“20 yanvar şəhidlərinin cəsədinin dənizə atılmasını biz əngəllədik”

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Məşhur “7 kapitan”dan biri, 50 ilin dənizçisi Kərəm Məmmədovun ilginc xatirələri bu yazıda… 

O, qocaman dənizçidir, gəmi kapitanıdır, daha doğrusu, olub. Kapitanlığı heç indi də əlindən alınmasa da dənizdən çoxdandır aralı düşüb. Xəyallarında dostları – keçmiş həmkarları ilə söhbət edəndə dənizli günlərinə qayıdır. Bir də köhnə dostu olan dənizə tez-tez baş çəkib yoluxmaq üçün Dənizkənarı Milli Parkda olur.

“Dəniz bulvardan elə də maraqlı görünmür, dənizin havası hiss olunmur. Adam havalanmır buradan dəniz yanğısına” – deyir nisgil dolu səslə…

Kərəm Məmmədov haqqında atamdan çox eşitmişdim. Atam Faiq Balabəylinin “Kəsilməyən həyəcan fiti” kitabının qəhrəmanlarındandır Kərəm əmi. Elə o dövrün gəmi kapitanları, atamın iş yoldaşları, “əmi” deyə çağırdığım Ağalar İbrahimov, Mövlud Əliyev, Rövşən Dəmirov, Müzəffər Əliyev, rəhmətlik Murad Əliyev və digərləri barədə də bu kitabda oxumuşam. Kitab 1990-cı ilin 20 yanvar hadisələri zamanı Xəzər Dəniz Neft Donanması İdarəsi dənizçilərinin misilsiz qəhrəmanlıqlarından bəhs edir. Sonralar Kərəm Məmmədovun həmin hadisələrin xronikasını və dənizçilərimizin mübarizliyini əks etdirən “Mən tarana gedirəm” adlı kitabı da işıq üzü gördü. O kitabın da qəhrəmanları eyni adamlar idi.

Su adamı olan Kərəm Məmmədovla ömrünün ahıl vaxtlarında sığındığı Sulutəpədəki bağlı-bağatlı evində görüşdüm. Gəlişimi zəng edib demişdim. O, gözləyir, samovar isə həyətdə özü üçün zümzümə edirdi. Evdə tək özü idi:

– Müəllimə,- bibini deyirəm e, ayə,- nəvələrimizə baş çəkməyə gedib, çayı da özüm dəmləmişəm. Sağ ol ki, məni yad eləmisən.

– Kərəm əmi, 50 il dənizdə olmusan. Dalğaları, ləpələri saya-saya ömrünün neçə illərini sayıb yola salmısan. Deyəsən, dənizi özünün yaratdığın yaşıl adaya dəyişmisən, ağacların, güllərin arasına lövbər atmısan. Torpaqda rahatsan deyəsən…

– O qədər də yox (gülür). 50 il dənizdə üzmüşəm. 1962-ci ildə, yeniyetmə vaxtımda Xəzər Dəniz Neft Donanma İdarəsinə matros köməkçisi kimi işə düzəldim. İlk gəmim “Ağa Nemətulla” olub. O gəminin dəhlizlərini süpürə-süpürə axırı gəlib kapitan oldum. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirdim. Odessada Ali Gəmi Mühəndisləri İnstitutunda təhsil aldım. Oldum gəmi kapitanı. SSRİ dağılandan sonra isə idarənin kadrlar şöbəsinin rəisi, idarə rəisinin müavini işlədim. Ömrümün çoxu dalğaların arasında keçib. Neçə-neçə limanlar, dənizlər, gəmilər dəyişmişəm. Bircə dostlarımı, əqidə adamlarını dəyişməmişəm, nə onlara, nə də dənizə heç vaxt xəyanət eləməmişəm. Əsl dənizçi ömrü yaşamışam yəni. Uşaqlarımı isə anası böyüdüb. İndi məni yada salan yoxdur. Heç kimi qınamıram, hamının başı öz işinə-gücünə qarışıb. Arada Mövludla, Ağalarla zəngləşirəm. Atan Faiqlə də ara-sıra görüşürəm. Burada qonağım olub. Dənizçi dostlarımın hansı gəlsə, bu samovarda onlara çay qaynadaram. Bu samovar o qədər yaxşı oğlanları yola salıb ki…

– Yarım əsr sular üzərində yaşayıb sonra torpağa çıxasan… Təqaüdə çıxandan sonra dəniz üçün darıxdınmı?

– Darıxdın da sözdür?! Möhkəm darıxdım. Ən böyük həmsöhbətimdən, həyatımın bir parçasından ayrı düşdüm sanki. Dənizsiz anası üçün darıxan bala kimiyəm. Məni dəniz böyüdüb, formalaşdırıb, dost-tanış, ailə-uşaq sahibi eləyib axı. Sovet dovründə təqaüdə çıxan gəmi kapitanlarına böyük hörmət edirdilər. İmtiyazları da çox idi. Onların təcrübəsindən istifadə edirdilər. Həm də təqaüddə olan kapitanların hamısına ömrünün sonuna qədər hər yay sanatoriyalarda istirahət etmək üçün “putyovka”lar verilirdi. Həmin kapitanlar vəfat edəndən sonra ailələrini də unutmurdular, bir müddət yardım da edirdilər.

– Kərəm əmi, SSRİ üçün darıxana oxşayırsan nəsə

– Yox, sovet vaxtı üçün yox, ötən günlərim üçün darıxıram. Hamı kimi. Müstəqilliyimiz bizim ən böyük nailiyyətimizdir. Giley kimi çıxmasın. Mən və digər kapitan yoldaşlarım müstəqillik dövründə təqaüdə çıxmışıq. Sanki əllərinə ağac aldılar, bizi qovdular dənizdən, təqaüdə göndərdilər. 50 il dənizdə saç ağartmışam. Amma indi təqaüddəyəm. Təqaüddə olduğum üçün dənizçilərin poliklinikası və xəstəxanası məni qəbul etmir. Pul istəyirlər. Təqaüdüm də azdır – cəmi 230 manat. Bizim indi qayğıya ehtiyacımız var axı…

– Xaricdə də üzmüsünüz, kadrlar şöbəsinin rəisi, rəis müavini olmusunuz. “Qara gününüzə” bir şey yığmamısınız bəs?

– Xeyr. Dənizçilər saf və dürüst adamlar olur. Söhbət əsl dənizçidən gedir ha, başqa tip insanlarla qarışıq salma. Dənizlə dostluq edən dəniz kimi olur. Ləkəni, çirkabı götürmür. Söhbət məndən gedirsə, heç vaxt həlləm-qəlləm işlərim olmayıb. Mən kadrlar şöbəsinin rəisi, müavini olduğum vaxtlarda da heç kimdən rüşvət almamışam. İki oğlum var. Yoldaşım Xarici Dillər İnstitutunda müəllimə işləyirdi. Qazancımız, yəni maaşımız çox yüksək idi. Mən o vaxt maaşlarımızdan artırıb 600-700 rubl “Vahidbank”a qoyurdum. O bank da batdı.

– Belə çıxır ki, müstəqilliyimiz sizə düşmədi…

– Belə deməzdim. Müstəqilliyin əsaslarını qoyanlardan biri də mənəm. Nə olsun indi məni axtaran yoxdur?!

Müstəqilliyə canımı qurban vermişəm və verərəm də.

– Eşitmişəm ki, 20 yanvar hadisələrində “7 kapitan” əhvalatı olub. Bu haqda öz dilinizdən eşitmək istərdim…

– Mən 1941-ci ildə anadan olmuşam. Atam müharibəyə gedib, qayıtmayıb. Anam məni çətinliklə böyüdüb. Mən sovet ordusunu sevirdim. Atam o ordunun tərkibində düşmənə qarşı vuruşmuşdu. Sovet hökumətini sevirdim. Bu hökumət bütün yetimlər də daxil məni də oxutdu, ali təhsil verdi. Amma düşünməzdim ki, sovet ordusu belə faşist bir ordu ola bilər. Çox təəssüf ki, 1990-cı ildə sovet ordusu Bakıya girərək sözlə deyiləsi mümkün olmayan böyük vəhşiliklər törətdi. Xeyli soydaşımızı qırdılar. Xəzər Dəniz Neft Donanmasının dənizçiləri o zaman bir yumruq kimi birləşdilər. O zaman ruslar şəhidlərimizin cəsədlərini dənizə atmasınlar deyə dənizdə gəmilərdən ibarət canlı blokadalar qurduq. Donanmanın 120 gəmisi Bakı buxtasına toplaşmışdı. And içmişdik ki, ölsək də sona qədər birlik göstərəcyik…

– Bu hadisələrlə bağlı “Mən tarana gedirəm” kitabını yazmısınız. Hansı zərurətdən yarandı o kitabın yazılması?

– Dənizçilərimiz meydanlarda da fəal olmuşdu. 1987-88-ci illərdəki tətillərdə, milli-azadlıq hərəkatında aktiv olub bizim idarəmiz. 20 yanvara qədər bərkimişdik, ağı qaradan seçirdik. O hadisələr zamanı dənizçilərimizin içində bir mübarizlik, qəhrəmanlıq, özünütanıma hissləri qalxdı. Heç kəsin diqtəsi olmadan Bakı buxtasına toplaşdıq, etirazımızı bildirdik. “Sabit Orucov” gəmisi də qərargah rolunu oynadı. Hadisələrə nəzarət etmək, dənizçilərimizi yönəltmək, bir-biri ilə əlaqələndirmək üçün 7 kapitandan ibarət Kapitanlar Şurası seçdik. 120 gəmidə olan dənizçilərin hamısı da bu qərarla razışladı. Qərarımız isə qəti idi. Düşünün, yanvarın 24-dür, I katib Vəzirov qaçıb, baş nazir yoxdur, daxili işlər naziri yoxdur. Ölkə idarə olunmur. Ölkədə xaos hökm sürür. Biz məhz belə bir ağır vəziyyətdə yarasından hələ də qan axan ölkəyə, millətə yeni nəfəs verdik. Məqsədimiz bu idi ki, qaniçən rus-sovet ordusunu Bakıdan çıxaraq. Yanvarın 24-də Elmira Qafarova bizi Ali Sovetə dəvət etdi. Dövlət katibi Tofiq İsmayılov, bəstəkar Arif Məlikov da orada idilər. Əlavə bir neçə adam da vardı. Bizi çox səmimi qarşıladılar. Tofiq İsmayılov bizi bir-bir bağrına basdı və dedi ki, sizlər qəhrəman insanlarsınız.

Təsəvvür edin, Ali Sovetin deputatları o vaxt qorxularından binaya da gəlmirdilər. Elmira xanım qapqara geyinmişdi. Hüzn içində idi. Bizə “xalqımın qeyrətli oğulları” dedi. Dedi ki, üç gündür deputatları bu binaya yığa bilmirik, əksəriyyəti qaçıb gizlənib. Dedi ölkənin bu ağır günlərində sizin bu etirazınız millətimizin yaşamasından, mübarizə aparmasından xəbər verdi. Sonra Bakının komendantı Dubinyak, SSRİ-nin müdafiə naziri Dmitri Jazov, Sov.İKP MK-nın üzvü, admiral Sidorov danışıqlar aparmaq üçün bizimlə əlaqə saxladılar. Biz tələb irəli sürmüşdük ki, əgər qoşunlar qan tökməyi saxlamasa, ilkin olaraq bir gəmini, sonra isə şəhərdəki bütün neft rezervuarlarını, neft mədənlərini yandıracağıq. Şeyxülislam Hacı Allahşükür Paşazadə də həmin görüşdə iştirak edirdi. Tofiq İsmayılov da orada idi. Kapitan Müzəffər Əliyev Yazovla çox möhkəm mübahisə etdi. Üzünə dedi ki, siz faşistlərdən də pissiniz, qaniçənlərinizi Bakıdan təcili çıxarın. Bu sözü o boyda generala, o boyda imperiyanın müdafiə nazirinə bir mülki gəminin yaşlı kapitanı deyirdi. Hansı ki, indi dərman almağa pulu yoxdur.

– 20 yanvardan bir müddət sonra ölkəmiz müstəqilliyini elan etdi. Yeni milli hökumət quruldu. Və bildiyim qədər ölkənin yeni rəhbəri sizi gecələrin birində görüşə dəvət etdi. Bu görüşə səbəb nə idi?

– 20 yanvar hadisələrindən sonra Xəzər Dəniz Neft Donanma İdarəsinin kapitanları və bütün aktiv işçiləri təzyiq altında idilər. Hərəni bir cürə işdən uzaqlaşdırırdılar. Bizə ekstremist damğası vurulmuşdu. Sənə bir məsələni də danışım, keçim sualının cavabına. Biz 20 yanvar hadisələri zamanı rus hərbçiləri ilə döyüşəndə, şəhidlərimizin meyitlərinin dəniz yolu ilə aparılıb urvatsız hala salınmasına etiraz edəndə “Kaspar”ın (Xəzər Gəmiçiliyi İdarəsi-red.) rəhbərliyi bizə mane olur, bizi təhqir etməkdən belə çəkinmirdilər. İndi isə bəziləri həmin hadisəni öz adlarına çıxmağa cəhd edirlər. Onlardan bir rəis müavini vardı – Bayram Nağdəliyev. Bir dəfə o, “Sabit Orucov” gəmisinə gəlib dedi ki, burada Kərəm Məmmədov deyilən adam kimdir. Dedim mənəm. Çımxırdı üstümə. Dedi niyə imkan vermirsiniz gəmilərimiz işə çıxsın. Dedim a kişi, şəhərdə vəziyyəti görmürsünüzmü, insanlarımız şəhid olub. Nağdəliyev bunun cavabında neyləsə yaxşıdır. O. şəhidlərimizi təhqir etdi, söyüş söydü. İndi o adam xüsusi təqaüd alır, dənizdə adına tanker üzür, mən isə dərman ala bilmirəm.

– Məntiqlə o vaxt buna görə cəzalanmalı idiniz axı…

– Cəzalandırıldım də elə. Məni o hadisələrdən sonra Şimal dənizinə işləməyə göndərdilər. Bu, bizi bir növ sürgün eləmək, hadisələrin mərkəzindən uzaqlaşdırmaq idi. Kapitanım da Rövşən Dəmirov idi. Qış vaxtı idi, güclü külək əsirdi. Dənizdə lövbərə durmaq da çətin idi. Həmin ərəfədə bir ingilis gəmisindən “SOS” siqnalı aldıq. Gəminin köməyinə gedən yox idi, batırdı. Rövşənlə razılaşdıq ki, biz Azərbaycan gəmisi olaraq onları xilas etməliyik. Bütün dünyanın dənizçiləri heyrət içində idi, o havada hərəkət etmək belə mümkün deyildi. Və biz lövbəri yığıb köməyə getdik. Hadisə yerinə təxminən 10 mil məsafə qalardı ki, radioqrama gəldi. Orada yazılırdı ki, artıq gecdir, gəmi batıb. Səhərisi gün İngiltərənin, Norveçin bütün qəzetləri bizdən azərbaycanlı dənizçilərin cəsarətindən yazmışdılar. Yəni biz 20 yanvardan çıxanlar Şimal dənizində mədəni sürgündə olanda da seçilməyi bacardıq.

Bu hadisədən təxminən 10-15 gün sonra məni təcili Bakıya çağırdılar. Gəldim. İdarənin o zamankı rəisi Yaşar Cabbarova dedim ki, məni niyə çağırmısan. Dedi mənlik deyil, xəbərim yoxdur. Gəldim evə. Evdə oturumuşdum, gecə saat 12 idi. Birdən qapım döyüldü. Qapını açdım, gördüm iki nəfərdir. Dedilər Kərəm müəllim, artıq gəlmisiniz. Dedim axısiz kimsiniz, mən sizi tanımıram. Dedilər bizimlə gedək, qorxma, bəy sizinlə görüşmək istəyir. Soruşmadım bəy kimdir. O zaman hamı bir-birinə “bəy” deyirdi. Geyinib bunlarla çıxdım, Bayıla getdik. Allah qapısını açsın, məni orada vəkil Qurban Məmmədov qarşıladı. O, Pənah Hüseynə zəng vurub dedi ki, kapitan Kərəm müəllim gəlib. Bayıldan getdik Prezident Aparatına. Məni Pənah Hüseyn qəbul elədi. Pənah bəy də o vaxtkı rəhbərə zəng vurdu ki, bəs, kapitan Kərəm gəlib. Məni birbaşa prezident Elçibəyin yanına apardılar.

Bəy məni səmimi qarşıladı. Dedi ki, gəmilərimiz bizdə deyil, xarici ölkələrdədir, onları geri qaytara bilərsənmi. Dedim Əbülfəz bəy, siz göstəriş verin, heyəti azərbaycanlılaşdıraq, mənim “Kaspar”da dostlarım var, danışıb onları da gətirək iş başına, donanma milliləşsin. Elçibəy elə oradaca tapşırıq verdi ki, mənim sənədlərimi hazırlayıb Xəzər Gəmiçiliyinə rəis təyin etsinlər. Elə də etdilər, sənədlərimi hazırladılar, anketimi doldurdular. Amma baş nazirin müavini Vahid Əhmədov xaricdə olduğu üçün gözləməli oldular ki, o, sənədə qol çəksin. Baş nazirin müavini tez-tez xarici səfərlərdə olduğundan bu məsələ gecikdi. Sonra da hakimiyyət dəyişdi. Ona görə də indi buradayam. Sulutəpədəki evimdə, daha sular qoynunda yox…

Kərəm əmi bunu deyib ürəkdən, ləzzətlə gülür. Qocaman kapitanın kefi elə öz sözündən nə təhər açılırsa, o dəqiqə dənizçi lətifələrinə keçir. Daha bundan belə söhbətimiz “ləpələnib, dalğalanıb” müsahibədən kənara çıxır. Onu əvvəlki məcrasına qaytarmaq çətindir. Dəniz kimi gah yumşaq, sakit, mülayim, gah da ötkəm olan, aşıb-daşan kapitanı yola gətirə bilməyəcəyimi görəndən sonra diktofonu-filanı söndürüb yığışdırmağa məcbur oluram. Ömrünün yarım əsrini sular qoynunda keçirən kapitanın “torpağın üstündə də hər şey yaxşıdır, amma açığı, dənizin yerini heç nə vermir” sözlərini eləcə yaddaşıma yazıram…

(Fotolar müəllifindir)

142 baxılıb
Paylaş
mersin escort