Nəğmə ömrü yaşamayan nəğməkar şair Əlipənah Nəzərli

Ocaq müqəddəs sayılır. Cəlilabadın yolüstü kəndlərindən biri Qarazəncir adlanır, Qarazancirin isə ən böyük məhəlləsi Ocaqlıdır. İndi Ocaqlı ayrıca kənddir, burada iki tam orta məktəb və bir uşaq bağçası var. Keçmiş Andeyevkanın bu hissəsində çoxlu alimlər və şairlər dünyaya gəlmiş, bölgəni Respublikada və onun hüdudlarından kənarda tanıtmışlar.

Ocaqlı həm də el şairləri ilə tanınır. Fərzulla Ocaqlı, Almas Yanarqəlb, Dədəkişi Solğun, Xəlil Kədərli, Bilal Xəlil, Əlipənah Nəzərli və başqalarının xalq şeiri üslubunda olan yaradıcılıq nümunələri yaşadıqları bölgədə dillər əzbəridir.

Əlipənah Nəzərli 1960-cı il mayın 16-da anadan olub, folklor bilicisidir, el məclislərində aparıcılığı və təşkilatçılığı ilə seçilir. Əlipənah özü də nəzmlər qoşub-düzür. Onun qoşduqları məhəbbət mövzusundadır:

 

Bir mənə rəhm eylə, zülmündən əl çək,

Dərdliyə dərman ol, məzluma kömək.

Aşiq də qarşında çarəsiz qul tək

Dursun boynu bükük, lal, qurban olum.

 

Səninlə fəxr edər sevdiyin hər kəs,

Sənin sayəndədir aldığı nəfəs.

Cənnətdir qurduğun hər zindan, qəfəs,

Təki sən onunla qal, qurban olum.

 

Nazlı təbəssümün bir ömrə bəsdir,

Oğrun baxışımı qəlbində gəzdir.

Dünyada hər şeydən mənə əzizdir

Səsindən süzülən bal, qurban olum.

 

Hamını özünə qurban bilən sən,

İncidib ağladan, zövqə gələn sən

Öldür, paltarına qanım çilənsin,

Desinlər geyinib al, qurban olum.

 

Əlipənah Nəzərlinin nəğmələrindən biri “O qız sabah bizə gəlir” adlanır:

 

Könlüm bulaq tək çağlayır,

Gözüm onu soraqlayır.

Dözmüşəm, bağrım çatlayır,

Müşkül işim üzə gəlir,

O qız sabah bizə gəlir.

 

Gedim çıxım yollarına,

Qoşulum dağ sellərinə.

İpək kimi tellərinə

Çiçək düzə-düzə gəlir,

O qız sabah bizə gəlir.

 

Qəlbim coşur ümman kimi,

Bilən yoxdur hisslərimi.

Gəlişiylə kədərimi

Sıxıb əzə-əzə gəlir,

O qız sabah bizə gəlir.

 

“Səni vermərəm” şeiri də ahəngdar misralar üzərində qurulmuşdur. Şeiri oxuduqca, qeyri-ixtiyari oxucunun dodaqlarına ritmik bir ahəng qonur:

 

Ayaqlarım altına sərsələr xəzinələr,

Ya ömür artırsınlar min illər, qərinələr,

Ya dolansın başıma hurilər, pərvanələr,

Mənimçün heçdir, gülüm, mən bu canı verərəm,

Amma səni vermərəm.

 

Əlipənah Nəzərlinin qəzəlləri də xalq danışıq dilinə yaxın bir üslubdadır. “Edə bilsəm” qəzəlindən ikicə misranın siqləti olduqca heyranedicidir:

 

Allaha şükür edərəm mən səni canan edə bilsəm,

Vüsalına qovuşub yar-mehriban edə bilsəm.

 

Bir mələk tək gecə-gündüz sənə ibadət edib

Eşqinin sirlərini öyrənib iman edə bilsəm.

 

Eşqin sirlərini öyrənib imana gəlmək və ibadət etmək ideyası sufilərdən gəlir. Dərvişanə elementlər “Olmuşam” rədifli qəzəldə də özünü göstərir. Eşqin ucbatından tərki-cahan olmaq sufilərin həyat tərzidir:

 

Hicranın yaxdı məni, gör necə giryan olmuşam,

Bircə xoş baxış görəndə nə firavan olmuşam.

 

Səndən ayrı düşən gündən həyat bir heç olub mənə,

Dosta yad, doğmaya yad, aləmə düşman olmuşam.

 

Sənli günlər gecə-gündüz xatirimdən getməyir,

Mən bu eşqin ucbatından tərki-cahan olmuşam.

 

Əlipənah Nəzərli (Ocaqlı) 2020-ci ilin may ayında avtomobil qəzasına düşmüş, qolundan və ayağından ağır xəsarətlər almışdır. Buna baxmayaraq, qələmi əlindən yerə qoymur.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

mersin escort