Kapitan Vaqif Rzayev: Dənizçilərin həyatı və fəaliyyəti hansı ölkədə yaşamasından asılı olmayaraq oxşardır

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı  “Bue Caspian” şirkətinin NYG “DP-2 Caspian Challenger”  gəmisinin kapitanı Vaqif Rzayevdir

Vaqif kapitan, sizinlə xoş görüşdük, necəsiz?

– Salam, hər vaxtınız xeyirli- uğurlu olsun, Faiq kapitan. Yaxsılıqdı, siz necəsiz?

– Çox sağ olun, cəhd edirik ki, bizdə də hər şey qaydasında olsun. Vaqif kapitan,  hazırda dənizdəsiz, gərgin iş rejmi, sabit olmayan hava şəraiti var.  Ekipaj özünü necə hiss edir?

-Bəli, hal hazırda dənizdəyik, “Gunəşli” yatağı istiqamətində tam sürətlə hərəkətdəyik. Dediyiniz kimi, həqiqətən də iş rejimi gərgindir, sahildə cəmi 5-6 saat qalıb, bosaltma və yükləmə əməliyyatlarını təhlükəsiz yerinə yetirib, yenidən dənizə çıxmışıq. Sabit olmayan hava şəraitinə öyrəşmişik, hər şey qaydasındadır. Heyyət özünü tam pozitiv və yaxşı ovqatda hiss edir.

Yaxşı olardı ki, özünüzlə daha yaxından tanış olaq.

– Mən Rzayev Vaqif Arif oglu 1969-cu ilin iyun ayının 30-da  Neftcala rayonunda anadan olmuşam. 1986-cı ildə orta məktəbi bitirmişəm və 1987-1990-cı illərdə Qara Dəniz Donanmasının böyük sualtı qayıqla mübarizə gəmisində xidmət etmişəm. Rayonumuzun dəniz sahilində yerləşmısi, Ana Kürün biz tərəflərdə dənizə qovuşması, ətrafımızın daima su ilə əhatəli olması, hərbi dəniz dononmasında 3 illik xidmətim 1991-ci ildə Azərbaycan Balıq Sənayesi Texnikumunun “Gəmi sürücüsü” fakultəsinə daxil olmama səbəb oldu. Amma elə həmin ildən də Xəzər Dəniz Neft Dononması idarəsində təcrübəçi-matros, sonralar isə matros kimi fəaliyyətə basladım.

1994-cü ildə Texnikumu bitirib 1995-ci ildən kapitan koməkşisi kimi işləməyə başladım və nəhayət 2005-ci ildə kapitan vəzifəsinə qədər yüksəldim. Sonra bir az xarici şirkətlərlə işləyib, 2007-ci  ildə “Bue Caspian” şirkətində işə başladım. NYG “Yarenqa”, NYG “DP-2 Caspian Supporter” gəmilərində, 2012-ci ildən isə NYG “DP-2 Caspian Challenger” gəmisində  kapitan vəzifəsində çalışıram.

2017-ci ildə Kiev Dövlət Dənizcilik Akademiyasından məzun oldum, Gəmi sürücüsü fakultəsini bitirdim.

“Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq, sizin dənizçi həyatınız başqalarınn həyatından nə ilə fərqlənir?

– Dənizçilik də insan var olduqca var olan bir məsləkdir, sənətdir. Özünü məhrumiyyətlərə düçar edib, cəsurluq və fədakarlıq göstərərək həyat səlnaməsini yazmaqdır dənizçilik məsləki. Bəzən uzun müddətə ailədən, övladlarından ayrı düşməkdir. Uşaqların necə böyüməsini, hansı rəngi sevdiyini, bəzən 1-ci sinifə necə getdiyini belə görə bilməməkdir dənizçilik. Doğmalarının, canından artıq sevdiklərinin xəstəliyində yanlarında olmaq, onlara nəvəziş göstərə bilməməkdir dənizçilik peşəsi. Bir zaman gözünü açıb görürsən ki, uşaqlar universitetə qəbul olublar.

Çox vaxt dost-tanışın, qohum-əqrəbanın xeiyirində-şərində iştirak edə bilməyənlər; fırtınalı hava şəraitində insanlar evlərində rahatca dincələndə, dənizdə fədakarcasına həyatını yaşamaq, işini görmək və sair çərinliyə sinə gərməkdir dənizçilik.

Dənizçi olmayanlar bu fərqliliyi bəlkə də təxmin belə edə bilməzlər, siz isə Faiq kapitan, məni daha yaxşı başa düşürsünüz, ona görə də mənim dediklərimə əlavələr də edə bilərsiniz.

Əvvəllər XDND də işləmisiz, indi Bue Caspian dəsiniz. Bu iki idarə hansı müsbət tərəfləri ilə biri digərindən seçilir?

– Bəli, əvvəllər XDND idarəsində işləmişəm, indi isə Bue Caspian sirkətində işləyirəm. Açığı 2005-ci ildən  XDND -də işləmədiyim üçün indi oradakı vəziyyətdən çox da xəbərim yoxdur, amma o vaxtlar gəmilərin, insanların sağlamlığının təminatında, iş sistemində, xüsusilə dənizçilərin ən ağrılı yeri olan maaş məsələlərində fərqlər var idi. Bir çox təcrübəli dənizçilərimiz bu problemlərdən dolayı xarici şirkətlərə üz tutdular. Son vaxtlar isə orada işlərin müəyyən müsbət istiqamətdə getməsini, təzə, müasir gəmilərin alındığını, efirlərdə bunların işıqlandırıldığını görürük. Dənizçilərin sosial həyatı da yaxşılaşar, çox güman.

Kapitan olaraq sizdən incik olanlar çox olar, yoxsa siz olmayanda haqqınızda xoş danışanlar?

– O fikirləri məncə, işlədiyim insanlardan soruşmaq daha məqsədəuyğun olardı, çünki bir insanla işləmədən onu tanımaq mümükün deyil, həm də donanmada.

– Dənizçilərin sosial həyatı da yaxşılaşar, dediz. Bəs dənizçilərimizin sosial həyatı ilə bağlı hansı addımları atmaq olar?

– Dənizçilərimizin ən ümdə problemi ev problemləridir. Yaxsı olar ki, bəzi şirkət və donanmalar dənizçilərə bu problemin həllində kömək edəydilər. XDG QSC-nin illərdir yığılıb qalmış bu problemin həlli istiqamətində gördüyü işlər yaxşıdır. Evlər tikilir, amma bu məsələ kökündən həll olunsa daha yaxşı olar. Bunun üçün də Dononmanın daha işlək mexanizmə gətirilməsi və daha çox qazanc əldə etməsi vacib məsələdir. İşçilər arasında məqsədyönlü olaraq, bəzi həvəsləndirici tədbirlərin həyata keçirilməsi də yaxşı olardı.

Azərbaycan dənizçisinin həyatı, fəaliyyəti bəzən başqa ölkələrin dənizçiləri ilə müqayisə edilir. Bu müqayisələri aparmaq nə dərəcədə doğrudur?

– Dənizçilərin iş həyatı və fəaliyyəti hansı ölkədə yaşamasından asılı olmayaraq oxşardır. Yəni, işlədikləri sistem və çəkdikləri əziyyət baxımından eyni həyatı yaşayırlar. Amma əlbəttə ki, vətəndə işləməyin üstün cəhətləri çoxdur. Əsas odur ki, dənizçilərimizin əməyi layiqincə qiymətləndirilsin. Buna baxmayaraq hər ölkənin insanlarının öz sosial, iqtisadi, mədəni və s. yaşayış səviyyəsi vardır. Bizim ölkə vətəndaşını hər hansı İndoneziya və yaxud Britayiya vətəndaşı ilə müqayisə etmək məntiqdən uzaqdır.

Söhbət özəl dənizçilik şirkətləri ilə və dövlət dənizçiliyindən gedir, burda hər hansı istisnalar mümkündürmü?

-İstisnalar yəqin ki, həm gəminin, həm də gəmi işçilərinin əməyinin dəyərləndirilməsində, onların özlərinə və əməyinə layiqli münasibətin olmasını misal gətirmək olar.

Pandemiya ilə bağlı bir çox dənizçilərimizdə, xüsusilə də xarici ölkələrdə fəaliyyət göstərən soydaşlarımızda dəniz agentliyimizə qarşı inciklik yaranıb, sünü gecikdirmələr və sair. Sənədlərin yenilənməsi istiqamətində dəyişikliklər var.  Xüsusən, buna münasibətiniz necədir?

– Sənədlərin yenilənməsində Administrasiyanın fəaliyyətinin bərpasında bir dənizçi kimi hec bir problem görmürəm, çünki normal növbəlilik, təhlükəsizlik qaydalarına riayət etməklə işləmək mümkündür. Heç olmasa günlük limit müəyyən edib, onlayn növbə tutub sənədlərin   dəyişməsini təşkil etmək olar. Bu xaricdə işləyən yoldaşlarımızla bərabər yerli şirkətlərdə işləyənlər üçün də faydalı olardı. Eyni zamanda dövlətimiz müəyyən rüsum ödənişlərindən xeyir götürərdi, fəaliyyətsizlik böyük iqtisadi problemlərin yaranlasına gətirib çıxara bilər. Əgər təyyarə reysləri açılıbsa, digər idarələrin işləməsində də bir problem yaranmaz.

Ümumiyyətlə Agentliyin seritifikatların verilməsi və işçi diplomlarının dəyişdirilməsində xoşagəlməz söhbətlərə bir təcrübəli dənizçi kimi nə deyə bilərsiz?

– Mənə görə, hər birimizin, istər dənizçilərin, istərsə də Administrasiyanın marağında olmalıdır ki, dənizçilərimiz vaxtında sənədlərini dəyişib iş yerlərinə gecikmədən çata bilsinlər. Dənizçilərimizin sənəd dəyişməsində problem oldugu ucun işə çıxa bilməmələri kimə nə xeyir verir ki?.. Bunu sistemli şəkildə təşkil etmək hər iki tərəfin xeyirinə olar. Axı dənizçilərimizin sayı o qədər də çox deyil..

Vaqif kapitan, DSD İB-nə münasibətiniz və tövsiyyəniz nə olardı?

– DSD IB fealiyyətini ilk günlərden dəstəkləyənlərin sırasında mən də varam və münasibətim müsbətdir. Çünki dənizçilərimizə həqiqətən belə bir təşkilat lazım idi. Bunu da açıq deyim ki, sizlərin gəlir mənbəyinizin olmaması narahatçılıq doğurur. Belə ki, hər hansı bir dəstək üçün müəyyən məbləğ lazım olduqda sizin işinizdə çətinliklər yaranacağı məlumdur. Bu da dənizçilər arasında inamın itməsinə səbəb ola bilər. Üzvlük haqqı olsaydı məncə daha yaxşı olardı, çünki hamının bu təşkilatdan umduğu dəstəyin və köməyin bir qarşılığı olmalıdır. “El gücü, sel gücü” deyiblər atalarımız. Heç kəs başına gələcəklərdən sığortalanmayıb. Bilmirəm, bu doğru təklifdir, ya yox, amma xaricdə müəyyən problemləri olan dənizçi üçün macadilə etmək, hər hansı bir instansiyaya müraciət etmək zəhmət və hərəkət tələb edir.

1990-cı ilin 20 yanvar hadisələri zamanı siz dənizdə idinizmi, o günlər haqda nə deyə bilərsiz?

– Açığı, o vaxtlar mən Qara Dəniz Donanmasında xidmət edirdim, ürəyim Vətənimin və uca millətimin yanında idi.

– Müsahibəyə görə çox sağ olun.

Siz sağ olun, “Dənizçi həyatı” layihəsi ilə bizlərin həyatına, düşüncəsinə işıq tutrsuz.

Söhbətlşdi: Faiq Balabəyli

 

 

Share: