Biri yoxdu…biri vardı…(Esse.)

Əzizim olmayaydı…
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm, 
Heç biri olmayaydı…

Həyat həmişə gözləmədiklərimizdən ibarət olub…
Əlimə qələmi aldığım andan elə bildim gəlib yanımda oturmusan…O məsum üzünün cat verən kədərinə baxa bilmirəm…
Taleh balam, həyat ayrılıqdan və ölümdən yoğrulub…
Bəzən bir ömür balalar ata, ana özləmiylə yaşayır bəzən əksinə…Atalar, analar övlad acısıyla ömrünü başa vurur…
Gedişin bir ananı ömürlük həsrətə, bir körpə balanı həyat boyu atasızlıq acısı yaşamağa vadar etdi…
Sən getmədin ki…Allah özü səni acılarından alıb yanına apardı…bəlkə o ağrıyan ürəyin sakit ola.
Hardasa bir vağzalı çalınmışdı…Onda sən yoxdun hələ…Bir sevgi vardı sadəcə…Səni dünyaya gətirəcək…
Sən gəldin və körpə gülüşünlə dünyanı işığa boyadın…Amma biz böyüklər bəzən bu işıqda içimizi görə bilmirik…bu işığı qoruyub saxlamağı bacarmırıq… Səni də gozləmədiyimiz o ayrılıq deyilən bir nəsnə öz ağuşuna aldı…Körpə təbəssümün bəzən dodağında dondu…
Hələ körpə ürəyin həyatın agrı-acısına bərkiməmiş ata əvəzi Abbas babanı itirdin…Bax onda ürəyində çat yarandı…Daha bir ölüm nənən Zemfira xanımı apardı… Onda da ürəyin cat-çat oldu…

Böyüdün…İcində körpə qalan balam…O vağzalı səninçün də çalındı…Amma gözləmədiyin bir ayrılıq yanında oturmuşdu…Gözlənilən bir sevinc bir il sonra qapını döydü…
Balaca Zemfiran dünyaya gəldi…Körpə Memi səni ata kimi xoşbəxt etsədə uzun sürmədi bu səadət…
Səni körpə balanın gülüşünə həsrət qoyanlar gorəsən utandımı? Atanı da bu ayrılıq öz qara caynaqlarına aldı… Bu dəfə ürəyin çilik-çilik oldu…
Ata itkisi bir kəs həyatını darma-dağın etdi… Bəzən dərdlərini, incikliklərini, ağrılarını gotürüb ata məzarının üstünə getdin…Qaytara bilmədin onu evinə…Gedənlər geri dönmürlər əzizim…
Yatağının yanında boş qalan bir cüt körpə ayaqqabısı hələ də içimi göynədir…Bir ayrılıq o ayaqqabının sahibini, sənin də Zemfiralı günlərini götürüb aparmışdı…
Anan ürək həkimi idi…minlərlə insanı sevindirmişdi… Nə qədər insana ömründən pay vermişdi…Sənin usaqlıqdan sınan, çilik-çilik olan ürəyini sağalda bilmədi…ömründən pay verə bilmədi…Çünki ürəyin hər dərdini içinə gizlətmişdi…
Taleh balam, götürüb ürəyini getdin…Getdin qayıtmamaga…Getdin bu dünyanın ağrılarını öz cənnətində unutmağa…

Əzizim lala dağı,
Bürüyüb lala dağı…
Allah heç bir anaya,
Verməsin bala dağı…

Anan Azədə xanım ğöz yaşları içində bəzən Tanrıya asi düşür…Yoxluğunu qəbul edə bilmir…
Qınamırıq onu…Bacarmırıq…
Balaca Memi hələ həsrətin nə olduğun bilmir…hələ ölüm adlı mələyi tanımır…
Günlər, aylar, illər kecəcək…Sənsiz sənin parçan böyüyəcək…Və bir gün qonşu usaqlar ata deyib yüyürəndə körpə urəyi atlanacaq …O da səni axtaracaq…
Bax onda dünya yalan olacaq…
Dünya öz yerini həsrətə, kədərə, ayrılığa verəcək…Balaca Meminin atasız dünyasında kuləklər əsəcək…fırtınalar qopacaq…yağmurlar yağacaq…

Biri yox idi, biri var olacaq…Sadəcə ağrı şəklində…
Gözəl balam, niyə götürüb özünü getdin…???
Axı sənin hələ borcların vardı…Ata kimi…övlad kimi…
Yarımçıq ömürlüm…Yarımçıq arzuların üçün Allah anana ömür versin…Çəkdiyin rəsm əsərlərini, yazdığın povesti araya-ərsəyə gətirsin…Balaca Meminə az da olsa səni əvəz etsin…

Aləmzər SADİQQIZI

Share: