“Rus ayısı” – “günahlarına görə cəzalandırılmış insan”

Aqşin Yenisey

Bölgəmizin coğrafiyasının relyefi kimi etnoqrafiyasının da relyefi kələ-kötürdür. Qafqaz qürurlu dağlarla yanaşı, xəyanətkar uçrumların da vətəni olduğu kimi, qürurlu və xəyanətkar xalqların da vətənidir.

Qafqaz – Mönteskyönü haqlı çıxaran bölgə; burada yaşayan xalqların milli ruhuna mədəni təsirlərdən daha çox dağların, dərələrin təsiri var. Bir qafqazlının arxetipini mifdə, nağılda, dastanda yox, coğrafiyada, relyefdə axtarmaq lazımdır. Məsələn, Qafqazda yaşayan ən çoxsaylı xalqlardan biri olan türklərin mifologiyasında dağ kultu xüsusi önəm ərz edir. XI əsrdə yaşamış məşhur “Divan-ı Lügati-t-Türk” əsərinin müəllifi Mahmud Kaşğari yazır: “Yir basrukı tag, budun basrukı beg”, yəni yerin ağır olanı dağdır, insanların ağır olanı bəy. Türk mifoloji düşüncəsində güclü insan dağa bənzədilir. Avropalılardan fərqli olaraq Qafqaz xalqları dağların sərvətləri uğrunda deyil, ruhu uğrunda bir-biriləri ilə döyüşüblər həmişə və bu gün də bu döyüş davam edir.
Amma hərdən bu döyüşə bəzi yad ünsürlərin də daxil olduğunu görmüşük, bu gün də şahidiyik. Onlardan biri də meşə kultunu ifadə edən “rus ayısıdır”.
Əvvəlcə onu deyim ki, ayı obrazı skandinaviya, slavyan, Sibir, Altay folklorunda da müxtəlif mənaları ifadə edən bir simvoldur. Ayı obrazı rus folklorunda “at oynatsa da”, rus ədəbiyyatında ayıya rast gəlmək nadir hadisədir. Bunun əksinə, folkloru ayı ilə heç bir körpüdə qarşılaşmayan digər xristian qonşumuz gürcü ədəbiyyatında itiə daş atanda ayıya dəyir. Nəriman Əbdülrəhmanlının tərcümə edtiyi gürcü yazıcısı Qoderzi Çoxelinin, az qala, elə bir hekayəsi yoxdur ki, orada bir ayı gürcü evinə “qonaq gəlməsin”.
“Rus dili və ədəbiyyatı” üzrə türk professoru Filiz Karakalenin “Rus ayı”sı anlayışının ortaya çıxması” adlı elmi-tarixi məqaləsində, təxminən, bu suala cavab axtarılır ki, əslində, “rus ayısı” dediyimiz kimin ayısıdır?
Azsaylı istisnaları çıxmaqla müşahidə etmək olar ki, rus ədəbiyyatı öz gücünü rus folklorundan almır; folkloru ilə yazılı ədəbiyyatı bu qədər “soyuq münasibətdə” çox az xalq var. Rusların folkloru daha çox şimalda Skandinaviya, cənubda türk xalqlarının, ədəbiyyatı isə birbaşa Qərbi Avropa ədəbiyyatından bəhrələndiyi (məsələn, Dostoyevski Dikkensdən təsirlənirdi) üçün bir-birilərindən uzaq düşdülər. Rus ayısı rus nağılından rus nəsrinə keçə bilmədi.
Bəs necə oldu ki, rus nağılından rus nəsrinə keçə bilməyən bu ayı nağıldan birbaşa siyasi müstəviyə yumalandı? Rus dövlətinin hərbi-siyasi simmvolu oldu?
Professor Karakale rus etimologiya alimləri Şanski və Bobrovaya istinadən yazır: “Ruslara görə, ayı günahları üstündə cəzalandırılmış insandır. Ayı-insana insanüstü keyfiyyətlər verilib. Ruslar ayının hansı məsafədən olur-olsun, hiss edə bildiyinə inanırlar. Ayının adı da bununla əlaqəli olaraq yaranıb. Rus dilində “медведь” olan “ayı” kəlməsi “ведающий мёд” yəni “balın harada olduğunu bilən” mənasına gəlir”.
Bu sitatda, yəqin ki, sizin də diqqətinizi “ruslara görə, ayı günahları üstündə cəzalandırılmış insandır” inancı çəkdi. Bu inanc, əslində, rus insanının xislətini açan bir şifrədir. Dostoyevskinin, Qorkinin, Qoqolun, Şoloxovun əzazil, zalım, cinayətkar, eyni zamanda məzlum, düşkün qəhrəmanlarını yada salın. Günahlarına görə cəzalandırılmış insan” – Raskolnikovun özüdür ki var.
Yazımızın mövzusu bu olmadığı üçün indilik bu barədə bir-iki cümlə ilə ötüşəcəyəm, amma ayı mifindən yola çıxaraq “günahlarına görə cəzalandırılmış” rus insanın xisləti haqqında yaxınlarda ətraflı yazacağam.
Şərqi slavyanların inancına görə, Adəm ilə Həvvanın çoxlu uşaqları var idi, bu uşaqları tanrıdan gizləmək (yəqin ki, cəzadan uzaq tutmaq) üçün onların bəzilərini meşəyə göndərirlər və övladları orada ayıya çevrilirlər. Ruslar bəlkə də, bu səbəblə ayının kürkünün altında insan vücudunun olduğuna inanırlar. Bu da ayının “günahkar və zavallı” (Dostoyevskidə “cinayətkar və məzlum”) insan” obrazını tamamlayan ikinci mifik səbəbdir.
Karakale həmin məqaləsində tarixçi Bahaəddin Ögəldən belə bir sitat gətirir: “Türk dastanlarında ayı ancaq axmaq və pis bir heyvan olaraq yer alır”. Ögəl hocaya görə, Altay-Türk dastanlarının birində kimsəsiz bir uşaq bir ayının qızını alır və hər yerdə öz ayı qayınatası ilə öyünür, bildiyimiz “milyoner qızı” məsələsi. Bu söhbət gedib qayınata ayının qulağına çatır və yetimə qız verib adam etdiyi üçün peşman olan ayı öz kürəkənini yeyəsi olur. Sibir ənənələrinin təzyiqi altında yalnız Altayın şimalındakı bəzi türklər ayıdan törədiklərini söyləyirlər”.
Qədim türklərin şamanlıq inanclarında ayı müqəddəsdir və meşə tanrısı kimi bir gücü ifadə edir. Türk şamanlarının ayı kürkü geyinməsi də həmin meşə tanrısından güc almağa işarədir. Qıpçaqlar ayıya “ata” deyirdilər.
Rus folklorunda ayı aşağı-yuxarı sadəlövh, avam bir xarakterdir, meşədə hamı ona kəf gəlir. Məşhur “Maşa və Medved” çizgi filmində ayının bu özəlliyi ekranlaşdırılıb.  Qoqolun, yaxud Çexovun avam və hozu “mujikləri” kimi bir şeydir rus nağılındakı ayı. Böyük Pyotr rus kişisinin timsalında məhz bu avam və hozu milli ayılığı qamçılayırdı. Bəs necə oldu ki, bu avam və hozu xarakter rus imperialist gücünün rəmzinə, simvoluna çevrildi? Kim idi bu yumor hissinin sahibi?
Gəldik zurnanın zırt dediyi yerə. Professor Karakale sözügedən yazısında rus “ayışünası” Andrey Rossomaxinə istinad edərək yazır ki, “rus ayısı” siyasət meydanına ilk rus-türk müharibələri zamanı çıxıb, həm də İngiltərə mediasında. “Rus ayısı”nı siyasi təfəkkürdə məşhurlaşdıran, nə qədər qəribə səslənsə də, karikatura sənəti olub. XVIII-XIX əsr ingilis, eləcə də Avropa siyasi karikaturalarında ruslar ayı kimi təsvir olunurdular. Bunun kökü rusların Avropaya ayaq açmalarından əvvəl Rusiyaya səyahət edən avropalı səyyahların bu torpaqlar haqqında yazdıqları idi. Avropalı səyyahlar xatirələrində Rusiyada tez-tez ayı ilə qarşılaşdıqlarını söyləyirdilər.
Siyasətçilərdən, əsgərlərdən və karikaturistlərdən əvvəl rus ayısını avropalı səyyahlar kəşf etmişdilər. O səyyahlar ki, XVII-XVIII Avropa imperializminin dərvişləri idilər; ilk müstəmləkə qaranquşları. Avropa dünyanı əvvəlcə bu səyyahlarla fəth edirdi. Gertsenin “Kimdir müqəssir?” adlı memuarında alman alim-səyyahı Humboltun çar məmurlarını necə doladığını oxumamış deyilsiniz yəqin.
Qayıdaq Rossomaxinə: “Xüsusilə, ingilis karikaturasının “Qızıl əsri” olan XVIII əsrdən etibarən “rus ayıları” intensiv şəkildə Avropa siyasi arenasında təsvir olunmağa başlanıb. Rusiya haqqında regional xarakterli erkən dövr rəsmlərini araşdıraraq ilk “rus ayları”nın Avropada zühurunun 1730-cu illərin ikinci yarısına təsadüf etdiyi nəticəsinə gəlirik. Rusiyada bu illər Anna İvanovnanın çariçalıq etdiyi və Rus-Türk müharibələrinin növbəti (1735-1739) dövrüdür”.
Günümüzün reallıqlarına oxşadığı üçün xatırlatmaq yerinə düşər ki, 1735-1739-cu illər müharibəsində Rusiya və Avstriya Polşanı bölmək üçün Osmanlıya qarşı birlikdə döyüşsələr də, Osmanlılar qalib gəldilər və 1739-cu ildə “Belqrad sülh müqaviləsi” ilə Rusiyanın hərbi gücünü Qara dənizdən çıxardılar. Müqaviləyə əsasən, Qara dənizdə ticarət də ancaq türk gəmiləri ilə aparıla bilərdi.
Andrey Rossomaxin “rus ayısı”nın tarix səhnəsinə çıxmasının bu müharibə illərinə təsadüf etdiyini deyir. “Bu dövrdə “rus ayısı” ilə yanaşı “türk fili”, “ispan canavarı”, “fransız tülküsü”, “ingilis şiri və buldoqu”, “Avstriya qartalı”, “holland donuzu” və s. karikatür xarakterlər bütün Avropa ölkələrini siyasi mizahda simvollaşdırmışdı”. Avropada nəhəng güclərin siyasi-hərbi mübarizəsini sənət bu şəkildə “ələ salırdı”.
Rossomaxinə görə, rusların özlərini “ayılaşdırması” isə 1877-ci ildə nəşr olunan “Budılnik” adlı bir jurnaldakı karikaturadan başlayıb. XIX əsrin sonlarına doğru ingilislərin təsiri ilə artıq ruslar da özlərinə “ayı” deməkdən çəkinmirdilər. Yəni “ayı olduqlarını” rusların boynuna ingilislər qoyublar.
Professor Karakale rus semiotik-filosof Mixail Timofeyevə itinad edərək “rus ayısı”nın sovetlər zamanında rəng dəyişdirdiyini söyləyir. Belə ki, çar Rusiyası və Putin Rusiyası dövrlərində ağ rəngdə təsvir olunan “rus ayısı” keçmiş Sovet İttifaqı zamanı proletar inqilabın qırmızı rəngini almışdı.
Qırmızı “rus ayısı” dünya mediasında daha çox əlində oraq, çəkic, yaxud Kalaşnikov silahı olaraq tanınırdı.
Sonda, rəngindən asılı olmayaraq, “rus ayısı” Rusiya imperializminin rəmzidir, xarizmasıdır. Amma Şərqi Avropada, Anadoluda “ayı oynatmaq” adlı bir xalq teatrı vardı ki, fəlsəfəsi ağlın güc üzərində hökmranlığına əsaslanırdı…
Share: