Ramiz Hüseynov: 18 nəfər dənizçi Qarabağa yola düşdük,Ağdərə istiqamətində gedən döyüşlərə qatıldıq

Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İB-nin birgə hazırladığı, Dənizçilərimiz və digər çoxsaylı oxucularımız tərəfindən rəğbətlə qarşılanan “Dənizçi həyatı” layihəmizin budəfki qonağı, hazırda uzaq səfərlər kapitanı olaraq Səudiyyə Ərəbistanının Posh Singapore (Saudi Branch) şirkətinin “Posh Spingbok” gəmisinin kapitanı işləyən Ramiz Hüseynovdur.

 -Ramiz kapitan, necəsiniz? Çox vaxt Vətəndən uzaqda olursuz, darıxmırsız ki?

-Salam hörmətli Faiq bəy, təşəkkür edirəm Sizə və DSD İB-nin əməkdaşlarına ki, bizləri, yəni vətəndən uzaqlarda çalışan dənizçilərimizi də unutmadığınız və hətta deyərdim ki, mütəmadi olaraq əlaqə saxladığınız üçün.

Qayıdaq sualınıza. Çox sağ olun yaxşıyam. Dünyanın hansı tərəfində olursan ol, istər dənizdə, istərsə də sahildə, Vətən üçün darıxmamaq mümkün deyil. Sizi inandırım ki, hətta evdə olarkən istirahət vaxtının bitməsinə bir neçə gün qalmış artıq başlayırsan darıxmağa. Çünki bilirsən ki, sən artıq bir neçə gündən sonra bu Vətəni uzun müddət görməyəcəksən. Dediklərimi həmkarlarım da təsdiqləyərlər. Hətta Xəzərdə işləyən vaxtlarda da dənizçi dənizə çıxmadan artıq ev və yaxınları üçün darıxmağa başlayır. Siz özünüz uzun illərin dənizçisisiniz və bu kimi halları yaşamamış deyilsiniz.

-Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq? Qeyd etdiyiniz kimi uzun müddtdir ki, dənizçi həyatı yaşayırsız, necədir bu həyat, yaşamağa dəyər?

-Bəli, düz buyurursunuz. Mən dənizdə 1985-ci ilin May ayından şagird-matros kimi işləməyə başlamışam. Deməli artıq 35 ildir ki, həyatımı bu sahəyə bağlamışam. Sözsüz ki, hər bir sahənin öz çətinlikləri var və eləcə də bizim çalışdığımız sahənin. Amma ki, çətinlikləri tərəziyə qoysan deyərdim ki, biz tərəf daha ağır olardı. Mən bir çox dost -tanışlarla həmsöhbət olarkən və ələlxüsus da dənizçi olmayan dostlar, Dənizin bir romantika olmasın qeyd edirlər. Mən həmişə onlara cavab vermişəm ki, dəniz sahildə bir qayanın üstünə qalxıb seyr edilərkən romantika olur, fırtınaya düşəndə yox. Amma bu peşəni seçdiyimə görə peşman da deyiləm və deyərdim ki, düz edib bu peşəni seçmişəm. Bəli,  bu həyatı yaşamağa dəyər.

– Hazırda Vətəndəsiniz, sözünüzdə, səsinizdə gümrahlıq var, qürbətin havası necə olur?

-Bəli, hal hazırda vətəndəyəm. Şablon sözlərdən kənar olsun, amma doğrudan da Vətənin havasını heç bir yerin havası verə bilməz. O da ola Azərbaycan kimi bir Vətən. Dünyada Azərbaycanın ərazisi qədər ərazisi olan elə bir ölkə varmı ki, bu qədər gözəlliyi, iqlim qurşağını özündə birləşdirsin? Var isə də mən tanımıram. Qürbətin havası isə sıxıcı olur.

-Siz Ağdamın Mərzili kəndindənsiz. Torpaqlarımız düşmən caynağı altındadır, ayrılıqlar boyunuza biçilib, deyin, qürbətdə yurd, el oba üçün, ömrünüzün uşaqlıq, yeniyetməlik, gənclik vaxtı keçdiyi yerlər xatirinizə gəlirmi, darıxırsızmi?


-Bəli, bizim  Mərzili kəndi Ağdamın həm sahəsi və həm də əhalisinin sayına görə ən böyük kəndi idi. Müharibə bizim kənddən də yan keçmədi və bu gün çox təssüflər olsun ki, Qarabağın digər əraziləri kimi bizim kənd də işğal altındadır. Kəndimiz təxminən 40 Şəhid verib. Mərzili kəndi ümumiyyətlə Azərbaycanda öz ziyalıları və elm xadimləri ilə tanınan bir kənd olub. Bu kənddən səhv etmirəmsə təxminə 40 alim çıxıb. Mərhum Xudu Məmmədovu bu gün nəinki Azərbaycanda eləcə də dünyanın aparıcı elm və təhsil ocaqlarında tanıyanlar az deyil. Bir kənddən 40 elm adamının çıxması özü elə bu kəndin vaxtilə necə inkişaf etmiş olduğunun bariz nümunəsidir. Bəli, mən o yerlər üçün, öz kəndimiz üçün çox darıxıram. Amma öz kəndimiz üçün nə qədər darıxsam da, Ağdam üçün darıxmağımın yerini verə bilməz. Özümə söz vermişəm ki, əyər işğala son qoyulsa və biz o torpaqlara qayıdası olsaq mən ancaq Ağdamın içərisindən keçməklə öz kəndimizə gedəcəm, hətta kəndimiz Ağdamdan əvvəl azad olsa belə. Ağdamsız Mərzili mənim üçün yoxdur. Doğma yerlər üçün darıxmaq isə həmişə var, istər qürbətdə ol, istərsə də vətəndə. Yəni Vətəndəyik və eyni zamanda da doğma el obasız.

-Cəbhədə baş verən son hadisələr sizi dənizdən üzü səngərə tərəf çəkirmi?

-Düzünü deyim ki, yur-yuva itkisi, Azərbaycan torpağının işğal olunması şəxsən məni üzü səngərə tərəf həmişə çəkib. Hələ 1991-1992-ci illərdə könüllü olaraq öz doğma kəndimizdəki əsgərlər ilə bir yerdə olmuşam, vuruşmuşam. Daha sonra, yəqin ki, Siz də məlumatsız deyilsiniz ki, 1993-cü ilin payızında təxminən iyirmiyə yaxın dənizçi öz ərizəmizlə könüllü olaraq orduya yazıldıq. Bakıda N-saylı hərbi hissədə bir həftə təlim keçdik və sonra (səhv edərəmsə döyüşçü dostlarım səhvimi düzəldərlər) 18-nəfər yola düşdük Qarabağa və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdik. Əfsuslar ki, döyüşlər bizim üçün itkisiz keçmədi. İlk olaraq 1994-cü ilin Yanvar ayının 9-da İlyas Hüseynovu itirdik. Daha sonra Yanvar ayının 15-də İlqar Poluyev Şəhid oldu. Üçüncü Şəhidimiz Ramiz Hacıyev idi. Onun nəşi bir gecə, ermənilərlə aramızda məsafə çox qısa olsa da neytral kimi sayılan yerdə qaldı. Yanvarın 17-də hücum təşkil edib çox çətinliklər bahasına olsa da Şəhid Ramiz Hacıyevin nəşini çıxarda bildik. Demək olar ki, gedənlərin və sağ qayıdanların heç birindən bu döyüşlərin nəticəsi fəsadsız keçmədi. ”Qağa” ləqəbli İlham döyüşdə aldığı yaralırın nəticəsi olaraq uzun sürən əzablardan sonra rəhmətə getdi. “Çelentano”  ləqəbli ilə tanınan İsa və Roma adlı dənizçi döyüşçümüz də həmçinin ordudan qayıdandan bir xeyli sonra dünyalarını dəyişdilər. Bəlkə də yaddaşımda nələrsə qalmasın, nələri isə unutmuşam yəqin ki, dostlar oxuyarkən öz rəylərində yazarlar. Onu da deyim ki, bu gün o 18-nəfərdən sağ qalanların da eləsi yoxdur ki, hələ də o ağır günlərin ağrı acısını hər gün yaşamasın. Məlum Tovuz hadisələrindən sonra orduya yazılan könüllülərdən biri də mənəm və hər zaman bu Vətən üçün vuruşmağa, öldürməyə və ölməyə hazıram. İnanın ki, vaxtilə bir yerdə döyüşdüyüm dostlar da mən fikirdədirlər.

-Müharibə şəraitindəyik. Erməni təcavüzü bitmək bilmir. Kapitanı olduğunuz gəmidə qeyri millətlər də çalışır. Onlara Azərbaycan həqiqətlərini çatdırmağa vaxt tapırsızmı?

-Bəli bu məsələyə həmişə vaxt var və bu bizlərin deyərdim ki, ən ümdə borcudur. İnanın ki, bütün dənizçilər dünyanın hansı su hövzəsində çalışmalarından asılı olmayaraq daima bu məsələni əcnəbi vətəndaşlar ilə müzakirə edir, bacaqdıqları səviyyədə Azərbaycanı, eləcə də onun Qarabağ problemini və ermənilərin necə bəd xislətli olduqlarını onlara çatdırırlar. Mən artıq 15 ildir xarici sularda üzürəm, əvvəllər də üzmüşəm, amma indi mütəmadi olduğu üçün deyirəm bunu. İnanın ki, əvvəllər çox az əcnəbi vətəndaş məlumatlı idi Azərbaycan haqqında. 1992-ci ilin ikinci yarısında İngiltərənin, Şotlandiyanın bir çox limanlarında olmuşam və o cürə inkişaf etmiş ölkələrin vətəndaşları belə Azərbaycan haqqında çox məlumatsız idilər. Bu gün isə demək olar ki, bizim ölkəni tanımayan çox az insanlar ola bilər. Sözsüz ki, burada bizim dənizçilərin də böyük əməyi var.

Mövzunu dəyişək, Uzun müddət XDND də Yedəkyük gəmilərində çalışmısız, indi işlədiyiniz şirkətin gəmilərinin işi uyğun gəlirmi XDND nin gəmilərinin gördüyü işlərlə?

Mənim bütün dənizçi həyatım “Offshore” gəmilərində keçib. Bu sahədə görülən işlərin müxtəlifliyinə və mürəkkəbliyinə baxmayaraq demək olar ki, hər sahəsində çalışmışam. 1997-ci ildən kapitan kimi çalışıram və onu deyə bilərəm ki, hər iki sahədə, yəni xaricdə və burada görülən işlərin arasında fərqlər var. Məsələn vaxtilə Xəzərdə işləyərkən, şəxsən özümün digər gəmilərin köməyi olmadan gördüyümüz işi, orada ən azı üç gəmi görür. Bilmirəm bəlkə də indi Xəzərdə də elədir, amma 15-20 il əvvəl şərait və vəziyyət tam başqa idi. Bildiyimə görə son dövrlər AXDG QSC bir çox yeni gəmilər alaraq donanmasını yeni modern gəmilərlə təmin edib. Bu böyük uğurdur, çünki Sovetlər İttifaqı dağılandan sonra demək olar ki, XDND-nin və DND-nin balansında olan əksər köhnə gəmiləri ilə digər şirkətlərlə rəqabət aparırdı. Amma indi, eşitdiklərimə rəğmən vəziyyət, yaxşı mənada tam fərqlidir.

-Dənizçilərin həyatında demək olar ki, hər gün macəralar yaşanır. Sizin həyat təcrübənizdə, yadda qalan, unudulmayan hər hansı xatirəni danışa bilərsizmi?

-Gözəl sualdır. Sözsüz ki, dənizçinin başına, ələlxüsus da ölkədən xaricdə olarkən çox macəralar gəlir və bir çox hadisəni danışa bilərəm. Amma bir macəradolu hadisə  heç yadımdan çıxmır. 1992-ci ilin sonları idi. SSRİ artıq yox idi. Gəmimiz İngiltərənin Hartlepool limanlnda dayanmışdı. Bir yoldaş ilə şəhəri gəzməyə getdik və bir neçə saatdan sonra qayıtdıq. Oralarda işləyənlər bilirlər ki, suyun qabarması-çəkilməsi bir neçə metrə qədər olur. Şəhərdən qayıdarkən bir xeyli məsafədən öz gəmimizi görmədik və addımlarımızı yeyinlətdirdik ki, görəsən gəmi yerini dəyişməyib ki? Nə isə gəlib yaxınlaşanda gəmini gördükdən sonra yavaşıdıq. Təngənəfəs liman boyu öz gəmimizə tərəf gələrkən başqa bir dövlətin (səhv etmirəmsə Pribaltika ölkələrindən birinin bayrağı idi) bayrağı altında üzən gəminin yanından keçirdik. Birdən qulağımıza çox sevilən muğam ustası rəhmətlik Səxavət Məmmədovun ifası gəldi. Dayandıq və düzü inanmağımız gəlmədi. Demək Səxavətin səsi bütün gəmini bürüyüb və eləcədə liman boyu eşidilir. Nə isə, gəminin trapında (pilləkan) heç kimin olmadığını görüb necə deyərlər səsdən tuta-tuta girdik gəmiyə və getdik düz səs gələn tərəfə. Gördük ki, iki nəfər Azərbaycanlı oturublar bir kayutda musiqi dinləyirlər. Salamlaşdıq hal-əhval tutduq. Biri o vaxtkı Əli Bayramlıdan idi digəri Ağdamın Yusifcanlı kəndindən. Soruşdum nə əcəb bu qədər səs vermisiniz musiqiyə və sizdən başqa zzərbaycanlı olmadığı halda heç kim dillənmir? Dedilər qardaş hərə bir maqnitofon alıb, o vaxtlar dəb idi böyük maqnitofonlar almaq,  növbə ilə yoxlayırıq. Amma düzü çox xoş oldu mənə uzaq, qərib ölkədə özü də 1992-ci illərdə yol gedərkən eşitdiyim o musiqi sədaları. Başqa sırf işlərimizlə bağlı macəralar çoxdur, amma nə isə bu əhvalatın təsiri hələdə yaddaşımdadır.

-Müshibəmin bu məqamında sizi şəxsən tanımayan oxuculara özünüzü necə təqdim edərdiz. Qarabağlı olduğunuz, Ağdamda doğulduğunuz məlumdur, bəs sonra? Bir qədər özünüzdən bəhs edin.

-Faiq bəy, düzü hər bir insan üçün özü barədə nə isə demək çətindir və bəlkə də demək də yerinə düşməz. Amma tək onu deyə bilərəm ki, tanımayanlar da, elə tanıyan bir çox dənizçilərin dediyi kimi məni Ağdamlı Kapitan Ramiz kimi tanısınlar. Bu bəs edər.

-Sizi mən çoxdan tanıyıram. Bir yerdə işləməsəkdə, münasibətlərimiz çox səmimidir. Hansı gəmidə işləmisiz, o gəminin heyyət üzvləri haqqınızda daima razılıq edib. Heyyət üzvlərindən bu sevgisini qazanmağın xüsusi bir düsturu var, yoxsa necə olur ki, siz belə bir hörmətlə əhatələnmisiz?

– Çox sağ olun xoş sözlərə görə və doğrudan da əyər Sizin dediyiniz kimi mən bu hörməti qazanmışamsa demək bu 35-illik dənizçi həyatını boş yerə yaşamamışam. Mən şagird-matros işləyərkən də həmişə çalışmışam, necə deyərlər, hörmətimi itirməyim və bu gün kapitan kimi çalışarkən də istər burada istər sə də xaricdə olsun, heç bir vaxt çalışmamışam ki, kimin isə cibinə ziyan vurum. Siz dediyiniz kimi desək bu belə bir düsturdur. Cibə ziyan vurmaq, yəni aldığı maaşdan söhbət gedir, hansı ki, o səhv buraxan insan ailəsinə aparacaq. Köməkçilərimə də daima məsləhət görmüşəm ki, çalışın kimsəyə pislik etməyin, insan səhv edə bilər. Onun o xırda səhvinə görə gəmidə işdən azad olunmasının ən böyük ziyanı həmin adamın ailəsinə, uşağına dəyir. Bəlkə də bu səhvi edən onu dərk etmir, amma sən onu dərk etməlisən, çünki o səhv edən insanın cibinin dolu və ya boş olması sənin vercəyin qərardan asılıdır. Təxminən altı il əvvəl “Taydwater” şirkətində çalışarkən bir filippinli motorçunu kapitan gəmidən düşürmüşdü və onu evə göndərirdilər. O motorçu biz sahildə olduğumuz üçün bizim gəmidə gecələməli oldu və mən təsadüfən onun nə səbəbdən gəmidən düşürüldüyünü digər Filippinlilərdən eşitdim. Çağırdım onu kapitan körpüsünə maraqlandım və məlum oldu ki, bir Misirli kapitanın bundan nə isə xoşu gəlmədiyi üçün gəmidən düşürüb. Bu motorçu cəmi on beş gündür ki, işə çıxıb. Öz baş mexanikimi çağırdım, razılaşdırdım və idarə ilə əlaqə saxlayıb həmin motorçunu öz gəmimdəki motorçu ilə yerlərini dəyişdirdim. Bir neçə gün sonra mexaniklərdən onun necə motorçu olduğunu soruşdum və hamısı razılıq etdilər. Təxminən bir il əvvəl Səudiyyə Ərəbistanlnda oteldə olarkən bir filippinli mənə yaxınlaşıb əllərimi bərk-bərk sıxdı, mən onu xatırlamadıqda o hadisəni mənə danışdı. Bunu niyə xatırladım? Yəni əyər kimin isə kimdən isə xoşu gəlmirsə onların bir gəmidə və ya bir kollektivdə işləməklərinin şəxsi münasibətə dəxli olmamalıdır.

 

-Məlumdur ki, AXDG QSC con illər yeni və uğurlu nailiyyətlərə imza atır. Əminliklə deyə bilərəm ki, indi uzaqlarda işləsəniz də doğma kollektiv haqda məlumatlısız, özünüz də qeyd etmişdiz. Uzaq səfərlər kapitanı, peşəkar kapitan kimi, nə deyərsiz, daha nələr etmək olar?

-Yuxarıda qeyd etdiyim kimi dənizçi dostlardan öyrəndiyim məlumatlara görə son illər AXDG QSC- öz donanmasını daha təzə və modern gəmilərlə təmin edib və sözsüz ki, bu, donanmaya Xəzər dənizində baş tutacaq istənilən layihədə digər gəmiçilik şirkətlərinə layiqli rəqib olmaq imkanı verir. Bunun özü artıq böyük uğurdur. Bundan əlavə AXDG QSC-də çox peşəkar dənizçilər çalışır, hansı ki, bir çoxları ilə vaxtilə bir gəmidə çalışmışıq. Daha nə etmək olar sualına, belə cavab verərdim ki, AXDG QSC rəhbərliyi şərait yaradardı vaxt və imkan müqabilində hansı isə bir formada biz dənizçilərin həm bir biri ilə, həm də ADDA-nın tələbələri ilə görüşünü təşkil edərdi. Baxmayaraq ki, mən və mənimlə bərabər onlarla-yüzlərlə dənizçi bu gün xarici sularda üzür, vaxt və imkan taparıq. Amma inanın ki, həm Xəzərdə çalışan həm də xarici sularda üzən dənizçilərimiz üçün bu görüş maraqlı və bir növ təcrübə mübadiləsi kimi də hər iki tərəfə xeyirli olardı.

Biz DSD İB – yi yaratmışıq. Dediyiniz o təklifi diqqətdə saxlayacağıq. Bu çox gğzəl bir təşəbbüsdür. Ama deyin, biz İB-lik olaraq, Sizcə dənizçilərimizə hansı istiqamətdə kömək edə bilərik? Yəni siz və dənizçilərimizin daha çox hansı qayğıya ehtiyacı var?

-Faiq bəy, bu gün mənimlə olan müsahibənizin özü elə biz dənizçilər üçün bir qayğıdır. İnanın ki, içərimdə sanki bir rahatlıq tapdım. Yenə deyirəm, mən artıq 15-ildən çoxdur ki, Azərbaycandan kənarda çalışıram və mən bu gün sizinlə söhbətdən sonra sanki təzədən XDND-yə, köhnə xatirələrimə qayıtdım və bir növ özümün hələ də buralarda xatırlandığımı, unudulmadığımı hiss etdim. Bu çox gözəl hissdir, və çox sevindim. Sözsüz ki, DSD İB hələ təzə yaranıb və inanıram ki, bu birliyin gözəl gələcəyi olacaq. Sizin prinspiallığınıza, obyektivliyinizə bələdəm və hörmətim var, Dediyim o gözəl gələcəyin olması üçün gərək bizlər bir birimizə dəstək olaq. Dənizçilərimizə kömək yalnız və yalnız onlarla söhbətləşib, maraqlanıb onların problemlərini bildikdən sonra ola bilər ona görə də mən inanıram ki, DSD İB-nin dənizçilərimizlə müsahibələri bundan sonra da davamlı şəkildə olacaq.

-Müsahibəyə görə təşəkkür edirəm.

-Mən Sizə təşəkkür edirəm, yada saldığınız, unutmadığınız üçün. Sizin kollektivə də mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Uğurlarınız bol olsun.
Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: