Mən sənin ömrünə qonaq gəlmədim, Mən sənə sığındım yaşamaq üçün

Əfsanə RƏVAN

Darıxmağı qollarıma yar etdim

 
Ömrüm-günüm, dəyişmədi taleyim,
Saydı elə yerindəcə bəxtim, eh…
Saray tikdim xəyalların içində,
Heç olmadı bircə quru taxtım, eh…
 
Yollar çəkdim gözlərimin ağından,
Sənsə qaldın küçəmizin tinində.
İndi elə darıxıram səninçün,
Gəlsən, bəlkə, diz çökərəm önündə.
 
Sən gedəndən, ay gözümün qarası,
Danışmağı, gülməyi də ar etdim.
Tutunmağa tapmayınca bir ətək,
Darıxmağı qollarıma yar etdim.
 
İndi daha duyğularım keyiyir,
İndi daha dərd sevinclə eynidi.
Mən ömrümü qurban etdim hər kəsə,
Təəssüf ki, heç birinə dəymədi.
 
Yuxusundan oyadaram yolları,
Küçələrin zülmətini əzərəm.
Bircə qırıq ümid varsa, gözləyim,
Gələcəyin günə qədər dözərəm.
 

Darıxmaq dərd deyil

 
Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədimki.
 
Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm..
 
Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.
 
Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.
 
Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə “qayıt, gəl,
Bir də getmə,” demirəm.
 
İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki.
 

Oyan çay dəmləmişəm

 
Bir soyuq qış gecəsi,
Qar alanda hər yeri.
Qəfil qapı açıla,
Sən girəsən içəri.
 
Don vurmuş əllərini,
Sıxıb köksümə bərk-bərk.
Sevincimdən ağlayam,
Gecədən, səhərədək.
 
Sonra sənə danışam,
Sən yoxkən olanları.
Gedişindən yaranan,
Təsəlli yalanları..
 
Eh ya da ki, nə bilim,
Susub qalam eləcə.
Pozulmaya o sükut,
Bitməyə həmin gecə.
 
Qollarında məst olub,
Deyəm sənsizləmişəm.
Bir də görəm səhərdi,
Səsləyəsənki məni-
“Oyan çay dəmləmişəm”

Son nəfəs

Getmə, intihar edər darıxmağımla illər,
Eşqimiz yarım qalar, saçıma bəyaz düşər.
Həsrətin ağır olar, unutdurar hamını,
Yadıma nə son bahar, nə qış, nə də yaz düşər.
 
Getsən, döngələr, yollar ağı deyər halıma,
Gedirsənsə, yolların taleyinə yaz məni.
Yoxluğun həyatımı elə günə salar ki,
Sən bir yana, anam da görsə, tanımaz məni.
 
Getmə, axı gedişin günəşə pərdə çəkib
Yığıb qaranlıqları başıma ələməkdi.
Getmə, qurban olaram, qadan alım, tələsmə,
Gedişin həyatımın son nəfəsi deməkdir.

Vətən-vətən qollarına gəlirəm

 
Bir də gördün, yuxuların çin oldu,
Bir də gördün qaçıb sənə gəlmişəm.
Bir silimlik suda boğub həsrəti,
Bir ovucluq sığal dənə gəlmişəm.
 
Bilirsən ki balacadı bu dünya
Bilirsən ki dağ da dağa rast gələr
Bir də gördün pəncərədən süzülüb
Ayaq səsim otağında səslənər
 
Neçə vaxtdı gülüşünə, qoxuna,
Neçə vaxtdır baxışına həsrətəm.
Mən səninçün tərk edilmiş bir ölkə,
Sən mənimçün öləcəyim bir vətən.
 
Çıx yığışdır küçələrdən həsrəti,
Sevgi döşə yollarıma, gəlirəm.
Şəhər-şəhər darıxmağı yığmışam,
Vətən-vətən qollarına gəlirəm.

Ölsəm varlığında gözüm qalacaq

 
Dərdinlə ölçmüşəm məsafələri,
Ən uzaq yolumsan, ən doğma yurdum.
Sənə qovuşmağa gün saya-saya ,
Sənli arzuları yıxıb, uçurdum.
 
Sonra yoxluğuna ibadət edib,
Önündə səcdəyə əyildim hər gün.
Mən sənin ömrünə qonaq gəlmədim,
Mən sənə sığındım yaşamaq üçün.
 
Bitib, qətrə- qətrə ərimiş canam,
Sınıb, çiliklənsəm tozum qalacaq.
Qayıt batil elə ibadətimi,
Ölsəm, varlığında gözüm qalacaq.
 
Share: