“Uzaqdan bir şeir” layihəsində MƏDİNƏ GÜLGÜN

 XƏZƏRƏ AXŞAM DÜŞÜR

Qaş qaralır, günəşin qürubuna az qalır,
sahil kimsəsizləşir, qumlar üstə iz qalır.
Bir mənim xəyallarım, bir də göy dəniz qalır,
Xəzərə axşam düşür.

Ləpələr uşaq kimi qovurlar bir – birini,
yuyurlar neçə – neçə ayaq ləpirlərini.
Dalğalar öz dilində yenə səsləyir məni,
Xəzərə axşam düşür.

Günəş hörüklərini yığır suların üstən,
dəniz coşub – daşmaqda yenə düşmür həvəsdən.
Bir mahnı eşidirəm, kimsə oxuyur pəsdən,
Xəzərə axşam düşür.

Dalğaların qoynundan yenə ay çıxır üzə,
ulduzlar qucaq – qucaq səpilir göy dənizə.
Sular dindikcə qəlbim qanadlanır bu səsə,
Xəzərə axşam düşür.

Duzlu dodaqlarıyla dəniz bir layla çalır,
bu laylay dənizdənmi, könlümdənmi ucalır?
Mən gedirəm, sahildə ayaq izlərim qalır,
Xəzərə axşam düşür.
Xəzərə axşam düşür…

 

Layihəni Kamalə ABİYEVA təqdim edir

 

 

 

 

mersin escort