın kimin üçünsə bu qədər iyrənc və qüssəli olduğunun şahidinə çevrilir. Boyat çörək satan dükanlara utanaraq yaxınlaşması, səhər mədəsinin qurultusuna yuxudan oyananda axşam bir zavod çörəyini yeyib bitirdiyinə görə özünü danlaması, yağışlı havada su keçirən köhnə ayaqqabılarının ayaqlarına verdiyi əziyyət, universitetin illik pulunu ödəyə bilmədiyi üçün sonuncu kursun imtahanlarına buraxılmaması, sevdiyi qızın gözlərinə dik baxmağa cəsarət etməyən, kirayə qaldığı mənzilin pulunun iki ay gecikməsi və ən pisi yol pulu tapa bilmədiyi üçün rayonda tənha yaşayan anasına baş çəkə bilməməsi onu yeganə çıxış yolu olan Xəzərə sarı səsləyir. Son tapşırığı ləyaqətlə yerinə yetirir- haqqın dərgahına qovuşur.

Başqa bir hekayədə- “Tanışlıq”da səmimi birinin imkanı babat olan dostunun təkidi ilə sosial şəbəkədə yad adla profil açması, Aliyə adlı bir qızla tanış olub virtual olaraq “min hoqqadan” çıxması, görüş təyin olunan gün həsrətlə qovuşaçağını gözlədiyi xanımım çalışdığı redaksiyada uzun illər üzbəüz masada oturub, əxlaqına hörmət etdiyi xanımla rastlaşması və ən acınacaqlı hal isə hər ikisinin eyni anda ərizə yazıb işdən getməsindən söhbət gedir.

“Çağırılmamış şaxta baba” hekayəsi adından maraqlı görünsə də, oxuyub bitirdikdən sonra yeni il gecəsi xatirində kədərli notlarla yadda qalır. “Ata və anasını avtomobil qəzasında itirdikdən bir il keçməmiş, nənəsinin də ölümü onun yolunu uşaq evinə gətirib çıxardı”. Tələbə olnda min bir çətinliklərlə qarşılaşsa da həyat eşqi tükənməz idi. Aktyor olmaq istəyirdi. Tələbə yoldaşlarından səsi, xarici görkəmi, danışıq üslubu ilə fərqlənməyi ilə hələ birinci kursda oxuyarkən bəzi seriallara epizodik rollara dəvət almışdı. Amma bütün arzuları alt-üst oldu. “Hər şey ordudan təxris olunmağına 18 gün qalmış baş verdi”. Aprel döyüşlərində sol gözünü itirir. Və həyata yenidən başlamaq lazım gəldikdə ilk öncə uşaq evində olarkən bağban İdrisdən öyrəndiyi pinəçilik sənəti dadına çatır. Sonra dostlarının təşkilatçılığı ilə bayram günlərində uşaq evlərində, qocalar və kimsəsizlər evində təşkil edilən bayram tədbirlərində ” Şaxta baba” kimi çıxış edir. Sonra isə yeni il axşamı evlərə sifarişlə Şaxta Baba kimi gedir. Ən maraqlı hadisə yeni il axşamı işini bitirdikdən sonra evə qayıtmaq istəyərkən kasıb bir evin pəncərəsindən diqqətini çəkən şam işığının şöləsi və uşağın ağlayaraq atasını istəməsi səsini eşitmək olur. Pəncərədən kasıb ailəni pusduqdan sonra həmin günün qazancına çoxlu hədiyyə alaraq çağırılmamış Şaxta Baba qismində qapını döyüb uşağı sevindirir. Məlum olur ki, ata aprel döyüşlərində şəhid olub. Anası bunu uşaqdan gizlədir. Ən acınacaqlı hal isə işığın borca görə kəsilməsidir. Hekayənin sonunda gənc heç vaxt Şaxta Baba olmağın sevincini bu qədər yaşamadığını etiraf edir.

Sin descripción disponible.

Hekayələrin hər biri haqqında fikir yazmaq olar. Ən əsas kitabın adı ilə bağlı hekayədir. Yeni oxuyacağım bədii kitabı vərəqləyəndə ilk diqqətimi çəkən kitabın adını daşıyan əsər olur. “Sonuncu sovqat” hekayəsində 4 qızdan sonra dünyaya gələn oğlunun yaxşı yaşaması üçün əlindən gələni əsirgəməyən atanın qüssəli həyatından bəhs olunur. Oğlu ali məktəbi yaxşı qiymətlərlə oxuyub başa vursun deyə 42 il müəllim işləyib təqaüdə çıxan ata kənddə naxırçılıq edir, pensiya kartını şəhərə- oğluna göndərir. Indi oğlu hərbi xidmətdədir. Evə dönməyinə 3 ay vaxt qalıb. Ata sonuncu dəfə andiçmə mərasimində yanına getdiyi üçün çox darıxır, səhər hərbi hissəyə gedəcək deyəbazarlıq üçün rayon mərkəzinə yollanır. Yoldaşı isə evdə bış-düş edib, yol üçün sovqat hazırlayır. Oğlunun sevdiyi şirniyyatı- şəkərbura bişirir.

Kəndə qayıdanda yolda “İri qara təkərləri təptəzə, kuzovu par-par parıldayan” böyük bir hərbi maşınla rastlaşır. Qəssabxananın yanında dayanan maşının arxasında “generala oxşayan səliqəli geyimli əsgərlər” fürsətdən istıfadə edib yandırdıqları siqareti növbə ilə çəkirlər. Oğlu yadına düşür və kövrəlir.

Kəndə gedən maşınlardan birinə oturub evə gələndə həmin hərbi maşının öz qapısında dayandığını görür. Həyətdəki mənzərə isə onu vahiməyə salır. Gözlərini yumub hər şeyin yalan olduğuna inanmaq istədiyi an qarşısında diz çökən komandirin sözləri ümüdini qırır. “Başiniz sağ olsun, ata. Oğlunuz dünənki döyüşdə üç düşmən məhv etdi. Təəssüf ki, onu qoruya bilmədik. Yaralı dostunu xilas edəndə vurdular. Oğlun vətən uğrunda şəhid oldu”.

Üç gündən sonra gecə hönkürtüsünə ayılıb həyətə düşmək istədikdə xanımının əlində kiçik bir torba ilə küçə qapısından çıxdığını görür. Onu qorxutmamaq üçün yavaşca pusur. Qadın məzarlığa gələrək oğlunu ziyarət edir və torpağı qazıyıb torbanı basdırır. Bu, şirniyyatla dolu torba ananın oğluna sonuncu sovqatı idi.

Beləcə, bu kitab xatirəmdə kədərli bir iz buraxdı. Şair dostum kitab haqqında bir cümlə yazmağımı istəmişdi. “Sonuncu sovqat” məni kədərləndirsə də, yeni uğurlarına yol açsın, şair!”

 

TARİXİNİ YAŞADAN ADAM

 

Səhər yuxudan oyanan kimi eyvana çıxdım. Gözəl bir mənzərə ilə üz-üzə dayanməşdım. Dağlar sakit halda üzümə baxıb, arabir xoş ətirli mehlə saçlarıma toxunurdu. Fındıq, alma, əncir, üzüm ağacları ilə dolu geniş həyət gözlərimi, şehli çəmən, qonşu həyətin damından gələn saman qoxusu ruhumu oxşadı. Həyətə düşüb hər səhər olduğu kimi idman hərəkətlərindən sonra arının yaxınlaşdığını hiss edib ağzının şirəsini axıdan bal əncirin dadına baxdım. Sonra fındıq ağaclarına tərəf uşaqsayağı bir hücum… Uzun müddət şəhərdə yaşayan adam üçün kənd həyatı əlcatmaz olur. Və onu da qeyd edim ki, qəlbində ədəbiyyat yanğısı olan adamların əksəriyyəti dağ-kənd adamı olur. Mən rayonda doğulub böyüsəm də aldığım nəfəs vətənim Ərdəbil dağlarının havası ilə paraleldir, ürəyim Güneyli soyköklərimin nəbzi ilə döyünür. Məhz bu üzdən yay tətilində həmişə kəndə getməyə can atırdım. Kənd həyatı mənim üçün nağıllarda oxuyub təsəvvür etdiyim təbiətin canlı əfsanəsi idi. Geniş tərəvəz sahələri və ətrafı bağlarla evləri birləşdirən kiçik su kanalından keçən körpü. Kəndin iki hissəsində- sağ və sol qolunda yerləşən sahələri yuxarıdan aşağı xəyal edərkən yaşıl adaya bənzədirdim. O yaşıl adanın tən ortasında oturub bədii kitab oxuduğum günlər də uşaqlıqdan bir xatirə idi. Şəhərdəki kitabxanadan fərqli olaraq kənd kitabxanasının işçiləri mütaliəni sevən adamları yaxşı, xoş rəftarla qarşılayırdılar. Teodor Drayzer, Rəşad Nuri Güntəkin, Viktor Hüqo, Cek Londonun əsərlərini oxumaqdan doymurdum. Bir yay tətilində Söhrab Tahirin “Qonşu qızın məktubları”nın üçüncü cildini oxuya bilmədiyim üçün şəhərə gözü yaşlı qayıtdmışdım.

O vaxtdan çox uzun illər keçib. İndi o tərəvəz sahələri bütünlüklə evlərlə əvəz olunub. Kənd soyuq görünür. Yaşıllıq azalıb elə bil… Kəndin istənilən səmtindən baxanda gözə çarpan beş mərtəbəli, divarı pəmbə rəngli məktəb elə yerindəcə durub. Dərsini yaxşı oxumayan kənd uşaqlarından biri o vaxt zarafatla deyirdi ki, hardan baxırsan bax, bu xaraba görünür. Onun xaraba adlandırdığı bu müqəddəs məkan mənim and yerim, xatirələr ocağım idi. Payız tətilində kəndə gəldiyimdə bir-iki gün də əlavə olaraq qalıb kənd məktəbindəki abu-hava ilə tanış olmaq istəmişdim. Koridorda məktəbin direktoru yad uşaq görən kimi danladı və dərhal şəhərə qayıtmağı məsləhət gördü. O vaxt özümü qərib sanıb kövrəlmişdim, məktəbimizə gələn kimi sevincimdən az qala uçurdum. Doğmalığın şirinliyini hiss etmişdim. Və qəti qərara gəlmişdim ki, kəndi gəzib, məcara ilə dolu hadisələri şəhərə qayıdanda qələmə alacağam.

 

Səhər yeməyini yedikdən sonra Alban kilsəsinə qalxmaq və Şəkidə Bəxtiyar Bahabzədənin ev muzeyinə getməyi planlaşdırdıq. Vüsal bəyin təklifi isə başqa oldu. Dedi: “Qaxdan şəhərə qayıdan yol Şəkidən keçir. İndi Zaqatala və Balakənə getməyi məsləhət görürərm”- deyib bizi Balakənin ucqar kəndində yaşayan tarixçi-alim Akif Məmmədli ilə görüşə apardı.

Akif müəllim bizi mehriban qarşıladı. Xanımı dərhal çay tədarükü gördü.

34 ildir ki, döğulduğu kəndin orta məktəbində tarix müəllimi kimi çalışıb. Arxeoloji qazıntılar apararaq antik əşyalar əldə edib, hansı ki, indi həyətində, ev muzeyində idi. Üç saatlıq görüş ərzində dinlədiyim söhbətdən bir kitab yazmaq olardı. Söhbət zamanı qəribə bir mövzuya toxundu. Topladığı tarixi əşyaların üzə çıxarılması, dünya mədəniyyəti səviyyəsinə qalxması üçün “yuxarılara” müraciət edərək deyib: “Mənim evim sizin evinizin içinə diri-diri yerləşər. Xahiş edirəm, milli dəyərlərimizə sahiblənmək üçün kömək edin”. Səsinin tonu tez-tez dəyişirdi. Arada söhbətə fasilə verirdi ki, iç səsini eşitməyək. Dolmuş gözləri vətənə, el-obaya bağlığı ilə qəlbimi titrədirdi. Yanımda oturan dostumun qulağına pıçıldadım ki, “sağlığında qiymət verin insanlara”. Dirsəyini qoluma vurub “sakit ol” demək istədi.

Alban məbədi haqqında yazdığı yazıya görə alimi öz dili ilə desək topa-atəşə tutublar. Yazi-pozuya, “saxsı-küp qırığına” olan marağına görə dost-tanış, qohumlar dəli olduğunu zənn edib. İcra başçısının müavini və məqaləsi çap olunan qəzetin redaktoru yazdıqlarının həqiqət olduğunu sübut etmək üçün sözdən əmələ keçməsini tövsiyyə ediblər. Tarixçi də bir himə bənd imiş kimi işə başlayıb. İlk işi öz həyətində qazıntı zamanı 1 ton tutumunda olan təsərrüfat küpünün tapılması olub. Ürək ağrısı ilə onu da qeyd etdi ki,”Hamı- ağıllı da, dəli də, hətta müəllimlər də o küpləri gürcülərin çaxır küpü adlandırırdı”.

Sonra tapdığı antik əşyaların sayı çoxalıb. 2500 yaşı olan xəncər, çamış dərisindən tikilmiş ayaqqabı, üzərində tipik alban ustalarının əl işi olan mis-qablar, qədim pullar, musiqi alətləri, xalçalar, libaslar…Gözüm divardan asılan “Gəncə yaylığı”na sataşanda anam yadıma düşdü. Xəyalım bir anlıq uşaqlıq illərinə ekskurs etdi. Hətta nənəmin güllü donu da burada idi. İlahi, elə bil nağıllar aləminə düşmüşdüm. Özümü çox qınadım ki, niyə bu yaylıq və donlardan heç olmasa birini yadigar kimi evdə saxlamamışam. Bu adət-ənənələrə sadiqlik də bezdirdi bizi. “Ölünün paltarını ehtiyacı olana verməlisən. Evdə saxlamaq olmaz” və daha nələr, nələr…

Arxeoloji işlərlə yanaşı doğulduğu rayonun uzaq və yaxın tarixi, tarixi abidələri, bölgə folklorunun çoxlu sayda nümunələri haqqında kitab yazaraq toplu şəklində dərc etdirib. 10- dan çox kitabın müəllifidir.7-ci kitabda “ilişməyinin” qısa tarixçəsindən danışdı. Tanınmış bir akademiklə əlaqə saxlayaraq kitaba ön söz yazmasını, ya da redaktorluk etməsini xahiş edib. “Mən kimsəsiz bir adamam. Atam, anam, qardaşım, hər kəsim var. Amma mən bütün bunlara baxmayaraq yetim birisiyəm. Çünki anlayanım yoxdur. Kitablarımın çap olunması qadağan olunub. Adımı pantürkist qoyublar” – deyib.

Yazı ilə tanış olan akademik iki toxunulmuş ciddi məsələni nəzərə çatdıraraq hissələrin kitabdan çıxarılmasının vacib olduğunu bildirib. Hətta gözlərini bərəldərək deyib ki, “Sən dünyaya müharibəmi elan edirsən? Birincisi- Oğuzda, KərimlidəŞumerlərlə bağlı yazını xatırlayım. Dünya şumerşünaslarına meydan açdığın üçün səni diri-diri udarlar. Şumer sözündən Azərbaycanda söhbət aça bilməzsən. Şumerlər İraqdadır. Bu mövzunu kitabdan çıxart. O biri isə piktoqramlarla bağlı yazıdır”. Tarixçi mübahisəyə aydınlıq gətirərək bildirdi ki, “Piktoqramlar guya ki, ancaq Kiçik Qafqazda var. Mən arxeoloji qazıntılar zamanı piktoqramlar tapdım və bunu sübut etdim. Şumerlərə gəlincə mən bunu bu gün də iddia edirəm, dünyada üç dənə şumer hökmdarına məxsus olan qızıl öküzbaşlı əsa varsa, onun biri də Kərimlidə tapılıb. Bu, dünyada dördüncü nümunədir. Qiyməti milyardlarla belə ölçülə bilməz. Mən o kitabda yazmışdım ki, Mesopotamiyada bəşəriyyətin sübh çağı adlanan şumer mədəniyyəti ilə Azərbaycan mədəniyyəti tarixi ya paraleldi, ya da bu onun öncəsidir. O 3600 il əvvələ – artıq şumerlərin yetərincə təsiri, filanı olduqları zamana aiddir. İnanın ki, mən öləndən sonra dediklərim sübuta yetəcək. Dedim, yazın ki, gəncdi, yanlışlıqları var. Bir sözlə, nə istəyirsiz yazın, amma kitabdakı bu əsas hissələrə toxunmayın”.

Kitab təqdimatı keçirmək istəyəndə bəzi qüvvələr tərəfindən müqavimətlə rastlaşıb. Gərgin halda İcra başçısının yanına gedərək kitabı oxumağı xaiş edib və təqdimat keçirməyi üçün icazə istəyib. Bir neçə gündən sonra yeni görüş olub. Gözlənilməz söhbətdən özün də çaşıb. Kitab çapını 200 tirajla sifariş etdiyi halda icra başçısının təklifi başqa çür olub: “Balakəndə 16 min ev olduğuna görə hər ev sayına bir kitab çap olunsun. Çünki bu kitab bu millətin tarixidir”.

Beləliklə, həyətində oturduğu evin artırılması və təmiri, eləcə də sürdüyü maşını məhz o kitabdan əldə edilən gəlirlə başa gəldiyini minnətdarlıq hissi ilə vurğuladı. Xoş təəssüratlarla ayrıldlq.

 

Axşam İlisuda- gözəl bir məkanda şam etdik. İki aşıq yaxınlaşıb səs və musiqi ilə məharətlərini göstərdilər. “Yanıq Kərəm, “Baş sarıtel”, sonra “Koroğlu”dan bir parça dinlədik.

Bu maraqlı gəzintiyə görə yerlim- Təbriz gözəli – şair Aysel xanım Səfərliyə təşəkkürlər…

mersin escort