30-40 nəfərlik toyların keçirilməsinə icazə verilə bilərmi? – Baş İnfeksionistdən AÇIQLAMA

Millət vəkili Fazil Mustafa yas və toy mərasimlərini tənzimləməklə bağlı maraqlı təkliflə çıxış edib.

BAKU.WS xəbər verir ki, deputat 30-40 nəfəri keçməmək şərti ilə toyların keçirilməsini mümkün sayıb.

Onun fikrincə, belə olacağı təqdirdə toya yalnız bir nəfərdən artıq müğənni çağırılmamalı və tədbir şənlik formasında keçirilməlidir: “Toy və yas mərasimlərində 30-40 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.

Toy və yas mərasimlərinin 30-40 nəfəri keçməmək şərti ilə təşkil olunması tibbi baxımından nə dərəcədə doğru olmasını və yoluxma sayına hansı təsirləri göstərə biləcəyini dəqiqləşdirmək məqsədilə Azərbaycanın baş infeksionisti Cəlal İsayeva müraciət etdik.

O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, bir həkim və mütəxəssis kimi insanların çox toplaşmasının əleyhinədir: “Bilirsiniz, xəstəlik çox toplaşım yerlərində ara məsafəsi gözlənilmirsə, maskadan istifadə olunmursa, yoluxma ehtimalı çox yüksəkdir. İstər bu toy, istərsə də yas olsun eyni haldır.

Toy mərasimlərində aydın məsələdir ki, insanlar yemək yeyəcəklər. Hansı insan onu maska ilə yeyəcək? Bundan əlavə toyda iştirak edəcək şəxslərin adi halda maskadan istifadə edəcəyi də sual altındadır.

Toy mərasimlərində rəqs edən zaman və ya deyib-gülən zaman kimlər maskadan istifadə edəcək? Bu, təhlükəlidir. Hər-halda deputatımızın belə bir təşəbbüs irəli sürməsi də normal haldır. Buna Operativ Qərargah baxmalı və qərar verməlidir.

Sosial məsafə gözlənilərsə, maskadan istifadə olunarsa, açıq havada təşkil edilərsə, çağrılan qonaqların sayı az olarsa, bu istiqamətdə mexanizm hazırlanarsa, icazə verilməsi mümkün ola bilər”.

Share: