DƏRDİ DUYAN, ÇƏKƏN VƏ YAZAN ŞAİR-HƏKİM… – Vaqif Osmanovdan Oqtay Şəfioğlu haqqında

DƏRDİ DUYAN, ÇƏKƏN VƏ YAZAN ŞAİR-HƏKİM
Qazi-şair qardaşımız, duyğulu Vətən, torpaq, el təəssübkeşi Rəfail Tağızadə sosial şəbəkədəki yazılarımdan birinə “dərddən, ağrıdan yazanlardan yazmaq. dərdi çəkmiş qədərdi” rəyini yazanda həmin an bir çox sirdaşlarımla yanaşı Oqtay Şəfioğlu da gözlərimin önünə gəldi. Bu yazını yazmağıma da həmin rəy səbəb oldu.
Tanrının lütfündən, hədiyyəsindən çox razıyam ki, dərdimi anlayan, sevincimə, uğuruma şərik, sirlərimə sirdaş olan insanlarla məni görüşdürüb. Belə insanlardan biri də Oqtay Şəfioğludur. Oqtay abimiz həssas qəlbli, içi Vətən sevgisi ilə limhəlim dolu, əlləri şəfalı, ürəyi mərhəmətli manual terapevtdir, duyğuları insanı düşündürən söz adamıdır.
Şair-həkimin “Yağmur mələyi” kitabındakı “Vətən-şəhid anası” mənsur şeiri ilə tanış olan kimi şeiri “Qarabağ elegiyası” adlandırmışam. Sözün həqiqi mənasında bu mənsur şeir həm əsir torpağımız, həm də gözü yaşlı analarımız haqqında elegiyadır, Qarabağ savaşının ədəbi təsviridir. Oqtay abi harada yaşamasından və işləməsindən asılı olmayaraq orada Vətənimizin bir parçasıdır. Uzun illər İstanbulda çalışanda da o, nəhəng Turan şəhərində Avropalı-Asiyalı bir Azərbaycan olub, şanlı Oğuz-Türk ellərinə xas olan namus, qeyrət daşıyıcısı kimi xalqın başını uca edib.
O, indi Bakıda çalışır, sayılıb-seçilən təbibdir, təkcə əlləri ilə deyil, ürəyi ilə də şəfa verir. Tanrı başqa bir lütfünü də ondan əsirgəməyib. Tanrı seçilmişlərinə iki şərəfli peşə ərmağan edir- həkimlik və şairlik. Hər ikisi də insanlığa xidmət edən bəşəri sənət növüdür.
Oqtay Şəfioğlu həm də milli dəyərlərə sadiq, vicdanı həmişə ayıq humanist Türk oğludur. Onun qəlbində milliliklə bəşərilik, realizmlə romantizm birgə yaşayır, ədalətlidir, yaxşıya yaxşı, pisə pis demək cəsarəti var.
“Vətən-şəhid anası” mənsur şeiri maraqlı süjet xətli, kompozisiya quruluşlu, ağrılı kulminasiyalı bir sənədli filmin ssenarisi təsiri bağışlayır (kaş kino rejissorlarının diqqət dairəsinə düşsün). Bu əsər bu yeni “Qarabağnamə”lərdəndir.
Onlar bir məhəllənin üç oğludurlar – Vüsal, Qarabağ və Həsrət. Vüsal zəngin bir ailənin qayğısız bir “gül bala”sıdır. Çağdaş dillə desək, iş adamının, korrupsionerin, monopolistin, yaxud məmurun oğludur. Qarabağ isə kasıb, gündəlik ruzi uğrunda gecə-gündüz əlləşən bir ailənin, Vətən ananın övladıdır. Həsrət isə hər şeyin həsrətini çəkən, ehtiyacla qol-boyun yaşayan, ayaqları təzə ayaqqabı, əyni doğru-düzgün geyim görməyən, amma gözütox böyüyən yeniyetmədir (yəqin ki müəllifin prototipidir). Qarabağla Həsrət kasıb balalarıdır, yaxın dostdurlar. Vüsal isə onlardan aralı gəzir, Vüsalın onların yanında nə işi var?
Mənsur şeir Anadolu türkcəsində yazılıb. Onu ana dilimizə uyğunlaşdırmağa çalışdım. (Müəllifdən icazə almadan. İnanıram ki, Oqtay abi məni bağışlayar). Şair yazır:
Qarabağ palçıqdan suvanmış kasıb evlərində
yemək qaynamayan ocaqlarının səssiz atəşində
səbir dəmləyərək hər kəsə sevgi paylaşırdı…
Anası Vətənin verdiyi nəsihətlərsə bizə
dünyanın ən zəngin xəzinəsinə bərabər şeylərdi…
Çiynimizdən doğruluğu, qardaşlığı, mərdliyi
asıb alnı açıq, üzü ağ gedirdik həyat yollarında…
Nəhayət əsgərlik zamanı yetişəndə Vüsal əsgərliyə “yararsız” olur. Daha doğrusu, Vətənə “yararsız” olur. (Doğrudan da Vətən kasıblarındır). Qarabağ isə “torpağa, yurda sevgisini, borcunu ödəmək üçün əsgərliyin yolunu tutdu”.
Cəbhədən qürurverici xəbərlər gəlir, Vətənin igid ərəni Qarabağ düşmənlərin önündə sipər kimi dayanıb xain dümənlərə qan uddurur, yurdun, torpağın, Vətən anaların, namusunu, qeyrətini, şərəfini, ismətini sayıqlıqla qoruyur.
Bir gün televiziyada cəbhə xəbərlərini izləyən Həsrət eşitdiyindən ayaq üstə dura bilməyib yerə çökür. Özündən 1-2 yaş böyük dostu, sirdaşı Qarabağın şəhid olduğunu eşidəndə dünya gözündə qaralır. Qarabağın əsgərə getdiyi gün Həsrətə dedikləri qulaqlarında gurultu qoparır:
“Əgər bu torpaq üçün şəhid olarsam, yaşlı anam Vətən sənə əmanət”.
Qarabağ şəhid olmuşdu, Vətən ana ağlar günə qalmışdı, Həsrət dost itirmişdi…
Sonda Oqtay Şəfioğlunun “Vətən sağ olsun!” deməkdən başqa çarəsi qalmır. O, bu dörd sözlə Vətən anaya yox, bütün elə, yurda təsəlli verir, ərənləri intidama səsləyir, qisas qiyamətə qalmasın deyir, ürəyində həzin Qarabağ elegiyası pıçıldayır, “Torpaq uğrunda ölən varsa, Vətəndir” (M.C.Kuntay) söyləyir.
Elə bil ki, Qarabağ itkili, Vətən ana üzüntülü qısametrajlı bir filmə baxdım. Siz necə?..
Dərd onu çəkənlərindir, Oqtay Şəfioğlu. Vətən, Ana “seçməyib seçdiyimiz” (Gəray Fəzli) müqəddəs varlıqlardır. Bu torpağın qoynunda Vətən anaların doğduqları Qarabağların, Həsrətlərin çiyinlərində yaşayıb, yaşayır və yaşayacaq Azərbaycan. Hər kəs öz bacarığı – kimi şəfqətli ürəyi və əlləri, kimi qələmi, kimi də idman arenalarında qalib gəlib Vətən bayrağını ucaltmağı, hətta düşmənlərimizi himnimizə qulaq asmağa məcbur etməsi ilə Vətəni yaşadır. Siz hər üçünü bacaranlardansınız.
Bəli, Vətən Anadır, Oqtay Şəfioğlu.
Torpaq belə oğulları ilə Vətənə çevrilir…
VAQİF OSMANOV.
Sentyabr 2020.
Müstəqil.Az
mersin escort