“Xəyanət sifətmiş,isim deyilmiş…”-Hidayət Sönməzdən yeni şeirlər…

Müstəqil.Az gənc şair Hidayət Sönməzin bir neçə şeirini oxuculara təqdim edir:

Ömrümü xərclərəm təsadüflərə…

Sən tək, qayğılar çox, hələ o kədəər,
Səni qınamıram, küsmə, əzizim.
Məniysə bağrına basır gecələr
Ən yaxın Dostlarım – sağ və sol dizim.

Sən əzab çəkirsən, mən baş qatıram
Nəğməylə, şe’rlə, üzdə gülüşlə.
Axşamlar hamıdan rahat yatıram,
Gec də oyanıram, məni bağışla.

İnanmaq çətindir bəzən bir sözə,
Bəzən ən doğru and nağıl görünür.
Axı bu məhəbbət nə verər bizə?
Özü nə gündədir? Yerlə sürünür…

Yalanlar, şübhələr qapını döymür,
Sakitcə, xəbərsiz girir evlərə.
Hər işdə bir məntiq gözünə dəymir,
Ömrümü xərclərəm təsadüflərə.

Hər şeyi bilirəm…

Həsrət, dərd, əziyyət, papiros, giley –
Çəkməklə bu əzab, qurtaran deyil.
Mən də boyun əyib barışardım ee,
Mənimki zillətdir, güzəran deyil.

Mən də dua etdim Sən tapındığın
Tanrıya, məbədə, ocağa, pirə –
Dünyada hər şeydən yazıq sandığın
Narahat qəlbinə əminlik girə.

Bir qənbər də yükdür kövrək dağ üçün,
Sel gələr, axara güvənmə, sonam!
Bir ömrü bir yerdə yaşamaq üçün
Bizə biz lazımıq – inam və inam!

Xəyanət sifətmiş,isim deyilmiş…

Sevgi, eşq, məhəbbət, ya adi həvəs…
Nə fərqi, Səninçün hamısı birmiş.
Bir kimsə dünyanın işini bilməz,
Qorxduğun nə varsa, başa gələrmiş.

Dözülməz nə varsa – sevənlər dözür!
Allah, nə çətinmiş – eşq dediyimiz?!
Mənim varlığımın mayası, özü,
Sənin adətinmiş eşq dediyimiz.

Sus!

…Ahım tutar Səni!
Gəlib qəfildən gözünün üstünə çökər.
Bilməzsən.
Sən mənim yaramı öpə bilərsən,
Ağrıma bir sığal çəkə bilməzsən.

Mənə məsləhətmi?
Etmə!
Eləmə!
Mən yaxşı bilirəm – mərd işi nədir!
Mənim “Sən” dediyim – eşq imiş demə,
Sənin eşq adında vərdişin nədir?

Çəkil!
Bu çirkabdan qoy mən də dadım,
Ömrümcə çəkdiyim bəsim deyilmiş…
Sonradan mən Sənə baxıb anladım –
Xəyanət sifətmiş, isim deyilmiş!

mersin escort