Sən məni sevməsən də heç, Mən səni sevirəm, Vətən…

Kəmaləddin QƏDİMin yeni şeirləri

BU DA YENİ VƏTƏN ŞEİRİM…

Nə sən elə əvvəlkisən,
Nə mən o kefinəm, Vətən…
Nəyinə üzüləm daha,
Nəyinə sevinəm,Vətən?..

Bir yarasan, bitişməyən,
Bir sevdasan, ötüşməyən.
Sən, ey əlim yetişməyən
sərvətim, dəfinəm Vətən…

Beşindən üçün yad olub,
Bilmirəm neçün yad olub?..
Girirəm, için yad dolu,
Çıxıram, çevirən, Vətən…

Məğlubuyam bir savaşın,
Daş üstə qalmayıb daşım.
Başınam, əyilən başın,
Yıxılan evinəm, Vətən…

Neynirəm hökmü, fərmanı,
Olum gözlərin qurbanı.
Gör nə vaxtdı elə canı
Şuşada devinəm, Vətən…

Səni səndə gəzəndə heç,
Bitmədi nırx, məzəndə heç…
Sən məni sevməsən də heç,
Mən səni sevirəm, Vətən…

ÇIXAR BU QADINI, ÇIXAR İÇİMDƏN…

Könlümdə taxtını qurub bir gözəl,
Boylanar içimdən, baxar içimdən…
Dayanıb, qəsdimə durub bir gözəl,
İçimi yandırıb, yaxar içimdən…

Dünyanın ən fani, puç adamıyam,
Günah adamıyam, suç adamıyam.
Mən elə olandan iç adamıyam,
Yıxan elə məni yıxar içimdən…

Mənim itən canım, itirən canım,
Özünü tükədib, bitirən canım.
Aşkarda nə qanlar yatıran canım,
Gizlincə nə qanlar axar içimdən…

Yazdım da, görmədim xeyrini, Tanrım,
Özümün ən gözəl şeirini, Tanrım.
Gəlib dar eyləyib yerini, Tanrım,
Çıxar bu qadını, çıxar içimdən…

BELƏDİ, ÖLÜM DƏ, BELƏ…

Düşürsən günnən-dirrikdən,
Bir az da pul-paran olmur;
Gedən səndən çıxıb gedir,
Gəlib sənə varan olmur.

Təklik boyda kərdin olur,
Nə əkdin, becərdin, olur.
Dürlü-dürlü dərdin olur,
Bir əlacın, çaran olmur.

Ayrısı gəlmir üzünnən,
Düzdə qalırsan düzünnən.
Elə salırlar gözünnən
Dünyayla heç aran olmur.

Baxırsan, görürsən elə
Ömrünü vermisən yelə…
Belədi, ölüm də, belə;
Arayan, axtaran olmur…

 

YAXANDAN AS ÜRƏYİMİ…

Hardasan, bircə yol səsini çıxar,
Üzməsin hər qəfil səs ürəyimi.
Qayıt da bu yasın yasını çıxar,
Tükətdi, bitirdi yas ürəyimi…

Aldığı nəfəsdin, havası çatmır,
Dərdlidi, sən adlı davası çatmır.
Nə vaxtdı gör ipə-sapa da yatmır,
Gəl oxşa, bağrına bas ürəyimi…

Heç bəla yox imiş gözəllik kimi,
Gızəlsən dünyaya təbərrik kimi.
Qorusun qoy səni üzərrik kimi,
Çıxarıb yaxandan as ürəyimi…

mersin escort