“Həyatımı film kimi çəksək, bu günə qədər yazılan əsərlərin,çəkilən filmlərin heç birində görmədiyimiz kadrlar görərik.” – Fatimə Əlihüseyn

Müstəqil.Az gənc şair Fatimə Əlihüseynlə olan müsahibəni təqdim edir:
-Fatimə xanım, ilk şeiriniz ?
-Düzü xatırlamıram.Çünki  uşaq vaxtı həmişə nə isə cızma- qara edər və sonra eyvandan küçəyə   atardım ki,hec kim görməsin.(gülümsəyir)
Ona görə   də ilk şeirimi xatırlamıram.Lakin işiq üzü görən ilk şeirim, 1999-cu ildə ,universitetin birinci kursunda oxuduğum vaxtlar   “Yeni Azərbaycan ” qəzetində  dərc olunmuşdu.Şeirin adı “Ay ilə  söhbət” dir.
-Şeirləriniz sizin üçün nədir?
-Deyirlər  ki, şeir şairin  övladıdır . Lakin mən şeirlərimin hər birini özümə övlad kimi qəbul etmirəm.
Çünki bəzi şeirlərimi sevmirəm.Hətta  oxuyarkən “axı bu nədir yazmışam ?” deyə sual verirəm özümə.Şeirlərim mənim üçün yol yoldaşı kimidirlər. Günümə, ayıma, ilimə ortaq məvhumlar.Hissimə şərik olan varlıqlar.Aralarında  ən  doğmaları da var mənə.
– Əhvalınıza uyğun şeirləriniz çoxdur? 
-Ruh halıma sirayət edən ,həminki real ruhi vəziyyətimi izhar edən şeirlərim var əlbəttə . Və mən düşünürəm ki, şair  bir torpaqdır.Torpağın yetişdirdiyi meyvələr,bitkilər  fərqli olduğu kimi,şairin də yazdığı şeirlər   fərqli  olur. Acısı olur,şirini olur.
 – Ən çox diqqətimi çəkən şeiriniz-“Kirayəlik ziyafət donu ” oldu. Bir verilişdə dinləmişəm o şeirinizi. Qəribə yanaşmadır.
-Bəli, bu bir çoxlarına qəribə gələn bir fenomendir. Kirayəlik don mənə görə, cansız obyekt deyil, əksinə bir obrazdır ki, çoxunun dilə gətirə bilmədiyi və yaşadığı həyatı öz varlığında əks etdirir.
-Şeirin yaranma tarixi necə oldu?
-Təxminən,7  il öncəyə təsadüf edir şeirin yaranması.Əməliyyatdan  çıxmışdım  və bir müddət yataq şəraitində, evdə qaldığım üçün kökəlmişdim. Elə bu ərəfələrdə də, qardaşım oğlunun toyu olacaqdı. Daha doğrusu, toya cəmi iki gün qalmışdı. Qardirobumdakı bütün paltarlar əynimə dar gəldi. Bir neçə dükan gəzdikdən sonra hiss etdim ki, daha taqətim yoxdur paltar axtarmağa. Gah zövqümcə olan paltara pulum çatmadı, gah pulum çatan paltar zövqümcə olmadı, gah da ölçülər uyğun gəlmədi. ( gülümsəyir )
Mənə məsləhət gördülər ki, kirayə paltar geyinim. Böyük bir ticarət mərkəzinin üst mərtəbəsində, minlərlə paltarın içindən çox gözəl, göstərişli bir ziyafət donu seçdim. Əynimə də gözəl yaraşdı. Paltar çox zərif idi. Satıcı xanımın bir cümləsi məndə qəribə hislər yaratdı. Dedi ki- “Sizdən bir gün əvvəl və bir gün sonra, paltarın sifarişçisi var. Xahiş  edirəm, vaxtında geri gətirin paltarı”. Mən başa düşdüm ki, həmin gün paltarı geyinəcəklər. Behini verib,evə qayıtdım. Sabahısı günü, dükandan paltarı götürüb, toya geyindim. Həmin gün,toydan sonra  paltarı qatlayıb paket
ləyərkən, içimdə doğulan hisləri qələmə almışdım. Sadəcə, içimdə qərib bir təəssüf, ağrı vardı.O paltardan ayrılmaq istəmirdim əslində. Həm də ona ürəyim ağrımışdı. Gözəl idi, bahalı idi. Amma həm də, yıpranmışdı sanki. Üzgün idi, yorğun idi.
-Xahiş etsəm,şeiri söyləyərsinizmi?
(gülümsəyir və o gözəl səsi ilə şeiri söyləməyə başlayır)
-Bir mankendən,yüz bədənə köçən gözəl,
Beş saatlıq xatirəni müvəqqəti biçən gözəl,
Daş-qaşından,zər-zibandan məmnunmusan?!
Hər vücuddan üzərinə bir yad qoxu çəkən gözəl,
Hər gecədən gözlərinə bir yad yuxu çökən gözəl…
Taleyinin qismətinə düşən paydan məmnunmusan?!
Bənövşətək boynubükük, məlul,müşgül,
Kirayəlik qadınlartək müştəri gözləyən gözəl,
Kirayəlik sevincləri paylamaqdan məmnunmusan?!
Hər xanımın qarşısında min naz ilə,
“Məni apar,məni apar!”haylamaqdan məmnunmusan?!….
Dilin olsa,nə deyərdin?…
Deyərdinmi:”Yorulmuşam bu şöhrətdən,
Bircə sahibim olsaydı,ömrümü ona satardım…
Hər gecə doğma yuvamda,öz dolabımda yatardım…
Eyş-işrətlər məclisində ucalmaqdan iyrənmişəm!
Bir dükanın vitrinində qocalmaqdan iyrənmişəm!”…
Belə desən,düşünərdim:”Elə bilmə,zavallısan,
Ruhun qumaşdandır amma,çox puç ruhdan heyrətlisən…
Bir də,nə olsun paltarsan, ən azından,
Kirayəlik qadınlardan milyon kərə qeyrətlisən!”…
(araya bir neçə saniyəlik sükut çökür)
-Cansız bir paltara qarşı bu qədər həssas yanaşan insan, məncə insanlara qarşı da belə olmalıdır.
-Mübaliğəsiz şəkildə ifadə edə bilərəm ki, çox həssasam. Lakin bu hər insana qarşı olmur   məndə. Neqativ enerji  aldığım insanlardan uzaq dururam.
-Ən doğma şeiriniz hansıdır?
-Ən doğma şeirim, qələmimə ithaf etdiyim şeirdir.
– Övladlarınızda bu istedadi, bu qığılcımı görürsünüzmü ?
Qızım kiçik yaşlarında , özünəməxsus  gözəl, kiçik nağıllar məqalələr yazardı. Amma indi bu həvəsi yoxdur. Görürəm ki, başı öz dərslərinə, ixtisasina qarışdığına görə, daha  yazmır. Amma mütaliəsiz deyil. Mütəmadi olaraq ,istər ədəbi-bədii, istər tarixi, detektiv əsərlər oxuyur. Sonra bir yerdə  müzakirə edirik. Bəzən bilmədiklərimi ondan öyrənmiş oluram.
-Qızınız məktəblidir?
-Neft Energetika kollecinin  2-ci kurs tələbəsidir. Hədəfimiz Ali məktəbdir. Görək də,qismət. Oğlum isə 8-ci sinfə keçdi. Boksla məşqul olur. Uşaqlarımın mənlə müqayisədə, daha çox realist olmaları məni çox sevindirir. Çox vaxt onlar məni aşırı duyqusallığa, təsadüfi  insanlara inandığıma  görə məzəmmət edirlər. Onlar mənim bir çox hallarda təşvişlə yanaşdığım hadisələri çox sakit, soyuqqanlılıqla qarşılayırlar. Hər bir halda,
Allah bütün balaları qorusun !
-Övladlarınıza ithaf etdiyiniz şeirlər varmı?
-Əlbəttə,  var.
-Adətən hansı zamanlarda yazmaq gəlir içinizdən?
-Yazılmaq zamanı gələrsə, təbii ki şeir  doğulmazdan öncə müəyyən təsir altına düşməlisən, müəyyən hislər yaşamalisan, şeiri yazdıracaq  hislər olmalıdır. Hal olmalıdır. (gülümsəyir)
Burda zaman fərq etməz. Günorta yol getdiyin zaman ola bilər, gecə də ola bilər.
Əsas şeiri yazdıracaq hislər yaşansın.
-Heç olubmu içinizdəki təlatümü şeirinizlə çıxarmısınız? Yoxsa onu şeirinizdə əks etdirməklə kifayətlənmisiniz?
-Bəzi şeirlər var ki, hər dəfə onu oxuduqca illər kecsə belə, həmin o təlatümü yaşayırsan.
-Növbəti kitabınızın adını nə qoyardınız?
-Növbəti kitab uşaqlara həsr olunacaq.Adını hələ düşünməmişəm.
-Özünüz haqda əminliklə deyə biləcəyiniz cümlələr varmı?
-Əminliklə onu deyə bilirəm ki, kimsəyə pislik etməmişəm. Olubsa da, bu bilərəkdən əsla ola bilməz. Hamımız haqqa qovuşacağıq. Bir gün hesab günü gələcək və əminliklə deyə bilirəm  ki, heç kimə pislik etməmişəm, etmirəm və etmərəm inşaAllah. Buna qəlbim, hislərim  rəvac vermir. Əminliklə deyə bilirəm ki, dostluğu, yoldaşlığı bacaran biriyəm. Mənlə dost olmaq çox asandır. Eyni zamanda, mənim həmin o münasibət bağını qırmağım da çox asandır. Düşmən olmuram. Sadəcə ürəyimdən ürəyinə ötürdüyüm istilik soyuyur, bağlar qırılır.
-Bəs bu istiliyi nə soyudur, bu bağları nə qırır?
-Mən maksimalistəm.Tanıyanlar bilir bunu. Gərək özüm qədər səmimi olsun. Özüm qədər doğmalıq ötürən ,güvənli olsun. Özüm qədər diqqətcil və qayğıkeş olsun, fədakar olsun. Əks halda bu dostluğa deyil, sadəcə salam-sabaha xatir, ayda-sayanda qurulan kiçik dialoqlar çərçivəsində ünsiyyət ortaqlığına  çevrilir.
-Mənfi xüsusiyyətləriniz varmı?
-Çox.(gülür)
Çox səbrsiz, əsəbi, hövsələsiz, tələskən. Tez küsən. Hələ mənə bağçaya getdiyim vaxlarda, qrup yoldaşlarım “Küsəyən quş” deyirdilər. (gülür)
Anamın qrupunda idim axı.Ona görə,hamı əzizləyirdi məni.Hətta uşaqlar  da.Yaşa dolduqca isə ən  çox məni utandıran halım -əsəbləşən kimi, məkanından asılı olmayaraq ağlamağım. Yəni emosiyalarımı heç cür  idarə edə bilmirəm. Çox tez ruhdan düşürəm. Dəfələrlə çox böyük  gəlirləri ola biləcək məqamları, işləri, layihələri  yarımçıq qoymuşam. Sadəcə ruhdan düşdüyüm üçün. Bir də tez yoruluram. Bəzən öz səsimdən, öz sözümdən belə yoruluram.
 -Bəs müsbət xüsusiyyətləriniz hansılardır ?
-(susur,gülümsəyir)
Bilmirəm. Bilənlər və Allah bilir bunu.
-Allah demişkən ,dini şeirləriniz çoxdur. Allahın adlarına aid şeiriniz də vardı. Xatırlayıram.
-Allahın isimlərinə xitabən yazdığım şeiri, hardasa  8
 il əvvəl yazmışam.
El-Səlam, al salamım, nitqə gümanım tükənir,
Er-Rəhim, rəhmini qıl, dinim-imanım tükənir.
Son misrası belə idi ki-
En -Nur, ehsan qıl, şövqünə möhtacdı  könül,
Tələsir, ləngiyirəm, bir də zamanım tükənir.
Bütün xitablar içində,  ərklə gecə demədən,gündüz demədən üz tutduğumuz   ünvandır. Olduğumuz  kimi bizi  qəbul edən tək varlıqdır. Ona həmd olsun. Lakin mən, Allaha ithafən yazdığım şeirləri ilk kitabımda çapa vermədim. Dünyavi hislərə qarışdırmaq istəmədim ona olan məktublarımı. Bəlkə nə zamansa, ancaq irfani əsərlər toplusunu bir kitabda dərc  edərəm. Bura nəsr də əlavə oluna bilər. O qədər  çətin anlarımda,  Allah öz möcüzəsini göndərib ki. Bəzilərini nəzm deyil, nəsrlə yazıb saxlamışam.
-Sandıq ədəbiyyatı, eləmi?
– (gülümsəyir) Həvəsə gəlim, çıxaracam sandıqdan.
– Axı zaman daralır. Özünüz şeirdə dediyiniz kimi.
– Haqlısınız. Lakin məişət imkan vermir yaradıcılığa. Gəlin bu mövzunu qapayaq, lütfən. (gülümsəyir )
– Əruz vəznində də  yazırsınız. Çətin deyil ki ?
– Bu janr bizə klassiklərimizdən ötürülən mirasdır ki, bizlər də onu qorumalı, yaşatmalıyıq. Əruzda yazmağın digər bir maraqlı tərəfi də var ki, şeiriyyata müəmma, ikimənalılıq qoya bilirsən.Məsələn,bir qəzəlim var. Məqtə beytinə qədər, oxucuya elə gəlir ki, müraciət sevgiliyə, əks cinsədir. Lakin, məqtə beytində açılır ki, müraciət Ilahi varlığadır.
-Həmin qəzəli söyləyə bilərsinizmi bizə?
-Tam xatırlamıram.Telefondan oxuya bilərəm.
Sürgünəm,gör bir çəkib,bəxtim məni hardan-hara,
Kor bələdçi yol verən ,məğmun düşər  dardan -dara.
Ey könül mehrabımın bənnası,bilməm hardasan?
Gəl yetiş,sınmış,çiliklənmiş bu qəlbim ,min para!
Zülmətə atmaz sevən sevdalısın,rəhm eyləyər,
Sən küsəndən gündüzüm məhbus qalıb axşamlara.
Ruhumu qəhr eyləyən bəd kölgələr üstümdədir,
Mən yetişməm,gücsüzəm,gəl tövbəkarı sən ara!
Ruzigarım olmadı şirin  uşaqlıqdan mənim,
Ehtiyacımdır,vəfadarım gəlib boynum sara…
Fatimə gözlər səni,ey sevdiyim , ünvan həmən,
Qüsl alım mey* badəsindən,zövq alıb ,xəlvətsəra*…
Xəlvətsəra-gizli yer,namaz otağıdır.
Təsəvvüfdə mey-ilahi eşqdir.Allaha olan məhəbbətdir.Canan-Allahdır.Belə  gizli kodlarla şeir yazmaq,həm də  çox maraqlıdır. (gülümsəyir )
-Bildiyim qədəri ilə, müəllimlər institutunu bitirmisiniz. Ixtisasınız üzrə orta məktəbdə işləyirsinizmi?
-Bəli,N.Tusi adına pedaqoji universitetin filologiya fakültəsini bitirmişəm. İxtisasım üzrə, orta  məktəbdə işləməmişəm. Yəni illər öncə işləməyə ailəm izn vermədi. Həyatımın son beş ilində isə bir neçə dövlət və özəl müəssisələrdə çalışmışam.
-Sirr deyil ki ? Bilmək olarmı ?
-Sirr deyil, əlbəttə. Ilk işim 3 saylı uşaq evində tərbiyəçi- müəllim, eyni zamanda qəzetdə müxbir, digər qəzetdə şöbə müdiri, “İs-Alyans”, “Hello kids” adlı kurslarda repetitor kimi, “Best fm”, “Milli fm” adlı radiolarda aparıcılıq  kimi fəaliyyətim olub.
-Hal-hazırki işiniz?
-Bu yaxınlarda, pandemiya ilə əlaqədar, kurslar da bağlandığına görə, artıq bir neçə aydır ki, bünövrəsini qoyduğumuz bir layihə üzərində çalışırıq. D ostumla birlikdə böyük həvəslə başladığımız   fəaliyyətimiz haqda  açıqlama verəcəm. Amma h ələlik, qalsın. Birdən nə isə  tərslik olar, pərt olaram.(gülümsəyir)
-Bayaq, möcüzə dediniz. Həyatınızın möcüzələrindən danışa bilərsinizmi?
-Hər bir insan həyatı bir kitabdır. Romandır. Filmdir. Mənim həyatımı film kimi çəksək, bu günə qədər yazılan əsərlərin,çəkilən  filmlərin heç birində görmədiyimiz kadrlar görərik. Vəhşətin ən tükürpədicisini , möcüzənin ən inanılmazlarını görərik. Həyatımda çox möcüzələr oldu.Hamısını danışsam, ucundan tutub, ucuzluğa getmiş olaram (gülümsəyir və gözləri yaşarır)
Amma bir möcüzəm var, adı Ülkərdir.O qadın, bircə kəlmə- “Səsin xoşuma gəlmir quzum, niyə üzgünsən?” dedi və ömrümə möcüzə kimi gəldi. Dünyanın ta, o başından. Dost oldu, ana oldu, bacı oldu. Qardaş oldu,sirdaş oldu.
Allah belə istədi yəqin ki. Allah belə məsləhət verdi ki,belə oldu.
-Ali savadlı,gözəl bir xanım nə üçün şeirində-” Palçıqlı küçələrdəyəm” yazsın?
-Bu şeir əslində……(susur,sonra davam edir)
Mən uzun illər eyni yuxunu görürdüm.(gözləri dolur və gülümsəyir)
-Yuxuda  palçıq görmək şan-şöhrət,zənginlik əlamətidir.
-Nə gözəl! (gülümsəyir )
O zaman, yuxum çin çıxarsa, sizin payınızı mütləq tutacam.
-Hansı şeirinizə mahnı bəstələnməsini istərdiniz?
-Düzü,mənim özümün bir bəstəm və şeirimə bəstələnən iki mahnı oxunub,gənc müğənnilər tərəfindən. Sadəcə, keyfiyyət tam ürəyimcə olmadığına görə, pafosla təqdimata gərək görmürəm.
Amma bir şeirimə-anama ithafən yazdığım şeirimə, bəstəkar Arif Səlimov çox gözəl  mahnı bəstələyib. InşəAllah,aranjiman olunacaq. Təbii ki, bir çox şeirimə mahnı bəstələnməsini arzu edirəm .Öz bəstələ rimin də oxunmasını istərəm. Düzdür,musiqi savadım yoxdur mənim. O vaxt filarmoniyada dinləmiş və bəyənmişdilər bəstələrimi.Pianoda ifa etmiş və özüm oxumuşdum. Tapşırmışdılar ki,mütləq dərslərə gəlim, notları öyrənim.
Amma anam izn vermədi.Nə isə.(gülümsəyir )Bu çox uzun bir nağıldır.
-Kəskin tənqidi yazılarınız var.Bəzilərini satira ilə oxucuya çatdırmısınız.
-Bəli,bəzilərini satira,məsxərələrlə yazmışam.Amma yazmaq istədiyim daha çox mövzular var.Yazmadığım,yaza bilmədiyim çox şeylər var…
-Sizə bol-bol yaradıcılıq uğurları arzu edirik.Uğurların zirvəsini fəth edəcəyinizə,şübhəsiz inanırıq!
-Çox sağ olun Könül xanım,Allah sizləri qorusun!
                     DOSTUM
Ehh ,dəli gəncliyim, dolu gəncliyim,
Səni harda gəzim, harda axtarım…?
Ehh,ötən gəncliyim,itən gəncliyim…
Dövr edən zamanı necə saxlayım ?!
Mən ki, yaşamıram…
Qəlbim döyünür…
Divardan asılmış köhnə saattək…
Əqrəblər vurduqca ömürdən gedir…
Əqrəblər vurduqca həsrət,nisgilli,
Arzudan istəkdən,ümiddən gedir…
Sevdalı dünyamın səhifələri ,
Qurumuş ağacın yarpaqlarıtək,
Ağrıya-ağrıya torpağa enir…
Əqrəblər vurduqca ömürdən gedir…
Sən acı halıma, ömür yoldaşım…
Mənim hər anıma,həmdəm, sirdaşım…
Sevincim, qəhərim,kədərim,qəmim…
Ovcumun içinə sadiq qələmim !
Tək sənlə ovutdum yanan qəlbimi…
Tək sənlə qorundum iblis xislətdən…
Hey cırmaqlaşdıqca tərəddümlə,
Ovcuma sığındım xain niyyətdən…
Daha deməyə də sözüm qalmayıb…
Sənin vəzifənin sonu çatırmı ?!
Bir ömür min ilin torpağı kimi,
Tapdana- tapdana sona çatırmı…?!
Qəlbimi, ruhumu ağ kağızlara,
Sayıq sürücütək daşıyan dostum,
Bu daşlı-qayalı ömür yolunu,
Mənimlə birlikdə yaşayan dostum.!
Sahibin savaşdan,yaralı, yorğun,
Qayıtmış bir aslan timsalındadır…
Deyəsən,qanını zəhərləyibdir,
Ovlayıb yediyi timsahın dadı…
Həyat yaşamaqçün salınmış yolsa,
Ömür də,insanın yolluq çörəyi…
Kimin qismətinə yağlısı düşər,
Kiminsə, yavanlıq olar dirəyi…
Mən belə aralı-ayrı gəzəndə,
Səndən bezdiyimi düşünmə dostum!
Əl-ələ tutunub şer yazmasaq,
Ovcumdan uzaqda, üşümə dostum!
Solğun aynalara giley-güzarlı,
O qızı axtaran baxışlar qaldı…
Zaman öz işini görübdür ancaq,
Alnıma saldığı naxışlar qaldı..
Sən önə baxmağı öyrət ki,mənə,
Əbədi arxada gözüm qalmasın..
Sən doğru yazmağı öyrət ki,mənə,
Boşa söylənilmiş ,sözüm qalmasın…
Dostum,gərəyimsən ehtiyacımdan,
Çıx,məndən aldığın vəfa borcundan !
***
Yurdumun gör nə gözəl cahü-cəlal,sərvəti var!
Həm də,evsiz dolanan,ac-yalavac milləti var…
Xoş gəlib üzdəniraqlar şəhərin mərkəzinə,
Ən gözəl nemətimizdən qapacaq,qisməti var…
Məktəbin dərdi alıb indi şəhid ailəsin,
Verdilər canlarını uğruna,heç qiyməti var?
Bayrağım dalğalanır ahu-güzarla Xəzərə,
*Sarmaşan ulqumuna,Məmməd Əmin qeyrəti var…
Təngə gəlmiş qocalar,hey sarıyır yolda dizin,
Bankomat saydığı o beş paraya nifrəti var…
Parlayır,şux bəzənib,nazlı Bakım sübhə qədər,
Əcnəbi pintilərə,çün hələ çox xidməti var…
Qiybətin etmə daha,Fatimə,görsən üzünə,
Söyləyərkən ,hünər ilə,o sözün qüdrəti var!
*Bayrağı obrazlı şəkildə ifadə etmişəm…Ülqumu dirəyini nəzərdə tutmuşam…
***
Kinayəli satira…
İkicə gün qalıb artıq yeni il gəlməsinə,
Bazarın qiyməti qalxıb yenə dağ pilləsinə…
Qapıdan mən qovuram,təb bacadan zühr eləyir,
Aç burax sən qələmi, dəftərə yağ gilləsin ə!
Can kasıb,borca görə, heç utanıb,ar eləmə,
Əlinin şapkəsini qoy Vəlinin kəlləsinə…
Ta qədimdən belədir,kastalar ilə yaşayıb,
Harda gördün ki,gələ bəy  nökərin gülləsinə?!
Yalvarır bir manata beş dənə salfetka satan,
Sənsə  çay içməyə  qalx Aztv-nin qülləsinə…
Nəyinə lazım onun hay verə xalqın səsinə?!
Gələcək bir gün ama, Xaliqanın silləsinə!
*Dili də dilçəyi tək, vardı bizim Fatimənin,
Ver lapatkə əlinə, bağ-bağatı gülləsin ə!
***
Bölürəm bu mehrin  hesabatını…
Ağı sənin olsun,qarası mənim…
Rahat ol, ziyanı özüm ödərəm,
Ahı sənin olsun,bəlası mənim!…
Bir də ayağına qayıtmaz geri…
Qoymam o ümiddən birin də diri!
Canın ağrımasın , qoparsa biri,
Qaysaq sənin olsun,yarası mənim…
Gedirsən,arxana dönmə,dayanma!
Min dəfə yandığın alovda yanma!
Deyirdin:”Sənindir bu ömrüm”amma,
Bilmədim” o ömrün “harası mənim…
***
            Palçıqlı küçələrdə
Çox şey dəyişməyib ki…
Tərk edəndən”həmin”əm…
Məni düşündüyündən,
Adım kimi əminəm…
Yenə eyni yuxular …
Palçıqlı küçələrdə…
Yenə nəfəsi soyuq,
İnsafsız gecələrdə…
Yenə mətbəxdə,gizlin,
Soğan öpər gözümü…
Yenə yad divarlara,
Pıçıldaram sözümü…
İçim çölümə ögey,
Öz-özümdən sürgünəm…
Sən yağmalayan gündən,
Ruhumdan didərginəm…
Bir vaxt sən idin dünyam,
Neyləyərdim özgəni?
İndi lənətləyərəm,
Görər-görməz kölgəni…
İsitmədin istinə,
Tüstünə boğdun məni…
Bu günəşli dünyadan,
Zülmətə qovdun məni…
Yuxum gerçəyə döndü…
Bax, həmin gecədəyəm…
Əlim,üzüm bulaşıq…
Palçıqlı küçədəyəm…
Daha,o dağ vüqarı ,
Daşımıram çiynimdə…
Qürurum da daralıb,
Nimdaşlaşıb əynimdə…
Yalanımı tut artıq…
Çox şeyi dəyişmişəm,
Mən yaşamaq uğrunda,
Ölümlə döyüşmüşəm…
Səni arzulamıram,
Dərdimlə,qınağımla…
İşığa yol qazıram,
Dişimlə,dırnağımla…
Məni xatirəndə gəz,
Danışmayım,dinməyim…
Sən geriyə səsləmə ,
Mən geriyə dönməyim…
Söhbətləşdi:
Könül Zöhrab.
Müstəqil.AZ
Share: