Talesiz Taleh, Talehsiz ana… -AĞI

Bu elə bir agır dərddir ki, qələm də çətinlik çəkir yazmaga…Titrəyir əlində qələm. Bütün ruhun titrəyir… Bu, övlad itkisidir!  Övladını itirən analara təsəlli vermək özü də bir  əzabdır…

Bəs  yeganə  övladını 32 yaşında  itirən ana? O neyləsin? Bu,  agır bir dərddir, yaradır ananın içində. Çəkdikcə çəkir. Heç kim də bilmir onun nə çəkdiyini…Hansı təsəllini verəsən, hardan başlayasan, bilmirsən. Bu agrını sən də onunla birlikdə yaşayırsan… Çünki  20 ildi ki, tanıyırsan bu xanımı, ailəsini, biricik oglu Talehi. Atasını yeni itirmişdi Taleh. Anasının ümidi, arxa-dayagı, tək təsəlisiydi.Tək buraxdı bu çətin, agır zəmanədə çox sevdiyi anasını Taleh…Vəfasız Taleh… Vəfaslz tale!

Eşidəndə şok oldum. İnanmadım! Aglıma sıgışdıra bilmədim! Heç cür! Dedim, belə bir şey olmaz! Amma olurmuş…

Həyat çox mürəkkəbdir. Bir saat, bir an sonra başına nələr gələcəyini bilmirsən.  Həyatın hansı sürprizləri ilə qarşılaşacagını da bilə bilməzsən. Çünki bunu bilən və yazan tək Allahdır! Qeyb ancaq Allaha məxsusdur.

Deyirlər, Allah çox sevdiyi bəndələrini tez aparır. Bu Talehin alın yazısıydımı? Bu, Azadə bacımın alın yazısıydımı?

Allah bizi daim sınayır, imtahana çəkir. Peygəmbərimiz Muhammed (s.a.v)-in altı övladı öz saglıgında həyatdan çox gənc ikən köçmüşdülər. Allahın hökmünə qarşı çıxmaq olmaz. Bacım Azadə möhkəm qadındır. Həyatda çox çətinliklərlə üzləşib. Hamısına  mərdliklə, təmkinlə sinə gərib.

Bu isə  bir başqa agır dərddir. Azadənin dostları, qohumları  uşaqlıqdan Talehi necə çox sevdiyini, onu göz bəbəyitək necə qorudugunu deyirlər. Çox üzülürəm bunları dinləyəndə, oxuyanda…

Allah Talehə böyük istedad vermişdi. Qəlbi yazıb-yaratmaq, gözəl rəsm əsərləri çəkmək eşqiylə  doluydu.  Hələ ömrünü ən gözəl çaglarının pillələrini qalxırdı. Amma  bu pillələr yarıda qırıldı.  Qisməti bu qədərmiş Talehimizin…Talehdən yadigar qalan onun yazdıqları, çəkdiri gözəl rəsm əsərləri və bir də  gözəl-göyçək qızıdır. Uşagı çox istəyirmiş.  Heyif ki, arzuları yarda qaldı. Alllahın qədər-qisməti. Biz neyləyə bilərik Allahın hökmü qarşısında?

Gözəl Talehim! Oglum! Sən necə də şirin uşaqdın…! Heyif!! Çox heyif!! Nə tez doydun həyatdan? Həyat sənə bu qədərmi acı gəldi? Sənin göəzl günlərin hələ qabaqdaydı.

Buna sözün bitdiyi yer də deyirlər.. İndi bu dərdli anaya necə təsəlli verim? Necə ovudaq onun dərdini?

Yadımdadır, keçən il Azadənin həyat yoldaşı  Cavanşir müəllimin   cüma axşanmına getmişdim. Xeyli oturdum. Jalə Əliyeva da ordaydı.  Taleh görünmürdü. Mən çıxanda dedim ki, Talehi çagır, ona da başsaglıgı verim. Anası: “Taleh, keç bu biri evə. Südabə xalandır! Səni görmək istəyir,”- dedi. Taleh gəldi.  Yorgun gözlərlə üzümə baxdı. Sanki min illərin yorgun baxışlarıydı…. İlahi! Bu gözlərdə nələr gizlənməmişdi? Ata itkisi, ata həsrəti. Və bir də gizli, bəlkə də çoxlarının görə bilmədiyi  bir narahatçılıq, niskil  vardı gözlərində.  Bu nə niskildi? Körpə övladından ayrılmagımı? Atasının itkisimi?  Bu agrı-acını özüylə apardı Taleh! Ürəyimi qanatmışdı elə o vaxt. İndiyəcən Talehin o niskilli baxışlarını unuda bilmirəm…

Deyirlər, ogul övladları ataya çox baglı olurlar. Onu itirdikdə sanki arxa-dayaqlarını, söykəndikləri dagı itirirlər. Bu, mənim həyatımda da baş verib. Həyat yoldaşım illər öncə Rusiyada avtoqəzada həlak olanda kiçik oglum uzun müddət özünə gələ bilməmişdi. Halbuki o uşaq heç ata üzü görməmişdi!  Uzaqda da olsa, atasını dag sanırdı. Böyüdü. ali məktəıb də bitirdi. Amma ata itkisi mənəvi trafma kimi qaldı…

Görünür Taleh də atasını çox sevirmiş. Heç bir il keçmədi ki, atasının yanına getdi. Onunçün illərcə əziyyət çəkib tək böyüdən, üstündə  nanə yarpagı kimi əsən, hər sözünə “can” deyən, hər dəqiqə, hər an mələklər kimi onu qoruyan Azadə anasını tərk etdi..Niyə  bu qədər insafsız oldun, Talehim? Oglum!

Əziz bacım! Gözəl insan, həkim-kardioloq, şairə, “Qafqaz Media” ictimai Birliyini sədri, yüzlərşə imkansız insana təmənnasız kömək edən,  əl tutan, imkansız şairlərin şeirlərini öz hesabına  çap edən   xeyirxah insan  Hacı Azadə-Taleh Abbasqızı!  Allahdan sənə səbr, dözüm, güc və iradə arzulayıram. Sən həmişə güclü olmusan. Yenə də, özünü əl al və səbrli ol! Səbrli ol ki, Talehin qanından-canından olan və  özünə bənzəyən yeganə yadigarını, Zemfiranı-ananı  böyüdə biləsən…!!

Talehim! Oglum!  İnanıram ki, sən indi atanın, nənənin yanındasan. Anan deyir ki, son vaxtlar namaz qılır, quran oxuyurdun. Nə gözəl! İnanıram ki, uca Allah o gözəl cənnəti sənə qismət edəcək!  Amin!

Sən bir mələk idin, uçub da getdin,

Ananın qəlbində dərd olub bitdin.

Sən bir saf arzuydun, gözəl niyyətdin!

Talesiz Talehim!

 

Anan səndən sonra düşdü nə hala? 

Gedərmi qəlbindən sagalamz yara?

 Yerin cənnət olsun, a gözəl bala!

Talesiz Talehim!

SÜDABƏ SƏRVİ

Yazıçı-publisist, AYB və AJB-nin üzvü

Share: