Cənnət gülabı

(Sənədli hekayə)

1975-ci il… İsrail kişiylə Səmayə ananın evinin çırağı yandı. Sadə ailədə düşmən çəpəri olan oğul, həm də olduqca mürəkkəb həyatı olacaq oğul dünyaya gəldi. Həmin gün anası əzab çəkdi, ancaq nə biləydi, bu gün doğulan övladıyla bağlı yüngül əzabı elə bu olacaqdı. Ən gözəl ağrın elə bu gün imiş, Səmayə ana. Müharibə veteranı olan babası bu körpənin adını Polad qoydu. Sumqayıtda Alüminium zavodunda həyat yoldaşıyla birgə ağır iş qrafiki ilə işləyən Səmayə ana həmişə balalrının gələcəyini fikirləşdi. İstəyi övladlarına ali təhsil vermək, cəmiyyətə, vətənə layiq övladlar yetişdirmək idi. İşdən gəlib hər birisinin tərbiyəsi, ehtiyacları ilə maraqlanar, gələcək planlar qurardı. İsrail kişi ilə birgə balalarına haram tikə yedirməzdilər. Məqsədləri halal çörək qazanıb, balalarında təmiz vicdan, təmiz ürək bərqərar etmək idi. Səmayə xanım bəzən İsrail kişiyə gələcək üçün  qaragünlük qənaət etməyi məsləhət görəndə,  cavab zərb-məsəllə alardı : “Xanım, fərli oğul neynər ata malını, fərsiz oğul neynər ata malını?!” Zavod tərəfindən verilən evdə çoxuşaqlı ailə kimi yaşayıb, isti yuva qurmağı bacardı zəhmətkeş ailə. O evdə balaca Polad ilk qədəmlərini atdı.

Bir gün ana Poladın əlindən tutub, bağçaya yollandı. Məğrur baxışı, iti yaddaşı, məntiqi düşüncəsi onu həmyaşıdlarından fərqləndirdi. Bunu müəllimləri də ilk gündən hiss edirdi. Vətənə aid çoxlu şeirlər əzbərləmişdi. Hələ körpə ikən vətən hissi qəlbinə dolmuşdu. Bir gün Səmayə ana işdən qayıdarkən yolüstü Poladı da bağçadan götürməyə gedəndə, İntizar müəllim anaya bildirdi ki, bağçada buraxılış günü ilə əlaqədar uşaqların müəllimləri ilə şəkilləri çəkiləcək. İstərdik Polad da kollektivdən ayrı düşməsin. Ana soruşdu ki, şəklin qiyməti neçə manat olacaqsa, deyin atasından alıb verərəm, Polad da şəkil çəkdirsin. Müəllim dedi: -Bir şəklin qiyməti 3 manat(Sovet dövrü əskinazı ilə) təşkil edir. Uşaqlar həm də sevdiyi oyuncağı seçərək, çəkdirəcək şəkli.

Ana:- Olsun, Polad da çəkdirər şəkil…

Səhər Polad bağçaya gələndə müəllimi ona bir neçə oyuncaq təklif etdi. Kiçik qəlbin seçimi avtomat oyuncaq oldu. Elə həmin andan avtomat Poladın ən böyük həqiqətinə çevrilmiş oldu. Şəkil üçüm seçdiyi bu oyuncaq ona canı, qanı bahasına başa gəldi. Poladın avtomat ilə şəkli çəkildi. Axşam ana Poladı bağçadan götürmək üçün gedəndə, müəllimi şəkli anasına təqdim edən zaman anası bir anlıq duruxdu, kürəyindən bir sızıltı keçdi… Poladın bu yaşda seçimi sanki gələcək taleyinə bir işarə idi. Anası Poladdan soruşdu: -Ana qurban, niyə maşın, top seçmədin?

Polad: -Ana, mənim avtomatdan xoşum gəlir.

Ana başqa söz demədi, evə gedib olanları şam yeməyi zamanı İsrail kişiyə də nəql elədi. İsrail kişi şəklə baxıb fəxrlə: -Əhsən, gələcəyin əsgəri, belə də seçim etməliydi, düşməni həmişə əzmək olsun qismətin!”

Ata bəlkə də özü də bilmədi oğluna alqış etdi, ya qarğış. Yəqin Allahın dərgahı həmin an açıq imiş. Necə tez çatdı dərgahına, Allah?…

Özü bilsəydi, bəlkə də “dilim qurusun!” deməyə çəkinməzdi. Dünyadan nakam gedəcək oğlu taleyini elə bağçada cizmişdi, sanki. Ata görmədi Poladın yaşadığı bu taleyi…

Polad böyüdü. Adı kimi böyüdü. İslam dinində valideynlərə birinci vəzifə övladına gözəl ad qoymaq buyurulub. Çünki ad insanın taleyinə mütləq mənada öz təsirini buraxa bilən nüansdır. Poladın da taleyində adı möhür qoydu. Cismani və ruhən polad sözünün haqqını verdi bu adam. Böyüdükcə, poladlığı, mətinliyi sərtləşdi, “odda yanmaz, suda batmaz” deyilir e, bax bu adam bu ifadənin də haqqını verib. Doğulduğu Sumqayıt şəhərində 34 saylı tam orta məktəbdə təhsil almağa başladı. Təhsil illəri çətin dövrlərə təsadüf edən Poladın qiymətləri “əla” idi. Hələ uşaq vaxtı ata-anasının zavodda işləyərkən çəkdiyi əzabları, 3 növbəli iş rejimlərini hər an gözünün önünə gətirirdi. Anası Səmayə xanım hər dəfə ona “Bax, oğlum, atanla hər gün bu əziyyətlərə qatlaşırıq ki, sizə layiqli gələcək quraq, siz bir tərəfə çıxasız. Biz çətin günlər yaşadıq, siz görməyəsiniz. Nəbadə, siqaret filan çəkəsən, pis vərdişlərə adətkar olasan. Sən istərdim, hüquqşünas olasan.” Bu sözlər məktəbli Poladın qulağında həmişə təkrarlandı. Bir dəfə də olsun dərslərinə hazırlıqsız gəldiyini xatırlamır sinif yoldaşları. Hətta, xanım sinif yoldaşları bildirir ki, həmişə riyaziyyat fənnindən ev tapşırığını Poladdan köçürərdik. Çox sakit təbiətli, mehriban, gülərüz gənc olub.

Dördüncü sinifdə oxuyurdu. Günlərin bir günü ingilis dili  müəllimi Zəminə xanım şagirdlərdən “Hansı peşəni seçmək istərdiniz?” başlıqlı sorğu keçirdi. Şagirdlər bir-bir əl qaldıraraq, suala cavab verməyə başladı.

-Mətləb Səfərli, qalx ayağa görüm, hansı peşəyə marağın var?

Mətləb: -Müəllim, aktyor olacağam. Özü də tanınmış aktyor olacağam, hamınız televizorda məni görəcəksiniz.(Sinfə gülüş sədaları yayıldı).

Müəllim:

-Səfərli, əyləş, lap yaxşı, bala.

-Həşimov, qalx, görüm sən hansı peşəni seçəcəksən?

Həşimov:

-Müəllim, valideynlərim məni hüquqşünas görmək istəyir, amma mən hərbçi olmaq arzusundayam.

Müəllim:

– Həə lap yaxşı, bala. Allah hər birinizin yolunu açıq eləsin. Hansı mövqedə olacağınızdan asılı olmayaraq, vətənə, millətə xeyirli vətəndaş olmaq mövqeyi tutun.

Bu sözləri bir-bir qəlbinin bir köşəsində qeyd edirdi məktəbli Həşimov. Hər gün “əla” qiymətlər alaraq, müəllimlərinin fəxri olmağı, ata-anasının ürəyini dağa döndərməyi bacarırdı.

1990-cı illər idi. Müharibə şəraitində olan vətən igid oğlanların qanı bahasına  düşmən qarşısında dik duruş etməyə çalışırdı. Günlərin bir günü tarix dərsində Habil müəllim öz zəhmi, sanbalı ilə sinfə daxil oldu. Siniflə salamlaşdıqdan sonra günün xəbərlərinin müzakirəsi ilə dərsə giriş etdi. Torpaq üstündə gedən mübarizənin səbəblərini şərh edir, şagirdlərdə vətənpərvərlik hissini aşılamağa çalışırdı. Axı müəllim adı o qədər şərəfli, müqəddəs peşədir ki, valideynlərdən sonra uşaqların qəlbində taxt qura bilən şəxsdir müəllim. Habil müəllim də bugün bəhs etdiyi mövzu ilə özü də bilməzdi ki, Polada yol cizdi. Habil müəllim dərsinin sonunda bildirdi ki, “Vətən dardadı,Vətən can verir, indi kişi ona deyərəm ki, hərbi məktəbə yazıla, hərbçi ola, vətənin itirilmiş hər bir qarışını düşməndən geri ala. Bizə hələ ki hərbçi lazımdır. Polad doluxsundu. Ürəyindən qara qanlar axdı. Gözünün önündən  ata-anasının 3 növbəli iş rejimi, çəkdikləri əziyyətlərkeçdi, onu hüquqşünas görmək arzularını xatırladı. Elə bu an qərar verdi. Dərsdən sonra təlaşla evə getdi, “Ana, mən hərbçi olacağam!”-dedi.

Ana: -Nə danışırsan, ay bala, sən bu vaxtacan əla qiymətlərlə oxumusan, biz səni hüquqşünas olaraq, xəyal edirdik. Fikrin niyə dəyişdi? Polad  Habil müəllimin təsirli çıxışını anasına da nəql etdi. Ana qəhərləndi, axı mənim arzularım vardı – dedi. Artıq Poladı heç kim fikrindən daşındıra bilmədi.

İlk əvvəl Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. Sonra hərbi təhsilini davam etdirmək üçün qardaş Türkiyəyə yollanır. Toy vaxtının təxirə salınması hesabına gedib Türkiyədə xüsusi təhsil alıb, Vətənə qayıdıb şərəflə hərbi xidmətini davam etdirdi. Vətənə sevgi onun canında, qanında idi. O, heç vaxt “Vətəni sevirəm” deməzdi, bunu əməldə göstərərdi. Onun ailəsi, atası, anası, sanki hərbçi idi. Heç vaxt hərbi sirləri, hərbi söhbətləri ailədə müzakirə etməzdi. Evinə, ailəsinə dönəndə həmişə üzü gülər, balalarına yorğunluğunu hiss etdirməzdi, evə daxil olanda oğlanları ilə güləşər, oyun oynayardı. Övladlarına vətən sevgisini aşılamaqda ona əməlləri yardım edərdi. Onlarla birgə tarixi kitablar oxuyub, tarixi hadısələrlə bağlı fikir mübadiləsi aparıb. Onlara “Xocalı”, “Qarabağ tarixi”  ilə bağlı kitablar alıb gətirərdi. Qızının həkim olmasını arzulayırdı. Evinin, ailəsinin xoş günlərində heç vaxt onlarla birgə ola bilmədi, şəkillərdə, videokadrlarda çox az təsadüf etmək olar ailə birgəliyinə. Həyat yoldaşı Ofelya xanım Salmanova bildirir ki, mən Polad Həşimovu heç vaxt sıxa bilmədim ki, niyə ailəsinə çox az vaxt ayırır. Axı, övladlarının ona həmişə ehtiyacı oldu. Onun vətən sevgisinin sərhəddi yox idi. Əsgərlərini balaları qədər sevirdi. Onlar üçün maaşının son qəpiyindən də keçməyə hazır bir adamı mən onlardan necə uzaqlaşdıra bilərdim? Evə gəlib övladları üçün alış-veriş etdikdən sonra mütləq əsgər balalarına diş pastası, ayaqqabı mazı, ülgüc, ağ boyunluq almamış geri qayıtmazdı. Hərbi hissəyə öz maaşı ilə televizor almış, hamam tikdirmişdir. Şəxsi telefonu yox idi, işlətməyi sevməzdi. Həmişə həyat yoldaşına üzrxahlıq edirmiş ki,”Sənə bir boyunbağı da ala bilmirəm, səbrli, dözümlü ol, hər şey yaxşı olacaq”. Hərbçi qadını olmaq həqiqətən çox çətin işdir.

Həm çətin, həm şərəfli… Əsas odur ki, 17 il Polad mənə mərd qadın olmağı öyrətdi. O, ön xətdə – çətin bölgələrdə xidmət göstərirdi. Elə bölgələr ki, orada 1 illik xidmət 3 ilə bərabərdir. Onun hərbi xidmət yaşı öz yaşından çox idi. Doğmaları Poladın evə dönüşünü toy-bayram edərdi. Anası da Həşimov evə gedəndə onun ən çox sevdiyi yeməkləri bişirməyə başlayardı. Dini bayramları sevərdi, qurbanlar kəsdirməyi adətə çevirmişdi. Peyğəmbərimizin əməllərini özünə nümunə götürərdi. Əsgərlərini balası kimi sevər, onları bir əmanət kimi qəbul edib, evlərinə sağ-salamat dönmələrinə dua edərdi. Əsgərlərini incitməzdi, onlara verdiyi hərbi cəza da nizamnamədən kənara çıxmaz, maarifləndirici xarakter daşıyardı.

Bir əsgərinin xatirəsinə istinad etsək, görərik ki, Polad bəy ona cəza olaraq, 100 dəfə “Hərbi And”ı təkrarlamağı tapşırıb.

Hələ 2003-cü ildə mayor qismində “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

2009-cu ildə isə polkovnik-leytenant rütbəsində “Vətən uğrunda” medalına layiq görülmüşdür.

2014- cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Əsgəri olmuş bir gənc yazarın xatirələrindən: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy rəngli çadırları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə bərk küləkdən çadır başımıza uçdu. Sonra gözlənilmədən dağda  kazarma tikintisi başladı. Sən demə, öz maaşı hesabına bunu bizə tikdirən Polad Həşimov idi, öz evi olmayan adam, bizə sığınacaq qururdu. Daim əsgərinin yanında idı, onları qoruyurdu.”

Əsgərlər dağa qalxanda, maşın çıxmayan yerlərə ərzağı, odunu əsgərlərlə o da çiyinlərində qaldırardı. Sağ ikən adına post var idi.

Polad bəyin əsgəri olmuş jurnalistin xatirəsinə əsasən: “Bir gün Polad Həşimov mənə cəza olaraq, həyətdə 10 dəfə dövrə vurmağımı əmr etmişdir. Özü də otağının pəncərəsindən gözünü məndən çəkmədi. Sadə adam idi, vəzifə stulunda əyləşdiyini görən olmazdı. Ya səngərdə, ya da elə əsgərlərinin yanında idi.”

Əsgərlərinin biri məzuniyyətdən qayıdandan sonra, ata olmuşdu. Qaydalara görə onun geri dönüb yeni doğulmuş övladını görməsi qeyri-mümkün idi. Həşimov  əsgəri üçün mümkünsüzü mümkünə çevirən komandir idi. Əsgərlədən bu xəbəri eşidir və dərhal humanist addım atır. Belə ki, əsgəri otağına çağırıb xəbərin doğruluğunu öyrənir. Xəbər əsgərin dilində təsdiqini tapdıqdan sonra əsəgərə “cibindəki pulu göstər, görüm, mənə” – deyir. Əsgər cibindən 80 manat (hansı ki, bu pulu əsgər yoldaşları toplayıb ona təqdim etmişdilər) çıxarıb, Həşimova göstərir. Həşimov pulu əsgər yoldaşlarına geri qaytarmağı tələb edir, onun üçün maşın ayırır, düz yaşadığı ünvana, yeni doğulmuş körpəsinin yanına yola salır. Əsgər evinin qarşısında maşından düşəndə sürücü ona bir zərf uzadır, komandirin tapşırığını da bildirir ki, zərfi evdə açsın. Əsgər zərfi alır,  evdə açır: “Təbrik edirəm, əsgər, ata olmusan!” Zərfin içində də 170 manat pul…

Belə bir şəxsiyyət olub Həşimov… O banklardan kredit götürüb əsgərlərin  hərbi şəraitinin yaxşılaşdırılmasına, yol təmirinə, dağlarda postların qurulmasına xərcləyərdi. Ailəsinə bir ev, şəxsi avtomobil belə, almadı.

2016-cı il aprel döyüşlərində xüsusi bacarığı ilə seçildi. Bu şücaəti  xain düşməni narahat etdi, onların marağını özünə çəkdi. Aprel döyüşlərindəki şücaətinin ona qanı bahasına başa gələcəyini bəlkə də özü bilirdi. Ancaq əsgərlərini qorumaqdan çəkinmir, hər əziyyətə əsgərləri ilə birgə qatlaşırdı. Aprel döyüşlərindən sonra dövlət tərəfindən şücaətinə görə təltif edilib. Hətta, mənzil də təqdim edilib. Mənzili bir şəhid ailəsinə bağışlayacaq qədər polad kimi adam idi. Hətta ailəsi aprel döyüşündə Həşimovun yaralandığını onlardan gizlətdiyini bildirirdi. Evə gəlmədiyi anlarda kiçik oğlunun çox sıxıntı keçırməsi uşağa psixoloji gərginlik yaşadırmış.”General-mayor” rütbəsinə aprel döyüşlərindəki şücaətinə görə 2019-cu ildə layiq görüldü. Dostları, qohumları ilə bu sevinci qeyd etməyə heç tələsmədi. Sanki zaman ona fürsət verməyə qısqanırdı.

2020-ci il martın 3-ü… Səmayə xanım xüsusi bir sevinc yaşayır. Yaşlı halı ilə biş-düşündən qalmır. Axı bu gün uca boy,  enlikürək, hamıdan bir az çox istədiyi balası gələcək. Aylarla, günlərlə həsrət qaldığı balası. Bəlkə də ömürlük həsrət qalacağı balası… Dilim qurusun, nə biləydi bu görüş son görüş, həsrət dolu görüş olacaq. Hələ bir də dünyanı cənginə alan Covid-19 virusunun araya girməsi, görüş məsafələrinin uzanması, saatların əqrəbini ağırlaşdırması, günəşi gecikdirməsi, ayın ömrünü uzatması… Ananı balaya həsrət qoydu… Ömürlük saatın əqrəbləri ağırlaşdı. Oğlu gələndə ona sevdiyi yeməkləri bişirərdi Səmayə ana… Təki bircə gün balasının gözü önündə qarnının ev yeməkləri ilə tox olduğunu görsün. Axı, oralarda nə yeyir, nə içir, vaxtında yeyə bilirmi sualları  narahat edirdi yazıq ananı. Həşimov anasına “atam-anam” deyərdi. Atasının da qoxusunu anasından alardı. Bir gündən artıq qala bilməzdi, heç yerdə. Ana irad bildirəndə, Həşimov qısa cavab verərdi: -“Neçə-neçə ana mənə balasını əmanət edib, onları sağ-salamt valideynlərinə təhvil verməliyəm.”

2020-ci ilin iyul ayı… Həşimov ailəsini rayona istirahətə yollamaq niyyətində idi. Özünün vaxt çatışmazlığı həmişə ailəsiylə səmərəli vaxt keçirməyə icazə verməyib. Zaman belə, onu hamıya qısqanırdı. Ailəsinin səyahətlə bağlı evdə  yır-yığış etməsinə Həşimovun özünün yardım etməsi nəyəsə işarə idi? Sanki təhlükədən uzaqlaşdırmaq idi ailəsini, ya onlara doya bilməmək qorxusu. Ölümünü hiss edən adam… Həyat yoldaşı Ofelya Salmanova bildirir ki, ilk dəfə idi bizi maşınla yola salandan sonra ,bizdən ayrılanda, maşının tərpənməsini gözləmədən bizdən uzaqlaşdı. Balalarını da onu çox qucaqlayıb öpməyə macal vermirdi. Qızı müsahibələrində “kaş ki, çox öpüb qucaqlayardım, onu çox sevdiyimi bildirərdim”. Qanlı döyüşlər başlayanda artıq heç kimə zəng etmədi, sonuncu dəfə anası Səmayə  xanımla iyulun 10-da danışmış, ondan sonra heç kimin nə zənginə, nə sms-inə cavab verməmiş, oxumamış qoydu. Televiziya və sosial şəbəkələrdən xəbərləri izləyən ailə qorxu içində Polad Həşimovdan nigaran qalmaqda davam edirdi… 17 illik həyat yoldaşı Ofeliya xanım hiss edirmiş ki, Həşimovun başında bir iş var, axı niyə zəng etmir, bilir ki, biz nigaran qala bilərik. Bizi belə sıxıntıda qoya bilməzdi. Anası Səmayə xanım televiziyadan ilk şəhid xəbərlərini eşitdikcə, 2 qurban dedi, təki Polad ayağını, qolunu, gözünü itirsin, ancaq sağ qalsın. Ana nə bilsin ki, balası artıq bu torpağa özü qurban getdi… Qanı ilə torpağı vətən etdi. O qədər rütbələr içində sanki biri çatmırdı, Həşimov üçün… Şəhidlik!!! Sanki ən böyük rütbəyə çatmaq idi məqsədi… Ən böyük rütbə aldı –Şəhidlik!!! 28 ildə ilk dəfə biz müstəqilliyimiz dövründə hərbi general itirdik. Dağ vüqarlı, hündür boy, enlikürək polad cüssəli, nur üzlü general… Sizi necə ağlayım ki, ürəyim soyusun?! Sizi layiq olmadığınız tərzdə ağlamaqdan utanıram. Bu nə utanc hissidir verirsiz, cənab general?! Adətən ön cəbhədə əsgərlər, gizirlər, zabitlər dayanar… Polad Həşimov əsgərlərini tək qoymadı. Haqqı, hüququ var ikən arxa cəbhəni seçmədi. Belə demək olarsa, general adının haqqını canıyla, qanıyla verdi. Azərbaycanda İsmət Qayıbov, Məhəmməd Əsədovdan sonra 3-cü şəhid general oldu. Anası Səmayə xanım kütlə qarşısında bir cümlə işlətdi: “Mən ürəkdən ağlamaram, düşmən sevinməsin!”… Sevindirmə, ana, düşməni. Oğlunuz şəhid oldu. Başın sağ olsun, Vətən! Bu dünyada sevdiyi əsgərləri  tək qoymadığı kimi, o dünyadakı əsgərləri də tək qoya  bilmədi. Ey, Raquf Orucov, Cavid Dədəkişiyev, Rasim Məmmədov, Təbriz Musazadə, Pəncəli Teymurov, Mühid Orucov, Əbdülməcid Axundov, gözünüz aydın, şəhidliyinizin gülabı gəldi, əbədiyyətinizin günəşi gəldi!!! Qədrini bilin, generalınızın, biz qoruya bilmədik. Ondan bir hərbçi kimi  muğayat olun. Hərbi təzim edin! Əsgəri salam verin! Sizi tək qoya bilmədi, sizi daha çox sevdi. O dünyadakı işığınız bu torpağı hələ çox isidəcək. Peyğəmbərimizi çox sevdiniz, qonşuluğunuz mübarək!!! Şəhadəti mübarəkim, General Həşimov Polad!!! Vətən polada döndü, Polad Vətənə!!! İndi AZƏRBAYCAN sizsiz, Azərbaycan SİZSİNİZ!!!

Nigar İlham qızı Piriyeva …

Abşeron rayonu Saray qəsəbə

2 saylı tam orta məktəbin

dil-ədəbiyyat müəllimi. AGMA üzvü,

”İlin Peşəkar Gənci” mükafatının qalibi. 

R.S Hekayə Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəisi olan general Polad Həşimovun xatirəsinə keçirilən müsabiqəyə təqdim olunub

 

 

 

 

Share: