“190 manat yardım alan şəxs testə görə 120 manatı necə ödəsin?”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koronavirusa qarşı mübarizədəki fəaliyyətini tənqid edib.

Müstəqil.AZ bildirir ki, bu barədə o, özünün “Facebook” hesabında yazıb.

Həkim bildirib ki, bu mübarizədə ölkədə tətbiq olunan karantinlərin heç bir effekti olmayacaq: “Bu bumeranq effekti verəcək. Neçə ki gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir”.

Radioloq Aydın Əliyev qeyd edib ki, COVID-19 problemini həll etmək üçün polad iradə lazımdır, o isə onlarda yoxdur: “İmkan verin, biz bunu həll edək və milləti bu bəladan qurtaraq! Siz bu problemi həll edə bilməyəcəksiniz! Xalqı, milləti məhv etməyin!”.

A.Əliyev vurğulayıb ki, dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb. Amma aidiyyəti qurumlar bu pulu hara və nəyə xərcləyir, bəlli deyil: “Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var! O bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki… Sağ olsun, pulu ayırıb və artıq qalan işlər bizə düşür. COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır. Niyə? Hanı bizim kimyagərlər? Hanı bizim əczaçılar? Nədi, bu dərmanı istehsal etmək bu qədərmi çətindir?”.

Həkim, eyni zamanda müəyyən qaydalar hazırladığını və onların dəqiq 100% effekt verəcəyini iddia edib.

O bildirib ki, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir: “100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 120 manatını müayinəyə necə versin?”.

Onun fikrincə, bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır.

A.Əliyev həmçinin bildirib ki, bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir: “Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edən insanlar ciddi yoxlanılır, halbuki avtomobildə tək hərəkət edən insanlar təhlükəsizdir. Avtobuslara isə “sən keç” deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Halbuki əksinə olmalıdır”.

Həkimin fikrincə, bütün digər karantin rejimləri ləğv edilməlidir, özü də mütləq şəkildə: “İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, Günəş altında olması mütləq şəkildə təmin edilməlidir”.

A.Əliyev narahatlıqla vurğulayıb ki, əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq, hamımız qırıla bilərik: “Çünki immunitetimiz sıfıra düşəcək”.

Radioloqun iddiasına görə, yuxarıda göstərilən təminatlar olandan sonra qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılsalar, bu problemin öhdəsindən tezliklə gəlmək olar.

Müstəqil.AZ

mersin escort