Almaz kimi təbii, Almaz xanım…

Onunla harada, nə vaxt tanış olduğumu xatırlamasam da, elə bilirəm ki, gözümü açandan onu tanıyıram. Tərcümeyi-halından xəbərsiz olsam da xasiyyətinə yaxşı bələdəm. İnadkar, mübariz, əzmlı xanımdır. Nəyisə əldə etmək istədisə, mütləq ona sahib çıxacaq. Xəyal qurmağı, romantik hisslərə qapılmağı xoşlayır. Sanki onun öz dünyası var. Orada hər nə varsa idealdır…

Demirəm ki, dünyanın ən gözəl qadınıdır, fəqət cazibə qüvvəsi güclüdür. Diqqət çəkməyi bacarır. Dili acı olsa da ürəyi çox təmizdir. Heç vaxt heç kimə pislik arzulamaz. Hamıya sayğı ilə yanaşar və ətrafdakılardan diqqət görəndə uşaq kimi sevinər. Səmimiyyətinə şübhəniz olmasın, olduğu kimi görünür, göründüyü kimi də var…

Evinə, ailəsinə çox bağlıdır. Dünyanın harasına getsə də özünü evindəki kimi rahat hiss edə bilmir. Evdardır. Dadlı təamlar hazırlamaqdan ləzzət alır. İntuisiyası o qədər güclüdür ki, az qala sabah nə olacağını əvvəlcədən hiss edir. Ruhu incə, duyğuları zərifdir. Bəzən ipək kimi zərif, bəzən də polad kimi sərt olur. Elə ki, mübarizəyə qalxdı qarşısında tab gətirmək böyük mətanət tələb edir. Onu cilalamaq, ram etmək mümkün deyil, elə ona görə də almaz kimi təbii qalıb. Bəli, mən yazıçı Almaz Sahilədən danışıram. “Dərəbəylik” əsərinin müəllifi Almaz xanımdan…

Martın 6-da onun 60 yaşı tamam olur. 60 ildir ki, yol gedir. Yazıb-yaratmaq, yeni bir SÖZ demək arzusuyla ömür sürür. Sürdüyü ömrün sükanı heç zaman onu məyus etməyib. Arxasınca daim gözəl izlər buraxıb. Həmişə alnıaçıq, üzüağ olub..
.
Əziz Almaz xanım, 60 yaş kişilər üçün zahiri təravətdən qopan yolun başlanğıcı olsa da, qadınlar üçün təravətin növbəti döngəsidir. Sizi təbrik edirəm, Sizə möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Yubileyiniz mübarək!

Elman Eldaroğlu

mersin escort