52 il öncənin sözü… – Sabir Rüstəmxanlı Fikrət Qoca haqda

 “Genişlənən üfüqlər. Bu sətirləri yazmaq istəyəndə yadıma düşdü ki, Fikrət Qocanın ilk şeirlərini mətbuatda oxuyanda “Qoca” sözünü həqiqi mənasında başa düşmüşdüm: onu yaşlı bir adam kimi təsəvvür eləmişdim.

O vaxtdan keçən illər ərzində Fikrətin yaradıcılığını həmişə izləmişəm və mənə elə gəlir ki, o, şeir yolunda əsil mənada yaşa dolmuş, “qocalmışdır”. Cəmi bir neçə il əvvəl onun ilk “Qağayı” kitabını oxumuşduq. Indi isə “Dənizdə ay çiməndə” adlı dördüncü kitabı, “Təkərlər geri fırlanır”, “Yaralıçiçəklər”, “Həkim və şair” poemaları Respublika Komsomolu mükafatını almışdır. Gənc şairin bir neçə il ərzində belə inkişafı təəccüblü deyil, poetik istedadının təbii nəticəsidir.

Fikrət tutduğu yolun müqəddəsliyinə başəyən, əziyyətlərinə sinə gərməyə hazır olan, bağlandığı sənətə taleyi kimi baxan gənclərdən, biridir. Şeirlərinin qəhrəmanı da məğrur, qüdrətli bir gəncdir. O, bugünki ağıllı, ayıqbaşlı gəncliyin fikrini ifadə edir, xalqın adından danışır. Bu lirik qəhrəman hər gün əlinin istisini, ürəyinin döyüntülərini barıya hörən fəhlə kimi əzəmətli, nağıllardakı qəhrəmanlar kimi xəyalpərvər, uşaq kimi kövrəkdir. Bəzən onun düşüncələri adama bir az qəribə gəlir; o, yolları ayaqlarına geymək, yer kürəsini təyyarə kimi harasa sürüb aparmaq, dünyaya sığmayan buludları dünyadan geniş ürəyinə doldurmaq, vahiməsini canından çıxarmaq üçün allahla vuruşmaq, yuxuların, dənizin, ay işığının ancaq şairlərə məhrəm olan dilini öyrənmək istəyir. Bütün bunlar həyata şairanə baxışın nəticəsidir.

Fikrətin şeir danışığında bəzən ilk baxışda sadəlövh görünə bilən elə təbii ifadələr var ki, bunlar şairi oxucuya daha çox sevdirir. Bu cəhətdən onun xüsusilə son əsərləri diqqətəlayiqdir.

Fikrət Qocanın şeirlərində güclü müasirlik vardır. Bu müasirlik fikrin ifadəsində, obrazlarda, şeirlərin psixoloji rənglərindəözünü daha aydın göstərir. Fikrət Qoca poetik düşüncəsindəki özünəməxsus, fərdi cəhətləri maraqlışəkildəşeirlərinə gətirməyi bacarır. Bu da onun yazılarını təbii, həyatı edir.

Şeir həyata yaxınlaşdıqca onun üfüqləri daha da genişlənir. Fikrətin yaradıcılığındakıümumi istiqamət göstərir ki, o, məhz belə bir genişliyə doğru inkişafdadır. “

***

…Bu kiçik məqaləni Fikrət Qoca haqqında 1968-ci ilin dekabr ayında yazmışdım. Üstündən yarım əsr keçir. İkimiz də yaşa dolmuşuq. Indi baxıram ki, o vaxt özümdən asılı olmadan qeyri-adi bir fəhmlə Fikrət haqqında nə yazmışamsa, düz yazmışam. Yəni, cavanlığımda onun haqqında dediyim sözləri indiki yaşımda da təkrar edə bilərəm.

60-cı illərdə onu sərbəst, mücərrəd yazmaqda ittiham edirdilər, halbuki onun şeirləri həyatın içindən, o dövrün fəhlə həyatından, gənclərin sevgi və ümidlərindən gəlirdi. Sadəliyinə və səmimiliyinə görə o şeirlərə onlarla mahnılar bəstələnib. Fikrət Azərbaycan ruhunun bir parçası olsa da, gənclik illərindən dünyanı bütöv görüb, hansı ölkədə  milli azadlıq savaşı,  haqq-ədalət uğrunda mübahisə varsa ora can atıb. Kuba, Qvineya-Bisau, Vyetnam haqqında poemalar yazıb, onları bəhanə edib Azərbaycanın dərdlərini dilə gətirib..

Sadə sözlərlə mürəkkəb mətləblərin ifadəsi onun üslubuna xas olan cəhətlərdəndir.  Fikrət ömrü boyu dünya, tarix, insanlığın taleyi, savaşlar, tanıdığı sadə və qəhrəman insanlar haqqında düşünür və yazır.  Poeziyadan çox uzaq görünən olayların poetikliyini gizli, sehirli, tərəflərini görmək Fikrət Qoca poeziyasını fərqləndirən cəhətlərdəndir. Onun ilhamı bu gün də gənclik eşqiylə çağlayır. Son illərdə mətbuatda bir neçə silsilə şeirlərini oxumuşam.  Bu şeirləri oxuya-oxuya düşünürəm ki, Fikrət elə cavanlığında da az sözlə, bəzən də gizli bir yumorla böyük mətləbləri ifadə etməyi sevərdi:

Sevgi ən uzun nemət

Həm də ən ağır işdi.

Leyli-Məcnuna qalsa,

Kökümüz kəsilmişdi.

Fikrət Qoca  səmimi, gördüyü işi gözə soxmayan, təvəzökar, etibarlı və gözəl bir insandır.

Ustad qələm sahibi ömrü uzunu  janr məhdudiyyəti bilmədən çalışmışdır. Poeziyada olduğu kimi nəsrdə də qələmi itidir və həyatın ən dramatik məqamlarını işıqlandırır.  Hansı mövzuya əl atırsa orda bənzərsiz, yalnız özünə məxsus söz deməsi hələ gənclik illərindən təsdiqlənmişdir.

Ömrünün ən bəhrəli çağında xəstəlik Fikrəti sınağa çəkdi. Bu savaşda o, səsinin gurluğunu qurban versə də məğlub olmadı. Elə bil səsi içinə çəkildi, ordan kağızlara köçdü. Adamlarla canlı ünsiyyətdə nə qədər sakit danışdısa, əsərlərində səsi o qədər gurlaşdı. İndi meydanlarda, müxtəlif yığıncaqlarda səsimiz tutulana qədər danışdığımız günləri xatırlayıram. O danışıqlarımızın çoxu uçub gedib amma Fikrətin səsi içinə çəkildi ki, daha uzun ömürlü olsun, daha uzaq gələcəyə gedib çatsın.

Fikrət Qocanı fərqləndirən bir cəhət də onun hadisələrə müdrik münasibətidir. Tərifi də, tənqidi də sakit, özünəxas bir fəlsəfi yozumla, yumorla, təbəssümlə qəbul edir.

Ustad şair artıq adına yaraşan yaşa qədəm qoyur. Lakin sözü elə cavan Fikrətin ruhu və həvəsi ilə doludur.

Əziz dostumuzu yubileyi münasibəti ilə ürəkdən təbrik edir və onun Qocalığının uzun ömürlü olmasını arzu edirəm.

Xalq şairi

Sabir Rüstəmxanlı

Share: