“Bu taleyin taleyi yox…”-Gülnarə İsrafildən yeni şeirlər….

Müstəqil.Az şairə Gülnarə İsrafilin yeni şeirlərini təqdim edir:

Bu payızın küləyinə qarışdım.

Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindi.
Bu həyatın yolu, dərdi ayrıdı,
Bu həyatın ələyi də dərindi.

Qarsaladı təndirində bişdi can,
Yağış yağdı qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.

Aləmində, aləm sirli, gün sirli,
Cəld talenin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.

Qara saça, ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.

Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdü qaranlıq.
Bu həyatın bəlkə düzü bir yuxu?!
Bu həyatın könlü, özü o yanlıq.

…………………………

Bir qarış havada ağlım
Bir hopum ümidə qəmgin
Dilim sözə sehirli dil.

Toyunu çaldım getmədi
Yasında növhə oxudum
Bir gecəyə qarışdı gün.

Xısınlaşdıqca insanım,
İnsanlıq xısına keçdi
Sakitləşdi ağızda can.

Getdi gəldi səsə səs,
Əksinə düşdü ay, işıq
Sözə söz dedi kölgələr.

Qərənfil cüt bəzək gərək,
Torpaq toxumladı bax
Boy ot cismin haləti.

Sadə söz üzüb dil dodaq
Bəxt yazılı mərmərə
Doğum ili, yoxun ili.

Barmaqlar toxunuşdu
Toxundu huşu çıxdı
Dan sökük-sökük, pərdə.

Yolçu yollardan ötdü
Yolda buraxdı yolu
Getdi karvan, gəldi eşq.

Dərinləşdikcə torpaqlandıq
Dayazlaşdıqca yandıq
Naxışlı sandıq, rəng bədən.

Bətninə düşdü üzüyüm,
Dizimdən öpdü anam
Gözümü örtük tutmadı.

Baxışdan salxım salxımı
Saxladıq tikan göyərdi
Tulladıq xınalandı yaş.

Yuxudan oyanıb yataq
Otluğa darı səpili
Əldə kitab, kitabda əl.

……………………….

Bircə qırıq

Bu taleyin bircə qırıq qolu şikəst
Bircə qırıq əli şikəst
Bircə qırıq qulağı kar
Bircə qırıq dili laldı.
Bircə qırıq gözü çəpdi
Bircə qırıq sözü gopdu bu taleyin.
Bu taleyin boynu bükük
Üzü qırış
Bircə qırıq düzü çəpdi.
Bircə qırıq ahı, ofu
Bircə qırıq qorxusu var.
Bu taleyin beyni çönük,
Üzü dönük bircə qırıq.
Bircə qırıq dili zəhər
Bircə qırıq
Üzü qəmdi bu taleyin.
Bu taleyin zopası yox
Koması yox
Sobası yox alovlada.
Qədərini cilovlayan çatısı yox.
Bircə qırıq yazısı var, bircə qırıq.
Bircə qırıq sancısı var bircə qırıq.
Bircə qırıq başı boşdu
Bircə qırıqca sərxoşdu.
Bircə qırıq
Bu taleyin taleyi yox, bircə qırıq.

mersin escort