…ruhuma  qaranlıq çökür,- darıxmıram ki…

Sevinc QƏRİB

DARIXMIRAM Kİ…

Deyirsən ki, darıxma,
Darıxmıram ki…
Təkcə gözlərimdi 
yollarda qalan.

Bir az da ürəyim
sözümə baxmır,
sıxılır, boğulur,
köksümə sığmır.

Bir az havam çatmır,
bir az nəfəsim,
bir az da ruhuma
qaranlıq çökür,-
darıxmıram ki…


Yad oluram evimə,
əlim heç nəyə yatmır.
gəzirəm havalı tək,
heç nə başımı qatmır,
kipriyimdə yaş donur
üşüyür əllərim də..,
darıxmıram ki…


Könlüm intizar çəkir
sənə susayıram,
sənə acıram.
duyğular yetimləşir,
duaya əl açıram. 


Qəribsəyir hisslərim
bir az xiffət edirəm,
darıxmıram ki…

KİMLƏR GETDİ KÖÇÜMÜZDƏN

Eh.., vaxt o vaxta çatmadı,
illər bir igid yaşında.
Vəd verən vədin tutmadı,
yaşı ötdü yaddaşın da.

Qulaq yoruldu yalandan,
həsrət şişdi içimizdə.
Bir xəbər al sağ qalandan,
kimlər getdi köçümüzdən…

Ümid köz tutmadı, söndü
səbrin inadı çatladı.
Bu dərd zamandan yeyindi,
yenə bir ili haqladı.

Hər gün böyüdü, boy atdı,
pöhrə verdi, tər cücərdi.
Sevinci vaxtsız qocaltdı
el həsrəti, torpaq dərdi.

UZAQLARIN ADAMI

Uzaqların adamı,
Səsimi duyursanmı?
Bircə dəfə özünü
Yerimə qoyursanmı?

Bilirsənmi gecəmə
Darışıb ölü hüzün,
Xəstəyəm- şəfam olar
Bircəcə “gülüm” sözün?..

Könlümə yatmır bahar,
Çiçəklər yas içində.
Ürəyim ləlik düşüb
Dəli həsrət köçündə.

Dualara bürünüb,
Ümidə köklənmişəm.
Qohum-qəblə başımda,
Mən elə təklənmişəm…

Mən divanə, sən dəli,
Ruhumuz havalarda.
Sənə məğlub oluram,
Özümlə davalarda.

Xəyallardan körpü qur,
Yaxın elə uzağı.
Nəfəsini yorğan et
Canı çıxsın sazağın.

Uzaqların adamı,
Səsimi duyursanmı?!..

 

mersin escort