“Rafiq” adı ərəb mənşəlidir, mənası “yoldaş”, “dost”, “mülayim”, “yumşaq davranan” deməkdir. Adətən Allahın “Ər-Rəfiq” adının bir hissəsi kimi işlədilir.
Bu da “yumşaq rəftar edən” mənasını ifadə edir. Bu ad, həmçinin “səxavətli” və “köməkçi” mənasını da verə bilər, bu isə onun dost, yoldaş anlamını gücləndirir…
…Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömür boyu həyatdan zövq alan macəraçı insandır. Şiddətli enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Cəsur, qətiyyətli olduğundan bəzən təhlükəyə məruz qalır. Həmişə aktivdir və həmişə ağlında nəsə var. Öz parlaq cazibəsi ilə ətrafındakı insanlara təsir edə və onların arasında söz sahibi ola bilir. Qürurludur və xarici görünüşünə çox diqqət yetirir…
Deyir ki:- “Heç bir peşədə gözüm yoxdur. Özümü şair kimi də, ədəbiyyatşünas kimi də, pedaqoq kimi də, naşir kimi də yerimdə hesab edirəm və gördüyüm işlərdən zövq almagı bacarıram. Tələbələrimin sonsuz sevgisini qazana bilməyim mənim ən böyük mükafatımdı…”
Bəli, söhbət şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, filologoya elmləri doktoru, professor, “Əməkdar mədəniyyət işçisi” Rafiq Yusifoğludan gedir. O, 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur…
“İşin içində olan adam kimi bilirəm ki, maraqlı uşaq ədəbiyyatı nümunələri indi də var. Günün, zəmanənin tələbinə uyğun əsərlər yaranır da, nəşr də olunur. Lakin bu yazılanlar oxucuya çatırmı? Qabaqlar, konkret desək, bəyənmədiyimiz sovet dövründə ideoloyi tələblərə uyğun əsərlər yazılır, kitablar böyük tirajla nəşr olunur, müəlliflərə yüksək qonorar da verilirdi. Necə deyərlər, yaradıcılıq axtarışları üçün stimul var idi. Bəs indi necədi? Az-çox bu sahədə təmənnasız fəaliyyət göstərən, yazıb-yaradan, gücü ən yaxşı halda öz puluna az tirajla kitab çap etdirməyə çatan adamların əməyini dəyərləndirməyimiz bir yana, hələ utanıb-qızarmadan onları tənqid atəşinə də tuturuq, aşağılayırıq. Olanın, yarananın qədri bilinməyən yerdə hansı inkişafdan söhbət gedə bilər? Öz uşaqlarına bir nüsxə “Göyərçin” jurnalı almayanlar, abunə yazdırmayanlar nə haqq ilə uşaq yazıçılarını fəaliyyətsizlikdə ittiham edirlər?”- söyləyir.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur…
…Asan yoldansa çətin yolu seçməyə, insanlarda şəxsiyyətə önəm verir. Öz inancının heyranıdır. Açıq danışmağı xoşlasa da, emosiyalarını gizlətməyə çalışır. İnsanların ona yazığı gəlməsinə nifrət edir. Daxil olduğu istənilən mühitdə insanların diqqətini asanlıqla özünə cəlb edə bilir. Ona görə də məclislərdə diqqət mərkəzinə çevrilir. Kiməsə aid olmağı sevmir, müstəqil və azadfikirlidir…
Deyir ki:- “Azadlıq şərti məfhumdu. Mənim “Azadlıq” adlı bir essem var. Orada yazmışam ki, insan ana bətnindən torpağa basdırılana qədər yol getmək zorundadır. İki “zindan” arasında nə azadlıq? İnsan kainatın, cəmiyyətin ayrılmaz bir təkərciyi, vintciyidi. O boyda günəş, yer azad deyilsə, insan necə azad ola bilər? İnsan yalnız düşüncəsində azaddı, o da qismən.”
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayıb. 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib. Ümumiyyətlə, Rafiq Yusifoğlu 100-dən çox kitabın müəllifidir…
“…Duyğusuz bir insan quru payadı,
Ulu yaradanın önündə əyil.
Bir də ki, ömür-gün Tanrı payıdı,
Qocalmaq hamının qisməti deyil…”- deyən şair özü də qocalığın astanasına gəlib çatıb. Belə ki, yanvarın 2-si Rafiq müəllimin növbəti ad günüdür, bu dəfə 76 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
















