Kəlbəcər ucalığı… –   Rəfail Tağızadə yazır

Kəlbəcər ucalığı

 

Təbiəti dünyaca gözəl, insanları mərd, igid olan Kəlbəcər.

Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər.

Dolanbacları adamı azdıran, istisuyu Tər-tər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər.

Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovuna, Dəlidağına qalxıram. Ovcumu donduran buz kimi bulaqların suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra gedib mədəmə rahatlıq gətirən İstisuyun poqquldayan suyunu dərman kimi qəbul edirəm. Baxdıqca adamın papağı düşən ağaclara, qalın-sıx meşələrə, sıldırım qayalı dağlara, yamyaşıl yamaclara baxaraq təbiətin gözəlliyini duyub, burda yaşamağa dəyər deyirəm. Gözəlliklərlə dolu xatirələrdən ayrılmaq istəmirəm. Xəyallarıma, arzularıma qovuşmaq üçün təzədən sənə gəlirəm. Bezdim, usandım artıq o qədər gözəl yüksəklik varkən çökəkdə, boz səhrada qalmaqdan.

Dağ adamlarının dağsız, düzənlikdə yaşaması həm də daxili məğlubiyyətdir. Utandığından ancaq yerə baxırsan. Söykənəsi nə dağ var, nə də əzəmətli ağac. Düzənlikdə kürəyini yerə vurursan. Məğlub kimi. Kürəyi yerə vurulan adamın dili-ağzı olmaz, səsi çıxmaz. Çünki səsini daşıyası nə dərə var, nə də səsinə səs verəsi qaya. Eyni fona baxmaq, eyni bozluğu mütəmadi görmək; yernəsəklik insanın ruhunda bir durğunluq yaradır. Adamı mütiləşdirir.

 

İnsan yalçın qayalara, qollu-budaqlı ağaclara baxanda qürurlanır. Ürəklənir. Qüvvətli olur.

Mən səni görməyə, sənə dönməyə tələsirəm. Kürəyimi dağlarına söykəyib qürurlanmaq, ən hündür ağaclarına baxa-baxa göyə tamaşa edib özümə gəlmək, özümə qayıtmaq, itirdiyim özümü tapmaq istəyirəm. Olanları unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək. Sənin o əvvəlki sevincli halını özünə qaytararaq təmizlənib, durulub, saflaşmaq.

 

Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı, əzəməti görmədim. Təbiət bu yerdən heç nəyi əsirgəməyib.  Gözəlliyi, təbii ehtiyatları, dağları, meşələri, özü kimi əyilməz, mərd övladları…

 

Enişdən ucalığa doğru uzanan arzuları həqiqətə çevirərək, bütün yüksəklikləri alaraq, mənəvi yüksəkliyə qayıdırıq…

 

  Rəfail Tağızadə

Share: